Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidenti Bill Klintonun Xəzəryani bölgə üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar ilə görüşdəki söhbətindən - Ankara, «Hilton» mehmanxanası, 28 oktyabr 1998-ci il


Riçard Morninqstar: Cənab prezident, Sizi səmimiyyətlə salamlayır və yenidən görüşməyimizdən şərəf duyduğumu bildirirəm. Məlumat verim ki, Türkiyəyə səfərim zamanı bu ölkənin yüksək vəzifəli şəxsləri - prezident Süleyman Dəmirəl, xarici işlər naziri və digər nazirlərlə çox mənalı və dolğun görüşlər keçirmişəm.

Cənab prezident, biz Bakı - Ceyhan layihəsinin, Bakı-Ceyhan boru xəttinin arxasında çox möhkəm dayanmışıq. Mən president Bill Klintonun və vitse-prezident Albert Qorun ən səmimi salamlarını Sizə yetirmək istəyirəm, onlardan Sizə salamlar gətirmişəm. İstəyirəm ki, onların Sizə olan rəğbətıni bildirim. Siz bu layihəni dəstəklədiyinizə görə onlar Sizə böyük rəğbət və hörmət bəsləyirlər.

Bakı-Ceyhan boru xəttinin çəkilməsi ilə bağlı layihənin həyata keçirilməsi, bu işin irəliyə aparılması barədə ABŞ-da cəhdlər və səylər göstərmişdir.

Biz Ağ evdə bir neçə Amerika şirkətlərinin rəhbərləri prezidentləri yə aparıcı mütəxəssisləri ilə görüşmüşük. Şirkətlərin rəhbərlərinə izah etmişik ki, Bakı-Ceyhan layihəsi region üçün siyasi cəhətdən çox vacibdir. Onlara demişik ki, Türkiyə Bakı-Ceyhan xəttindən əl çəkməyəcəkdir. Cənab prezident, Sizin özünüz də Bakı-Ceyhan xəttini çox möhkəm dəstəkləyərsiniz. Biz onları həvəsləndirmişik ki, bu mövqelərində çox dəqiq olsunlar və adı çəkilən neft boru xəttinin arxasında dayansınlar. Biz anlayırıq ki, burada kommersiya məsələləri ön plana çəkilir. Eyni zamanda başa düşürük ki, Türkiyə hökuməti bu məsələ haqqında dərindən düşünərək şirkətlərlə bunu həll edə bilər. 

Bir neçə həftə ərzində danışıqlar vasitəsilə bu məsələnin həlli yolunun tapılmasının mümkün olduğunu vurğulayıram. Onu da əlavə edim ki, Türkiyənin xarici işlər naziri ilə keçirilən görüşdə cənab nazir İsmayıl Cəm öz ölkəsinin Bakı-Ceyhan xəttinə münasibətinin dəyişməzliyi barədə bəyanat vermişdir. Türkiyə tam anlayır ki, bu məsələnin həllində aparıcı rol oynayan Azərbaycandır. Cənab prezident, məhz Sizin sözünüz vacib olacaqdır. Sizin rolunuz həm bu layihənin tamamlanması, başa çatması üçün, həm də bu layihənin regional əməkdaşlığı təmin etməsi üçün çox vacibdir.

Heydər Əliyev: ABŞ prezidenti cənab Bill Klintondan və vitse-prezident cənab Albert Qordan mənə çatdırdığınız salamlara, xoş arzulara görə, cənab, Sizə təşəkkürümü bildirirəm. Rica edirəm ki, mənim salamlarımı, hörmət və ehtiramımı prezident cənab Bill Klintona və vitse-prezident cənab Albert Qora çatdırasınız.

Əsas məsələ haqqında onu deyə bilərəm ki, Azərbaycanın əvvəldən Bakı-Ceyhan marşrutunu dəstəklədiyini siz bilirsiniz və mən bu barədə dəfələrlə bəyanat vermişəm. Bu yaxın zamanlarda cənab Yan Kalitski mənə vitse-prezident cənab Albert Qorun məktubunu gətirdi və mən o məktubla da tanış olmuşam. Ona görə də burada Azərbaycanın mövqeyi sizə məlumdur. Ancaq siz bilirsiniz ki, məsələ mürəkkəbləşibdir. Beynəlxalq Əməliyyat Şirkəti, konsorsium, hansı ki, bu işləri maliyyələşdirir, - onlar indi Bakı-Ceyhan xəttini dəstəkləmirlər. Mən dünən, yəni oktyabrın 27-də Bakıda onlarla bir saat yarım danışıq aparmışam. Bizim Dövlət Neft Şirkətinin rəhbərləri Natiq Əliyev, İlham Əliyev əvvəllər də onlarla bu barədə danışıqlar aparmışlar. Ancaq mən işlərimin çox olmasına baxmayaraq dünən onları qəbul etdim. Mənimlə görüşməyi onlar çoxdan xahiş etmişdilər. Biz çox ətraflı danışdıq. Onlar bir çox rəqəmlər gətirirlər və sübut edirlər ki, Bakı - Ceyhan boru xətti iqtisadi nöqteyi-nəzərdən səmərəsizdir, səmərəli deyildir.

Təklif edirlər ki, əsas boru xətti Bakıdan Supsaya qədər tikilsin. Mən sizə deyim ki, o nümayəndə heyətinin tərkibində «AMOKO»nun da nümayəndəsi var idi. Yəni mənimlə danışıq aparanlar əsas «Bi-Pi»nin nümayəndələri idilər. Ancaq «AMOKO»nun da nümayəndəsi orada idi. O bildirdi ki, mən ABŞ hökumətinin mövqeyini bilirəm və onunla razıyam. Ancaq biz kommersiya prinsiplərinə daha çox üstünlük veririk.

Mən bunlarla razı olmadım və onlara öz fikrimi bildirdim. Bizim Dövlət Neft Şirkətinin rəhbərləri Natiq Əliyevə, İlham Əliyevə göstəriş verdim ki, bir neçə gün ərzində bütün bu rəqəmləri araşdırsınlar, - yəni Bakı-Ceyhan xəttinin ümumi qiyməti nə qədərdir. Konsorsiumun nümayəndələri sübut edirlər ki, Bakı-Supsa Bakı-Ceyhandan təxminən bir milyard dollar ucuz olacaqdır. Onlar nefti Supsadan tankerlərlə Türkiyənin Bosfor boğazındakı Karıkgöl limanına çatdırmaq, oradan isə 50 kilometr uzunluğunda neft borusu vasitəsilə Mərmərə dənizinə çıxarmaq istəyirlər. Mən bu təklifləri qəbul etmədim. Ancaq belə problemlər vardır. Ona görə də biz gərək bu məsələnin nə cür həll olunması barədə fikir mübadiləsi aparaq.