Rumıniya Azərbaycanla kifayət qədər yüksək münasibətlərə malik dövlətlərdəndir. Azərbaycanın müstəqilliyi Rumıniya tərəfindən 1991-ci ilin dekabrında tanınıb. 90-cı illərin ortalarından başlayaraq hər iki ölkənin prezidentləri səviyyəsində münasibətlər formalaşmağa başlayıb. 1995-ci ilin iyununda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya ilk səfərini edib. Bir il sonra, 1996-cı ilin martında isə Rumıniyanın dövlət başçısı İon İliyesku Azərbaycana cavab səfərinə gəlib.
1998-ci ilin iyunun sonunda, iyulun əvvəlində Rumıniyanın prezidenti Emil Konstantinesku Azərbaycanda səfərdə olub. Həmin ilin sentyabrında isə o, Bakıda "Böyük İpək Yolu"na həsr olunmuş konfransda iştirak edib. (www.mfa.gov.az)
Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri zamanı iki dövlət arasında müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı müvafiq sazişlər imzalanıb. 2002-ci ilin oktyabrında Rumıniya prezidenti İon İliyeskunun Azərbaycana növbəti səfəri zamanı onunla Azərbaycan Prezidenti Heydər Əliyev arasında tərəfdaşlıq haqqında bəyannamə və iki ölkənin müvafiq qurumları arasında iqtisadi (vergi, investisiya) və elmi - texniki sahələrdə növbəti sazişlər imzalanıb.
Azərbaycanın dövlət başçısı Heydər Əliyev 29 oktyabr 2002-ci ildə Rumıniya prezidenti İon İlyesku ilə onun Azərbaycana səfəri zamanı keçirdikləri birgə mətbuat konfransında Rumıniya və Azərbaycan arasında siyasi sahədə razılıq olduğunu elan edib: "Prezident cənab İliyesku ilə mənim imzaladığımız bəyannamə, hesab edirəm, xüsusi əhəmiyyət kəsb edir. Bu bəyannamə siyasi məsələlərə həsr olunub və Azərbaycan ilə Rumıniyanın həm beynəlxalq problemlərlə əlaqədar, həm də bölgəmizdə olan problemlərlə əlaqədar eyni fikirdə olduqlarını və bir çox məsələlərdə razılıq əldə etdiklərini göstərir."
İon İliyeskunun 2002-ci il oktyabr səfəri zamanı ona Azərbaycan Texniki Universitetinin fəxri doktor diplomu təqdim olunub.
Azərbaycan və Rumıniya arasında sıx tərəfdaşlıq münasibətləri növbəti dövrlərdə də davam edib. Azərbaycan prezidenti İlham Əliyev 2004-cü ilin oktyabrında Rumıniyaya səfər edib. Həmin il Rumıniyanın paytaxtı Buxarestdə Heydər Əliyevin abidəsinin açılışı olub. (www.trend.az)
Rumıniya rəhbərləri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsiplərinə tərəfdar olduqlarını bildiriblər. 2006-cı ilin oktyabrında Azərbaycana səfərə gələn Rumıniya prezidenti Trayan Besesku bunu bir daha açıq bəyan edib. (Azərbaycan qəzeti, 12 oktyabr 2006)
Həmin səfər zamanı bir daha Rumıniya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik məsələlərində əməkdaşlıqdan danışılıb. Qara dəniz və Xəzər dənizi regionunda enerji əməkdaşlığı mövzusundan bəhs edilərək 2006-cı ilin iyununda Buxarestdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi həmin məsələlərlə əlaqədar beynəlxalq forum xatırlanıb. Tərəflər arasında Rumıniyanın bir daha Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığını tanıdığını ifadə edən birgə bəyannamə və iqtisadiyyat, mədəniyyət, ticarət və elmi-texniki tərəfdaşlıq haqqında növbəti sazişlər imzalanıb. Hər iki prezident məşhur rumın bəstəkarı Corce Eneskunun Bakıda abidəsinin açılış mərasimində iştirak ediblər. (yenə orada)
4 iyun 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Qara dəniz dialoq və əməkdaşlıq forumunda iştirak etmək üçün Buxarestdə rəsmi səfərdə olub. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın ən müxtəlif aspektlərinə dair faydalı müzakirələr aparılıb. (http://www.azerbaijan.news.az/)
Həmin il oktyabrın 11-də Rumıniya Prezidenti Trayan Beseskunun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gerçəkləşən rəsmi səfəri isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş potensialdan daha səmərəli istifadə yollarının aranması, bir sıra mühüm saziş və razılaşmaların əldə olunması ilə yaddaqalan olub. Səfər zamanı keçirilən müxtəlif səviyyəli görüşlərdə Prezident Trayan Besesku Azərbaycanın regionda artan roluna və nüfuzuna xüsusi diqqət çəkmiş, eyni zamanda Rumıniyanın Cənubi Qafqazda gerçəkləşdirilən layihələrdə fəal iştiraka maraq göstərdiyini deyib. Rumıniya Prezidenti Xəzər hövzəsinin zəngin enerji resurslarının Qərbə daşınmasında ölkəsinin tranzit əhəmiyyətini xüsusi vurğulayaraq, bu istiqamətdə Azərbaycanla səmərəli əməkdaşlığın tərəfdarı olduğunu söyləyib.
24 sentyabr 2007-ci ildə Buxarestdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və onların xanımları iştirak ediblər.
21 avqust 2008-ci ildə Rumıniya Prezidenti Trayan Besesku Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək işçi səhər yeməyi olub. Söhbət zamanı bildirilib ki, Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrin möhkəmlənməsi, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. Prezident Trayan Besesku Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulayıb. O deyib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. (http://www.president.az/)
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Rumıniya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış ediblər.
Dövlət başçıları xüsusi vurğulayıblar ki, Azərbaycan və Rumıniya təhlükəsizlik və enerji sahəsində eyni mövqedən çıxış edir və bu, hər iki ölkənin əməkdaşlığını daha da gücləndirir. Prezident Trayan Besesku bölgədə baş verən hadisələrə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Rumıniya bütün qarşıdurmaların, münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. (http://www.anspress.com/)