Azərbaycan Prezidenti Heydər Əliyevin İran səfiri Əlirza Bikdelini qəbul edərkən söhbətindən - 24 oktyabr 2000-ci il


Əlirza Bikdeli: Cənab prezident, hər şeydən əvvəl, sabah müsəlmanların ən gözəl bayramı - Həzrəti peyğəmbər Salavatullahın Merac günüdür.

Müsəlmanlar üçün çox böyük bayramdır. İcazə verin, bu bayram münasibətilə Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını təbrik edim. Sizə təşəkkür edirəm ki, məni qəbul etdiniz. Həmişə olduğu kimi, nə vaxt xahiş etmişəm, Siz xahişimi qəbul etmisiniz və bu dəfə də Sizə minnətdarlığımı bildirirəm.

Bilirsiniz ki, mən beş ildən çoxdur Azərbaycanda səfir kimi çalışıram. Çox xoşbəxtlik hissi duyuram ki, bu beş il ərzində burada mənim fəaliyyətim yalnız Sizin, cənab Heydər Əliyevin, dünyada tanınmış siyasətçi və şəxsiyyətin prezident olduğu dövrə təsadüf edir. Mən bu illər Sizinlə birlikdə çalışmışam və bu, məni çox sevindirir. Biz diplomatların işi bir gün başlayır və bir gün də qurtarır. Ancaq hiss edirəm ki, mən elə bu gündən öz yeni işimə Azərbaycanla başlamalıyam. Çünki İranın Xarici İşlər Nazirliyində mənə yeni vəzifə - MDB ölkələri üzrə idarə rəisi vəzifəsi təklif edilibdir. İnşallah, mən yenidən bu vəzifəmdə Azərbaycan Cümhuriyyəti ilə və Azərbaycan xalqı ilə yaxın təmasda olacağam.

Hər şeydən öncə Sizə və Sizin simanızda Azərbaycanın bütün məsul şəxslərinə təşəkkür edirəm ki, beş il ərzində mənim fəaliyyətimə dəstək, kömək və qayğı göstərilibdir. Eyni zamanda bu illərdə Allah-təala bizə kömək edibdir və biz də əlaqələrin inkişaf etməsinə nail ola bilmişik. Sizə bir daha təşəkkür edirəm.

Əsas məqsədim, Sizə təşəkkür etmək, Azərbaycanı tərk etmək ərəfəsində Sizinlə görüşmək, danışmaq idi.

Heydər Əliyev: Sağ olun. Mən də sizi və bütün İran xalqını, bütün müsəlmanları bu bayram münasibətilə təbrik edirəm. Sizin ölkənizə, İran xalqına səadət, sülh, əmin-amanlıq arzulayıram. Bu bayramlar bizim ümumi bayramlarımızdır. Çünki biz bir kök və bir dinə malikik. Ona görə də bu bayram hamımızın bayramıdır.

Sizin burada işləməyiniz elə tez keçibdir ki, elə bil heç beş il deyildir. Ona görə mən düşünürdüm ki, bəlkə siz bir müddət də burada işləyəsiniz. Ancaq bilirəm, hər ölkədə Xarici İşlər Nazirliyinin qanunu vardır. Bəzi ölkələrdə səfir üç ildən artıq işləmir. Amma yaxşı ki, sizin Xarici İşlər Nazirliyi Azərbaycana güzəşt edibdir.

Siz burada beş il işləmisiniz. Ancaq eyni zamanda məni sevindirən odur ki, siz dediniz, İranın Xarici İşlər Nazirliyində MDB ölkələri üzrə idarənin rəisi olacaqsınız. Bu, təbii bundan da yüksək bir vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifədə İran - Azərbaycan əlaqələrinin inkişaf etməsinə çalışacaqsınız.

Bizim üçün bu, çox əhəmiyyətlidir, ona görə ki, bütün MDB ölkələrinə cavabdeh olacaqsınız. Amma bildiyimə görə, Siz Qazaxıstanda da işləmisiniz.

Əlirza Bikdeli: Cənab prezident, Moskvada da işləmişəm.

Heydər Əliyev: Bir də Moskvada. Amma digər ölkələri o qədər yaxşı tanımırsınız. Amma hamısından çox Azərbaycanda işləmisiniz. Elədirmi?

Əlirza Bikdeli: Bəli, elədir.

Heydər Əliyev: Ona görə Azərbaycan sizə başqa ölkələrə nisbətən daha çox tanışdır. Hesab edirəm ki, daha yaxındır, belə deyə bilərəm ki, bəlkə də daha doğmadır. Ona görə də sizin o vəzifədə işləməyiniz bizim üçün çox yaxşı xəbərdir. İnanıram ki, siz burada çalışdığınız dövrdə olduğu kimi, o böyük vəzifəni alandan sonra İran-Azərbaycan əlaqələrinin inkişaf etdirməyə daha da çox səylər göstərəcəksiniz.

Hər bir dövlət özünün dövlət mexanizmini yaxşı bilir. Ümumi prinsiplər var. Bəzən dövlətin xarici siyasəti dövlətin müşavirləri, onun şöbələrinin təşəbbüsü, yaxud təklifi, onların verdiyi analitik materiallar əsasında qurulur. Ancaq siz o vəzifədə olanda, hesab edirəm ki, heç vaxt öz rəhbərliyinizə Azərbaycan haqqında səhv, yaxud da əsası olmayan məruzələr etməmisiniz. Mən demirəm ki, o biriləri qəsdən edirlər. Bəzən bilmirlər. Çünki hər halda mənim bu barədə keçmişdən də, indi də təcrübəm çoxdur.

Xatirimdədir, Moskvada işləyəndə bəzən ayrı-ayrı ölkələrdəki səfirlər o ölkənin vəziyyəti haqqında, bu ölkənin Sovetlər İttifaqı ilə əlaqələri haqqında məlumatlar yazırdılar. Amma biz başqa yerdən öyrənəndə görürdük ki, həmin məlumatlar o qədər də düz deyil, səhvdir, yaxud da subyektiv fikirlərdir və s. Siz artıq burada beş il işləmisiniz, beş il burada yaşamısınız. Bu ölkənin prezidentini anlayırsınız. Burada kim kimdir, onu da yaxşı bilirsiniz. Ona görə də çox məmnunam ki, əgər siz buranı tərk etmək məcburiyyətindəsinizsə, demək, o idarənin rəisi olmaq da bizim üçün çox əhəmiyyətlidir.

Beş il müddətində bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün hər iki tərəfdən - həm İran tərəfindən, həm də Azərbaycan tərəfindən səylər göstərilibdir. Ancaq deyə bilmərəm ki, bu səylər bizi istənilən səviyyəyə qaldırıbdır. Buna mane olanlar da olub, yaxud başqa səbəblər də olubdur. Hər şeyi açıq, həqiqəti demək lazımdır.

Ancaq Siz də bilirsiniz və güman edirəm ki, İranın hökuməti, dövlət başçısı da bilir ki, Azərbaycan prezidenti kimi mən Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət verirəm. Hesab edirəm ki, ölkələrimiz bir-biri ilə dost olmalıdır, qardaş olmalıdır və ölkələrimiz arasında heç bir nifaq, heç bir başqa şey olmamalıdır. Bəzi səbəblər var, məsələn, ona görə bizdə narazılıq törəyir, yaxud da Tehranda narazılıq törəyir. Ancaq bu səbəbləri də aradan götürmək olar. Əgər götürmək mümkün deyilsə, hər halda bunu da qarşılıqlı anlaşma yolu ilə müəyyən bir məcraya salmaq olar. Amma strateji nöqteyi-nəzərdən Azərbaycanın dövlət siyasəti, Azərbaycan prezidenti kimi mənim siyasətim bundan ibarətdir. Burada müxtəlif qüvvələrin, ayrı-ayrı şəxslərin, yaxud da siyasi qurumların və s. fikri Azərbaycan dövlətinin fikri deyildir.

Mənə bu gün bir məqalə verdilər. "Nezavisimaya qazeta"da bir erməni şayiələrlə dolu məqalə yazıbdır. Onu sənə verərlər, oxuyarsan, baxarsan. Təbiidir, bu müəllif nəyə xidmət edir - İran ilə Azərbaycanın arasını vurmağa xidmət edir. Doğrudur, o da istinad edir ki, guya Azərbaycanın "Zerkalo" qəzeti hansısa sorğu keçiribdir. Amma hesab etmirəm ki, "Zerkalo" qəzetinin də yazdığı hamısı düzdür. Bu qəzet o qədər səhvlər buraxır, o qədər yalanlar, olmayan şeylər yazır. Əgər bunlar - təkcə "Zerkalo" qəzeti deyil, başqaları da, - öz dövləti, xalqı, ölkəsi haqqında yalanlar, böhtanlar yazırsa, onlar bizim əlaqələrimizi pozmaq üçün belə addımlar da atırlar. Amma bilmirəm, həqiqətənmi bu, "Zerkalo" qəzetindəndir, yaxud da erməni müəllif bunu özü uydurubdur və əsas kimi qələmə verir.

Yəni, bilirsiniz, bizim ölkələrimizin arasındakı əlaqələrin normal yolla və dostluq, mehribanlıq əlaqələri kimi inkişaf etməsinə qısqanclıq edənlər çoxdur. Bu, bizim ölkənin içərisində də var. Siz bunları beş ildə görmüsünüz. Başqa ölkələrdə də vardır. Bir çox qüvvələr istəmirlər ki, bizim ölkələrimizin əlaqələri daha da yaxın olsun, əməkdaşlığımız daha da geniş olsun, bir-birimizə çox dayaq olaq. Belə qüvvələr çoxdur.

Mən sizə deyə bilərəm ki, bəlkə də bunu elə Azərbaycana da, İrana da düşmən qüvvələr edir. Xüsusən, İran-Azərbaycan əlaqələrini pozmağa çalışırlar. Bu barədə çox səylər göstərirlər. Həmin Moskva qəzetlərində çıxan o məqalələrin müəllifləri əksər hallarda ermənilərdir. Onlar, təbiidir ki, bu məqsədə xidmət edirlər. Ancaq mən bu gün bəyan edirəm ki, onlar heç bir şeyə nail ola bilməzlər, heç bir şey edə bilməzlər. Bizim İranla münasibətlərimiz dostluq münasibətidir, qardaşlıq münasibətidir, mehribanlıq münasibətidir.

Əgər sizin burada işlədiyiniz beş il müddətində bəzi məsələlər barəsində hər iki tərəfin istəyini, arzusunu yerinə yetirə bilməmişiksə, bu, ondan irəli gəlmir ki, nə siz, nə də biz bunu yerinə yetirmək istəməmişik. Bu, ondan irəli gəlir ki, buna müəyyən obyektiv səbəblər mane olubdur. İnanıram ki, biz bu səbəbləri getdikcə aradan qaldıracağıq. Bizim münasibətlərimiz inkişaf edəcək və mən İrana rəsmi səfərimi mütləq həyata keçirəcəyəm. Bilirsiniz, obyektiv səbəblərə görə bu, bir az təxirə salındı. Mütləq həyata keçirəcəyəm. Güman edirəm ki, noyabr ayında Qətərdə İslam Konfransı Təşkilatının zirvə görüşü olacaqdır. Yəqin ki, İran prezidenti, hörmətli Xatəmi də orada olacaqdır. Biz orada da görüşüb söhbət edə biləcəyik və əlaqələrimizin inkişaf etdirilməsi üçün biz çox yeni-yeni addımlar atacağıq.

Əlirza Bikdeli: Cənab prezident, təşəkkür edirəm. Mən Sizin dəyərli sözlərinizlə tamamilə razıyam. Çox şadam, artıq bizim xalqlarımız Sizin dilinizdən eşidir ki, əlaqələrimizi pozanlar, istəməyənlər çoxdur. Hesab edirəm, xalqlarımız bu dəyərli sözlərə söykənərək gərək hər bir münasibətə əlaqələrimizin əleyhinə çalışanlara fikir versinlər ki, onlar kimlərdir və bunun arxasında nə məqsəd durur.

İranın xarici siyasətində münasibətləri tənzimləyən iki prinsip vardır. Birincisi, qonşu ölkələrlə yaxın əlaqə saxlamaq, ikincisi, islam ölkələri ilə yaxın əlaqə saxlamaqdır. Azərbaycan cümhuriyyəti bizim üçün həm qonşu, həm də müsəlman ölkəsidir. Ona görə gərək biz Azərbaycanla münasibəti daha sıx saxlayaq. İran-Azərbaycan əlaqələri gərək MDB ölkələri çərçivəsində nümunə xarakteri daşısın. Bəlkə də əlaqələrimizin düşmənlərinin, bunu istəməyənlərin səyi elə bu nöqtədən başlayır. Bilirlər ki, həm Sizin, həm də bizim tərəfdən bu məqsədə doğru hərəkət vardır və onlar bu hərəkətin qarşısında dururlar. Çünki bilirlər ki, əgər Azərbaycan cümhuriyyətinin İran İslam Cümhuriyyəti ilə əlaqələri genişlənsə və əksinə, İran İslam Cümhuriyyətinin Azərbaycan ilə əlaqələri genişlənsə, onların mənafeləri bu ölkələr arasında heç olmasa, bir faiz bölünəcəkdir. Ona görə də istəyirlər ki, bütün payı özləri götürsünlər.

Biz bunu dəfələrlə demişik. Siz, cənab Heydər Əliyev də bunu dəfələrlə qeyd etmisiniz. Siz indi də buyurdunuz və bu, mənim üçün çox dəyərli analizdir. Mən həqiqətən bunu yüksək qiymətləndirirəm.

İstərdim ki, beş il ərzində iki ölkənin əlaqələrində müvəffəqiyyətlərə nail olmuş sahələri xatirinizə çatdırım. Əlbəttə, Siz hər şeydən xəbərdarsınız. Bu əlaqələrin memarı kimi Siz özünüz işləmisiniz. Həmişə demişəm ki, İran ilə Azərbaycan Cümhuriyyətinin bir hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında olan münasibəti elə edə bilək ki, bundan nümunə götürsünlər. Bu, Sizin əldə etdiyiniz nailiyyətdir.

Beş il ərzində mənə tapşırılan vəzifəni müvəffəqiyyətlə həyata keçirmişik. Birincisi, xalqlarımızın əlaqələrini asanlaşdırmaq idi.

Allaha şükür olsun ki, bu əlaqələr ilbəil asanlaşıb və bizim xalqlarımız çox gözəl təmasdadırlar, bir ölkədən digərinə rahat gedib-gəlirlər. Artıq onlar hər şeyi görürlər, başa düşürlər ki, gedən əks-təbliğat düzgün deyildir, vəziyyət başqa cürdür. İndi ildə bir milyondan çox camaatımız qarşılqılı səfər edir. Eşidənlərin çoxu buna inanmır. Bunun üçün getmək və görmək lazımdır.

Mən keçən həftə Naxçıvan Muxtar Respublikası ilə vidalaşmaq üçün oraya getdim. Cənab Vasif Talıbov ilə görüşdüm. Sağ olsunlar, bizi çox səmimiyyətlə qəbul etdilər. Sonra Culfaya getdim. Orada həm o tayda, həm bu tayda olan gömrük işçiləri ilə görüşdüm. Mənə deyirlər ki, camaat o qədər gedib-gəlir ki, onlara cavab verməyə gücümüz çatmır. Xahiş edirlər ki, İran məmurlarının sayını artırmaq barədə təklifi mən İran prezidenti cənab Xatəmiyə çatdırım. Onların xahişi bundan ibarətdir. Orada hər şey şəffaf, normal şəkildədir. Dediyim budur ki, əgər Culfada bu şəraiti yarada biliriksə, nə üçün Biləsuvarda, Astarada belə vəziyyət olmasın? İnşallah, bunları etməliyik. İndi gediş-gəliş çox asanlaşıb və bu, müsbət haldır. Mən sevinirəm ki, birinci vəzifə kimi bunu yerinə yetirmişəm.

Azərbaycanda İran səfirliyinin qarşısına iqtisadiyyat sahəsində mühüm vəzifə qoymuşdular. Bu illərdə ticarət bir az aşağıya düşsə də, kapital qoyuluşu artıbdır. Yəni əlaqələrimiz bir az sıxlaşıb və dərinləşibdir. Keçən ilin statistikası göstərir ki, istər İrandan, istərsə də başqa ölkələrdən gələn iranlılar Azərbaycana 600 milyon dollar sərmayə qoymuşlar. Bu, neftdən kənar sahələrə yönəldilibdir.

Neft sahəsində İranın "OİEK" şirkəti çalışır, o da sərmayə qoyur.

Gələn sərmayələr dərman, maşınqayırma, mebel, yol, tikinti və digər sahələrə qoyulmuşdur. Sizin himayəniz altında bizim tacirlərimiz burada çalışırlar. Həqiqətən, Sizin qayğınız, İran tacirlərinə göstərilən səmimiyyət onları cəlb edir. Bizim yaxşı tacirlərimiz yavaş-yavaş Azərbaycana gəlirlər.

Biz mədəniyyət sahəsində üstünlüyü alimlərimiz arasında olan əlaqəyə vermişik və buna da nail olmuşuq. Hər il Azərbaycandan İrana, və İrandan Azərbaycana dəstə-dəstə alimlər gəlirlər, gedirlər.

Azərbaycanda böyük elmi potensial vardır. Bu, yalnız Azərbaycanın deyil, bütün islam dünyasının, Şərq ölkələrinin sərvətidir. Gərək biz bundan istifadə edək. Çalışmışıq ki, Sizin ölkənizdə olan bu gözəl sərvətdən istifadə edək və Sizin alimləriniz, buna zəmanət verə bilərlər.

Bizim üzərimizə düşən, bizə tapşırılan vəzifələrdən biri də İran ilə Naxçıvan arasında Sizin tərəfinizdən təməli qoyulmuş əlaqələri davam və inkişaf etdirmək idi. Allah-təalaya şükür edirik ki, bu sahədə də gözəl işlər görmüşük. Keçən həftə cənab Vasif Talıbov dedi ki, İran ilə nə imzalamışıqsa, hamısını həyata keçirmişik.

Artıq yeni sahələr axtarırıq. İndi Şərqi Azərbaycan ostandarı Culfa-Naxçıvan arasında yeni yol çəkir. Orada yol bərbad vəziyyətdə idi. Sağ olsunlar, əməkdaşlıq edirlər, onu çəkirlər və başqa sahələrdə də yaxşı işlər görürlər. Biz gərək bütün sahələrdə əlaqələrimizi bu səviyyəyə çatdıraq.

Konsulluq sahəsində də işlər görülmüşdür. Keçən illər ərzində çox mühüm əhəmiyyət daşıyan üç əsas müqavilə imzalanmışdır. Məhkumların təhvil verilməsi, hüquqi yardım haqqında və cinayətkarların mübadiləsinə dair imzalanmış müqavilələr qanun kimi həyata keçirilir və İran ilə Azərbaycanın konsulluq əlaqələrini tənzimləyir.

Cənab prezident, Siz qeyd etdiniz, baxmayaraq ki, səkkiz ildə çox işlər görülüb, ancaq hələ görüləsi işlər də çoxdur. Bu illərdə bir neçə arzum var idi. Onların hamısına nail olmamışam. Birincisi, bu idi ki, səfir kimi Sizinlə İrana rəsmi səfərə gedim. Bu, mənə nəsib olmadı.

Heydər Əliyev: İrana getmişik.

Əlirza Bikdeli: Getmişik, ancaq rəsmi səfər olmayıbdır.

Heydər Əliyev: İndi mən oraya gələndə siz məni idarə rəisi kimi qarşılayacaqsınız.

Əlirza Bikdeli: Bəli, inşallah. Bizim hörmətli yeni səfirimiz ağayi Əhəd Qəzayini Siz yaxşı tanıyırsınız. İranda nüfuzlu bir şəxsiyyətdir və onu azərbaycanşünas kimi tanıyırlar. Bu, inşallah ona qismət olacaqdır. Biz onunla danışanda dedi ki, Allah-təala Sizinlə İrana getməyi onun adına yazıbdır.

Bundan başqa, ölkələrimiz arasında viza məsələsinin aradan götürülməsi mənim arzum olubdur. Camaat da bunu çox tələb edir. Bunun razılığını ağayi prezident Xatəmidən və cənab Xərrazidən almışam. Arzu edirik ki, yaxın gələcəkdə Sizin tərəfinizdən buna müsbət cavab verilsin. Gərək elə olsun ki, insanlar sərhəddən sərbəst, rahat gedib-gəlsinlər. Bu, İran və Azərbaycan xalqlarının istəyidir.

Nəhayət, həqiqətən Azərbaycan xalqına hörmətimi və minnətdarlığımı bildirməliyəm. Mən ilk dəfə 1986-cı ildə Moskvadan Azərbaycana gəlmişəm. O zaman Azərbaycana gələrkən gördüklərimə inanmırdım. Çünki İranda deyirdilər ki, hamı kommunistdir, yəni Allahı tanımırlar, məzhəbləri, dinləri yoxdur. Bunu da heç kəs təkzib etmirdi. Hətta şura hökuməti bunu dəstəkləyirdi.

Mən Moskvada olan zaman orada bazarda olanlara deyirdim ki, əgər Siz müsəlmansınızsa, məhərrəmlikdə haraya gedirsiniz? Deyirdilər ki, Bakıya gedirik. Soruşurdum ki, orada mərasim keçirilir? Deyirdilər, bəli. Soruşurdum ki, bəs, kommunistlər mane olmurlar? Deyirdilər ki, mane olurlar, ancaq buna baxmayaraq, biz keçiririk.

Sonra mən 1986-cı ildə Bakıya gəldim. İnanın ki, o səfər zamanı Azərbaycanda gördüklərim barədə öz hökumətimə göndərilən raport mənim Azərbaycana səfir təyin olunmağıma kömək etmişdi. Azərbaycan xalqı həmin vaxtdan mənə məhəbbət göstəribdir.

Mən o zaman bir dəfə qatarla İrana səfərə çıxdım. Bilirsiniz ki, qatar Naxçıvandan Culfa vasitəsilə İrana gedirdi. Mən Culfaya çatanda saat altı idi. Dedilər ki, İran tərəfi körpünü bağlayıbdır və Culfada qalmalı oldum. Yanımda xanımım və iki qızım da var idi. Bir sürücü xahiş etdi ki, gedək bizdə qalaq. Mən isə onu tanımırdım. Çox yalvarandan sonra biz onun evinə getdik. Bizi çox hörmətlə qarşıladılar. O, gecə hamını dəvət etdi, bizə qoyun kəsdilər. Həmin vaxt Moskvada İran səfirinin müavini idim. Amma o, məni tanımırdı.

Demək istəyirəm ki, mən bunu heç vaxt unutmuram. Arzum idi ki, səfir işlədiyim vaxt o adamı tanıyım. Ancaq onu tanıya bilmədim. Yəni o, tanımaya-tanımaya mənə hörmət edibdir. Bu xalq həmişə belə olubdur.

Beş il ərzində burada bizə güldən ağır bir söz deməyiblər.

Məsələn, biz qardaşlarımız, bacılarımız demişik, onlar da bizə cavab olaraq can, qardaş deyiblər. Xanımlarımıza bacı deyiblər. Artıq elə bir səmimiyyət var ki, bu, heç vaxt qəlbimizdən, başımızdan çıxmaz.

Xalqlar, mədəniyyətlər asimandır, siyasət buludluqdur. Siyasət gəlib gedir. Amma xalq öz yerində qalır. Gərək biz xalqları nəzərə alaq.

Mən təşəkkür edirəm ki, bu xalqın nümayəndəsi kimi, Sizin İrana məhəbbətiniz səmimi olubdur. Heç vaxt heç kəs deyə bilməz ki, cənab prezident Heydər Əliyev İran-Azərbaycan əlaqələrinə aid mənfi bir söz deyibdir. Buna əsas yoxdur. İnşallah, bundan sonra da həm prezident Xatəminin, həm də Sizin rəhbərliyiniz nəticəsində əlaqələrin daha da möhkəmləndirilməsinə nail olacağıq. Artıq bu sahədə zaman da öz rolunu oynayır və camaatımız başa düşür ki, biz bir-birimizə söykənməliyik, bir-birimizdən enerji və güc almalıyıq. Əgər İran Azərbaycanla, Azərbaycan İranla bir yerdə olsa, deyə bilərəm ki, heç kəs nə Sizə, nə də bizə təcavüz edə bilər. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Mən də sizə həm bizim ölkələrimizin, xalqlarımızın arasındakı əlaqələrə dair, həm də sizin burada səfirlik fəaliyyətinizin həyata keçirilməsi ilə əlaqədar dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Mən əvvəl də dedim, bunlar hamısı təbiidir.

Belə də olmalıdır və bundan sonra da belə olacaqdır.

Hesab edirəm ki, siz beş il müddətində İran-Azərbaycan əlaqələrinin genişlənməsində, inkişaf etməsində çox işlər görmüsünüz. Bunu sizin ölkəniz də yüksək qiymətləndirir, biz də yüksək qiymətləndiririk.

Görülən işlərə görə, xidmətlərinizə görə sizə təşəkkür edirəm.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da İran-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün öz səylərinizi qoyacaqsınız. Yenə də deyirəm, bəlkə də bu sahədə siz İranda Azərbaycanın nümayəndəsi olacaqsınız. Çünki sizin qədər orada, Tehranda Azərbaycanın bugünkü reallığının öz gözü ilə görən, özü hiss edən adam yoxdur. Kitablardan, televiziyadan, radiodan və s. çox şey bilmək olar. Amma insan özü yaşayanda, özü hiss edəndə, özü görəndə, özü bu dövrü yaşayanda onun təəssüratları tamamilə başqa cür olur.

Deyə bilərəm ki, əksər hallarda doğru, düzgün, obyektiv olur. Bu baxımdan hesab edirəm ki, biz bundan sonra da əməkdaşlıq edəcəyik.

İndiyə qədər gördüyünüz işlərə görə bir daha təşəkkür edirəm.

Əlirza Bikdeli: Cənab prezident, mən bu barədə Sizə söz verirəm.

"Azərbaycan" qəzeti, 25 oktyabr 2000-ci il.

Tarixi arayış