Azərbaycan Respublikası Avropa Şurasının əsas orqanları olan Parlament Assambleyası (AŞPA) və Nazirlər Komitəsində xüsusilə fəal iştirak edir. Tam üzvlüyə qəbul olunmamışdan əvvəl Azərbaycan Parlament Assambleyasında 1996-cı ilin iyunundan xüsusi dəvət olunmuş qonaq statusu ilə təmsil olunub. Həmin statusu almamışdan əvvəl və tam üzvlüyə qədər də AŞPA Azərbaycanla bağlı müzakirələr aparıb və müxtəlif qərarlar qəbul edib. (Hadi Rəcəbli, Vəfaddin İbayev, "Avropa Şurası", Bakı, Elm-1999, s. 57-72./www.mfa.gov.az)
25 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi mərasimində iştirak etmək üçün Strasburqa səfəri zamanı AŞPA-da da nitq söyləyib. Çıxışında o, Azərbaycanda demokratiya, insan hüquqları sahəsində aparılan fəaliyyət barədə geniş məlumat verib.
Heydər Əliyev həmin nitqində Assambleyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1997-ci ilin aprelində qəbul etdiyi qətnaməyə istinad edərək bunu bir daha yüksək qiymətləndirdiyini bildirib. Həmin qətnamədə işğal olunmuş torpaqların azad olunması, Dağlıq Qarabağa muxtariyyat verilməsi prinsipləri əks olunub. (Hadi Rəcəbli, Vəfaddin İbayev, "Avropa Şurası", Bakı, Elm-1999, s. 65.)
Azərbaycan parlamentinin nümayəndə heyəti ilk dəfə tamhüquqlu üzv olaraq millət vəkili İlham Əliyevin rəhbərliyi ilə 2001-ci ilin aprelində AŞPA-nın sessiyasında iştirak edib. Həmin sessiyada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması, dinc azərbaycanlı əhaliyə qarşı soyqırım törədilməsi, mülki vətəndaşlar olan azərbaycanlıların əsir və girov saxlanılmasını əks etdirən sənədlər yayılıb. 2003-ci ilin yanvarında Azərbaycan deputat qrupunun rəhbəri İlham Əliyev AŞPA-nın rəhbər qurumu olan büronun sədr müavini seçilib. (www.mfa.gov.az)
AŞPA-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün ən əhəmiyyətli hesab olunan sənədi 2005-ci ilin yanvar sessiyasında qəbul etdiyi 1416 saylı qətnamədir. Qətnamədə Dağlıq Qarabağın separatçı erməni hərbi birləşmələrinin işğalı altında olması, etnik təmizləməni xatırladan monoetnik ərazilərin yaranması göstərilib. Britaniyalı deputat Devid Atkinsonun hesabatı əsasında bolqar deputat Yevgeni Kirillovun təklifi ilə səsə qoyulan qətnamə Ermənistan parlament heyətinin etirazlarına baxmayaraq AŞPA tərəfindən təsdiqlənib. (www.assembly.coe.int/www.rferl.org)
Hazırda Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsi fəaliyyət göstərir. 2006-cı ilin noyabrında Azərbaycana səfər etmiş komitə sədri Lord Rassel Conston komitədə Azərbaycan və Ermənistan deputatlarının iştirakı ilə müzakirələr aparıldığını bildirib. (http://www.today.az/)
2008-ci il iyulun 2-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç Azərbaycana rəsmi səfərə gəlib. AŞ PA prezidenti Azərbaycanın artıq demokratikləşmə yolunda olduğunu, ölkədə insan hüquqlarının qorunduğunu və burada hüquqi dövlət yaradıldığını bildirib. AŞ PA -nın Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə qəbul etdiyini deyən Luis Mariya de Puç həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınmasını qeyd edib. Luis Mariya de Puç Azərbaycanın Baş naziri, xarici işlər naziri, Azərbaycan Milli Məclisinin sədri ilə görüşub. Bundan başqa AŞ PA prezidenti Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi təşkiat və QHT təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatlar, həmçinin, KİV-lə görüşərək söhbətlər aparıb. Görüşlərdə əsasən, AŞ PA - Azərbaycan münasibətləri, Azərbaycanda 2008-ci ilin oktyabrında keçiriləcək prezident seçkiləri öncəsi ölkədə ictimai - siyasi vəziyyət, mətbuatın durumu, AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycanla bağlı qəbul olunmuş qətnamə müzakirə olunub.
Azərbaycana səfəri çərçivəsində Luis Mariya de Puç Azərbaycanın şimal bölgəsinə səfər edib. O, ilk öncə Qubanın "Qırmızı qəsəbə" yaşayış məntəqəsində fəaliyyət göstərən sinaqoqa baş çəkib, qəsəbədə yaşayan yəhudi icmasının üzvləri ilə görüşüb. Daha sonra Qubada azərbaycanlılara qarşı 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırım barədəAŞ PA prezidentinə məlumat verilib, məzarlıqdan çıxarılan cəsədlərin nümunələri ona göstərilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Luis Mariya de Puçun görüşündə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tarixi arayış 9 iyul 2008-ci ildə yeniləşdirilib.