Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şeyx Şamilin 200 illiyi münasibətilə Mahaçqalada keçirilən təntənəli yubileyin iştirakçılarına təbrik məktubu - Bakı şəhəri, 4 noyabr 1997-ci il


Əziz dağıstanlı qardaş və bacılar!

Hörmətli toplantı iştirakçıları!

Adı milli azadlıq mübarizəsinin simvoluna çevrimiş görkəmli sərkərdə, qüdrətli şəxsiyyət Şeyx Şamilin anadan olmasının 200 illik yubileyi münasibətilə sizi salamlayır, hamınıza xoş arzularımı çatdırıram.

Ulu Qafqaz əsrlər boyu müxtəlif dövlətlərin təcavüzünə məruz qalsa da, bu diyarın mərd insanları əsarətə qarşı mübarizə qətiyyətini daim qoruyub saxlamışlar. Azadlıq uğrunda 25 il vuruşan Şeyx Şamil bir daha sübut etdi ki, xalqın istiqlal amalını, iradəsini və əzmini sındırmaq, məhv etmək mümkün deyildir. Şeyx Şamilin mücadiləsi Azərbaycan xalqının da yaddaşına əbədi həkk olunubdur. Qədirbilən xalqımız onu özünün milli qəhrəmanı sayır. Azərbaycanda Şeyx Şamil hərəkatı həmişə sevılə-sevilə dərindən öyrənilmiş, azadlıq mübarizi xalq duşməni elan edilən vaxtlarda da görkəmli alimlərimiz, yazıçıalarımız həyatlarını təhlükə altına qoyaraq onun haqqında dəyərli əsərlər yaratmışlar. Azərbaycan mədəniyyəti, elmi indinin özündə də bu ənənəni yaşatmaqdadır. Bunun bunlar tarixi haqqına qovuşaraq müstəqillik qazanmış Azərbaycan xalqının Şeyx Şamilin şəxsiyyətinə, onun azadlıq uğrunda fədakar mübarizəsinə hörmət və ehtiramının ifadəsidir. Hər il azərbaycanlının qəlbində bu əfsanəvi qəhrəmana nəsildən-nəslə ərmağan kimi çatdırılan məhəbbət yaşayır və bu məhəbbət respublikamızda keçirilən yubiley mərasimlərində Şeyx Şamilə tükənməz xalq ehtiramının növbəti təsdiqinə çevrilir.

Əziz dostlar! Sizi və sizin şəxsinizdə bütün Qafqaz xalqlarını bu qəhrəmanlıq bayramı münasibətilə ürəkdən təbrik edirəm. Azadlığı, sülhü, əmin-amanlığı qorumaq yolunda hər bir qafqazlıya Şeyx Şamil müdrikliyi, qətiyyəti və fədakarlığı arzulayıram. Əminəm ki, Şeyx Şamil ruhu bizi bir-birimizə daha da doğmalaşdıracaq, Rusiya Federasiyasında yaşayan xalqlarla Azərbaycan xalqı arasındakı qardaşlığı daha da möhkəmləndirəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.