Azərbaycan Prezidenti Heydər Əliyevin Xorvatiya Respublikasının Türkiyədə və Azərbaycandakı səfiri İviça Tomiç ilə söhbətindən - 26 iyun 2000-ci il


Heydər Əliyev: Mən bu gün Xorvatiyanın Azərbaycandakı səfirini görməkdən çox məmnunam. Siz Ankarada daimi fəaliyyət göstərirsiniz. Ona görə də hər dəfə ölkəmizə gəlməyiniz Azərbaycan ilə Xorvatiya arasındakı əlaqələrin inkişaf etməsi üçün çox əhəmiyyətlidir. Bilirsiniz ki, biz Xorvatiya ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək arzusundayıq. Xoş gəlmisiniz.

İviça Tomiç: Cənab prezident, çox sağ olun. Mən çox şadam ki, Ankarada səfir kimi fəaliyyət göstərdiyim vaxtdan bəri Azərbaycana üçüncü dəfədir səfər edirəm.

Cənab prezident, icazə verin, əvvəlcə öz şəxsi fikrimi bildirim. Mən hər dəfə Azərbaycana gələndə sizin ölkədə daha çox irəliləyiş, xüsusilə Bakıda sabitliyin möhkəmləndiyini görürəm. Hörmətli prezident, bu şəxsi fikirlərim adi insanlarla mənim söhbətlərimdən sonra formalaşmışdır. Mən Azərbaycanda, Bakıda bir çox insanlarla söhbət etmişəm. Cənab prezident, ölkənizdəki bu sürətli inkişafda Sizin şəxsi rolunuz, əlbəttə, danılmazdır. Mən insanlarla hər dəfə söhbət edəndə onlar Sizə öz sevgi-məhəbbətlərini və dəstəklərini bildirirlər.

Xorvatiya ilə Azərbaycan arasındakı diplomatik, siyasi, xüsusilə də dövlətlərarası münasibətlər daha da yaxşılaşmağa başlamışdır. Bu iki dövlət beynəlxalq təşkilatlarda bir-biri ilə sıx əməkdaşlıq edir. Son onillikdə öz müstəqilliyini qazanmış bu iki gənc dövlət bütün məsələlərdə bir-birinə daim dəstəklərini bildirirlər. Biz bir-birimizin təcrübəsindən öyrənirik. Bizim yeni hökumətimiz Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verir.

Bu həftə keçirilən diskussiyalarda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına bizim dövlətimiz öz dəstəyini bildirəcəkdir. Biz bundan əvvəl də bu məsələyə həmişə öz dəstəyimizi vermişik. Xorvatiya eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Yeni hökumətimizin məqsədi Azərbaycanla yalnız siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, Avropaya inteqrasiya olunmaq sahəsində əməkdaşlıq etməkdir.

Cənab prezident, bütün bunları - Xorvatiya ilə Azərbaycan arasındakı yaxşı münasibətləri və yeni hökumətimizin ölkənizlə əlaqələri genişləndirmək arzusunu nəzərə alaraq, mən bu gün belə bir imkan əldə etmişəm ki, Xorvatiya prezidentindən Azərbaycan prezidentinə göndərilmiş dəvət məktubunu Sizə təqdim edirəm. O, çox istəyir ki, Siz Xorvatiyaya rəsmi səfərə gələsiniz.

Heydər Əliyev: Çox sağ olun.

İviça Tomiç: Cənab prezident, çox sağ olun. Bizim prezident çox istəyir ki, Siz bu ilin ərzində imkan tapıb Xorvatiyaya rəsmi səfərə gələsiniz. Bizim prezidentimizin Sizin şəxsiyyətinizə, eyni zamanda xorvat xalqının şəxsən Sizə və Azərbaycan xalqına böyük hörməti vardır.

Cənab prezident, icazə verin, mən Xorvatiyanın yeni hökuməti, bir qədər əvvəl dediyim kimi, onun Avropaya inteqrasiya olunmaq səyləri və bu sahədə fəaliyyəti haqqında da söhbət açım.

Xorvatiya və onun yeni hökuməti qarşısına belə bir məqsəd qoymuşdur ki, NATO-nun, eyni zamanda Avropa Birliyinin üzvü olsun. Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində görülən işlər nəticəsində 1999-cu il mayın 25-dən sonra Xorvatiya NATO-nun "Sülh naminə əməkdaşlıq" proqramının üzvü oldu. Biz Dünya Ticarət Təşkilatı ilə də danışıqlarımızı başa çatdırmışıq və gözlənildiyi kimi, lap bu yaxınlarda razılıq barədə sənəd imzalanacaqdır. Bu il biz Xorvatiya ilə Avropa Birliyi arasında sabitlik və assosiativ üzvlük haqqında sənəd imzalanacağını gözləyirik. Bundan sonra Xorvatiya hökuməti NATO-ya və eyni zamanda Avropa Birliyinə namizəd kimi müraciət edəcəkdir.

Heydər Əliyev: Birincisi, çox təşəkkür edirəm ki, Siz Xorvatiyanın Azərbaycandakı səfiri kimi ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinə öz xidmətlərinizi göstərirsiniz. Son illər Azərbaycanın həyatında baş vermiş müsbət dəyişiklikləri müşahidə etməyiniz haqqında fikirləriniz də mənim üçün çox xoşdur. Biz həqiqətən çalışırıq ki, Azərbaycanda daha da çox ictimai-siyasi sabitlik olsun, ölkəmiz rahat inkişaf edə bilsin. Son bir neçə ildir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı uğurla həyata keçirilir.

Mən çox məmnunam ki, Siz burada və ümumiyyətlə, Ankarada olduğunuz zaman bunları müşahidə edirsiniz. Bu bizi daha da ruhlandırır. Çünki biz özümüz haqqında müsbət fikirlər deyəndə bəziləri düşünürlər ki, bəlkə bu o qədər də doğru deyil. Amma digər ölkələrin nümayəndələri gördüklərini, bildiklərini ifadə edəndə, bu o deməkdir ki, ölkəmizdəki bugünkü həqiqəti hamı - həm xaricdə, həm də daxildə olanlar bir daha təsdiq edirlər.

Mənim haqqımda dediyiniz xoş sözlərə görə də Sizə təşəkkür edirəm. Mən Xorvatiyanın yeni hökumətinin Azərbaycan ilə əlaqələri daha da sürətlə inkişaf etdirmək istəməsi barədə Sizin bəyanatınızı məmnuniyyətlə qəbul edirəm. Bəyan edirəm ki, biz də eyni fikirdəyik. Ona görə də bizim bu barədə fikirlərimiz çox üst-üstə düşür. Təbiidir ki, bu da ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bir şərait yaradır.

Həm Xorvatiya, həm də Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra ölkələrimiz arasında ümumiyyətlə, çox mehriban, müsbət əlaqələr yaranıbdır. Dövlət müstəqilliyini əldə etdikdən sonra ölkələrimizin həyatında gedən proseslər bir-birinə çox oxşar olubdur. Bildiyiniz kimi, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıbdır. Ölkəmiz bu təcavüzdən hələ indiyə qədər də xilas ola bilməmişdir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox vətəndaşımız işğal olunmuş yerlərdən zorla çıxarılıb, qaçqın vəziyyətində çadırlarda yaşayırlar. Bu, bizim üçün ən əsas problemdir.

Bilirəm ki, Xorvatiya öz müstəqilliyini qazanmaq və bunu elan etdikdən sonra müstəqilliyini təsdiq etmək üçün bir çox çətinliklərlə rastlaşmışdı. Xorvat xalqının iradəsi və Xorvatiya hökumətinin çox ağıllı siyasəti ölkənizi bu çətinliklərdən çıxara bilmişdir. Məlumdur ki, indi Xorvatiyada birlik yaranıbdır və ölkəniz inkişaf yolundadır.

Siz hökumətinizin və xalqınızın Azərbaycana və mənə olan hissiyyatları haqqında danışdınız. Buna görə çox sağ olun. Mən də eyni sözləri sizə demək istəyirəm. Çünki mən Xorvatiyanı tanıyıram. Təbiidir ki, Xorvatiya Yuqoslasiya Federasiyasının tərkibində olduğu zaman mən ölkənizə səfər etmişəm. Xatirimdədir, 1976-cı ildə, sonra isə 1986-cı ildə Yuqoslaviyada olarkən Xorvatiyanın Zaqreb və bir neçə digər şəhərlərini ziyarət etmişəm. Xorvatiya və onun paytaxtı Zaqreb şəhəri Yuqoslaviya Federasiyasının tərkibində xüsusi yer tuturdu.

Xorvatlar çox qonaqpərvər, mehriban insanlardır. Yuqoslaviya Federasiyasına uzun illər prezidentlik etmiş cənab Titonun xorvat olmasına baxmayaraq, xorvatlar çox əziyyət çəkmişdilər. Mən o illərin xatirəsini heç vaxt unutmuram. Həmin illəri indi də çox məhəbbətlə xatırlayıram. Mən "o illəri" deyəndə, Xorvatiyadakı görüşlərimi, sizin ölkənin mənzərəli gözəl yerlərini, insanlarını nəzərdə tuturam.

İviça Tomiç: Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Sizin ölkənin keçmiş prezident, mərhum Tucman ilə də bizim yaxşı əlaqələrimiz var idi. Təbiidir ki, bu əlaqələr ilk növbədə Xorvatiya və Azərbaycanın bir-birinə olan müsbət münasibətlərindən doğurdu. Bunlar hamısı onu göstərir ki, biz həqiqətən, bundan sonra daha da uğurlu əməkdaşlıq edə bilərik.

Xorvatiya prezidentinin mənə təqdim etdiyiniz dəvət məktubunu çox məmnuniyyətlə qəbul edirəm. Xahiş edirəm, mənim təşəkkürümü ona çatdırasınız. Mən bu dəvətdən mütləq istifadə edəcəyəm. Birincisi, ona görə ki, bu səfər ölkələrimizin əlaqələrini daha da inkişaf etdirmək üçün lazımdır. İkincisi də ona görə ki, mən indi müstəqil Xorvatiyanı görmək istəyirəm. Mən eyni zamanda, arzu edirəm ki, Xorvatiyanın da prezidenti Azərbaycanı ziyarət etsin. Ancaq bilirəm, bir halda ki, bu barədə ilk təşəbbüsü Xorvatiya prezidenti göstəribdir, ona görə də ilk ziyarəti mən etməliyəm.

İviça Tomiç: Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Təbiidir ki, bu ziyarətin vaxtını da müəyyən edə bilərik. Əgər həqiqətən mümkün olsa, mən bu il sizin ölkəni ziyarət etməyə çalışacağam.

Ölkənizin siyasəti - Xorvatiyanın həm Avropa strukturlarına inteqrasiya olunması, həm də Avropa Birliyinə, Dünya Ticarət Təşkilatına daxil olması və NATO ilə əməkdaşlıq edib gələcəkdə ona üzv qəbul edilməsi haqqında verdiyiniz məlumatlar çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, siz bu sahədə da tamamilə düzgün yolla gedirsiniz. Mən hesab edirəm ki, bu, Xorvatiyanın, xorvat xalqının milli mənafelərinə tamamilə uyğun bir siyasətdir. Mən bu yolda sizə uğurlar arzulayıram.

Məmnunam ki, beynəlxalq təşkilatlarda lazım olan vaxtlarda həm Xorvatiya Azərbaycanı, həm də Azərbaycan Xorvatiyanı daim dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü barədə Xorvatiyanın daimi mövqeyi bizim üçün çox əhəmiyyətlidir. Mən ümidvaram ki, bundan sonra da belə olacaqdır. Çünki biz ərazi bütövlüyümüzü mütləq təmin etməliyik, işğal olunmuş torpaqlarımızı azad etməliyik və qaçqın vəziyyətində yaşayan bir milyondan çox vətəndaşımızı öz yerinə-yurduna qaytarmalıyıq.

Altı ildən bəridir ki, biz müharibə aparmırıq, atəşkəs rejimində yaşayırıq, münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq biz bu məsələnin həllinə hələ nail ola bilməmişik. Səbəb də Ermənistanın qeyri-konstruktiv mövqe tutmasıdır. Onlar Azərbaycana təcavüz ediblər və öz təcavüzkar niyyətlərindən əl çəkmək istəmirlər. Məsələnin sülh yolu ilə həllinə razıdırlar, ancaq ölkəmiz üçün məqbul olmayan şərtlər irəli sürürlər. Təbiidir ki, biz bunlarla razı ola bilmərik. Güman edirəm ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu ilə yanaşı, bütün dünya birliyinin, digər beynəlxalq təşkilatların, hər bir ölkənin Azərbaycana dəstəyi çox vacibdir.

Təşəkkür edirəm ki, siz bəyan etdiniz ki, Xorvatiya Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını tamamilə dəstəkləyir. İyunun 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclası başlayır. Azərbaycanın Avropa Şurasına qəbul olunması məsələsinə iyunun 28-də baxılacaqdır. Məsələ belə qoyulubdur ki, həm Azərbaycanın, həm də Ermənistanın bu şuraya qəbul olunması məsələsinə eyni gündə - iyunun 28-də baxılacaqdır. Bildiyimizə görə, hər iki dövlətin Avropa Şurasına qəbul edilməsi üçün eyni qərar veriləcəkdir. Amma orada hər bir deputatın səsi vardır və bu səslər gizli verilir. Ona görə də mən ümidvaram ki, siz dediyiniz sözlərin həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəksiniz. Nəticədə Avropa Şurasının Parlament Assambleyasında Xorvatiyadan olan deputatların hamısı iyunun 28-də Azərbaycanın bu şuraya üzv qəbul edilməsinə səs verəcəkdir. Bu, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük bir amil ola bilər. Sizə təşəkkür edirəm.


"Azərbaycan" qəzeti, 28 iyun 2000-ci il.