Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Qərargahının Planlaşdırma və Siyasət Departamentinin rəisi, hərbi hava qüvvələri general-mayoru Çarlz Voks başda olmaqla ABŞ nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 24 mart 1999-cu il


Heydər Əliyev: Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinin, NATO-nun nümayəndə heyətinin Azərbaycanda olmasından çox məmnunam. Mən sizin Azərbaycana, ümumiyyətlə, Qafqaza marağınızı tam əsaslı hesab edir və düşünürəm ki, bu həm sizin üçün, həm də bizim üçün çox əhəmiyyətlidir.

Azərbaycan bir neçə ildir ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir və bununla əlaqədar ölkəmiz bir çox tədbirlər həyata keçirmişdir. Tədbirlər həyata keçirildikcə biz bu proqramdan irəli gələn vəzifələrin daha da genişləndiyini hiss edirik. Aprel ayının sonunda Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə toplantı keçiriləcəkdir. Biz - mən və Azərbaycan nümayəndə heyəti də toplantıda iştirak edəcəyik.

Güman edirəm ki, siz burada qısa müddətdə olsa da, bizim məsul şəxslərlə görüşüb, danışıb Azərbaycan haqqında təəssüratlarınızı genişləndirə bilmisiniz. Müdafiə naziri Səfər Əbiyev sizinlə görüşlər, danışıqlar barədə və Azərbaycanda bəzi yerləri görməyiniz haqqında mənə məlumat veribdir. Güman edirəm, bunlar hamısı sizdə Azərbaycan, Qafqaz haqqında daha doğru-düzgün fikir yaradacaq, Azərbaycanın NATO, Amerika Birləşmiş Ştatları ilə bu sahədə əməkdaşlığına kömək edəcəkdir.

Stenli Eskudero (ABŞ-ın Azərbaycandakı səfiri): Cənab prezident, icazə verin, Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinin general-mayoru Çarlz Voksu Sizə təqdim edim. General-mayor Voks ABŞ-ın Avropada yerləşdirilmiş qoşunlarının planlaşdırma və siyasət üzrə rəhbəridir. Azərbaycan və Qafqaz regionuna xüsusi marağı var. Bu, onun Azərbaycana ilk, tanışlıq səfəridir. Zənnimcə, general Voks Azərbaycanda aldığı təəssürat haqqında Sizə danışacaqdır.

Çarlz Voks: Cənab prezident, mən Sizə minnətdarlığımı bildirirəm ki, vaxt ayırıb bizi qəbul edirsiniz. Bu, mənim üçün böyük şərəf və başucalığıdır.

Sizin müdafiə naziri ilə və digər məsul şəxslərlə çox səmərəli vaxt keçirdim. Bu tanışlıq səfəri zamanı söhbətlərimiz oldu, bir sıra məsələlərə toxunduq, habelə bəzi yerləri ziyarət edə bildik. Biz buraya gəldik ki, Avropada yerləşən ABŞ qoşunları ilə Azərbaycan arasında daha dərin, daha geniş əlaqələr yaratmağın yollarını arayıb-axtaraq. Biz yalnız Azərbaycanla deyil, eyni zamanda regionun digər xalqları ilə də əlaqələr yaratmaq istəyirik. Çünki bu xalqların sabitlik, sülh şəraitində yaşaması hamı üçün vacibdir.

Keçirdiyimiz söhbətlər çox yaxşı oldu. Mənə məlum oldu ki, gələcəkdə əlaqələri, əməkdaşlığı daha da genişləndirmək üçün gözəl imkanlar var. NATO-nun 50 illiyinə gəldikdə isə, ümidvaram ki, bu, çox həyəcanlı, yaddaqalan anlar olacaq. Siz yubileyə gələrkən müxtəlif ölkələrdən olan dostlarınızı görəcəksiniz. Həmin toplantı zamanı mən və işçilərim çalışacağıq ki, əməkdaşlığı genişləndirmək üçün daha sürətli addımlar ata bilək.

Söhbətimi bununla tamamlayıb sözü cənab səfirə vermək istərdim ki, NATO-nun yubileyinə getməyinizlə əlaqədar öz fikrini Sizə bildirsin. Lakin bundan əvvəl bildirmək istəyirəm ki, Azərbaycanda mənə elə gözəl qonaqpərvərlik göstərilmişdir ki, məcburam buraya yenidən dönüm. Bizə göstərdiyiniz şərəfə görə bir daha çox sağ olun.

Heydər Əliyev: Cənab general, bir daha bildirirəm ki, sizin təşəbbüsünüzü - bizim ölkəyə, Azərbaycana gəlmək təşəbbüsünüzü və burada bəyan etdiyiniz məramları bəyənir və qiymətləndirirəm.

Sizin kimi, biz də hesab edirik ki, Azərbaycanla NATO və Amerika Birləşmiş Ştatları silahlı qüvvələrinin əməkdaşlığı üçün çox böyük imkanlar var. Biz bu imkanlardan səmərəli istifadə edib əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Güman edirəm ki, Azərbaycanda əməkdaşlıq etmək üçün imkanları və yerləri qısa zaman da olsa görməyiniz sizdə bu əməkdaşlığın zəruri olduğu fikrini təsdiq etməlidir.

Hesab edirəm ki, indiyə qədər görülmüş işlər bu əməkdaşlığın birinci mərhələsini təşkil edir. Bundan sonra isə biz əməkdaşlığın ikinci mərhələsini yaşayırıq və bu mərhələdə daha çox işlər görmək lazımdır. Mən də sizin fikrinizlə razıyam ki, bu, hər iki tərəf - həm Azərbaycan, həm Amerika Birləşmiş Ştatları, NATO üçün, həm də Qafqazda olan başqa ölkələr üçün lazımdır. Ümumiyyətlə, bu məsələyə sizin geniş baxışınızı daha doğru hesab edirik.

Güman edirəm ki, sizin bu səfəriniz sonuncu olmayacaqdır, əməkdaşlığımız əsnasında siz bölgədə daha çox olacaqsınız, bizim imkanlarla daha geniş tanış ola biləcəksiniz. Mən sizə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 25 mart 1999-cu il.