Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının yanacaq və energetika naziri Yuri Şafrannik ilə görüşmüşdür - 19 noyabr 1993-cü il


Noyabrın 19-da Rusiya Federasiyasının yanacaq və energetika naziri Yuri Şafrannik neftin çıxarılması və nəqli, neft maşınqayırması sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər paketi ilə Azərbaycan paytaxtına gəlmişdir. O, buraya Azərbaycan rəhbərliyinin dəvəti ilə Rusiya Federasiyası Nazirlər Sovetinin sədri Viktor Çernomırdinin tapşırığı ilə səfərə gəlmişdir.

Axşam Rusiya naziri Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşmüşdür. Yuri Şafrannikin dediyinə görə onun "portfelindəki" 10 təklif həm Azərbaycana, həm də Rusiyaya fayda götürməyə imkan verəcəkdir. O demişdir ki, biz Azərbaycan neftinin nəqli haqqında saziş imzalamağa və lazımi istiqamətdə onun kifayət qədər həcmdə boru kəməri ilə vurulmasını təmin etməyə hazırıq. Digər tərəfdən, Rusiya Xəzərin, nazirin ifadəsincə, Rusiyaya aid hissəsində dəniz şelfinin işlənməsində Azərbaycan neftçilərinin təcrübəsindən və mövcud texniki vasitələrdən istifadə etməkdə maraqlıdır.

Təsərrüfat əlaqələrinin qırılmasından təəssüfləndiyini bildirən Rusiya naziri qeyd etmişdir ki, həmin əlaqələri canlandırmaq mümkündür və lazımdır, bu, iki qonşu dövlətin mənafeyinə uyğundur. Onun fikrincə, Azərbaycanda hakimiyyətə yeni rəhbərliyin gəlməsi ilə qısa bir müddətdə bu istiqamətdə görülmüş işlər nəticəsində yanacaq-energetika kompleksi sahəsində Rusiya ilə Azərbaycan arasında cari və perspektiv əməkdaşlıq üçün də kifayət qədər etibarlı baza yaranmışdır. Yuri Şafrannik demişdir: "İndi biz münasibətlərimizi hüquqi baxımdan rəsmiləşdirmək istərdik. Bu, Rusiya şirkətlərinə Azərbaycan tərəfi ilə yalnız qanunvericilik əsasında işləməyə imkan verəcəkdir".

O, Heydər Əliyevlə görüş zamanı Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın "Lukoyl" Neft Şirkəti arasında birgə fəaliyyət haqqında noyabrın 18-də imzalanmış saziş barədə məlumat vermişdir. Bəlli olmuşdur ki, sazişin bəndlərindən biri layların neft verimini artırmaq məqsədilə Rusiya mütəxəssislərinin Azərbaycanın Siyəzən yatağında tədqiqat aparılmasını nəzərdə tutur. Əlverişli vəziyyət yaransa, bu şirkət Xəzər şelfindəki perspektivli yataqların işlənməsində də öz xidmətini təklif etmək niyyətindədir. Məlum olduğu kimi, xarici ölkələrin aparıcı neft firmaları indi həmin yataqların işlənməsində iştirak etmək hüququ almağa çalışırlar.

Heydər Əliyev neftin Azərbaycanın başlıca sərvəti olduğunu xüsusi vurğulayaraq onun milli mənafelər nəzərə alınmaqla çıxarılmasının zəruriliyini qeyd etmiş və müasir texnika və texnologiya bazasında bu sahədə səmərəli əməkdaşlığa tərəfdar çıxmışdır. O, iki dövlət arasında qırılmış əlaqələrin, xüsusilə iqtisadi sahədəki əlaqələrin bərpasını müsbət qiymətləndirmiş və bildirmişdir ki, bu əlaqələrin qarşılıqlı surətdə faydalı zəmində inkişafını dəstəkləyir.

AzərTAc

"Azərbaycan 1993" Anarxiyadan sabitliyə, Bakı, 2000, səh.340-341.