Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti İon İliyesku ilə birgə mətbuat konfransında bəyanatı - Buxarest, 2 iyul 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Mən Rumıniya prezidenti cənab İliyeskuya Rumıniyaya rəsmi görüşə gəlmək dəvətinə görə ürəkdən minnətdaram. Çox məmnunam ki, bu səfər baş tutmuşdur və bu gün müvəffəqiyyətlə başa çatır. Bizə səmimi qonaqpərvərlik göstərmiş və dostluq, hörmət hissləri ilə yanaşmış olan cənab İliyeskuya və bütün dostlarımıza, rumıniyalı həmkarlarımıza təşəkkürümü bildirirəm. Biz Rumıniyada olduğumuz dövrdə - istər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin yüksək səviyyədə görüşündə, istərsə də mənim dünən və bu gün rəsmi səfərim zamanı böyük qayğı ilə əhatə edilmişik. Bütün bunlar işgüzar görüşlərimiz üçün və qarşıya qoyulmuş məqsədə çatmaq üçün olduqca əlverişli şərait yaradırdı.

Rumıniya Avropa ölkəsidir, çoxəsrlik, qədim tarixə, gözəl ənənələrə malikdir. Lakin son illər Rumıniyada böyük siyasi dəyişikliklər baş verir. Bütün bunlar bizim üçün böyük maraq doğurur. Buna görə də gələcək əməkdaşlıq üçün daha sıx münasibətlər yaradılmasının müstəqil Azərbaycandan ötrü xüsusi əhəmiyyəti var.

Öz müstəqilliyini üç il yarım bundan əvvəl əldə edən Azərbaycan Respublikası Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və Avropa ölkələri ilə sıx münasibətlər yaratmağa meyl göstərir. O, öz coğrafi mövqeyinə və bir çox digər amillərə görə gələcək əməkdaşlıq baxımından Rumıniya üçün yaxşı tərəfdaş ola bilər. Yüksək səviyyədə görüşümüzü səciyyələndirən cəhət də məhz budur.

Mən məmnunam ki, rəsmi səfər baş tutmuşdur. Mən keçirdiyimiz görüşlərdən və söhbətlərdən, cənab prezident İliyesku ilə, Rumıniyanın dövlət orqanlarının digər rəhbərləri ilə çox səmərəli söhbətlərdən də məmnunam. Mən bundan xüsusilə məmnunam ki, biz gələcək əməkdaşlığımız üçün bünövrə qoyan mühüm sənədlər imzaladıq.

Rumıniya ilə Azərbaycan arasında dostluq və gələcək əməkdaşlıq haqqında hər iki prezident tərəfindən imzalanmış bəyannamə xüsusi əhəmiyyətə malikdir. Zənnimcə, bu bəyannamə əsas sənəddir və ona uyğun olaraq biz gələcək əməkdaşlığımızın konkret istiqamətlərini müəyyənləşdirən konkret sənədlər hazırlamalı və imzalamalıyıq.

Azərbaycan öz tarixinin mürəkkəb və ağır dövrünü yaşayır. Bununla bərabər bu, çox şanlı dövrdür və onunla bağlıdır ki, Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur və öz məsələlərini özü müstəqil həll edir, hərçənd bu yolda daxili və xarici xarakterli olduqca çox çətinliklər var. Azərbaycan üçün ən ağır problem respublikamıza, xalqımıza yeddi il bundan əvvəl Ermənistan tərəfindən zorla qəbul etdirilmiş müharibədir. Bu müharibədən məqsəd Azərbaycan ərazisinin bir hissəsini ilhaq etməkdir. Bu müharibə olduqca ağır nəticələrə, konkret desək, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalına gətirib çıxarmışdır. Həmin ərazidən bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı qovulmuşdur. İndi onlar Azərbaycanın digər bölgələrində olduqca ağır şəraitdədir və çadır şəhərciklərində yaşayırlar.

Biz Ermənistan ilə Azərbaycan arasında bu münaqişənin dincliklə aradan qaldırılmasına çalışırıq, bundan ötrü tədbirlər görürük. Biz ATƏT-ə və onun tərkibindəki Minsk qrupuna xüsusi ümidlər bəsləyirik. Minsk qrupu bu məsələ ilə məşğul olmaq üçün xüsusi olaraq yaradılmışdır. Təbii ki, ATƏT-in tərkibinə daxil olan hər bir ölkəyə, o cümlədən də Rumıniyaya müraciət edirik ki, bu ağır vəziyyətdən çıxmaq üçün bizə kömək göstərsinlər, dəstək versinlər.

Biz özgələrin ərazisinə göz dikməmişik, lakin bölgəmizdə sülh və sakitlik olmasına, Azərbaycan xalqının taleyinə dünya birliyinin ədalətli münasibət göstərməsinə çalışırıq. Azərbaycanın ərazi bütövlüyünün, onun sərhədlərinin toxunulmazlığının müstəqil Azərbaycan Respublikasının suverenliyinin tamamilə təmin olunması bölgədə möhkəm və uzunmüddətli sülhü təmin edə biləcək mühüm şərtdir.

Yeddi ildir ara verməyən Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişənin əsasını təşkil edən separatçılıq inandırıcı surətdə təsdiqləyir ki, harada olmasından, kim tərəfindən törədilməsindən asılı olmayaraq separatçılığın hər hansı forması pislənilir, belə ki, indi ayrı-ayrı qrupların, ayrı-ayrı etnik qrupların, ayrı-ayrı qüvvələrin məhz separatçılıq niyyətləri nəticəsində Yer kürəsinin müxtəlif bölgələrində saysız-hesabsız münaqişələr, qaynar nöqtələr meydana gəlmişdir. Təbiidir ki, bunlar bütün dünyanı narahat edir və böyük təşviş doğurur.

Azərbaycan hər hansı formada separatçılığın, hər hansı formada terrorçuluğun əleyhinədir və hesab edir ki, dünya birliyi indi Yer kürəsinin bir çox bölgələrində yaranmış bu ağır vəziyyəti aradan qaldırmaq üçün öz səylərini səfərbərliyə almalıdır. Bu məsələlər Buxarestdə dünən və bu gün söhbətlərdə və danışıqlarda mühüm yer tutmuşdur. Mən şadam ki, baxışlarımız tamamilə üst-üstə düşür.

Artıq sona yetməkdə olan bu səfər sübut edir ki, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük imkanlar var. Buna görə də Azərbaycanda biz bu əməkdaşlığın uğurlu olması üçün hər şeyi edəcəyik.

Biz dostluq və əməkdaşlıq haqqında bəyannamə imzaladıq və arxayın ola bilərsiniz, sizi və bütün Rumıniya ictimaiyyətini əmin edirəm ki, Azərbaycan, müstəqil Azərbaycan Respublikası Rumıniya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə və inkişafına çalışacaq, hər şeyi edəcəkdir ki, Rumıniya ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlər, dostluq münasibətləri olsun.

Mən burada keçirilmiş görüşlərə böyük əhəmiyyət verirəm və onları Rumıniya ilə Azərbaycan arasında yaradılmalı olan dialoqun başlanğıcı sayıram. Belə düşünürəm ki, bu, bütün səviyyələrdə, xüsusən Azərbaycanda bundan sonra davam etdiriləcəkdir. Ona görə ki, mən Rumıniya prezidenti cənab İliyeskunu Azərbaycana rəsmi səfərə gəlməyə rəsmən dəvət etdim və mənim dəvətim qəbul olundu.

Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqının Rumıniya xalqına dərin ehtiram və qardaşlıq münasibətləri hisslərini və ən xoş arzularını bir daha çatdırır, müstəqil Rumıniyaya, Rumıniya xalqına xoşbəxtlik, uğurlar, tərəqqi arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Sual: Rumıniya prezidentinə verilir: Siz Azərbaycan nümayəndə heyəti ilə danışıqlar zamanı hər hansı konkret iqtisadi layihələr üzərində işə başlamaq barədə razılığa gəldinizmi? Əgər gəldinizsə, bunlar nə kimi layihələrdir?

İkinci sual: Rumıniya Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə göndərilmək üçün ATƏT-in sülhyaratma qüvvələrindən ibarət beynəlxalq kontingentin təşkilinə əməli kömək etməyə hazırdırmı?

İon İliyesku: İqtisadi münasibətlərə gəldikdə, bu, söhbətlərimizin mühüm mövzularından biridir. Qara Dəniz İqtisadi Əməkdaşlığında iştirak edən ölkələrin yüksək səviyyədə görüşündə əsas mövzudur. Bir tərəfdən, biz ənənəvi iqtisadi münasibətlərin bərpa edilməsinin mümkün yollarını tapmağın zəruriliyini nəzərə çarpdırdıq. Lakin bu dəfə yeni şəraitdə, müstəqil Azərbaycanın mövcudluğu şəraitində. Bilavasitə əlaqə ənənələri var. Bu, ən əvvəl, neft sənayesi, neft-kimya sənayesi, neft avadanlığı istehsalı kimi sahələrinə, bundan başqa digər sənaye sahələrinə, sənaye sektorlarına aiddir.

Söhbətlərimiz əsasında biz yeni şəraitdə ölkələrimizin iqtisadiyyatlarında struktur dəyişikliklərinə bilavasitə başlamağın zəruriliyini, zonalarla, regionlarla bağlı məsələləri də müzakirə etdik. İndiki halda gələcəkdə kooperativləşdirmənin, Xəzər dənizi ilə Qara dəniz arasında birbaşa xətlər, Azərbaycandan Rumıniyaya birbaşa xətlər yaradılmasının mümkünlüyündən, Rusiya ilə Ukrayna ərazilərindən keçən marşrutları qısaltmaq üçün qaz və neft kəmərləri çəkilməsindən danışdıq. Bütün bunlar yüksək səviyyədə görüş çərçivəsində müzakirə edildi.

O ki qaldı sülhün qorunması üçün kontingent yaradılmasına, belə birləşmələrlə qonşu ölkələrdə, habelə keçmiş Sovet İttifaqı məkanında iştirak etməmək barədə siyasi qərar qəbul olunmuşdur və bu qərar BMT-nin qətnamə və qərarlarına uyğun gəlir.

Sual: Heydər Əliyevə verilir: Cənab prezident, Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə mənsubiyyəti respublikamızın müdafiə etdiyiniz müstəqilliyinə nə dərəcədə toxuna bilər?

Heydər Əliyev: Müstəqil Dövlətlər Birliyinə mənsubiyyətimiz məhz ona əsaslanır ki, Azərbaycan Respublikasının müstəqilliyinə heç bir ziyan dəyməsin, Müstəqil Dövlətlər Birliyini Azərbaycan ən əvvəl iqtisadi inteqrasiya baxımından zəruri hesab edir və bunu əsas tutur ki, keçmişdə Sovet İttifaqı tərkibində olarkən ölkəmizin iqtisadiyyatı hazırda Müstəqil Dövlətlər Birliyinə daxil olan digər respublikaların iqtisadiyyatı ilə çox sıx şəkildə inteqrasiya edilmişdi. Biz Müstəqil Dövlətlər Birliyində iştirakımıza Azərbaycanın məhz tam müstəqilliyi mövqeyindən yanaşırıq.

"Azərbaycan" qəzeti, 4 iyul 1995-ci il