Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda Prezident sarayında Fransanın "Total" neft şirkətinin prezidenti Terri de Morenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 6 noyabr 1998-ci il


(Nümayəndə heyətinə Fransa parlamentinin deputatı cənab Lelyuş, BMT-nin keçmiş Baş katibi cənab Peres de Kuelyar, Böyük Britaniyanın keçmiş energetika və maliyyə naziri Lord Lossen, Prezident Şarl de Qoll hökumətində sənaye naziri

işləmiş və Avropa Komissiyasının keçmiş sədri cənab Ortoli, "Total" şirkətinin neft kəşfiyyatı və hasilatı üzrə prezident cənab Daniel Valo, "Total"ın vitse-prezidenti cənab Əziz Ait Səid, şirkətin Azərbaycandakı baş direktoru cənab Patrik Lantinye və başqaları da daxil idilər.)

Heydər Əliyev: Mən sizin bu nümayəndə heyətinin geniş və çox mötəbər tərkibdə olmasından məmnunam. Ümidvaram ki, bu səfər zamanı Azərbaycanla daha yaxından tanış ola biləcəksiniz.

Terri de More: Cənab Prezident, ən son nailiyyətiniz - prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Hesab edirəm ki, prezidentliyinizin yeni dövründə ölkənizi daha da inkişaf etdirəcəksiniz.

Heydər Əliyev: Biz müstəqil dövlət kimi gəncik. Azərbaycan cəmi 7 il bundan öncə dövlət müstəqilliyini elan edibdir. Bununla yanaşı, Azərbaycanın keçid dövrünün dünyaya məlum olan çoxsaylı problemləri vardır. Bu problemləri çətinləşdirən, ağırlaşdıran bir amil də Ermənistan-Azərbaycan münaqişəsidir.

...Dörd il bundan öncə biz bu müharibəni dayandırmışıq, atəşkəs sazişi əldə etmişik. İndi döyüşlər yoxdur, eyni zamanda hələ tam sülh də əldə olunmayıbdır. Biz bu məsələləri danışıqlar vasitəsilə, sülh yolu ilə, dinc yolla həll etmək istəyirik. Bu məsələnin həllində biz ATƏT-in Minsk qrupuna və Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-a çox böyük ümidlər bəsləyirik.

... Mən yenidən prezident seçilərək bütün bu problemlərin nə qədər ağır, çətin olduğunu dərk edirəm. Ancaq öz vətənimi, öz ölkəmi, öz xalqını bu ağır problemlərdən çıxarmaq üçün bundan sonra da çox ciddi işlər görmək əzmindəyəm.

Ötən ilin yanvar ayında Parisdə Yelisey sarayında "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük bir müqavilənin imzalanması bu əməkdaşlığın inkişafından xəbər verir. Bu barədə fikirlərinizi və təkliflərinizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri Natiq Əliyevlə və İlham Əliyevlə müzakirə edə bilərsiniz.

Terri de More: Cənab Prezident, nümayəndə heyətinə daxil olan cənab Ortoli və cənab Lelyuş Prezident Jak Şirakın çox yaxın adamları və onun xarici siyasət məsələləri üzrə məsləhətçilərdir. Elə bilirəm ki, onlar Fransaya qayıdan kimi cənab Jak Şirakla və Sizin fikirlərinizi ona çatdıracaqlar.

Heydər Əliyev: Cox tarixi əhəmiyyətə malik bu Bakı-Ceyhan boru kəməri haqqında bəyannamənin imzalanması Xəzər dənizində hasil olunan neftin gələcəkdə dünya bazarlarına çıxarılması üçün mühüm bir addımdır. Güman edirəm, siz bu məsələlərə də maraq göstərəcəksiniz. Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndə heyəti İstanbulda Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi ilə Bakı-Ceyhan neft borusunun yaradılması ilə əlaqədar müzakirələr aparır.

"Total", "Elf Akiten" şirkətləri neft sənayesi ilə məşğuldurlar. Amma Azərbaycanın iqtisadiyyatı çoxsahəlidir. Bizim əməkdaşlıq üçün çox böyük imkanlarımız vardır. Biz Azərbaycanda özəlləşdirmə proqramını həyata keçiririk. Xarici investorların da Azərbaycana gəlib mülk almaq, başqa sahələrə sərmayə qoymaq imkanları vardır. Fransanın bəzi şirkətləri bu sahədə ilk addımlar atıblar. Məsələn, Bakıdakı pivə zavodunu Fransanın bir şirkəti alıbdır və biz onun açılışını gözləyirik. Bizim şərabçılıq sahəsində çox böyük imkanlarımız vardır. Bilirəm ki, Fransanın bu sahədə çox böyük tarixi nailiyyəti vardır. Burada artıq Fransanın "Kastel beji" şirkəti və başqa şirkətlər işləyirlər. Bizim sənaye, kənd təsərrüfatı, bank sahələrində də böyük imkanlarımız vardır və bu sahələrdə əməkdaşlığımız mümkündür.

BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar: Cənab Prezident, mən 30 il bundan əvvəl Bakıda olmuşam. O zaman Moskvada səfir idim və Bakıya turist kimi gəlmişdim. Buradan çox gözəl hədiyyə aparmışdım. Mən Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Siz çox müvəffəqiyyətlər qazanmısınız.

Heydər Əliyev: Ötən 30 il müddətində çox dəyişikliklər olubdur. Biz Sovetlər Birliyindən ayrıldıq, müstəqil olduq. Mən 30 il əvvəl də Azərbaycanın rəhbəri idim. Sonra Moskvada işlədim, sonra müstəqil Azərbaycanın Prezidenti oldum. Mən çox məmnunam ki, siz gəlmisiniz.

Fransa parlamentinin deputatı cənab Lelyuş: Cənab Prezident, mən Sizə cənab Jak Şirakın salamlarını çatdırmaq istəyirəm. Demək istəyirəm ki, Ermənistanla məsələnin həllində biz Sizin sərəncamınızdayıq. Siz özünüz də dediniz ki, cənab Şirak bu sahədə çox fəal işləyir. Biz də Sizə həmişə kömək etməyə hazırıq.

Heydər Əliyev: Çox sağ olun. Mən Fransaya çox böyük ümidlər bəsləyirəm. Çünki Fransanın Minsk qrupunun həmsədri olmasından əvvəl cənab Jak Şirak mənə bildirmişdi ki, Fransa Ermənistanla tarixi əlaqəsi olduğuna görə Ermənistana təsir etmək imkanına başqa ölkələrə nisbətən daha da çox malikdir. Mən ümid edirəm ki, cənab Jak Şirak, ümumiyyətlə Fransanın parlamenti, Xarici İşlər Nazirliyi bu işlərlə daha da ciddi məşğul olacaqlar. Rica edirəm, Prezident Jak Şiraka mənim salamlarımı, hörmət və ehtiramımı çatdırın.

"Total"ın Direktorlar Şurasının üzvü cənab Lord Lossen: Mən Böyük Britaniya Birləşmiş Krallığının keçmiş energetika naziriyəm. Biz Şimal dənizində neft hasilatı üzrə çox fəal işləmişik. Sonra mən Birləşmiş Krallıqda maliyyə naziri oldum və özəlləşdirməyə cavabdeh şəxs məhz mən idim. Ona görə də Sizin ölkənizdə gedən bu inkişafı diqqətlə izləyirəm. Sizə hər cür uğurlar arzulayıram.

Heydər Əliyev: Bilirsiniz ki, biz Böyük Britaniya ilə geniş əməkdaşlıq edirik. Artıq "Bi-Pi" burada böyük yer tutubdur. Bu ilin iyul ayında mənim Böyük Britaniyada rəsmi səfərim zamanı Baş nazir Toni Bleyrlə və başqa şəxslərlə çox yaxşı danışıqlarımız oldu, mühüm sənədlər imzaladıq.

"Heydər Əliyevin Neft Strategiyası, Azərbaycanın müstəqilliyi və rifahı naminə" , II hissə, Bakı, 2001.