Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublika Milli Qvardiyasının qərargahında Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun büstünün açılışı mərasimində çıxışı - 28 may 1995-ci il


Hörmətli bacılar və qardaşlar!

Hörmətli həmvətənlər, hörmətli dostlar!

Bu gün Azərbaycanın Respublika günüdür, bayram günüdür. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm, hər birinizə səadət və xoşbəxtlik arzulayıram. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

Bu bayram günündə biz buraya Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsini yad etmək üçün, onun qəhrəmanlığına hörmət və ehtiramın rəmzi olan büstünün açılması münasibətilə toplaşmışıq. Mən bu toplantıda iştirak etməyimdən çox məmnunam. Çox məmnunam ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını qurban vermiş, şəhid olmuş Əfqan Hüseynovun büstünün açılması mərasimində iştirak etmək mənə nəsib olub.

Bu hadisə - Əfqan Hüseynovun büstünün açılması münasibətilə sizi təbrik edirəm. Ümidvar olduğumu bildirirəm ki, Milli Qəhrəman Əfqan Hüseynovun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Bu büstün açılması bir daha nümayiş etdirir və etdirəcək ki, Azərbaycan xalqı əyilməzdir, yenilməzdir, qəhrəmandır. Əminəm ki, xalqımız öz ərazi bütövlüyünü təmin edəcək, öz torpaqlarını azad edəcək və Əfqan Hüseynov kimi qəhrəmanların qanı yerdə qalmayacaq.

Əfqan Hüseynovun həyat yolu haqqında burada onun müəlliməsi və silahdaşları çox gözəl danışdılar. Doğrudan da, Əfqan Hüseynovun həyatı çox ibrətamizdir. Azərbaycanda hər bir kəs belə bir həyat yaşaya bilsə, xoşbəxt olar. Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. Əfqan Hüseynov kimi qısa bir ömür sürmüş insanın həyatı doğrudan da nümunədir, hər bir adam üçün ibrət məktəbidir, hər bir gənc üçün təcrübə, mənəviyyat mənbəyidir.

Əfqan Hüseynov orta məktəbin 8-ci sinfini bitirəndən sonar Azərbaycanda yaranan və bu gün bizim üçün daha böyük əhəmiyyətli olan C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıdakı ali hərbi məktəbə daxil olub, onu qurtardıqdan sonra isə hərbi xidmətdə olub, rütbələr alıb, öz əsgərlik, zabitlik borcunu şərəflə yerinə yetirib. Vətənimiz ağır vəziyyətə düşdüyü vaxt, Ermənistan silahlı qüvvələri ölkəmizə təcavüz etdiyi zaman, respublikamızın müdafiəsi zəruri olduğu bir dövrdə Əfqan Hüseynov fikirləşmədən, heç bir tərəddüd etmədən qəti qərar qəbul edib, cəbhəyə gedib, döyüşüb. Azərbaycan torpaqlarını - Füzulini də, Qubadlını da, Laçını da qorumaq uğrunda vuruşub və döyüşdə həlak olub, əbədiyyətə qovuşub. Bu, çox böyük və şərəfli yoldur.

Burada dedilər ki, Əfqan Hüseynov ailə qurub, övladı olub. Övladının bir ayı tamam olmamış həlak olub. Həqiqətən bu, yüksək vətənpərvərlik, vətəndaşlıq, qəhrəmanlıq nümunəsidir. Bax, bunlara görə Əfqan Hüseynovun qəhrəmanlığı, şücaəti, onun büstü qarşısında mən bu gün Azərbaycanın prezidenti kimi baş əyirəm. Allah ona rəhmət eləsin. Azərbaycanın belə qəhrəmanları, şəhidləri ilə butün xalqımız kimi mən də fəxr edirəm.

Əfqan Hüseynovun ailəsi, qohum-əqrəbası var, yəqin ki, onlar buradadırlar. Mən onlara minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, belə bir övlad yetişdiriblər, vətəndaş tərbiyə ediblər, bu ailədən belə bir insan çıxıb. Əfqan Hüseynovun qəhrəmanlığı və qəhrəmancasına şəhid olması həmin ailədəki mühiti əks etdirir. Mən onlara təşəkkür edirəm. Əfqan Hüseynovun ailəsinə, qohum-əqrəbasına cansağlığı, xoşbəxtlik arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin və xalqının qayğısı həmişə sizin üzərinizdə olacaqdır.

Siz övladınızı, doğma adamınızı itirmisiniz. Əfqan Hüseynov başqalarına nisbətən xeyli ucalıb. Siz də mənəviyyatca ucalmısınız. Bu, böyük sərvətdir. Bu, bütün dünyada olan sərvətlərin hamısından böyük sərvətdir. Hamımız bilməliyik ki, məhz bu cür sərvətlərə malik olan adamlar daim cəmiyyətimizin hörmət və ehtiramını qazanacaqlar. Bizim cəmiyyətdə məhz bu cür sərvətə malik olanlar ən zəngin adamlardır. Ona görə də belə insanlara, ailələrə mən daim hörmət etmişəm və hörmət edəcəyəm. Mən onlara bu gün də öz hörmət və ehtiramımı bildirirəm.

Bu gün biz Azərbaycan dövlətinin Milli Qvardiyasının qərargahındayıq. Milli Qvardiyanın şəxsi heyəti buradadır. Mən onların hamısı ilə görüşəcəyəm. Milli Qvardiya Azərbaycan dövlətçiliyinin qorunması, Azərbaycan dövlətçiliyinin rəmzi olan prezidentinin qorunması üçün yaradılıb. Milli Qvardiya öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da layiqincə yerinə yetirəcək. Milli Qvardiya xüsusi hərbi hissədir. Ancaq bizim artıq böyük milli ordumuz var. Ordumuz Azərbaycan torpaqlarının keşiyində durur. Milli ordumuz döyüşlər aparmış, qurbanlar, şəhidlər vermişdir.

Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük yə onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur.

Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı.

İndi mən hərbi hissələrdə, döyüş bölgələrində, cəhbədə olarkən zabitlərlə rastlaşdım. Çoxları mənə yanaşır, xatırlayırlar ki, həmin C.Naxçıvanski adına hərbi məktəbdə oxuyublar, orada mənimlə görüşüblər. Doğrudan da mən həmin məktəbi nəinki yaratdım, hər il, bəlkə ildə bir neçə dəfə oranı ziyarət edirdim. O məktəbin yaşaması, maddi-texniki bazasının yaradılması, inkişaf etməsi, genişlənməsi üçün lazım olan bütün tədbirləri görürdüm, heç bir şeyi əsirgəmirdim. Ona görə də mən orada oxuyan və təhsil alan gənclərin hamısı ilə görüşmüşdüm. Elə bir gənc ola bilməz ki, onunla görüşməyim. Çünki mən oraya hər il gedirdim. Hər dəfə 13, 14, 15 yaşında oğlanlar orada hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedəndə bəzən gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu iş Azərbaycanın gələcəyi üçün nə qədər lazımdır!

İndi, 25 il keçəndən sonra biz bunun nəticələrini görürük, hər yerdə görürük. Bu hərbi məktəbin hazırladığı, yetirdiyi, təhsil, tərbiyə verdiyi Əfqan Hüseynov sonra Ali Hərbi Məktəbdə öz təhsilini davam etdirib, Azərbaycan xalqına sədaqətlə, mərdliklə, ləyaqətlə xidmət edib, torpaqlarımızın müdafiəsi üçün döyüşüb, yaralanıb, son nəfəsinədək vuruşub və cəbhədə həlak olub. Ona görə də mən bu gün çox böyük həyəcan keçirirəm. Bilirsiniz, bu görüşlər məndə yeni-yeni çox xoş hissiyyatlar yaradır. Məni bir tərəfdən sevindirir, ancaq insanların həlak olması məni kədərləndirir. Eyni zamanda bu, həyatımızın reallığıdır.

Biz müstəqil Azərbaycan Respublikası qururuq. Dövlətimizi, torpaqlarımızı qorumaq lazımdır. Torpaqlarımızı qorumaq üçün şübhəsiz ki, şəhid də verməliyik. Əgər qan tökülməsə o Vətən vətən deyil. Şəhid olmasa o Vətən müstəqil dövlət ola bilməyəcək. Bunlar təbiidir. Hər bir itki, hər bir vətəndaşımızın şəhid olması qəlbimizi sıxır, bizdə kədər hissi doğurur. Eyni zamanda şəhidlik səviyyəsinə çatmış insanların qəhrəmanlığı bizdə qürur hissi, iftixar hissi doğurur.

Mən çox sevinirəm ki, gənc nəslimiz bu əhval-ruhiyyədə tərbiyə olunur. Burada Əfqan Hüseynovun müəlliməsi çıxış etdi. Çox gözəl danışdı. Mənəviyyatca nə qədər zəngin insandır! Məktəb belə məktəbdir, belə insanlar tərbiyə edir. Məni ən çox sevindirən, eyni zamanda, sizə açıq deyirəm, çox kövrəldən qızların buradakı çıxışları oldu. Şübhəsiz ki, Əfqan Hüseynova həsr olunan şerlər çox məzmunludur, təsirlidir. Sağ olsun məktəb, sağ olsun bu şerləri yazanlar! Demək, onlar Vətən qayəsi ilə, hissiyyatları ilə yaşayırlar, şəhidlərimizi unutmurlar. Burada qızlar necə böyük qəlblə, hissiyyatla şerlər söylədilər, dedilər! Onlar bu sözləri bizə adicə çatdırmadılar, öz daxili hissiyyatlarını bizə nümayiş etdirdilər. Nə qədər gözəldir, nə qədər təsirlidir, nə qədər sevindiricidir! Balaca bir qız ingilis dilində şer deyir və onu nə qədər ürəkdən, nə qədər candan, nə qədər hissiyyatla deyir! Bilirsiniz, bu məni sevindirir. Bu, hər birimizdə yeni-yeni hissiyyatlar yaradır. Bu onu sübut edir ki, Azərbaycan xalqı dərin mənəviyyata malik xalqdır, qəhrəman xalqdır. Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır.

Bu onu göstərir ki, biz Vətənimizin ərazi bütövlüyünü təmin etməyə qadirik. Torpaqlarımızı azad edəcəyik. Torpaqlarımızdan didərgin düşmüş vətəndaşlarımız, soydaşlarımız öz yerlərinə, yurdlarına, elinə-obasına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tamamilə bərpa olunacaq, qorunacaq, saxlanılacaqdır. Bunu birinci növbədə biz özümüz edəcəyik. Öz qüdrətimizlə, zəkamızla, ağlımızla, diizgün siyasətimizlə və xalqımızın iradəsi, qəhrəmanlığı ilə edəcəyik. Əziz bacılar və qardaşlar, əziz həmvətənlər, sizinlə birlikdə edəcəyik. Biz bu çətinliklərdən sizinlə birlikdə çıxacağıq. Sizinlə birlikdə Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini təmin edəcəyik.

Bayram münasibətilə, Əfqan Hüseynovun büstünün açılması münasibətilə sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Tarixi arayış

ORDU QURUCULUĞU