Müharibə qurbanlarının müdafiəsi üzrə beynəlxalq konfrans (Cenevrə, 30 avqust - 1 sentyabr 1993-cü il) iştirakçılarına müraciət - 31 avqust 1993-cü il


Müharibə qurbanlarının hüquqlarının müdafiəsi işində göstərdiyiniz xeyirxah cəhdlərə görə Sizə dərin təşəkkürümü bildirərək hamı tərəfindən qəbul olunmuş, tanınmış beynəlxalq hüquq normalarına bizim sadiqliyimizi bir daha təsdiq edirəm. Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası artıq beş ildən çoxdur ki, Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmışdır. Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşmüşdür. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənində qaçqın olmuş, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanmaqdadır.

Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğrurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür.

Sizə müraciət edərək, bu yaxınlarda mən Azərbaycan Respublikasının imzaladığı müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının əvəzsiz qiymətini bir daha qeyd etmək istərdim. Səmimi-qəlbdən əmin olduğumu bildirirəm ki, Sizin konfrans müharibə burulğanına salınmış günahsız adamların çəkdiyi əziyyətləri qismən də olsa azaldacaq, qəbul edəcəyiniz qərarlar isə bu mühüm işlərin həyata keçirilməsi üçün səmərəli mexanizmə çevriləcək.

Öz tərəfimdən hamınıza səbir, dözüm və xeyirxah əməllərinizdə yorulmadan işləməyi arzulayır və əmin edirəm ki, Azərbaycan xalqı özgə torpaqlarına heç vaxt qəsd etməyəcək, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə çalışacaqdır.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən,
Azərbaycan Respublikası Ali Sovetinin sədri.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər