"Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Parlamentinin nümayəndə ‎heyəti ilə görüşdə söhbətindən"‎ (22 may 2001-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikası və Avropa İttifaqı arasında əməkdaşlığın əsası 22 aprel 1996-cı il Lüksemburq müqaviləsi ilə qoyulub. 22 iyun 1999-cu ildə qüvvəyə minən müqavilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi adlanır.

Bu müqaviləyə əsasən tərəflər arasında dialoq və siyasi münasibətlərin inkişafı, Azərbaycanda demokratiya və islahatlara kömək, iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq nəzərdə tutulur. Sazişə görə həmin məqsədlərin həyata keçirilməsi üçün Aİ-Azərbaycan Əməkdaşlıq Şurası formalaşdırılıb və illik iclaslar keçirilir.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti və Azərbaycan Milli Məclisi arasında da əməkdaşlıq nəzərdə tutulub. Bu məqsədlə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi adlanan qurum yaradılıb və onun illik iclaslarının keçirilməsi nəzərdə tutulub.

Bütün göstərilən məsələlər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Avropa İttifaqının rolu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Parlamentinin bir qrup deputatı ilə 22 may 2001-ci ildə prezident iqamətgahında keçirilən görüşündə ətraflı müzakirə edilib. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 21-22 may 2001-ci il tarixli ikinci iclasında iştirak etmək üçün Azərbaycana gəlmiş avropalı deputatlarla söhbətində Heydər Əliyev Dağlıq Qarabağ məsələsinin həllində Avropa İttifaqının köməyinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və qaçqın, məcburi köçkünlərin öz yerlərinə qayıtmasına nail olunmasından ibarət ola biləcəyini bildirib.

Avropalı deputatlar Azərbaycan Prezidentinə Avropa İttifaqına qoşulmaq istiqamətində fəaliyyətin gücləndirilməsini təklif ediblər. Onlar eyni zamanda Azərbaycan Prezidentinin Ermənistanın da iştirak etdiyi regional ekoloji layihədə əməkdaşlığı nəzərdə tutan xartiyanı imzalamasının böyük əhəmiyyət daşıdığını bildiriblər.

Heydər Əliyev ətraf mühitin qorunması sahəsinin vacib məsələ olduğunu təsdiqləyərək xartiyada iştirakının səbəbini ətraflı izah edib: "Mən sülh yaranana qədər Ermənistanla bütün başqa sahələrdə ‎əməkdaşlıq etməyin əleyhinəyəm. Amma bu sahədə əməkdaşlıq etməyə hazıram. Hələ ‎keçmişdə, Sovetlər İttifaqı zamanı Ermənistan ərazisində kiçik qızıl yataqlarından çıxarılan filizin yuyulması üçün Arazın qırağında zavod yaratmışdılar. O vaxt biz bir dövlətin tərkibində olduğumuza görə, mən çox səylər göstərdim. SSRİ ‎Nazirlər Soveti bu işə qarışdı və müəyyən tədbirlər gördük. İndi isə mən bilmirəm ki, ‎orada nə vardır. Amma əməkdaşlıq etsək, qarşılıqlı inspeksiya keçirə, çox məsələləri ‎aradan qaldıra bilərik.‎"

Arazın suyunu çirkləndirməkdən başqa Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində ətraf mühitə məqsədli və sistematik zərər vurmaq fəaliyyəti haqda məlumatlar vardır. Zəbt olunmuş Zəngilan rayonunda nadir və qiymətli çinar meşələrinin qırılması, Laçın və Kəlbəcər rayonlarının meşə örtüklərinin məhv edilməsi, Ermənistanda yerləşən AES-in tullantılarının işğal altındakı torpaqlarda basdırılması Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsas ekoloji zərbələri hesab olunur.

2003-cü ilin iyulunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Onun funksiyaları Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi, iqtisadi islahatlara yardım göstərməkdən ibarətdir. Bu, xüsusilə qanunun aliliyinin təmin olunması, düzgün idarəçilik, inkişafın sürətləndirilməsi və yoxsulluğun azaldılması, mövcud mexanizmlərə uyğun olaraq regionda münaqişələrin qarşısının alınması, münaqişələrin həllinə və qaçqınların, məcburi köçkünlərin öz torpaqlarına qayıdışına yardım və sülhün təmin olunmasına kömək edilməsi, regionla qonşu olan əsas dövlətlərlə əməkdaşlıq və s. sahələrə aiddir. (www.ec.europa.eu)

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi ilə sıx tərəfdaşlıq siyasətini davam etdirir. Onun 2004-cü ilin mayında Brüsselə səfəri zamanı Avropa Birliyinin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair görüşləri keçirilib. Avropa Komissiyasının prezidenti Romano Prodi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən narahatlığını bildirərək sülh əldə olunması üçün ATƏT-in Minsk qrupunun fəallığının gücləndirilməsinin vacib olduğunu bəyan edib. (www.rferl.org)

17-18 iyun 2004-cü ildə Avropa Komissiyasının tövsiyəsi ilə Azərbaycan və digər iki Cənubi Qafqaz respublikası Avropa Birliyinin Avropa Qonşuluq Siyasətinə daxil edilib. (www.azembassy.be) Bu yeni layihə əsasında Avropa Birliyi və Azərbaycan arasında iqtisadi inteqrasiya, siyasi əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. (www.ec.europa.eu)

14 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri, Azərbaycan-Avropa Birliyi əməkdaşlığı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

2005-ci ilin dekabrında Avropa Birliyi üçlüyünün (Avropa Birliyi Şurasının sədri, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə təmsilçisi, Avropa Komissiyasının Prezidenti) birgə bəyanatında təşkilat və Azərbaycan arasında Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının mətni barədə razılığa gəlindiyi bildirilib. Bu planın əməkdaşlıqdan daha da irəli gedərək iqtisadi inteqrasiya və siyasi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutduğu göstərilib. (www.mfa.gov.az)

9 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin rəhbərlik etdiyi nümayəndə heyətini növbəti dəfə qəbul edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin həlli ilə bağlı mövqeyinin yalnız və yalnız beynəlxalq hüquq normaları və prinsiplərinə - ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslandığını bildirib. İlham Əliyev bildirmişdir ki,"keçmiş sovet məkanında mövcud olan və təcavüzkar separatizmlə müşayiət olunan münaqişələr bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması işinə böyük xələl gətirir. Bu baxımdan Avropa Şurasının və digər beynəlxalq təşkilatların sənədlərində erməni separatizminin və Ermənistanın ölkəmizə qarşı təcavüzünün pislənilməsi ilə bağlı ifadə olunan obyektiv mövqe böyük əhəmiyyət daşıyır". Cənab Talvitiye Avropa Birliyinin Azərbaycanla əlaqələrinin genişləndirilməsini yüksək qiymətləndirib və əmin olduğunu bildirib ki, bu əlaqələr bundan sonra da daim möhkəmlənəcəkdir. (www.president .az)

2006-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə növbəti səfəri zamanı Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının imzalanması həyata keçirilib. (www.azerbaijan.news.az)

17 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul edib. Görüşdə Azərbaycan-Avropa Birliyi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

13 iyun 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Deanı qəbul edib. Görüşdə Azərbaycanla Belçika arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirilib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin Azərbaycan-Avropa Birliyi əməkdaşlığının genişlənməsi baxımından da əhəmiyyətli olduğu qeyd olunub, ölkəmizin Avropa ailəsinə inteqrasiyası ilə bağlı görülən işlərdən danışılıb. (www.president.az)

Tarixi arayış 18 avqust 2008-ci ildə yeniləşdirilib.