Türkiyə Prezidenti Süleyman Dəmirəlin şərəfinə rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - "Gülüstan" sarayı, 7 dekabr 1995-ci il


Hörmətli prezident, əziz dostumuz, qardaşımız, Süleyman Dəmirəl!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan dost Türkiyə Cümhuriyyətinin prezidenti, əziz qardaşımız Süleyman Dəmirəlin ölkəmizə rəsmi səfəri münasibətilə əlamətdar tarixi bir gün yaşayır.

Müstəqil Azərbaycan Respublikasının yarandığı gündən indiyə qədər dörd il müddətində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında olan dostluq, qardaşlıq əlaqələri gündən-günə inkişaf edir, güclənir və möhkəmlənir. Bu əlaqələr xalqlarımız, ölkələrimiz arasında olan tarixi köklər üzərində qurulmuşdur və keçmiş tariximizin davamıdır. Əsrlər boyu bizim xalqlarımız bir kökdən olaraq, bir kökə mənsub olaraq, bir dilə, bir dinə mənsub olaraq, bərabər yaşamışlar, sıx əlaqədə olmuşlar, bir-birinə kömək etmişlər, bir-birinə dayaq olmuşlar və öz tarixlərini yaratmışlar.

Xalqlarımızın adət-ənənələrinin bir-birinə bənzərliyi, eyniliyi, mədəniyyətimizin, elmimizin bir-birinə sıx bağlı olması bizi daim bərabər etmişdir. Azərbaycan xalqı öz tarixinin ən çətin dövrlərində Türkiyənin dəstəyini almış, türk xalqının köməyini hiss etmiş, türk xalqının Azərbaycan xalqı ilə həmrəyliyini daim duymuşdur. Bizim keçmişimiz, tarixi əlaqələrimiz çox zəngindir. Lakin yeni mərhələdə ölkələrimiz arasında olan əlaqələr tamamilə başqa xarakter daşıyır.

Dörd il bundan öncə Azərbaycan ilk dəfə müstəqilliyini əldə edərkən Türkiyə Cümhuriyyəti dünya ölkələri içərisində birinci olaraq Azərbaycanın müstəqilliyini tanımış və Azərbaycanın müstəqilliyini başqa ölkələrin tanıması üçün, beynəlxalq təşkilatların qəbul etməsi üçün lazımi səylər göstərmiş və bizə kömək etmişdir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayan zaman, hələ Azərbaycan Sovetlər İttifaqının tərkibində olduğu dövrdə Türkiyə Azərbaycan xalqı ilə həmrəyliyini bildirmiş, öz etiraz səsini dünyaya qaldırmış, Azərbaycanı dəstəkləmiş və Azərbaycanın haqq-ədalət işinə həmişə tərəfdar çıxmışdır. Ölkəmiz müstəqil dövlət olandan sonra Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında sıx əlaqələr yaranmışdır. Bu əlaqələr getdikcə inkişaf edir, yeni nailiyyətlər gətirir, hər iki ölkə üçün faydalıdır və ümumiyyətlə, gələcəkdə daha faydalı olacaqdır.

Qeyd etdiyim kimi, Azərbaycan Respublikası yeddi ildir ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycan ərazisinin iyirmi faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan çox vətəndaşımız didərgin düşmüşdür, qaçqın vəziyyətində yaşayır. Onlar ağır həyat tərzi keçirirlər. Bu dövrdə Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı Azərbaycana həmişə dayaq olmuş, dəstək vermiş və beynəlxalq təşkilatlarda bizi müdafiə etmişdir. Biz bütün bu dostluq və qardaşlıq münasibətlərinə görə Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına və Türkiyə dövlətinə daim öz minnətdarlığımızı bildirmişik və bu gün də bildiririk.

Bütün bu əlaqələrin yaranmasında və inkişaf etməsində Türkiyə prezidenti, hörmətli cənab Süleyman Dəmirəlin xüsusi fəaliyyəti və xüsusi rolu var. Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən Süleyman Dəmirəl Azərbaycana nəinki maraq göstərmiş, diqqət yetirmiş, həm də 1967-ci ildə Türkiyənin baş naziri kimi Sovetlər İttifaqına ilk dəfə səfər edərkən Azərbaycana gəlmiş, ölkəmizlə tanış olmuş, xalqımıza öz ehtiramını bildirmişdir. Hörmətli Süleyman Dəmirəl ondan sonra da həmişə Azərbaycana diqqətli münasibət bəsləmiş, qayğı göstərmişdir. Qeyd etdiyim kimi, son illər, Azərbaycanın bu ağır dövründə o həmişə Azərbaycanla maraqlanmış və Azərbaycan onun üçün doğma olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında da baş nazir Süleyman Dəmirəlin xüsusi rolu, xüsusi fəaliyyəti olmuşdur. Bu müddətdə Azərbaycanda gedən proseslərin sağlam istiqamətdə həyata keçirilməsi üçün o, bir dost, bir qardaş kimi Azərbaycana həmişə öz münasibətini bildirmişdir.

Bu gün hörmətli dostumuz Süleyman Dəmirəl prezident kimi Azərbaycana bizim dəvətimizlə ilk dəfə rəsmi səfərə gəlmişdir. Əvvəlki səfərlərdən bu səfərin fərqi ondan ibarətdir ki, Azərbaycan artıq dörd ildir müstəqil bir dövlət kimi yaşayır, Ermənistanla gedən müharibədə atəşkəs yaranmış və on doqquz aydır ki, biz atəşkəs rejimindəyik, insanlarımız müəyyən qədər rahat yaşayırlar. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmişdir. Bu konstitusiya ümumxalq səsverməsi, referendum yolu ilə qəbul olunmuşdur. Azərbaycanı demokratik, hüquqi dövlət quruculuğu yolu ilə aparan konstitusiya, Azərbaycanda demokratiyanı inkişaf etdirən konstitusiya, Azərbaycanı xoşbəxt gələcəyə doğru aparan bir konstitusiya qəbul edilmişdir. Müstəqil Azərbaycanda ilk dəfə parlament seçkiləri keçirilmişdir. Həm də bu seçkilər demokratik prinsiplər əsasında keçirilmiş və demokratik parlament yaradılmışdır. O, artıq öz fəaliyyətinə başlamışdır.

Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitləşmişdir və ölkəmiz qarşısında duran iqtisadi məsələlərlə ciddi məşğul olmağa başlamışdır. Azərbaycan öz qarşısında duran digər məsələlərlə də məşğuldur. Məhz belə bir zamanda müstəqil Azərbaycan öz tarixində ilk demokratik konstitusiyanı qəbul etdikdən sonra, yeni parlament seçkiləri keçirildikdən sonra və parlament yaradıldıqdan sonra ölkəmizə ilk səfər edən dövlət başçısı əziz dostumuz, qardaşımız Süleyman Dəmirəldir. Bu. bizi çox sevindirir. Bizim sevincimizi Bakı sakinləri nümayiş etdirdilər. Küçələrdə onlar əziz qonağımızı qarşılayarkən öz qəlblərindəki xoş duyğuları bildirməyə çalışırdılar. Bizim hər birimiz sevincimizi ifadə etmək istəyirik və mən bütün Azərbaycan xalqının bu sevincini ifadə edərək, ürəkdən deyirəm: əziz dostumuz, qardaşımız, siz Azərbaycana, öz vətəninizə, öz məmləkətinizə xoş gəlmisiniz, səfa gətirmisiniz! Azərbaycanda xalq sözü var: qədəmləriniz xeyirli olsun, səfəriniz uğurlu olsun! Əminik ki. Sizin bu səfərinizdən sonra Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələr daha sürətlə inkişaf edəcəkdir. Bu, bizim qəlbimizdə olan istəklərdir, arzumuzdur. Biz bu yolda çalışmışıq. Və bundan sonra da çalışacağıq.

Hörmətli dostumuz və qardaşımız Süleyman Dəmirəl ilə birlikdə onun xanımı hörmətli Nəzmiyyə xanım da ölkəmizə gəlmişdir. Xatirimdədir, Nəzmiyyə xanım da ilk dəfə 27 il bundan öncə Bakıya, Azərbaycana gəlmişdi. Məhz o vaxt mən həm dostum Süleyman Dəmirəl ilə, həm də hörmətli bacım Nəzmiyyə xanımla tanış oldum. Zaman keçib, dünyada çox dəyişikliklər baş verib, ancaq Süleyman Dəmirəlin və Nəzmiyyə xanımın Azərbaycana olan münasibəti nəinki dəyişməyib, hətta gündən-günə artıb, güclənib və Azərbaycan xalqının da Türkiyə xalqına, türk xalqına, Türkiyə Cümhuriyyətinə olan məhəbbəti, sevgisi daha da artıb, daha da güclənibdir. Nəzmiyyə xanım 27 il öncə gördüyü Bakını bu günlər bir də görür və güman edirəm ki, baş vermiş dəyişiklikləri də müşahidə edəcəkdir. Şübhəsiz ki, o, müsbət hallara sevinəcək və həyatımızda yaranmış çətinliklərə, bəzi dərdlərə bizimlə birlikdə kədərlənəcək, sıxılacaqdır. Bu da təbiidir, çünki, bir daha deyirəm, biz dostuq, qardaşıq və dost, qardaş da həmişə bir yerdə olmalıdır - həm şad gündə, həm də kədərli gündə.

Bu gün bizim üçün çox şad gündür, çünki ölkəmizə, şəhərimizə belə mötəbər qonaqlar gəliblər. Süleyman Dəmirəl ilə birlikdə buraya böyük nümayəndə heyəti, onu müşayiət edən iş adamları, mətbuat nümayəndələri gəlmişlər. Mən onları da salamlayıram, onlara da "xoş gəlmisiniz!" deyirəm və ümidvaram ki, onların hər biri Azərbaycana öz münasibətini əziz dostumuz və qardaşımız, Türkiyənin prezidenti, dünyanın ən böyük ictimai-siyasi xadimlərindən biri, dünya siyasətində böyük rol oynayan Süleyman Dəmirəl kimi bildirəcəkdir.

Əziz dostum, qardaşım Süleyman bəy, bu gün bu "Gülüstan" sarayındakı ziyafət sizin şərəfinizdir. Nəzmiyyə xanımın şərəfinədir və sizinlə birlikdə buraya təşrif gətirmiş qonaqların şərəfinədir.

Rica edirəm, badələrimizi qaldıraq Türkiyə Cümhuriyyətinin şərəfinə, Türkiyə xalqının şərəfinə, türk xalqının şərəfinə, türk xalqının gələcəyinin şərəfinə, Türkiyə-Azərbaycan dostluğunun şərəfinə, bizim gələcəyimizin şərəfinə! Sağ olun, əziz Süleyman bəy, Nəzmiyyə xanım, sizin şərəfinizə. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - V cild Azərnəşr, Bakı - 1998, səh.137.