Azərbaycan Prezidenti Heydər Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 18 yanvar 1999-cu il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının əziz bayramı - Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin insanlar üçün nazil edildiyi mübarək aydır. Allah-taalanın insanlara bəxş etdiyi bu misilsiz sərvətin hikmətlərindən daha da faydalanmaq üçün Ramazan ayının böyük əhəmiyyəti vardır. Bu ay eyni zamanda hər bir müsəlmana öz iradəsini sınamaq, dözüm və əzmkarlığını nümayiş etdirmək üçün gözəl fürsətdir.

Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız bu gün böyük sevinc və qürur hissi ilə bayram edir, bir-birlərinə ehtiram və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir, həyatdan getmiş yaxınlarını yad edirlər.

Bu ilki Ramazan bayramı 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda öz canlanlarından keçərək şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirə gününə təsadüf edir. Onlar vətənə sədaqəti özlərinin fədakarlığı, şəhidliyi ilə göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Biz fəxr edirik ki, Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canından keçməyə hazır olan övladlarımız vardır. Bu bayram günündə Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların hamısına rəhmət, onların yaxınlarına, bütün xalqımıza səbr diləyirəm.

Respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, demokratik cəmiyyət quruculuğu, öz torpaqlarından didərgin düşmüş bacı-qardaşlarımızın ev-eşiklərinə qaytarılması hər birimizdən daha böyük qətiyyət və əzmkarlıq tələb edir. Bu amalların gerçəkləşməsi naminə əziz bayram günündə hamınızı daha sıx əməkdaşlığa və həmrəyliyə çağırıram.

Mübarək Ramazan bayramında ulu tanrıdan sizə cansağlığı, xoş əhval-ruhiyyə, doğma Azərbaycanımızın tərəqqisi yolundakı fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 19 yanvar 1999-cu il