Azərbaycan - YUNESKO əlaqələrinə dair ümumi tarixi arayış


BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO 1946-cı il 16 noyabr tarixində yaradılıb. Bu təşkilatın ali məqsədi bütün dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərməkdir. Hal hazırda 193 dövlətin üzv olduğu YUNESKO öz üzvlərinə, dünya səviyyəli elmi və pedaqoji kadrların hazırlanması imkanı verməklə yanaşı, qlobal elmi layihələrdə iştirak etmək şansını da təqdim edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci il 3 iyul tarixindən YUNESKO-nun üzvüdür. YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım Azərbaycan Prezidenti Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılıb. Görüşdə YUNESKO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri müzakirə olunub, Azərbaycanda gedən müharibə, qaçqınların problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev və Federiko Mayor ilk dəfə 1983-cü ildə YUNESKO xətti ilə Bakıda keçirilmiş və Şərq xalçalarına həsr edilmiş birinci beynəlxalq simpoziumda tanış olublar.

YUNESKO-nun Nizamnaməsinə əsasən üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəblə də görüş zamanı Heydər Əliyev belə milli komissiyanın yaradılmasının vacibliyini və bu məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görəcəyini bəyan edib.

21 fevral 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Daha sonra Respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb.

Bu Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Heydər Əliyev Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf perspektivlərini görür və bu sahəyə hər zaman nəzarət edirdi.

Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında mühüm mərhələ hesab oluna biləcək tədbirlərdən biri 1996-cı ilin klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli ilinin elan olunması və dünyanın bir çox ölkələrində dahi şairin 500 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsidir.

Keçirilən bu tədbirlərlə Füzuli kimi nəhəng elm və sənət xadiminin əsərləri YUNESKO-nun vasitəçiliyi ilə bir daha dünyaya nümayiş etdirildi. Dahi şairin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə çıxış edən Heydər Əliyev dünya mədəniyyətini zənginləşdirən Füzuli irsinə yüksək qiymət verib və bu sahədə YUNESKO-nun keçirdiyi tədbirləri təqdirəlayiq hesab edib.

Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur.

Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, Ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiya, Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiyası Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından yalnız bir neçəsidir.

Heydər Əliyev bu konvensiyalara qoşulmağın ümummilli əhəmiyyətini dərindən duyur və Azərbaycan xalqının lehinə olan hər bir sənəddən yararlanmasını arzu edirdi.

Heydər Əliyev 1997-ci il sentyabrın 3-də YUNESKO-nun Baş direktoru Federiko Mayora ünvanladığı məktubunda YUNESKO-nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsini qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini baş direktorun diqqətinə çatdırıb. Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd edib. Heydər Əliyev məktubunda xüsusilə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarından didərgin düşməsinə, mədəni sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Respublikasının sülhsevər siyasət apararaq, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olduğunu və bu münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirib. Heydər Əliyev bütün bunların Azərbaycanın insan hüquqlarına nə qədər hörmət etməsinin əyani sübutu olduğunu və Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd edib.

Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım Heydər Əliyevin 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olub. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən ümummilli lider "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmayıb və 2000–ci il “Kitabi Dədə Qorqud Dastanının” 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunub. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatıb.

21 iyun 2003-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycan və YUNESKO əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayıb. Müraciətdə qeyd olunduğu kimi, hər bir xalqın mədəni irsi onun milli sərvətidir. Azərbaycan xalqının mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının və "Kitabi-Dədə-Qorqud" dastanları yubileylərinin YUNESKO xətti ilə yüksək səviyyədə qeyd olunması, İçərişəhər tarix-memarlıq qoruğunun "Dünya İrs Siyahısı"na salınması milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb.

Azərbaycan mədəniyyət nümunələrinin dünyaya tanıtdırılması və təhsilin, elmin inkişafı üçün YUNESKO-nun rolunu əvəzsiz hesab edən Heydər Əliyev bu münasibətlərin daha da inkişaf etdirilməsini zəruriliyini anlayır və gənclərin bu sahədə çalışmasını ürəkdən arzu edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNЕSKО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyilə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb.

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Keçən illər ərzində YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, аkаdеmik Yusif Məmmədəliyеvin, məşhur xalçaçı-rəssamı Lətif Kərimоvun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilib.

Ən son olaraq isə Azərbaycanın aşıq sənəti və Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Bu mühüm vasitə ilə Azərbaycan mədəniyyətinin təbliği üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan Milli Məclisinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti son dərəcə təqdirəlayiqdir.