Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Ullsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 9 aprel 2003-cü il


Heydər Əliyev: Cənab səfir, bir neçə vaxt idi Siz mənimlə görüşməyi arzu edirdiniz, mən də buna vaxt tapdım. Görüşməyə mənim də həmişə arzum olur, amma o qədər işlər var ki, birini edirsən, o birisi qalır, qurtara bilmirsən.

Bizim koalisiyanın işi yaxşı gedir, uğurlar var. Təbiidir, bu, bizi sevindirir. Hər halda, bu, bizim koalisiyadır. Mən hər gün bunları izləyirəm. Güman edirəm ki, çox yaxşı nəticələr əldə olunacaqdır.

Ross Uilson: Cənab prezident, son həftələr mən çox məşğul olmuşam. Hamımız məşğul olmuşuq. Əsas etibarilə İraqda gedən hadisələri izləməklə məşğul olmuşuq. Bizim səfirliklərin əsas işi ondan ibarət olub ki, digər hökumətlərlə işləyək, izah edək ki, İraqda mübarizəmiz nədən ibarətdir. Eyni zamanda, mən mətbuat nümayəndələrinə də həmişə məlumat vermişəm. Elə bilirəm, bizim hamımız bu gün məmnunuq ki, İraqda hadisələr kifayət qədər, yəni mümkün ola biləcək qədər sürətlə gedir. Minimum insan itkiləri var və İraq xalqının kriminal diktatordan xilas edilməsi prosesi başa çatmaq üzrədir.

Sizə məlum olduğu kimi, baş nazir Toni Bleyer ilə görüşündən dərhal sonra prezident Corc Buş bəyanat vermişdir ki, bu, İraqın azadlığı uğrunda müharibənin sonu deyil, yalnız başlanğıcıdır və İraqla bağlı biz üzərimizə öhdəliklər götürmüşük. Elə bilirəm ki, bu öhdəlikləri axıra qədər yerinə yetirəcəyik. Mən belə düşünürəm ki, cənab Buş bunu deyəndə, yalnız amerikalıların deyil, bütün koalisiya üzvlərinin adından danışırdı.

Heydər Əliyev: Elədir.

Ross Uilson: Sizə məlum olduğu kimi, İraqla bağlı görüləsi işlər olduqca çoxdur. Bu, həm humanitar məsələlərdir, - İraq xalqına lazım olan humanitar yardım, - həm İraqa qarşı tətbiq edilən sanksiyanın aradan götürülməsi, həm də İraqın əvvəlki vəziyyətinə, iqtisadi durumuna qaytarılması məsələsidir. Eyni zamanda, İraqda uzunmüddətli sülhü və sabitliyi təmin etmək məsələsidir.

Amerika Birləşmiş Ştatları bu koalisiyada iştirakına görə Azərbaycana dərin minnətdarlığını bildirir. Bu, Azərbaycanın qəbul etdiyi düzgün siyasi qərar, Azərbaycanın maraqlarına tam xidmət edən bir qərardır. Eyni zamanda, Sizin terrorizmə qarşı götürdüyünüz xəttin davamıdır, onunla tam üst-üstə düşən bir qərardır. Həm də Azərbaycanın Qərb və Birləşmiş Ştatlarla yaxınlaşması üçün atılmış möhkəm addımdır.

Həm Sizə, həm də mənə məlumdur ki, Azərbaycanın koalisiyada iştirakı yalnız siyasi addım, siyasi qərar deyildir. Azərbaycan bu siyasi qərarını daha sonra konkret hərəkətləri ilə təsdiq etdi və buna görə Amerika Birləşmiş Ştatları olaraq, biz Sizə minnətdarlığımızı bildiririk.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən fevral ayının 26-da Vaşinqtonda prezident Buş ilə görüşümüz qurtaranda ona dedim ki, cənab prezident, bilin, Azərbaycan sizinlədir. Siz hansı qərarı qəbul etsəniz, biz o qərarı sizinlə bərabər həyata keçirəcəyik. Biz bir-birimizə əl verdik və bu dostluq əlaqələrini bir də təsdiq etdik.

Dünən siz bir məsələ ilə əlaqədar baş nazirə müraciət etmişdiniz. O, məndən soruşdu, dedim, dərhal hamısını həll et.

Ross Uilson: Cənab prezident, Sizə bu yardıma görə də minnətdarlığımı bildirirəm. Siz bu görüşün adını çəkərkən mənə xatırlatdınız ki, Vaşinqton görüşündən sonra bizim Sizinlə, mətbuatla ilk rəsmi görüşümüzdür. Həmin görüşə görə mən mətbuatın yanında Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vaşinqtondakı görüşünüz həm mənim ölkəmin ürəyincə idi, həm də Sizin ölkənin maraqlarına xidmət edən və gələcəkdə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcək bir görüş oldu.

Sizin Amerikaya səfəriniz çox vaxtında edilmiş bir səfər idi. Eyni zamanda, Azərbaycanın terrorizmə qarşı mübarizə və təhlükəsizliklə əlaqədar Amerika Birləşmiş Ştatları ilə birgə işləməsini təsdiq edən bir görüş idi. Görüş zamanı bir sıra məsələlər də gündəliyə gəldi. Bu, bizim enerji sahəsindəki əməkdaşlığımızdır, Bakı-Tbilisi-Ceyhan layihəsinin daha da irəli çəkilməsi məsələsidir. Həm də Ağ evdə, Dövlət Departamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllinə diqqətin daha da artırılmasına xidmət edən bir görüş idi. Həmin görüşlə əlaqədar prezidentin ofisindən alınmış bu şəkilləri Sizə çatdırmaq istəyirəm.

Siz bunlara baxaraq, Ağ evi xatırlayacaqsınız.

(Səfir Ross Ullson Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşünü əks etdirən fotoşəkillərdən ibarət albomu dövlətimizin başçısına təqdim etdi.)

Heydər Əliyev: Çox maraqlı, gözəl şəkillərdir. Prezident Buşa mən çox minnətdaram. Çox mehriban, dostcasına söhbətlərimiz oldu.

Ross Uilson: Cənab prezident, Sizə vitse-prezident Çeyni ilə olan görüşdən də şəkillər göndərilibdir.

Heydər Əliyev: Çox yaxşı şəkillərdir. Xahiş edirəm, mənim minnətdarlığımı prezident Buşa çatdırasınız.

Ross Uilson: Cənab prezident, mənə elə gəlir ki, bütün bu baş verənlər bizim işimizi heç də azaltmır, əksinə, üzümüzə gələn həftələrdə işimizi daha da artırır. Sizə məlumdur ki, müdafiə naziri cənab Ramsfeld Azərbaycanın müdafiə naziri cənab Əbiyevə dəvət göndəribdir. İstərdik ki, o, iki-üç həftə müddətində Vaşinqtona gəlsin.

Azərbaycan sərhədçiləri ölkənizə veriləcək katerlə bağlı məşğələlər keçirirlər və elə bilirəm ki, kater iyul ayında Xəzərə gəlib çıxacaqdır. Ümumiyyətlə, sərhəd məsələləri ilə bağlı biz əməkdaşlığımızı daha da genişləndirmək istəyirik və mən istərdim bu barədə Sizinlə müzakirələr aparım.

Artıq Sizin nazirliklərdə bizim dövləti təmsil edən məsləhətçilər işləyir, ticarət, büdcə, bank, vergi sahələrində islahatların aparılmasına yardım edirlər. Bu, bizim aramızda həm yaxşı, həm də sağlam əməkdaşlıqdır. Elə bilirəm ki, bu əməkdaşlıq Azərbaycan ilə ABŞ arasında 2003-cü il müddətində və daha sonra davam edəcəkdir.

Cənab prezident, diqqətinizə çatdırım ki, Vaşinqtonda cənab Perina ilə keçirdiyiniz görüşü o, çox ciddi qəbul edibdir. O, öz həmkarları ilə möhkəm işləyibdir və istərdim, bu məsələni də Sizinlə müzakirə edim.

Heydər Əliyev: Bu əməkdaşlığa görə təşəkkür edirəm. Sizin müşavirlərin burada işləməsinə görə, sərhəd xidmətinə yardım etdiyinizə görə təşəkkür edirəm. Amma mən indi Sərhəd Xidmətinin rəisini qəbul edirdim. Orada gələcək əməkdaşlıq üçün yaxşı imkanlar var, hamısını həyata keçirmək lazımdır. O gəminin də tezliklə gəlməsini gözləyirik.

Müdafiə naziri Səfər Əbiyev bu yaxınlarda Rumıniyaya səfər etmişdi. Bir müddətdən sonra o, cənab Ramsfeldin dəvəti ilə mütləq Amerikaya gedəcəkdir.

"Azərbaycan" qəzeti, 10 aprel 2003-cü il.