Boksçuların IV Avropa çempionatının iştirakçılarına - Bakı şəhəri, 31 iyul 1999-cu il


Əziz idmançılar!

Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş yeniyetmələr arasında boks üzrə Avropa çempionatının iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram.

İdman hər bir sivilizasiyalı ölkədə vətəndaşların həyat tərzinin mühüm bir hissəsi hesab olunur. Əhalinin fiziki sağlamlığının qorunub saxlanılmasında və möhkəmləndirilməsində, xüsusilə yeni nəslin daha sağlam və güclü olmasında bədən tərbiyəsi və idmanın müstəsna rolu vardır. Ayrı-ayrı ölkələri təmsil edən idmançıların əlaqələri, beynəlxalq idman yarışları xalqlar arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluğun möhkəmləndirilməsi işinə də böyük xidmət göstərir. Bu baxımdan Avropanın 27 ölkəsinin idmançılarının iştirakı ilə keçirilən bu nüfuzlu çempionatın da əhəmiyyəti danılmazdır.

Belə bir mötəbər yarışın ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsini ölkəmizin idman aləmində tutduğu yerə verilən yüksək qiymət kimi dəyərləndirir və onu respublikamızın idman həyatında çox əlamətdar hadisə hesab edirəm. Əminəm ki, Çempionatınız xalqlar arasında dostluq və qardaşlıq tellərinin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı, gənc Azərbaycan Respublikasında boksun, ümumiyyətlə, idmanın inkişafına böyük təkan verəcəkdir. Ümidvar olduğumu bildirirəm ki, IV Avropa çempionatının bugünkü iştirakçıları gələcəkdə dünyanın adlı-sanlı idmançılarına çevriləcək və öz ölkələrinin idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar.

Çempionatınıza böyük uğurlar arzulayır, hər birinizə yeni qələbələr, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti