Şəki Şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş nitqi - 10 noyabr 2002-ci il


Axşamınız xeyir olsun.

Bu gün səhərdən mən sizin rayondayam, şəhərdəyəm, sizinlə bir yerdəyik. Biz birlikdə Olimpiya İdman Kompleksini açdıq. Bu, həm Şəki rayonu, həm də, ümumiyyətlə, respublikamız üçün böyük bir hadisədir. Azərbaycanın Milli Olimpiya Komitəsinin, onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə son iki ildə respublikamızda belə olimpiya idman kompleksləri yaranmışdır. Bunlar artıq öz müsbət nəticələrini göstərirlər. Biri də qısa müddətdə, cəmi on ay ərzində burada - Şəkidə inşa edilibdir. Özü də gözəl inşa ediblər, yeri də çox gözəl seçiblər. Ətrafdakı ərazini də yaxşı abadlaşdırıblar. Ən əsası odur ki, Şəki rayonu böyük bir hədiyyə alıbdır. Özü heç bir əziyyət çəkmədən, dövlət tərəfindən vəsait ayrılmadan, yaxud da başqa tədbirlər görmədən belə bir gözəl idman sarayı, kompleksi alıbdır. Bunun böyük əhəmiyyəti olduğuna görə mən kompleksin açılışı münasibətilə sizin rayona gəldim. Onsuz da mən Şəkiyə gəlməyi çoxdan planlaşdırırdım. Çox çalışırdım ki, gəlim, ancaq hər dəfə bəzi işlər mane olurdu. Kompleks hazır olandan sonra başqa işlərin hamısını kənara qoydum, gəldim və bu gün sizinlə onu açdıq. Bu münasibətlə mən sizi, şəkililəri bir daha təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu böyük idman kompleksindən səmərəli istifadə edəcəksiniz. Bu da Şəkidə idmanın, bədən tərbiyəsinin inkişafına böyük müsbət təsirini göstərəcəkdir. Gənclərin idmanla, bədən tərbiyəsi ilə məşğul olmasına imkan yaradacaq, onları özünə cəlb edəcəkdir. Bunların hamısı Şəki rayonunun həyatını daha da gözəlləşdirəcəkdir. Mən sizi təbrik edirəm.

Olimpiya İdman Kompleksini açarkən, o mitinqə on minlərlə adam toplaşmışdı. Şəki əhalisinin, demək olar, bütün təbəqələri orada idi. Uşaqlardan tutmuş qocalaradək, qadınlar, kişilər, qızlar, oğlanlar mitinqdə idilər. Bu mitinq, açılış mərasimi çox yaxşı təəssürat yaratdı. Sonra mən sizin mərkəzi küçə ilə buraya gəlirdim, - hər iki tərəf insanlarla dolu idi, Sabit Rəhman adına Dram Teatrının qarşısındakı meydanda da xeyli adam vardı. Mən on minlərlə insan gördüm. Evlərindən, qapılarından boylanan, yaxud eyvanlarından müşahidə edən insanları gördüm. Məni sevindirən o oldu ki, bu gün səhərdən axşamadək Şəkidə gördüyüm insanların hamısında çox xoş əhval-ruhiyyə var. Hiss etdim ki, onların hamısı belə əhval-ruhiyyədə olmasaydı, bu insanlar orada olmazdılar. Mən insanların üzünə, gözünə diqqətlə baxırdım. Mitinqdə, yaxud da küçədə onların hansı hisslər keçirdiklərini görürdüm. Şəki əhalisinin, demək olar, əksəriyyəti küçələrdə idi.

Onların hamısı Azərbaycanın dövlətçiliyinə, müstəqil Azərbaycana, bizim gördüyümüz işlərə məhəbbət, hörmət və ehtiram hissləri ilə toplaşmışdılar. Bunların hamısı Şəkidə əhalinin, yenə də deyirəm, çox yaxşı əhval-ruhiyyədə olduğunu göstərir.

Təbiidir, Şəkidə yaxşı işlər də çoxdur, ancaq nöqsanlar da, qüsurlar da var. İnsanların hər biri üçün, bəlkə də, çatışmayan şeylər də var. Yenə də deyirəm, Şəkidə işsizlik də var. Bu, ən böyük problemlərdən biridir. Yəni insanların hamısı bizim istədiyimiz kimi rifah halına nail ola bilməyiblər. Ancaq buna baxmayaraq, onlarda mənəvi hisslər çox üstündür. Ona görə də onlar bu gün Azərbaycan prezidentinin Şəkidə olmasını bu cür böyük hörmət və ehtiramla, bizim dövlətçiliyimizə sədaqət hissi ilə qarşılayırdılar.

Şəki özü, - mən bu barədə demişəm, - gözəl şəhərdir, tarixi şəhərdir, mədəniyyət abidələri şəhəridir, muzeyidir. Bəli, bunların hamısı var. Amma bunları əsrlər boyu yaradanlar insanlardır. Bu gün də bütün bu əhval-ruhiyyənin, bütün bu sağlam mühitin yaradıcısı insanların özləridir, onların daxili mədəniyyətidir. Mən bunu belə hiss etdim və belə qiymətləndirirəm. Bu da sizin nailiyyətinizdir. Bu nailiyyətinizə görə də mən sizin işinizi bəyənirəm və təbrik edirəm.

İndi isə mən, əvvəldən planlaşdırdığım kimi, - bildiyimə görə buraya Şəki rayonunun vəzifəli şəxsləri, ictimaiyyətin nümayəndələri toplaşıblar, - bu gün Şəkidəki sosial-iqtisadi vəziyyət, Şəkinin həyatında olan nöqsanlar, çatışmazlıqlar və onların aradan qaldırılması üçün, Şəki sakinlərinin rifah halının yaxşılaşdırılması üçün tədbirlər haqqında bir az söhbət aparmaq istəyirəm. Hesab edirəm ki, icra hakimiyyətinin başçısı bu barədə qısaca məlumat verər, ondan sonra biz Azərbaycanın iqtisadi inkişaf nazirini dinləyərik. Bilirəm ki, elektrik enerjisi ilə təchizat hələlik bir problem olaraq qalır. Ona görə mən "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi çağırmışam, onu dinləyərik. Qaz təminatı ilə əlaqədar "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədrini dinləyərik. Sonra iştirakçılardan kimsə söz demək istəsə, mən dinləməyə hazıram. Bununla da bugünkü görüşümüzü keçirərik.

Sözü Şəki Şəhəri İcra Hakimiyyətinin başçısına verirəm.

Yekun nitqi

- Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən bu gün iş rejiminin son saatını sizinlə keçirirəm. Bunu qurtarandan sonra Şəkini tərk edəcəyəm. Dünən axşam buraya gələndə icra hakimiyyətinin başçısı ilə, buraya göndərdiyim nazirlərlə görüşdüm. Sonra bir-iki saat bugünkü məsələ haqqında fikir mübadiləsi apardıq. Amma bu gün səhərdən biz bir yerdəyik. Mən bu işlərlə məşğulam və çox da məmnunam. İnsanlar bəzən deyirlər ki, çox iş adamı yorur. Bəli, əlbəttə, iş adamı yorur. İnsan insandır. Hər bir insanın müəyyən fiziki imkanları var. Amma mən sizə açıq deyim ki, səhər tezdən indiyə qədər ayaq üstəyəm və yorulmamışam. Çünki bu müşavirə başlayarkən dedim - birinci növbədə, burada olan sağlam-psixoloji ab-hava, ictimai-siyasi vəziyyət, xalqın xoş əhval-ruhiyyəsi və bizim görüşlərimizin çox uğurla keçməsi, təbiidir, Şəkidə böyük Olimpiya İdman Kompleksinin açılması o qədər böyük razılıq hissi doğurur ki, məsələn, şəxsən mən heç yorulmamışam.

Mən çox şadam ki, Şəkiyə gəldim. Uzun müddətdir gəlməmişdim. Amma həsrətində idim, gəlmək istəyirdim, sizinlə görüşmək istəyərdim. Nəhayət, buna nail oldum və günümüz də çox səmərəli keçdi. Mən bu gün sizi dinləyərək onu deyə bilərəm ki, təkcə bu gün yox, mən bütün gün şəhərdə olan əhval-ruhiyyəni, ab-havanı müşahidə edirəm. Bunların hamısının nəticəsində onu deyə bilərəm ki, Şəki rayonunda yaxşı mühit var, insanlar müstəqil dövlətdə yaşamaq imkanını çox yüksək qiymətləndirirlər. Bu gün Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qiymətləndirə bilirlər.

Məhz bu ictimai-siyasi sabitliyin nəticəsidir ki, Şəki əhalisi bu gün gördüyüm kimi yüksək əhval-ruhiyyədədir və Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə sədaqətlidir. Mən bunların hamısını gördüm və bugünkü müşavirədə də bunu hiss edirəm. Bu, sizin əldə etdiyiniz nailiyyətdir. Arzu edərdim ki, siz bu nailiyyətinizlə kifayətlənməyəsiniz, işinizi bundan sonra daha da yaxşı qurasınız və Şəkinin sosial-iqtisadi inkişafını daha yüksək sürətlə təmin edə biləsiniz.

Mən bu gün çıxışlarımda, söhbətlərimdə qeyd etmişəm ki, indi zaman dəyişib, Azərbaycanda da, keçmiş Sovetlər İttifaqının hər yerində də vəziyyət dəyişibdir. Biz 70 il bir sistem içərisində yaşamışıq, o sistemin yaxşı tərəfini də, nöqsanlarını da görmüşük. Ancaq o sistem içərisində nə qədər yaxşı yaşamış olsaydıq da, bəzi hallarda indi ona nisbətən bir az aşağı səviyyədə olmasına baxmayaraq, bu günümüzə də sevinməliyik, bu günümüzü qiymətləndirməliyik və bu günümüzə şad olmalıyıq. İş onda deyil ki, insanın həyat tərzi bu gün nə cürdür.

Təbiidir ki, hər bir cəmiyyətdə insan istəyir ki, onun rifah halı günü-gündən yaxşı olsun və hökumət də, - doğrudan da əgər cəmiyyətin, xalqın hökumətidirsə, xalqa xidmət edirsə, - çalışır ki, öz insanlarının rifah halını yaxşılaşdırsın. Ancaq eyni zamanda, hər bir insan üçün, hər bir xalq üçün bundan da qiymətli, üstün bir şey var. O da azad olmaq, sərbəst olmaq, müstəqil olmaqdır. Bizim ən böyük xoşbəxtliyimiz odur ki, 11 il bundan öncə azadlığa çıxdıq, öz dövlət müstəqilliyimizi bərpa etdik. İndi özümüz öz taleyimizin sahibiyik. İndi biz azad Azərbaycanda yaşayırıq, bizim dövlətimiz var. Bunlardan üstün heç bir şey ola bilməz! Biz bunlara görə indi mövcud olan, bundan sonra da ola biləcək çətinliklərə, çatışmazlıqlara dözməliyik. Hamımız dözməliyik. Ona görə dözməliyik ki, yenə də deyirəm, biz azad insanlarıq. Bir də ona görə ki, bugünkü Azərbaycan iqtidarının bütün sahələrdə apardığı siyasət, o cümlədən iqtisadi sahədə apardığı siyasət Azərbaycan iqtisadiyyatını günü-gündən inkişaf etdirir və Azərbaycan vətəndaşlarının hər birinin rifah halının yaxşılaşmasını təmin edir.

Biz bu il yaxşı səviyyədəyik. Ancaq mən etiraf edirəm ki, ümumiyyətlə, ölkəmizdə çatımazlıqlar çoxdur. İndi bazar iqtisadiyyatı elə bir şərait yaradıbdır ki, insanların bir qismi çox zənginləşibdir. Bir qismi orta səviyyəni tutublar və onlar bizim üçün cəmiyyətimizin əsas hissəsi olmalıdır. Amma bir qismi də çətin vəziyyətdə yaşayır, yoxsulluq içində olan adamlar var. Bunlar hamısı bizim cəmiyyətimizin, Azərbaycan həyatının real mənzərəsidir. Ancaq bu da tamamilə qanunauyğun şeydir. Keçid dövrü, bir sistemdən başqa sistemə keçmək, bir iqtisadiyyatı vurub dağıtmaq, sonra yeni bir iqtisadiyyat qurmaq, 70 il adət elədiyin cəmiyyətdən ayrılmaq və yeni bir cəmiyyət içərisində, qanunlar əsasında, demokratiya əsasında, söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı əsasında yaşamaq - bunların hamısı ağır və çətin proseslərdir.

Bu proseslərin nəticəsində biz, bir tərəfdən, inkişaf edirik, irəliləyirik, amma ikinci tərəfdən, bir çox şaxələri hələ istədiyimiz səviyyədə inkişaf etdirə bilmirik. Bu, bütün Azərbaycanın, o cümlədən Şəki rayonunun, şəhərinin də reallığıdır. Mən çox məmnunam ki, siz bu reallığı bilirsiniz, dərk edirsiniz və keçid dövründə özünüzü layiqli Azərbaycan vətəndaşı kimi aparırsınız. Azərbaycan millətinin adını hər kəs öz işi ilə, cəmiyyətdəki mövqeyi ilə yüksəldir. Bunlar hamısı yaxşı hallardır. Onları qorumaq, saxlamaq lazımdır. Ancaq bütün Azərbaycanda olduğu kimi, Şəki rayonunda da istifadə olunmamış ehtiyatlar da var.

Bu gün Şəkinin icra hakimiyyətinin başçısı çıxış edəndə dedi ki, bu da yaxşıdı, bu da yaxşı olubdur, o da yaxşıdır. Məndə belə təsəvvür yarada bilmədi ki, doğrudan da hər şey yaxşıdır, yoxsa, sadəcə, yaxşı işləri dedi. Çatışmazlıqlar haqqında iki-üç kəlmə dedi ki, bunlar da var, biz bunları aradan qaldıracağıq. Amma o iki-üç kəlmənin arxasında çox böyük iş durur. Bəlkə də gərək iki-üç kəlmə yox, çıxışının böyük bir hissəsi bu barədə olaydı. Görülən işlərlə yanaşı, deyiləydi və görəydim ki, bəli, çatışmazlıqlar, nöqsanlar aradan nə cür qaldırılacaqdır. Nöqsanlar var. İndi mən bunu xırdalamaq istəmirəm. Yenə də deyirəm, mən bu gün sizin şəhərinizə, əhval-ruhiyyənizə yüksək qiymət verdiyimə görə bunu müəyyən qədər zədələmək istəmirəm. Amma eyni zamanda, demək istəyirəm ki, hər şey ideal vəziyyətdə deyildir. Qoy, icra hakimiyyətinin başçısı da belə düşünməsin. Onunla bərabər, müxtəlif sahələrə rəhbərlik edənlər də belə başa düşməsinlər. Mən də belə başa düşmürəm. Bu sözlərdən nəticə çıxarıb, işi daha da yaxşılaşdırmaq lazımdır.

Mən bu gün bir neçə dəfə dedim, indi dövlətin vəzifəsi, birinci növbədə, sosial sahəni gücləndirməkdir. Məsələn, təhsil sahəsini, səhiyyə sahəsini, sosial müdafiə sahəsini gücləndirməliyik. Biz bunu edirik, yenə də edəcəyik. Amma o ki qaldı istehsal sahəsinə, burada biz bütün imkanları veririk ki, sahibkar - istehsalçı yaransın, onlar kiçik, orta, böyük müəssisələr yaratsınlar. Cəmiyyətə, insanlara lazım olan malları istehsal etsin, bununla da iqtisadiyyatın bir hissəsini inkişaf etdirsinlər.

İqtisadiyyat naziri burada dedi, sizdə də çox şey özəlləşdirilibdir. Amma bu özəlləşdirilən müəssisələrin sahibləri gərək səmərəli işləsinlər. Bilirəm, burada çətinliklər var. Təkcə burada deyil, Azərbaycan üzrə özəlləşdirilmiş bir qisim müəssisələr, obyektlər indi bağlanıbdır. İnsanlar pul verib onları alıblar, amma indi işlədə bilmirlər. Ya bacarıqları çatmır və ya əlavə vəsaitləri, yaxud da ki, təcrübələri çatmır. Bunlar Şəkidə də var. Bizim İqtisadiyyat Nazirliyi bax, bu məsələlərdə bütün sahibkarlara yardım etməlidir. Nazir sahibkarlar haqqında bizim qəbul etdiyimiz qərarlar, qanunlar və sahibkarlara edilən güzəştlər və sair haqqında dedi. Bu fərmanları, bu qərarları biz ardıcıl surətdə həyata keçirəcəyik. Bu işin təşkilatçılığının da çox hissəsini biz öz üzərimizə götürmüşük və götürəcəyik. Amma yerlərdə də, o cümlədən Şəkidə də gərək təşəbbüskarlıq olsun. Gərək bu işlərə münasibət olsun. Əgər indi hamı birlikdə Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirə bilməsə, biz, - mən bu gün mitinqdə də dedim, neft strategiyasının həyata keçirilməsindən böyük gəlirlər alırıq, amma 2-3 ildən sonra daha da çox alacağıq, - təkcə neftlə bütün xalqımızı saxlaya bilmərik. Neftdən gələcəkdə alacağımız gəliri Azərbaycanda böyük bir infrastrukturun, başqa sahələrin inkişaf etdirilməsinə yönəltməliyik. Yeni işlərin görülməsinə yönəltməliyik. Amma insanlar gərək özləri iş yeri yaratsınlar, təşəbbüskarlıq göstərsinlər. Mən bu tövsiyələrimi sizə bildirmək istəyirəm.

Ümumiyyətlə, qış mövsümündə sosial məsələlər bir az da gərginləşir, kəskinləşir. Burada əsas məsələlərdən biri elektrik enerjisi ilə təminatdır. Demək olar ki, bu, məsələnin əsasıdır. Mən burada "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidentini bir az sıxışdırırdım. Ancaq eyni zamanda, demək istəyirəm ki, onlar son vaxtlar işlərini çox yaxşılaşdırıblar. Mən bunu qeyd etmək istəyirəm. Arzu edirəm ki, bu minvalla da getsinlər. Onda elektrik enerjisinin həm istehsalında, həm də istifadəsində daha da böyük imkanlar əldə ediləcəkdir. Mən bir də demək istəyirəm, burada Pirverdiyev də dedi ki, indi biz nə qədər yeni imkanlar yaratmışıq. Məsələn, Mingəçevirdə 8 enerji bloku var ki, vaxtilə onları biz 1970-80-ci illərdə tikmişdik. Onlar olmasaydı, biz indi, ümumiyyətlə, qaranlıqda idik. Amma onların istehsal gücü aşağı düşmüşdü, istənilən qədər enerji istehsal etmirdi. Onları təmir ediblər, gücünü artırıblar. Amma bundan sonra gərək çox nəzarət etsinlər ki, keçmişdəki səhvlər bir daha buraxılmasın.

Təəssüflər olsun ki, ötən illərdə elektrik enerjisi hasilatı sahəsində həm çox böyük səhvlər buraxılıb, həm də o sahədə insanlar onlara verilən imkanlardan sui-istifadə ediblər, dağıdıblar və çox xoşagəlməz işlər də görüblər. Onların hamısının qarşısı alınmalıdır. "Azərenerji" Səhmdar Cəmiyyətində bu tədbirlər həyata keçirilir və mən bu gün Pirverdiyevə tapşırıram: heç kəsdən çəkinmə, heç kəsdən qorxma. Mən səni təyin edəndə verdiyim göstərişləri ardıcıl surətdə həyata keçir. Kim sənə mane olarsa, mənə xəbər ver. Çünki bilirəm, keçmişdə bu işlərə mane olanlar da olubdur. İndi onları yaxına buraxmaq olmaz. Bizim bu sahə Azərbaycanın sosial problemlərinin həll olunmasında xüsusi rol oynayır.

Ancaq Pirverdiyev burada düzgün dedi, israfçılıq var. Siz bilirsiniz, keçmişdə, Sovetlər İttifaqı vaxtı elektrik enerjisi həm bol olub, - biz bunları yaratmışıq ki, bol olub, - həm də elektrik enerjisi çox ucuz idi. Ona görə də biz elektrik enerjisinə qənaət etməyə öyrənməmişik.

Xatirimdədir, mən hələ Moskvada işləyəndə, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olanda o vaxt bu məsələləri müzakirə edirdik. O vaxt artıq SSRİ-də elektrik enerjisi sahəsində gərginlik yaranmışdı. Biz Qərb ölkələrini, kapitalist ölkələrini özümüzlə müqayisə edirdik. Orada, məsələn, bir ailənin 5 otaqlı mənzili var, hər şeyi var. Ola bilər ki, 5 otağın ikisində televizor da var, maqnitofon və sair var. Amma o hansı otaqda oturursa, orada lampalar yanır, televizor işləyir, qalan otaqlarda söndürürlər. Rusiya da bizdəki kimi idi. Bəlkə indi düzəlibdir. Bəli, bunun 3 otağı, 4 otağı var, içəri girir, hər yerdə lampaları yandırır. Əgər 2 otaqda televizor varsa, ikisi də işləyir, başqa şeylər də işləyir. İndi qış vaxtı bizdə hələ yanacaq çatmadığına görə elektrik enerjisi çox yerlərdə, təəssüflər olsun ki, Bakı şəhərinin özündə də, başqa yerlərdə yanacaq əvəzinə istifadə olunur. Allaha şükür, sobalar istehsal olunubdur, alırlar, elektrik xəttinə qoşurlar, enerjinin çox hissəsini götürür, evində istilik yaradır, israfçılıq edir, pulunu da vermir.

Bu israfçılıq təkcə sizdə deyil, mən bunu buradan, Şəkidən deyirəm və bütün Azərbaycana aid edirəm. Bunun qarşısı alınmalıdır. İnsan gərək hər şeyə öz malı kimi baxsın. Amma bizim Azərbaycan vətəndaşları niyə öz malı kimi baxmırlar? Çünki işlədilən elektrik enerjisinin, burada dedilər, indi güc-bəla ilə 20 faizinin haqqı ödənilir. 80 faizinin haqqı gəlmir. Deməli, elektrik enerjisini insanlar pulsuz alırlarsa, onların vecinə deyil, evdə 5 lampa yandıracaq, 10 lampa yandıracaq, yaxud 1 lampa yandıracaqdır. Bilirsinizmi, bax, bu şüur hələ bizdə yaranmayıbdır. Amma bu da elektrik enerjisinin haqqını ödəməyə məcbur etməyənə qədər yaranmayacaqdır. Heç bir ölkədə belə qayda yoxdur. Mən MDB ölkələrini demirəm, orada bizimki kimi çox yerlər var. Amma başqa ölkələri, bizim qonşu İranı götürün, bizim qardaş Türkiyəni götürün.

Hər kəs elektrik enerjisinin pulunu bir gün gecikdirdisə, enerjini kəsirlər. Kim olur-olsun: bu kasıbdır, dövlətlidir, şəhid ailəsidir - fərqi yoxdur, enerjini kəsirlər. Bundan şikayət etməyə heç kimin haqqı yoxdur. Çünki elektrik enerjisindən istifadə etmək istəyirsənsə, pulunu verməlisən. Pulunu vermirsənsə, sənə elektrik enerjisi vermirlər. Amma biz hələ o səviyyəyə çatmamışıq. İnsanlarda bu keyfiyyəti yarada bilməmişik. Ona görə də elektrik enerjisi istehsalına biz həddindən çox vəsait sərf edirik, əvəzində isə haqqını ala bilmirik. Bax, bu da bizim büdcəyə çox böyük zərbə vurur. Ona görə mən bu gün "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidentinə tapşırdım və siz də bilin. Enerji təchizatında fasilələrdir, nədir, bunu sonra siz özünüz araşdıracaqsınız. Mən istəyirəm ki, Şəkidə insanlar elektrik enerjisi ilə normal təmin oluna bilsinlər. Bunun üçün siz əlaqəyə girin, danışın. Ancaq gərək qazın pulunu ödədiyiniz kimi, elektrik enerjisinin də pulunu ödəyəsiniz.

Onda elektrik enerjisini istədiyiniz qədər ala biləcəksiniz. Amma pulunu ödəyəndə, israfçılığa o qədər yol verilməyəcəkdir. Onda siz elektrik enerjisini lazım olan qədər alacaqsınız və beləliklə də, nə o tərəfə, nə də bu tərəfə çətinlik yaranacaqdır.

Mən çox məmnunam ki, indi Şəkiyə qaz gəlir. Burada İcra Hakimiyyətinin başçısı dedi ki, o illərdə, yəni 1970-ci illərdə biz Şəkidə 624 kilometr qaz xətləri yaratdıq. Necə oldu, bunu yaratdıq? Bizim imkanımız var idi. O illərdə mən, bəli, həm Azərbaycanda qaz hasilatını artırmışdım, həm də Rusiyadan əlavə qaz alırdıq. Aldığımız qaza heç pul da vermirdik. Çünki bu ümumi sovet iqtisadiyyatı idi. Çalışdım ki, qısa müddətdə bizim bütün şəhərlərə və kəndlərin də çoxuna qaz xəttini çəkək. Yaxşı ki, çəkdik. İndi həmin 600 kilometr qaz xəttini çəkmək olarmı, yoldaş Məlikov? Çəkmək olmaz. Buna nə qədər böyük vəsait lazımdır. Amma biz o illərdə, 70-80-ci illərdə həmin xətləri çəkdik. Onlar indi qalıbdır. 1996-cı ildə sizə verilən qaz kəsilmişdi, indi bunu bərpa etdik və burada da danışıldı ki, bu, nə cür oldu. Biz Rusiyadan qaz almağa başladıq. Çünki özümüz hasil edən qaz o qədər çox deyildir. Doğrudur, biz böyük bir qaz yatağı açmışıq - "Şahdəniz" yatağı. Orada 1 trilyon kubmetrdən artıq qaz var. Ona görə də biz Türkiyə ilə o qazı həmin ölkəyə ixrac etmək üçün müqavilə imzalamışıq. Oraya böyük vəsait qoyuruq. Yəni təkcə biz yox, bir çox xarici şirkətlərlə birlikdə. Bir neçə ildən sonra biz oradan qaz hasil edəcəyik, Türkiyəyə satacağıq. Həm oradan qaz çıxaracağıq, həm də neft quyularından səmt qazı alacağıq və o hesaba qaz artacaqdır. Onda əhalini qazla daha çox təmin etmək imkanı yaranacaqdır. Amma indi yoxdur. Əgər vaxtilə biz 15-16 milyard kubmetr qaz hasil edirdiksə, indi 6 milyard kubmetr, bəlkə ondan da az qaz hasil edirik. Bu, Azərbaycanı təmin etmir. Ona görə, bəli, İlham Əliyev vaxtilə təşəbbüs göstərdi, biz Rusiyadan qaz almağa başladıq. Amma ona da, siz bilirsiniz, çox pul veririk. Rusiya qazı bizə müftə vermir. Qazın hər min kubmetrinə 52 dollar pul veririk. İndi ildə 4 milyard kubmetr qaz alırıq. Bu da imkan verir ki, indi təkcə Bakını, onun ətrafını yox, başqa şəhərləri və rayonları da qazla təmin edək. Mən çox məmnunam ki, burada qazı alanlar, onun haqqının 90 faizini verirlər. Bu, çox yaxşı haldır. İstərdik ki, gələcəkdə də belə olsun. Burada Məlikov söz verdi, yaxın vaxtlarda Şəkiyə gələn qazı artıracaqdır. Demək olar ki, şəhərin əksər hissəsi qazla təmin olunubdur. Elədirmi? Bu, böyük bir hadisədir. Olmayanda, görürdünüz ki, qazsız yaşamaq necədir. İndi qaz alanda həm əhəmiyyətini, həm də ləzzətini görürsünüz.

Beləliklə, biz bu işləri görürük ki, xalqın sosial vəziyyəti yaxşılaşsın. Bu, bizim vəzifəmizdir. Biz bunu edirik. İqtisadiyyatı inkişaf etdiririk ki, gəlirlərimiz artsın və bunların nəticəsində xalqın rifah halını yaxşılaşdıraq.

Mən 2003-cü ilin dövlət büdcəsinin layihəsini təqdim etmişəm. Milli Məclisimiz bunu müzakirə edir, yaxın günlərdə müzakirə qurtaracaqdır, güman edirəm ki, layihəni təsdiq edəcəklər. O büdcə ilə də biz bir çox sosial məsələləri həll edəcəyik.

Mən bu gün deyə bilərəm ki, biz büdcədən maliyyələşdirilən təşkilatlarda işləyən vətəndaşlarımızın tam əksəriyyətinin maaşlarını artıracağıq. Burada Kiş kəndindən də müəllim çıxış etdi. Mən ona bildirmək istəyirəm, qoy bütün müəllimlər də bilsinlər ki, onların maaşını mən 2003-cü ildə birinci növbədə artıracağam. Özü də bu artım çox ciddi olacaqdır. Təkcə müəllimlər deyil, səhiyyə işçiləri də var, mədəniyyət işçiləri də var, başqaları da. Əvvəlcədən demək istəmirəm. Büdcə təsdiq olunsun, sonra biz onun planını quracağıq və ardıcıl surətdə, ilin birinci hissəsində bunların hamısı təmin olunacaqdır. İndi təsəvvür edin, 1996-cı ildən indiyə qədər maaşlar 3,4-3,5 dəfə artıbdır. Maaşları hər il artırırıq. 2003-cü ildə də artıracağıq.

Demək, bax, bu, bizim iqtisadiyyatımızın inkişafının nəticəsində əldə olunan imkanlardır ki, onu da biz dərhal vətəndaşlarımızın rifahının yaxşılaşmasına yönəldirik. Bu da bizim vəzifəmizdir. Bunlar sosial məsələlərdir. Ancaq bazar iqtisadiyyatı sistemində başqa məsələlərin çoxu artıq insanların özlərinin üzərinə düşür. İnsanların özləri çalışmalı, təşəbbüskarlıq göstərməlidirlər.

Mən sizə deməliyəm ki, biz əhalidən və müəssisələrin bir çoxundan istifadə olunan elektrik enerjisinin, qazın, suyun haqlarını yığa bilmədiyimizə görə, - bunun səbəblərini də mən sizə dedim, - ildə 350 milyon dollar, bəlkə də çox vəsait itiririk.

Fərhad Əliyev: 600 milyon dollardan çox…

Heydər Əliyev: 600 milyon dollardan çox. Mən bilən, sən çox deyirsən, hə?

Fərhad Əliyev: Cənab prezident, mövcud qiymətlərlə təxminən 350 milyon dollardır, amma dünya qiymətləri ilə götürdükdə, - İlham müəllim düz deyir, - həm qaza, həm də elektrik enerjisinə görə təxminən 655 milyon dollar subsidiya veririk.

Heydər Əliyev: Dünya qiymətləri ilə götürdükdə. Mən yenə də deyirəm, mövcud qiymətlərlə götürdükdə biz əhalidən və müəssisələrdən elektrik enerjisinin, qazın, suyun pulunu, habelə kanalizasiya xidmətinin haqqını ala bilmədiyimizə görə, təxminən 350 milyon dollar vəsaiti dövlətin hesabına ödəyirik. Başa düşürsünüzmü? Əgər biz onları toplaya bilsəydik, bu 350 milyonu oraya sərf etməzdik, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldərdik.

Mən ötən gün Bakı metrosu haqqında danışırdım. Mən indi 9 ildir burada işləyirəm, bu müddətdə Bakı metrosunda gediş haqqı dəyişməyibdir - 250 manatdır. Amma Moskva metrosunda bizim pulla 1100 manatdır. Bakı metrosunun rentabelli işləməsi üçün gediş haqqı gərək 1000 manat olsun. Amma biz 250 manat alırıq. Deməli, hər dəfə biz vətəndaşlarımıza 750 manat pul veririk, güzəşt edirik. O, bunu dövlətə verməlidir, amma biz ona veririk. Dolayısı ilə vətəndaşlarımıza yardım edirik. O cümlədən elektrik enerjisinin pulunu versə, deməli, bu, onun cibindən gedəcəkdir. Enerjinin pulunu vermir, onu müftə alır. Bu da bizim ona sosial yardımımızdır, sosial müdafiəmizdir. Amma yaxşı olar, hər şey düz olsun. Biz satırıq, yəni dövlət satır, pulunu alır, aldığı pulun hamısını da başqa yerə sərf etmir, yenə də vətəndaşların rifah halının yaxşılaşmasına, maaşların artmasına, digər sosial məsələlərə sərf edir. Bax, biz bu sistemi yaratmalıyıq. Bu sistemi yaradandan sonra, mən sizi inandırıram, bizim yaşayışımız bundan daha da yaxşı olacaqdır.

Güman edirəm ki, mənim bu sözlərimdən özünüz üçün nəticə çıxaracaqsınız. Şəkinin sakinləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi yolunda ön sıralarda gedəcəklər.

Bu gün siz burada mənim fəaliyyətim haqqında danışdınız, mənə xoş sözlər dediniz. Sizə təşəkkür edirəm. Mən 9 ildir ki, sizin iradənizlə, Azərbaycan xalqının iradəsi ilə, ağır şəraitdə Azərbaycanın prezidenti kimi bir vəzifəni daşıyıram. Bu gün də daşıyıram, sabah da və güman edirəm, bundan sonra da daşıyacağam. Əmin ola bilərsiniz, bu vəzifə ağır vəzifədir, çətin vəzifədir. Kənardan bu vəzifənin həsrətində olanlar çoxdur. Vaxtilə də bu vəzifəni əldə etmək istəyən adamlar vardı. Azərbaycanda 2-3 ildə bir neçə Prezident dəyişdi. Hərəsi bir ildən artıq tab gətirə bilmədi, Azərbaycana rəhbərlik edə bilmədilər və vəzifələrini qoyub qaçdılar. Amma bir halda ki, o ağır 1993-cü ildə xalq mənə müraciət etdi, etimad göstərdi, mən bu vəzifəni üzərimə götürdüm. Mən indiyə qədər bu vəzifəni daşımışam, nə qədər ağır olsa, nə qədər çətin olsa da, bunu daşıyacağam.

Bu gün mən mitinqdə dedim, bir də deyirəm, bütün problemlərin hamısını həll edirik və həll edəcəyik. Respublikamız ilbəil yüksələcəkdir. Bir problem bizim üçün ən ağır problemdir. Bu da Ermənistan-Azərbaycan münaqişəsini həll etməkdir. Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Çünki şəxsən mən yenidən qan tökülməsini istəmirəm, yenidən müharibə başlamaq istəmirəm. 1994-cü ilin mayına qədər bizim xalqımız o müharibənin nə olduğunu gördü. Xalqımız onun ağrı-acısını indiyə qədər də çəkir. Ona görə də bir şeyi sülh yolu ilə həll etmək olarsa, bu yolla həll etmək lazımdır. Ancaq bu da çətindir, bu da ağırdır. Səbəblərini siz bilirsiniz. Amma sizə bəyan edirəm ki, bu məsələ ilə mən daim məşğul oluram və bundan sonra da məşğul olacağam. İndiyə qədər əldə etdiyim bütün təcrübəni, biliyi, bütün beynəlxalq təşkilatlarla yaratdığım əlaqələri, ATƏT-in Minsk qrupu ilə daim apardığım işlərin hamısını bundan sonra da davam etdirəcəyəm ki, məsələni sülh yolu ilə həll edək. Həll edəcəyik, mütləq həll edəcəyik və ölkəmiz bu bəladan da qurtaracaq, ərazi bütövlüyümüz bərpa olunacaq, vətəndaşlarımız öz yerinə-yurduna qayıdacaq və respublikamız bundan sonra daha yüksək sürətlə inkişaf edəcəkdir.

Qalan işləri görərkən mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Bu günlər vətəndaşlarla həm mitinqdə, həm küçələrdə görüşlər onu göstərdi ki, bəli, yenə də xalq, yenə də xalq… Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır. İndiyə qədər mənim həyatım xalqa xidmətdə keçib və gələcəkdə də bu xidmətimi davam etdirəcəyəm.

Mənə göstərdikləri etimada görə və burada gördüyüm xoş münasibətə görə bütün Şəki əhalisinə təşəkkür edirəm. Ümidvar olmaq istəyirəm ki, Şəki camaatı gələcəkdə də mənə münasibətdə bu cür sağlam mövqedə duracaq, dövlətçilik mövqeyində duracaq, Azərbaycan dövlətçiliyini müdafiə edəcək və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz xidmətlərini göstərəcəkdir. Sağ olun.

Tarixi arayış