Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Britaniya -Azərbaycan Parlament qrupunun nümayəndə heyətini qəbul edərkən söhbətindən - 11 avqust 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Çox məmnunam ki, keçən il Britaniyada-Londonda olarkən görüşlərimiz zamanı mənim sizə etdiyim dəvəti gec də olsa yerinə yetirmisiniz.

Keçən il təxminən bu vaxt, ola bilər, bundan bir az əvvəl, yay vaxtı idi. Mən Böyük Britaniyaya rəsmi səfər etdiyim zaman Londonda bir çox əhəmiyyətli görüşlər oldu və ölkələrimiz arasında çox mühüm sənədlər imzalandı. Baş nazir cənab Toni Bleyrlə çox əhəmiyyətli görüşlərimiz oldu. Ülyahəzrət kraliça ilə görüşümüzü də çox məmnuniyyətlə xatırlayıram. Nazirlərlə də çox görüşlərim oldu. Eyni zamanda parlamentdə də görüşlər oldu. Xüsusən Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə görüşüm çox əhəmiyyətli oldu. Təbiidir ki, bunlar hamısı Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əlaqələri daha da inkişaf etdirir. Hesab edirəm ki, Böyük Britaniyaya keçənilki rəsmi səfərimdən sonra bu sahədə xeyli işlər görülübdür. Bu sahədə Böyük Britaniya parlamentinin Azərbaycana olan çox dost, mehriban münasibəti də bizi çox sevindirir. Bütün bunlara görə mən məmnunam ki, siz Azərbaycandasınız, ölkəmizin bu gününü görürsünüz, sizinlə danışıqlar aparmaq imkanına malikik. Hesab edirəm ki, bugünkü görüşlər, sizin bu səfəriniz də Azərbaycan-Böyük Britaniya əlaqələrinə böyük töhfə olacaqdır. Mən sizi salamlayıram.

Corc Brüs (Böyük Britaniya parlamenti İcmalar Palatasının üzvü): Cənab prezident, bizim nümayəndə heyətimiz ikiqat sevinc içindədir. Birincisi ona görə ki, burada, Sizin ölkənizdəyik. İkincisi isə, Sizin səhhətiniz çox gözəldir və tam inanırıq ki, bundan sonra da Azərbaycan üçün çox iş görəcək, Bakıda çoxlu binalar ucaldacaqsınız.

İndiyə qədər burada əla görüşlərimiz olmuşdur. Ümumiyyətlə, proqramımız çox gözəl təşkil edilmişdir. Qəti əminik ki, Böyük Britaniyaya nəinki Azərbaycan haqqında biliklər əldə edərək qayıdacağıq, həm də Azərbaycana bu vaxta qədər etdiyimizdən daha çox dəstək verəcəyik.

Zənnimcə, Sizin ölkəni tanıyanların hamısı bu fikirlə razılaşar ki, Azərbaycanda çox qısa müddətdə böyük dəyişikliklər, böyük irəliləyiş baş vermişdir. Baxmayaraq ki, hazırda ölkənizin irəliləməsinə həm Dağlıq Qarabağdakı böhran, həm də neftin qiymətlərinin aşağı düşməsi böyük təsir göstərir. Bütün bu çətinliklərə baxmayaraq, Siz gələcək inkişaf üçün, bütün sahələrdə irəliyə getmək üçün çox güclü baza yaratmısınız.

Deməliyəm ki, Sizin ölkəniz potensial cəhətdən çox kövrək bir çoğrafi ərazidə yerləşmişdir. İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu qrupu buraya indiki səfərdən sonra Birləşmiş Krallığın Qafqaz və Orta Asiya siyasətinin necə olub-olmaması haqqında böyük raport yazacaqdır.

Dağlıq Qarabağ böhranı ilə rəsmi surətdə Minsk qrupu məşğul olur. Biz elə etməliyik ki, gələcəkdə Minsk qrupunun müəyyən elədiyi prinsiplər hər iki tərəf üçün ədalətli surətdə tətbiq olunsun. Yəni elə etməliyik ki, həm regionun sabitliyi, həm iqtisadi irəliləyişi, həm də dünyanın sabitliyi gözlənilsin. Elə etməliyik ki, bu böhran regionda beynəlxalq əlaqələrə xələl gətirməsin.

Heydər Əliyev: Əvvəla, Azərbaycan haqqında, ölkəmizin bu günü, Azərbaycanda baş vermiş müsbət dəyişikliklər barədə, əldə etdiyimiz nailiyyətlər barədə dediyiniz dəyərli sözlərə görə təşəkkürümü bildirirəm. Şəxsən mənim səhhətimin daha yaxşı olması haqqında fikirləriniz məni çox sevindirir. Təbiidir, mən ağır qəlb cərrahiyyə əməliyyatı keçirmişəm. Əməliyyat günündən üç ay keçibdir, ancaq görürsünüz ki, çox yaxşıyam. Hesab edirəm ki, bundan sonra daha yaxşı olacağam. Sizin istək və arzularınızı, - indicə dediyiniz kimi, Azərbaycanın daha da inkişafını təmin etmək və çoxlu yeni-yeni binalar tikmək, - mən bu sözü çox maraqla qəbul edirəm, - yerinə yetirməyə, şübhəsiz ki, nail olacağam, bunların hamısını təmin edəcəyəm.

Biz Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrə xüsusi əhəmiyyət veririk. Keçən il Londonda olarkən hörmətli baş nazir cənab Toni Bleyr və mən təyin etdik ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr strateji əməkdaşlıq, tərəfdaşlıq xarakteri daşıyır. Bu formulun əsasında biz öz işlərimizi aparırıq.

Xatirimdədir, həm baş nazir cənab Toni Bleyr, həm də xarici işlər naziri cənab Robin Kuk danışıqlarda mənə bildirdilər ki, onlar bu bölgədə Azərbaycana o qədər böyük əhəmiyyət verirlər ki, Böyük Britaniyanın buradakı səfirliyinin ştatını xeyli artıracaqlar. Güman edirəm ki, onlar öz fikirlərini yerinə yetirirlər. Aprel ayında Vaşinqtonda NATO-nun 50 illik yubileyində olarkən mənim cənab Toni Bleyrlə və cənab Robin Kukla çox qısa görüşlərim, danışıqlarım oldu. Cənab Robin Kuk məni görən kimi dedi ki, biz verdiyimiz sözlərə əməl edirik, Azərbaycanda öz səfirliyimizi daha da gücləndiririk. Elə bunun özü onu göstərir ki, Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə həqiqtən yeni bir mərhələyə keçibdir.

Bizim iqtisadi əlaqələrimiz gündən-günə genişlənir və mən bundan çox məmnunam. 1994-cü ildə imzaladığımız ilk neft müqaviləsində - "Əsrin müqaviləsi"ndə Bi-Pi şirkəti çox böyük yer tutur. İndi o, Amerika Birləşmiş Ştatlarının "Amoko" şirkəti ilə birləşəndən sonra konsorsiumda, demək olar ki, tamamilə hakimdir. Keçən il Böyük Britaniya baş nazirinin iqamətgahında yeni böyük müqavilələr imzaladıq - Bi-Pi ilə çox zəngin neft yatağı haqqında müqavilə imzaladıq, "Monument oyl", "Remko" şirkətləri ilə müqavilələr imzaladıq. Bunlar hamısı Böyük Britaniya - Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsini göstərir.

Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, Bi-Pi "Statoyl"un başçılığı ilə imzaladığımız böyük bir müqaviləmiz artıq öz müsbət nəticələrini verir. Bu müqaviləni 1996-cı ildə imzalamışdıq və o, Xəzər dənizinin Azərbaycan sektorundakı böyük "Şahdəniz" yatağı barədədir. Orada iki il müddətində görülən işlər və qazılan quyu "Şahdəniz" yatağının çox böyük, müqaviləni imzalayanda nəzərdə tutduğumuzdan da ikiqat artıq imkanlara malik olduğunu, xüsusən orada böyük qaz ehtiyatlarının olduğunu göstərdi. Konsorsium və onun başçısı Bi-Pi Bakıda və Londonda bəyan etmişlər ki, oradan həqiqətən 500 milyard kubmetrdən çox qaz almaq olar. Ancaq bizim neftçilər, mütəxəsislərimiz deyirlər ki, konsorsiumun üzvləri, xüsusən Bi-Pi bu barədə çox ehtiyatla məlumat verirlər.

İndi ikinci quyu qazılır və bizim neftçilər deyirlər ki, 700 milyard kubmetr və bəlkə bundan da çox qaz almaq mümkün olacaqdır. Mən bizim neftçilərə çox inanıram. Onlar öz proqnozlarında, demək olar, heç vaxt səhv etməyiblər, yanılmayıblar. Təsəvvür edin, "Şahdəniz" neft yatağı, - indi artıq böyük qaz yatağıdır, - 1954-cü ildə kəşf olunubdur. 80-ci illərin sonunda Azərbaycan neftçiləri orada qazma işləri aparmışdılar, ancaq su çox dərin olduğuna görə bu işləri davam etdirə bilməmişdilər. Onlar müqavilə imzalanmamışdan proqnoz verirdilər ki, orada ən azı 400 milyard kubmetr qaz var. Ona görə hesab edirəm ki, əgər onların iki il bundan öncə verdikləri proqnoz təsdiq olunubsa, bu gün verdikləri proqnoz da təsdiq ediləcəkdir.

Bunlar hamısı Böyük Britaniya ilə Azərbaycan arasında olan iqtisadi əlaqələri əks etdirir. Təkcə neft-qaz sahəsində yox, bir çox başqa sahələrdə də biz Böyük Britaniyanın şirkətləri ilə çox uğurlu əməkdaşlıq edirik.

Mən çox məmnunam ki, siz Ermənistan-Azərbaycan münaqişəsinə, Dağlıq Qarabağ probleminə toxundunuz. Xatirinizdədir ki, mən Londonda olarkən bu haqda çox ətraflı danışıqlar aparmışdıq. Mən bilirəm, Böyük Britaniya hökumətinin, parlamentinin bu barədə mövqeyi həmişə doğru-düzgün, ədalətli olubdur. İndi verdiyiniz bəyanat da bir daha onu göstərir ki, siz bu məsələnin ədalətli həllinin tərəfdarısınız. Biz də həmişə bunu istəyirik, bundan artıq heç bir şey istəmirik.

Ancaq təəssüflər olsun ki, indi biz ədalətə, öz haqqımıza nail ola bilmirik. Minsk qrupu yeddi ildir ki, fəaliyyət göstərir. Son beş ildə - biz Ermənistanla atəşkəs haqqında saziş imzalayandan sonra Minsk qrupu ilə çox intensiv iş aparırıq. Təbiidir ki, bu illərdə onlar çox işlər görüblər, təkliflər hazırlayıb təqdim ediblər. Onların verdiyi təkliflərin bəzilərini biz qəbul etdik. Xüsusən 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında verilən təklifləri qəbul etdik. Ancaq Ermənistan tərəfi bunu qəbul etmədi.

Bir neçə vaxt öncə yeni təklif verib, ancaq o təklifi biz qəbul edə bilmərik. Ona görə bundan sonra hələ çox iş görülməlidir. Güman edirəm ki, Böyük Britaniya bu barədə həm indiyə qədər olduğu kimi öz mövqeyində duracaq, həm də bizə mümkün olan yardımları edəcəkdir. Bu ilin noyabr ayında ATƏT-in növbəti zirvə görüşü İstanbulda keçiriləcəkdir. Lissabon zirvə görüşündən üç il keçir. Ona görə də hamımız birlikdə çalışmalıyıq ki, bu zirvə görüşünə qədər konkret nəticələr əldə edə bilək. Mən bir də bəyan edirəm ki, biz məsələnin sülh yolu ilə, ədalətli həll olunmasının tərəfdarıyıq. İşğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin çıxmasını tələb edirik. Dağlıq Qarabağa nəzərdə tutulmuş yüksək dərəcəli özünüidarə statusu verilməsinə razılıq vermişik. Güman edirəm ki, məsələni ancaq bu pinsiplər ədalətli həll edə bilər.

Düşünürəm ki, siz bu gün bu barədə həm parlamentdə, həm də Xarici İşlər Nazirliyində ətraflı danışıqlar aparmısınız. Ona görə güman edirəm ki, mənim indi dediklərim də sizin üçün Azərbaycanın bugünkü mövqeyini tam açıq göstərir. Biz ümidlərimizi heç vaxt itirməmişik və itirmirik, məsələnin həll edilməsinə nail olacağıq.

Bir daha qeyd etmək istəyirəm ki, sizin Azərbaycana bu ziyarətiniz çox əhəmiyyətlidir. Azərbaycanın bugünkü günü ilə yaxından tanış olursunuz. Görürsünüz ki, Azərbaycanda necə demokratik proseslər həyata keçirilir, iqtisadiyyatın inkişaf etdirilməsi üçün çoxsaylı islahatlar aparılır. Artıq bu islahatlar öz müsbət nəticələrini verir. Biz Azərbaycanda bazar iqtisadiyyatı yaradırıq. İqtisadiyyatın irəliləməsi üçün bazar iqtisadiyyatı prinsiplərini əsas hesab edirik.

Mən sizə deyə bilərəm ki, 1996-cı ildən Azərbaycanın iqtisadiyyatı əvvəlki illərdə olan tənəzzülü dayandırıb və ilbəil artımı təmin edir. Məsələn, bu ilin yeddi ayında da ümumi daxili məhsul təxminən 5 faiz, o cümlədən sənaye istehsalı 2,5 və ya 2,6 faiz, kənd təsərrüfatı istehsalı təxminən 3 faiz artıbdır. Azərbaycanda maliyyə vəziyyəti çox sabitdir. Son bir ildə, bəlkə ondan da artıq bir müddətdə bizim ətrafımızda çox böyük inflyasiyalar baş verdi. Uzaq Şərqdə - Yaponiyada, yaxud Cənub-Şərqi Asiyada - İndoneziyada, ya da bizim qonşumuz Rusiyada bu sahədə ciddi proseslər baş verdi. Təbii ki, bu, Azərbaycanın iqtisadiyyatına müəyyən mənfi təsir göstərdi. Ola bilərdi ki, daha da çox mənfi təsir göstərsin. Ancaq biz bunun qarşısını aldıq.

Yenə də deyirəm, bizdə iqtisadiyyatda sabitlik təmin olunmuşdur. Təkcə neft sahəsində deyil, başqa sahələrdə də Azərbaycana xarici sərmayə çox güclü olur. Dünən axşam mən Amerika Birləşmiş Ştatlarının "Həyat" şirkətinin burada yaratdığı böyük otel kompleksinə getmişdim. Orada böyük bir otel, onunla bərabər çoxşaxəli istirahət mərkəzi - insanların istirahət etməsi, müxtəlif dürlü idmanla məşğul olması üçün çox gözəl şərait yaranıb, çox gözəl binalar tikilibdir. Bu hamısı xarici sərmayənin hesabınadır.

Son illərdə Azərbaycanda, xüsusən Bakıda aparılan tikinti işləri, ucaldılmış binalar, yaxud istehsal sahələri, infrastruktura aid olan sahələrin hamısı özəl sektora aiddir və böyük hissəsi xarici sərmayənin hesabınadır. Bunlar hamısı bizim apardığımız iqtisadi siyasətin nəticəsidir. Amma bu işlərin əsasında son illərdə Azərbaycanda təmin olunmuş ictimai-siyasi sabitlik durur. Ötən illərdə Azərbaycanda vəziyyət çox ağır olmuşdur. Ermənistan - Azərbaycan müharibəsi, Dağlıq Qarabağ üstündə müharibə getdiyi zaman Azərbaycanın daxilində də cürbəcür silahlı dəstələr, qruplar bir-biri ilə münaqişə aparır. Hakimiyyət davası edirdilər. Bu da Azərbaycanın daxilində sabitliyi tamamilə pozmuşdu. Son illərdə biz sabitliyi təmin etmişik. Yenə də deyirəm, bu, həm insanlarımızın rahat yaşaması, həm də islahatların həyata keçirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi üçün əsas şərtdir.

Güman edirəm, burada olacağınız günlərdə bunları öz göslərinizlə görəcəksiniz. Azərbaycana ziyarətiniz münasibətilə sizə bir daha təşəkkür edirəm.

Evans Haycel: Cənab prezident, mən çox şadam ki, biz bu gün Sizi ziyarət edirik. Məlum olduğu kimi nümayəndə heyətimizin tərkibində müxtəlif partiyaların nümayəndələri vardır. Corc Brüs hazırda hakimiyyətdə olan partiyanın nümayəndəsidir. Digərləri müxalifət partiyalarını təmsil edirlər. Mən isə mühafizəkarlar partiyasının, yəni Con Meycorun rəhbərlik etdiyi partiyanın nümayəndəsiyəm. Con Meycorla mənim çox yaxın əlaqələrim vardır. Bilirəm ki, Sizin onunla çoxlu görüşləriniz olubdur. Hazırda bu partiyaya Uilyam Hey başçılıq edir. Onların hər ikisinin Sizə çox səmimi salamları vardır. Biz ümumiyyətlə, Böyük Britaniyadakı bütün mühafizəkarlar adından həm Sizə, həm də Azərbaycan xalqına səmimi salamlarımızı yetirmək istəyirik.

Bu, şəxsən mənim Azərbaycana üçüncü səfərimdir. Mən bir az bundan əvvəl adını çəkdiyiniz müqavilənin imzalanması zamanı Bakıya gəlmişdim və həmin mərasimdə iştirak etmişdim. Sizin yaxın dostunuz Tim Eqqar o vaxt Böyük Britaniyanın enerji naziri idi. Daha sonra mən Azərbaycanda demokratik proseslərin inkişafını müşahidə etmək üçün bir daha Bakıya gəlmişdim. İndi bu, mənim Bakıya üçüncü səfərimdir.

Azərbaycana əvvəlki səfərlərim, həmçinin indiki səfərim zamanı gördüklərim məni son dərəcədə valeh edir. Siz Azərbaycanın iqtisadi inkişafındakı nailiyyətlərdən söhbət açdınız. Bunlar həqiqətən heyranedici göstəricilərdir. Lakin bununla iş bitmir. İnsan hüquqlarının qorunması sahəsində də Azərbaycanda böyük nailiyyətlər əldə olunmuşdur.

Cənab prezident, bütün bu nailiyyətlər münasibətilə mən Sizi ürəkdən təbrik etmək istəyirəm. Mın ümumiyyətlə, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.

Yəqin Siz danışığımdan da hiss etdiniz, mən Uelsdənəm. Məlum olduğu kimi, Uels keçən əsrdə böyük enerji mərkəzi idi. Yəni ilk dəfə Uelsdə kömür mədənləri tapılmışdı. Hesab edirəm ki, Bakı ilə Uelsin bu barədə oxşarlığı vardır. Məlumdur ki, Azərbaycan enerji yataqları ilə zəngindir. Ümid edirəm ki, Azərbaycan gələn əsrdə əsas enerji mərkəzlərindən biri olacaqdır.

Heydər Əliyev: Çox sağ olun, söylədiyiniz bu sözlərə görə sizə təşəkkür edirəm. Mən cənab Con Meycorla keçirdiyim görüşləri, apardığım danışıqları məmnuniyyətlə xatırlayıram. Müstəqil Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrin qurulmasının əsasında mühafizəkarlar partiyası və cənab Con Meycor dayanıbdır. Mən 1994-cü ilin fevral ayında, - Azərbaycanda cəmi bir neçə ay idi ki, prezident seçilmişdim, - cənab Con Meycor tərəfindən Böyük Britaniyaya dəvət olundum. Mən orada rəsmi səfərdə oldum. Biz o vaxt Böyük Britaniya ilə Azərbaycan arasında ilk böyük sazişləri imzaladıq. Məhz o vaxt Böyük Britaniyada Azərbaycanın, Azərbaycanda isə Böyük Britaniyanın səfirlikləri açıldı və bizim əlaqələrimiz sürətlə inkişaf etməyə başladı.

Cənab Meycor ilə mənim sonralar həm Londonda, həm də beynəlxalq təşkilatların toplantılarında çoxlu görüşlərim olmuşdur. Yenə də deyirəm, mən həmin hökumətlə əməkdaşlığımı xatırlayıram və yüksək qiymətləndirirəm.

Böyük Britaniyada yaxşı şeylər çoxdur, onlardan biri də bundan ibarətdir ki, sizin ölkənizdə cəmisi iki partiya - mühafizəkarlar və leyboristlər partiyası vardır.

Evans Haycel: Biz də elə düşünmək istərdik.

Heydər Əliyev: Hər halda XX əsrdə Böyük Britaniyada hakimiyyətdə gah mühafizəkarlar, gah da leyboristlər olubdur. Özü də mən belə hiss edirəm ki, bu partiyaların arasında müəyyən anlaşma vardır. Bir müddət leyboristlər, sonra mühafizəkarlar hakimiyyətdə olurlar, vaxt gələndə bir-birini əvəz edirlər. Doğrudur, mühafizəkarlar hakimiyyətdə daha çox olublar. Hər halda mən belə düşünürəm. Tarixi yada salaq. Mən vaxtilə bir şeyə təəccüb edirdim. İkinci dünya müharibəsində Böyük Britaniyada mühafizəkarlar hakimiyyətdə idilər. Böyük Uinston Çörçill bütün bunlara rəhbərlik edirdi. O vaxt İkinci dünya müharibəsində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Sovet İttifaqı Hitler Almaniyasına qarşı müttəfiq idilər. Müharibə bu müttəfiqlər üçün uğurla qurtardı, faşist Almaniyası məğlub oldu. Ancaq müharibə qurtaran kimi Böyük Britaniyada seçkilər keçirildi. Müharibə vaxtı mühafizəkarların o qədər əziyyətlərinə baxmayaraq, leyboristlər qalib gəldilər.

Həmin dövr mənim xatirimdədir. O vaxt biz gənc idik. Hətta biz təəcüb etdik ki, müharibəni Uinston Çörçill apardı, amma Potsdam konfransına Uinston Çörçill yox, Ettli gəldi.

Böyük Britaniya qəribə ölkədir, amma çox yaxşı ölkədir. Ona görə də mühafizəkar, ya da leyborist olmasının mənim üçün fərqi yoxdur. Çünki biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq. O vaxtlar mühafizəkarlar hakimiyyətdə idi, biz çox uğurlu əməkdaşlıq edirdik. İndi leyboristlər hakimiyyətdədir, uğurlu əməkdaşlığımız davam edir.

Hesab edirəm ki, ölkənizin ən böyük nailiyyətlərindən biri odur ki, sizdə partiyaların hakimiyyətdə dəyişməsinə baxmayaraq, xarici siyasətinizdə dəyişikliklər baş vermir. Leyboristlərə hakimiyyətdə, mühafizəkarlara isə müxalifətdə uğurlar arzulayıram.

Məndən cənab Con Meycora və partiyanın yeni liderinə salam söyləyin. Şübhəsiz ki, məndən baş nazir cənab Toni Bleyrə, Robin Kuka salam söyləyin. Bu günlərdə mətbuatda xəbər verdilər ki, Böyük Britaniyanın müdafiə naziri cənab Robertson indi NATO-nun baş katibi olubdur. Mən keçən il Londonda olarkən onunla görüşümüz çox gözəl keçdi. Biz çox yaxşı danışıqlar apardıq. Mən ona təbrik məktubu göndərmişəm. Cənab Robertsona NATO-nun baş katibi kimi uğurlar arzulayıram. Sağ olun.


"Azərbaycan" qəzeti, 12 avqust 1999-cu il.