Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Birləşmiş Ştatların ticarət naziri Donald Evans ilə görüşmüşdür - 24 fevral 2003-cü il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fevralın 24-də öz iqamətgahında Birləşmiş Ştatların ticarət naziri Donald Evansı qəbul etmişdir.

Dövlətimizin başçısı ilə görüşmək imkanından şərəf duyduğunu söyləyən nazir Azərbaycan Prezidentinin Vaşinqtona səfərini yüksək qiymətləndirərək dedi ki, ABŞ müstəqil Azərbaycanın uğurlarını maraqla izləyir. O, qlobal əhəmiyyətə malik layihə adlandırdığı Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsini Azərbaycan Respublikasının və şəxsən prezident Heydər Əliyevin böyük uğuru kimi dəyərləndirdi.

Prezident Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı zəngin neft yataqlarının birgə işlənilməsinə dair dünyanın, o cümlədən ABŞ-ın aparıcı şirkətləri ilə müqavilələrin imzalanmasında, habelə əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatlar hökumətinin xüsusi rolu olduğunu vurğuladı. Eyni zamanda, bütün bu işlərdə gənc, müstəqil Azərbaycan dövlətinin də böyük qətiyyət və iradə nümayiş etdirdiyini xatırlatdı. Prezident Heydər Əliyev dedi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə indi də cürbəcür maneələr var. Biz onların aradan qaldırılmasında ABŞ-ın dəstəyinə ümid bəsləyirik.

Nazir Donald Evans bildirdi ki, dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunmaq sahəsində Azərbaycanın gördüyü işləri ABŞ höküməti və ölkənin işgüzar dairələrinin nümayəndələri yüksək qiymətləndirirlər. Birləşmiş Ştatlar əsas ixrac boru kəmərini Xəzər regionunu dünya iqtisadiyyatına qovuşduran mühüm vasitə hesab edir. Biz bu sahədə Azərbaycanı hər cəhətdən dəstəkləyəcəyik. Cənab Evans daha sonra dedi ki, ABŞ Azərbaycanla həm neft-qaz sektorunda, həm də digər sahələrdə əməkdaşlığı genişləndirəcəkdir. Bununla bağlı o, gəmiçilik, rabitə və hava nəqliyyatı sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair konkret fikirlər söylədi. Ölkəsinin xarici siyasətində, xüsusən iqtisadi-ticarət əlaqələrində Azərbaycana böyük əhəmiyyət verdiyini vurğulayan Donald Evans bu sahədə Azərbaycan Prezidenti Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini yüksək qiymətləndirdi.

Azərbaycan Prezidenti Heydər Əliyev cənab Donald Evansı ölkəmizə səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

AzərTAc