Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 31 avqust 1999-cu il


Əziz dostlar!

Bu gün bizim bu görüşümüz başlanarkən tələbələr və salonda olan bəzi şəxslər Azərbaycanın dövlət himnini oxudular. Bu, çox sevindirici haldır. Biz hələ bir neçə il bundan öncə Azərbaycanın dövlət himninin bütün məktəblərdə, universitetlərdə, digər təhsil ocaqlarında öyrənilməsi və daim oxunması haqqında öz qərarımızı vermişdik. Təbiidir ki, keçmişimizə baxanda bu, o qədər də asan deyildir, qeyri-adi haldır. Çünki bizim yaşadığımız keçmiş illərdə Azərbaycanın himni - onun musiqisi də, sözləri də olubdur, bu himnin musiqisini bəzi təntənəli mərasimlərdə eşitmişik. Amma təəssüf olsun ki, sözlərini heç vaxt eşitməmişdik. Çünki himn oxumaq adəti yox idi. Bir də ki, biz elə bir ölkədə yaşayırdıq ki, iki himn var idi - onun biri Sovet İttifaqının, digəri Azərbaycanın himni idi. Ona görə də birini oxuyub, o birisini oxumasaydın mümkün olmazdı. Onların ikisini də oxumaq yəqin ki, ağır olardı. Amma səbəb təkcə bundan ibarət deyildi. Əsas səbəb ondan ibarət idi ki, o dövrdə himn formal xarakter daşıyırdı. Formal xarakter daşıdığına görə də himn hər bir vətəndaşın, hər bir insanın qəlbinə daxil olmamışdı. Bu, keçmiş dövlət quruculuğunun çatışmazlığı, nöqsanı idi. Ancaq bu, təbii meydana gələn hadisə idi.

Azərbaycan müstəqil dövlət kimi müstəqilliyinin bütün elementlərini, atributlarını inkişaf etdirməli, onu insanların şüuruna yeritməlidir. İnsan öz gəncliyindən vətənini, bayrağını, millətini, himnini sevməlidir. Sevmək üçün də bunu bilməlidir.

Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş xalq cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır.

O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də - indi o dövrdən 80 il keçib - bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda çox əzəmətli musiqidir.

Bizim ölkəmizin vətəndaşlarının bəlkə də hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə bəlkə də yüksək əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir, bayrağınız da gözəldir. Bu, həqiqətən belədir.

Doğrudur, öz dövlət müstəqilliyini bərpa edəndən sonra bəziləri hesab edirdilər ki, yeni bir himn yaratmaq, onun sözlərini dəyişdirmək lazımdır. Mən hesab edirəm ki, əgər kim bunu yaratmaq, onun sözlərini dəyişdirmək istəsə, bundan yaxşısını edə bilməzdi. Bəlkə də bundan aşağı səviyyədə olardı. Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Sevindirici haldır ki, indi təhsil ocaqlarında, məktəblərdə himni öyrənirlər, oxuyurlar və bu gün onu nümayiş etdirdilər. Ancaq bu, işin hələ başlanğıcıdır və azdır. Hər bir vətəndaş, nəinki tələbə, müəllim də, professor da, alim də, nazir də, prezident də - hamımız birlikdə gərək öz himnimizi yaxşı bilək, onu yaxşı ifa etməyi də bacaraq və onu həmişə sevək. Mən bu arzularımı sizə bildirmək istəyirəm.

Güman edirəm ki, bu iş ali məktəblərdə davam edəcək, gələn görüşümüzdə təkcə bu salonun sağında duran tələbələrin himn oxumasının yox, bütün salonda ayağa durmuş adamların himn oxumasının şahidi olacağıq. Bunu da edək.

Mən də hesab edirəm ki, bizim bugünkü görüşümüz çox əhəmiyyətlidir. Çünki biz Azərbaycan təhsilinin bu gün hansı səviyyədə olduğunu bir daha müşahidə etdik və ötən illərdə Azərbaycan təhsilinin inkişaf mərhələlərini bir daha xatırladıq, yeni dərs ilinə hazırlıq işləri ilə tanış olduq.

Hesab edirəm ki, verilən məlumatlar bizdə, güman edirəm, Azərbaycan ictimaiyyətində də bu barədə yetərli qədər təəssürat yaradır və yaradacaqdır. Son illər müstəqil Azərbaycan dövlətində təhsil sahəsində həqiqətən xeyli işlər görülübdür. Eyni zamanda, biz hamımız yaxşı bilirik ki, Azərbaycanda təhsil - orta, ali təhsil on illərlə sürətlə inkişaf edibdir.

Ali təhsilin əsasını qoyan, 1919-cu ildə yaranmış Bakı Dövlət Universiteti ondan sonra Azərbaycanda çoxlu ali məktəb yaranmasına yol açmışdır. Məmnuniyyət hissi ilə deyə bilərik ki, bizim ölkəmizdə ötən dövrlərdə vətəndaşlarımızın, yəni uşaqlarımızın, gənclərimizin bütün sahələrdə təhsil, ali təhsil alması üçün imkanlar yaranmışdır. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, 1920-ci illərdən başlayaraq Azərbaycanda xalqın təhsillənməsi, savadsızlığın ləğv edilməsi, uşaqların icbari olaraq məktəbə cəlb olunması və təhsilin inkişaf etdirilməsi prosesi sürətlə həyata keçirilibdir. Bütün bunların nəticəsində biz indi, öz dövlət müstəqilliyimizi yenidən əldə etdiyimiz bir zaman Azərbaycan həm ali və orta təhsilin maddi-texniki bazası nöqteyi-nəzərindən, həm təhsili təmin etmək üçün yaranmış yüksək səviyyəli müəllim, professor kadrları nöqteyi-nəzərindən, həm də ümumiyyətlə, həyatımızı inkişaf etdirə bilən elmi potensialımız nöqteyi-nəzərindən böyük təhsil potensialına malikdir.

Bunlar hamısı bizim keçmiş dövrün nailiyyətləridir və Azərbaycan əsrin sonunda dövlət müstəqilliyini əldə etdiyi zaman bizim üçün çox yararlı bir amildir. Biz bununla fəxr edə bilərik, onu heç vaxt unutmamalıyıq. Bizim hamımız həmin o illərdə Azərbaycanda mövcud olmuş yüksək təhsilin yetişdirmələriyik. Bizim hamımız Azərbaycanda ilbəil artan və genişlənən məktəblərin, ali məktəblərin məzunlarıyıq. Biz bunlara görə müəllimlərimizə təşəkkürümüzü bildirməliyik, onlara minnətdar olmalıyıq. Biz buna görə Azərbaycan məktəbinə minnətdar olmalıyıq.

Beləliklə, XX əsrdə sözün geniş mənasında ölkəmizdə Azərbaycan məktəbi yaranıbdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranıbdır. Bu, ən böyük nailiyyətlərimizdən biridir. İqtisadiyyat da, həyatın başqa sahələri də bunun üzərindədir. Əgər bizim yüksək səviyyəli məktəbimiz olmasaydı, əgər bütün gənclər, uşaqlar icbari təhsilə cəlb edilməsəydi, əgər ilbəil yüksək səviyyəli müəllim, professor kadrları hazırlanmasaydı, əgər elmimiz inkişaf etməsəydi, biz indi nə bu iqtisadi potensiala, nə elmi potensiala, nə sosial potensiala, nə də təhsil potensialına malik ola bilməzdik. Ona görə də bunları unutmaq olmaz və onları qiymətləndirmək, onlarla fəxr etmək lazımdır.

Məhz Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bunun əsasında təhsil sistemini inkişaf etdirməyə başlayıbdır. Doğrudur, müstəqillik əldə olunan zaman və onun ilk illərində Azərbaycanın təhsilində çox bərbad vəziyyət var idi. Bu bərbad vəziyyət də 1988-1989-cu illərdən Azərbaycanda yaranmış çox mənfi ictimai-siyasi, gərgin daxili vəziyyətin nəticəsində idi. Bütün bunlar hamısı Azərbaycanın məktəblərinə, təhsil sisteminə çox mənfi təsirini göstərmişdi. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra isə birinci mərhələdə, yeni dövrdə, yəni müstəqil dövlət çərçivəsində təhsilin inkişaf etdirilməsi istiqamətlərini tapmaq ya mümkün olmamışdı, yaxud da bu sahədə çoxlu səhvlər buraxılmışdır. Ancaq ondan sonrakı dövrdə, son 4-5 ildə Azərbaycanın təhsil sistemində keçmiş ənənələrdən, nailiyyətlərdən, böyük potensialdan istifadə edərək təhsil sistemini yeni tələblərə uyğunlaşdırmaq, islahatlar həyata keçirmək işi başlanmışdır və bunlar da öz müsbət nəticəsini verir.

Son illərdə bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması, ölkəmizin daxilində hərc-mərcliyə, dərəbəyiliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyulması idi. Bu, Azərbaycanın həyatının bütün sahələrində canlanmaya, inkişafa təminat yaratdı. Bu, ümumiyyətlə, respublikamızın inkişafını təmin etdi. Məhz bu baxımdan, ona görə də təhsil sistemi öz inkişafını yenə də ardıcıl surətdə təmin edə bildi.

Təsəvvür edin, indi 8 milyona yaxın əhalimizin 2 milyonu oxuyanlar, təhsil alanlar, öyrədənlər - müəllimlər, təhsil verənlərdir. Bu 2 milyon bütün əhalinin dörddə bir hissəsidir. Mən deyə bilərəm ki, bu, nə qədər böyük, vacib bir sahədir, xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.

Ona görə də dövlət tərəfindən bu sahəyə diqqət, qayğı günü-gündən artır, artacaqdır və artmalıdır. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik. Ancaq bu, asan yol deyildir. Ona görə yox ki, biz bunu bacarmırıq. Yox. Biz bunu bacarırıq, artıq öyrənmişik, yəni bunu elə əvvəldən də bilirdik. Amma yeni şəraitdə yeni sistemi də qurmağı öyrənmişik. Ancaq bunun həyata keçirilməsi bir çox amillərlə, o cümlədən vəsaitlə, maddi-texniki bazanın yaradılması ilə və başqa amillərlə bağlıdır.

Mən onu demək istəyirəm ki, əgər biz təhsil sistemində öz arzularımızı istədiyimiz qədər yerinə yetirə bilmiriksə, bu ona görə deyil ki, dövlət, hökumət bunu istəmir. Ona görədir ki, biz imkanlarımızın çərçivəsindən kənara çıxa bilmirik. Bilməlisiniz ki, biz bu imkanlarımızı ilbəil genişləndiririk və genişləndirəcəyik. Mən buna yüz faiz inanıram, ona əminəm. Bunların hamısı təhsilin inkişafında öz əksini tapacaqdır.

İndi həyatımızın bütün sahələrində islahatlar həyata keçirilir. Bu islahatlar zəruridir. Onlar ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində gedir. Biz müstəqil dövlət kimi yaşayır, müstəqil dövlətimizi qurur və hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk.

Bu gün biz iftixar hissi ilə deyə bilərik, - bir-iki aydan sonra 8 il tamam olacaqdır ki, Azərbaycan öz dövlət müstəqilliyini elan, bərpa edibdir. Bu, az bir zamandır. Bu müddət Azərbaycan üçün və başqa ölkələr üçün daha da çətin, mürəkkəb, daha da ağır bir zaman olubdur. Bunlar sizə məlumdur. Ancaq buna baxmayaraq, ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.

Bu, ən əsas nailiyyətdir. Onun içində isə çox böyük işlər vardır. Bunlar Azərbaycanın həyatının bütün sahələrində yeni sistemdə yaşamaq üçün islahatlar aparmaqdan ibarətdir. Bu islahatlar aparılır, onlar günü-gündən öz nəticələrini verir. Xüsusən sosial-iqtisadi sahədə apardığımız islahatlar öz nəticəsini verir. Ölkəmizin iqtisadiyyatı tənəzzül dövründən keçdi, hazırda inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. İqtisadiyyatın inkişaf etməsi həm xalqımızın rifah halının yaxşılaşdırılmasını, həm də təhsil sahəsinə ardıcıl olaraq, ilbəil daha da çox vəsait ayrılmasını təmin edəcəkdir.

Təhsilin özündə aparılan islahatlar çox vacibdir. Siz onları aparırsınız. Bugünkü çıxışlarda bu barədə məlumatlar verildi. Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar həqiqətən həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın.

İndi qurub yaradan adam gərək düşünsün ki, o, mövcud olandan daha yaxşısını yaradır. Əgər onu yarada bilirsə, mövcud səviyyədən imtina edib onu yaratsın. Amma yarada bilmirsə, qoy mövcud olandan əl çəkməsin, hələlik onunla yaşasın.

Mən bunları ona görə deyirəm ki, keçmiş zamanlarda da - bu, yeni bir məsələ deyildir - Sovetlər İttifaqı dövründə də həmin sistemin içərisində cürbəcür formalarda dəyişikliklər edilirdi. "Gözə torpaq atmaq" məsəli var. Bəziləri deyir ki, "bundan ötrü onu etdim, bu islahatı keçirdim, bunu dəyişdirdim, bu belə deyildi. Mən onu dəyişdirdim". Nəticəsi nədir? Nəticəsi yoxdur. Keçmişdə mən belə insanları görmüşəm. Belə insanlar 3-4 il üzdə olurlar. Bəli, dəyişikliklər edir, yeniləşdirir, yenidən qurur, ona görə də təriflənirlər. Mən bəzən elə adamlar görmüşəm ki, bir neçə il belə yaşayır, başqa yolla dəyişikliklər edir, sonra görür bunun nəticəsi yoxdur.

Yəni bu keçmiş mənfi təcrübəni bilərək, mən hamıya və xüsusən təhsil sistemində çalışanlara tövsiyə edirəm ki, siz bu islahatları cürətlə, biliklə, ağılla aparasınız, səhvlərə yol verməyəsiniz. Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür, haradasa mühafizəkarlığa yol verilirsə, onu da məhv etmək mümkündür. Amma təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara - mən bu sözləri işlədirəm - yer ola bilməz.

İndi təhsil sahəsində gedən islahatlar müxtəlif xarakter daşıyır. Çox sevindirici haldır ki, biz dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsini öyrənirik və tətbiq edirik. Sevindirici haldır ki, biz bunun üçün yardım alırıq. Yəni Dünya Bankı Azərbaycanda təhsil sahəsində islahatların həyata keçirilməsi üçün bizimlə birgə proqram yaradıbdır. Bu bank ölkəmizə müəyyən vəsait ayırır, kömək edir. Bunlar hamısı çox sevindirici haldır. Ancaq çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın. Biz buna nail olmalıyıq.

Keçmişə nisbətən indi bizdə həm dövlət ali təhsil müəssisələri, universitetlər, həm də özəl müəssisələr vardır. Dövlət ali məktəblərində, universitetlərində həm ödənişli bir hissə var ki, orada tələbələr təhsil üçün haqq verirlər, amma onların əksəriyyəti hökumətin hesabına təhsil alırlar. Bunlar hamısı təbii prosesdir.

Mənim arzum və narahatlığım ondan ibarətdir ki, heç kəs təhsilə qazanc mənbəyi kimi baxmasın. Burada dedilər ki, bilmirəm, 17-18-19 özəl universitet yaranıbdır. Azərbaycan yeni sistemə keçməmişdən, ölkədə islahatların həyata keçirilməsinə başlanmamışdan əvvəl, təxminən 1991-1992-ci illərdə ölkəmiz çox sıçrayışla özəl universitetlər yaradılması dövrünü yaşadı. Belə universitetlər yaratdılar. Amma bunları kim və nəyə görə yaradıbdır?

Əgər kimsə həmin universitetdə təhsilin səviyyəsini dövlət ali məktəblərindən yüksək, keyfiyyətli etmək istəyirsə, çox sağ olsun - onlar bunu etsinlər və biz bunu müdafiə edirik, edəcəyik, dəstəkləyəcəyik. Ancaq kimsə bu dövrdə bunu biznes naminə edirsə, bu yaramaz. Ondan əl çəkmək lazımdır.

Bunu açıq etiraf etmək lazımdır ki, məsələn, bizim qardaş Türkiyə Cümhuriyyətində universitetlərin, ali məktəblərin, təhsil sisteminin inkişafı Azərbaycandan sonra, xüsusən, İkinci dünya müharibəsindən sonra başlayıbdır. Orada da dövlət universitetləri olubdur, özəl universitetlər yaranıbdır. Yaranan həmin özəl universitetlərin bir çoxu indi Türkiyənin çox yüksək səviyyəli təhsil verən universitetləridir.

Məsələn, Azərbaycanın, xalqımızın böyük dostu, məşhur alim İhsan Doğramacı, bizdə olan məlumata görə, Türkiyədə 5-6 universitetin yaradıcısıdır. Amma o, bunları nə üçün yaradıbdır? O özü yüksək səviyyəli alim, mütərəqqi insan, mütəfəkkir adam olduğuna görə istəyibdir ki, öz xalqının gənclərinin ali təhsil alması üçün xidmətini göstərsin və bunu da göstəribdir. O, bunu qazanc naminə yox, millətinə xidmət göstərmək, millətinin təhsil səviyyəsini artırmaq üçün edibdir. Bu, tərifəlayiq bir fəaliyyətdir, xidmətdir.

O, bir neçə universitet yaradıbdır. Məsələn, orada Hacəttəpə Universiteti vardır. O, həmin universitetin təməlini qoyubdur, yaradıbdır. Bu universitet indi Ankarada ən böyük universitetlərdən biridir. O, həmin universiteti, necə deyərlər, təkər üstünə qoyandan sonra oradan çəkilərək, gedib başqasını yaradıbdır.

Bilirsiniz ki, o, son vaxtlar Bilkənd Universitetini və Ankaranın böyük bir hissəsində universitet şəhərciyi yaradıbdır, onun əsasını özü qoyubdur, binalarını tikdiribdir, bütün dünyadan müəllimlər, tələbələr dəvət edibdir. Son 5-6 ildə orada Azərbaycandan nə qədər mütəxəssislər işləyiblər, müəllimlik ediblər, dərs deyiblər, orada çoxlu musiqiçilər çalışıblar. Yəqin ki, professorlardan, müəllimlərdən çoxu orada olubdur. Mən orada bir neçə dəfə olmuşam. Bilirsiniz, mən hər dəfə oraya gələndə həddindən artıq sevinirəm ki, bu insan xalqına nə qədər böyük xidmət göstərir. Özü də bu xidməti tamamilə təmənnasız edir. O, elan edibdir ki, özünün orada yaratdığı şəxsi mülkiyyətinin hamısı xalqa mənsubdur. Bax, bu cür mütəfəkkir, tərəqqipərvər, millətini sevən insan, şübhəsiz ki, təhsilin heç bir sahəsindən təmənna, qazanc gözləmir. O, xalqına xidmət edir.

Təbiidir ki, biz müstəqilliyimizin keçid dövrünü yaşayırıq. Mən həmişə belə fikirdə olmuşam ki, biz daim reallığı nəzərə almalıyıq. Bəzən ayrı-ayrı adamlar hesab edirlər ki, buradan sıçrayıb oraya düşmək, bu sistemdən sıçrayıb o sistemə düşmək olar. Bu, mümkün deyildir. Həyat, cəmiyyət müəyyən bir mərhələdə öz inkişaf dövrünü keçirir. Bunu sürətləndirmək olar, amma ona zor eləyib nəyəsə nail olmaq olmaz. Ona görə də indi bizdə yaranan bu özəl təhsil sistemi, şübhəsiz ki, təqdirəlayiqdir, şübhəsiz ki, biz bu sistemi inkişaf etdirməliyik. Ancaq yenə də deyirəm, burada birinci təhsilin səviyyəsidir.

Məsələn, nə bilim, hansısa diplomatik bir universitet yaranıbdır, filan-olubdur. Diplomatiya, ümumiyyətlə, dövlətin inhisarıdır. Nədir diplomatiya? Diplomatiya hər bir dövlətin xarici siyasətini həyata keçirən təşkilatdır və onun kadrlarıdır. Buna diplomatiya deyirlər və o kadra da diplomat deyirlər. Bunu özəl bir yerdə hazırlayırlar. Axı bu, dövlətin işidir. Özəl bir qurum, yaxud da dövlətlə bağlı olmayan bir qurum həqiqətən müstəqil Azərbaycan dövləti üçün diplomatlar hazırlaya bilərmi? İnanıram ki, lazımi səviyyədə yox. Onlar oxuyacaqlar, təhsil alacaqlar, diplom da alacaqlar. Amma ola bilər, qeyri bir özəl sektorda işləsinlər. Buna heç kəs mane ola bilməz. Amma dövlət sisteminin diplomatiyasında yer tutmaq üçün, əlbəttə ki, onlar dövlət diplomatiyası ilə tanış olmalıdırlar, dövlət diplomatiyası təhsili almalıdırlar. Hansısa bir kəsin özəl diplomatik təhsilini almamalıdırlar.

Bilirsiniz, bunlar bəlkə də mübahisəli fikirlərdir, ancaq belə fikirləri demək lazımdır ki, insanlar düşünsünlər, insanlar bilsinlər, bu sistemdə, bax bu özəl təhsil sistemlərinin yaranmasında bundan sonra səhvlər buraxılmasın. İndiyə qədər səhvlər buraxılıbdır. Mən bunu özüm üçün hər halda tam yəqin etmişəm. Ancaq bundan sonra gərək səhvlər buraxılmasın.

Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, burada bəyan edildiyi kimi, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi - bunlar xüsusi yer tutmalıdır. Çünki indi bizim orta məktəbimiz gərək ki, 11 illikdir. Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki gedib universitetə imtahan verə bilməz - heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir, - ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.

İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır.

Təbiidir, fənlər çoxdur. İndi siz burada da müəyyən islahatlarla əlaqədar dəyişikliklər aparırsınız - hansının saatını artırırsınız, hansını azaldırsınız. Bu, sizin öz işlərinizdir. Ancaq mən bu gün bir daha demək istəyirəm ki, bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq istəyir, - onu daha da yaxşı bilməlidirlər. Biri istəyir riyaziyyatçı olsun, biri istəyir fizik olsun, biri istəyir geoloq olsun, biri istəyir hüquqşünas olsun. Qoy olsun. Ancaq orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər.

"Ana dili" deyəndə, şübhəsiz ki, hər bir uşaq doğulandan sonra ailəsində atasından, anasından öz dilini öyrənir. Bir var ki, sadəcə öz dilini ailədə bilmək, bir də var ki, Azərbaycan dilini yüksək səviyyədə bilmək. Keçmişdə biz buna fikir verməmişik. Bu, həqiqətdir. Yəni o qədər fikir verməmişik. Eyni zamanda onu da unutmaq lazım deyil ki, keçmiş zamanlarda Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda orta təhsil və ali təhsil sistemində Azərbaycan sektoru həmişə ən çoxluğu təşkil etdiyinə görə biz dilimizi yaşatmışıq və inkişaf etdirmişik. İndi isə, şübhəsiz, bizdə təhsilin tam əksəriyyəti Azərbaycan dilində gedir. Ancaq bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilinin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir.

Azərbaycanın tarixini mütləq bilmək lazımdır. Ona görə yox ki, onlar tarixçi olacaqlar. Əgər riyaziyyatçı millətinin, xalqının, ölkəsinin tarixini bilmirsə bu, ona üstünlük vermir. Eləcə də başqa mütəxəssislər.

Mən sizə deyim ki, keçmişdə Azərbaycanın tarixinə, bu tarix elminə orta məktəblərdə də, ali məktəblərdə də o qədər çox fikir vermirdilər. Mən özüm bunun şahidiyəm, hesab edirdilər ki, qoy uşaq riyaziyyatı bilsin, hesabı bilsin, fizikanı bilsin, o birisini bilsin, bu birisini bilsin. Amma tarix elə şeydir ki, onu bilsə də olar, bilməsə də. Yəni tarix dərsi məktəblərdə bəzən o qədər də hörmətli dərs deyildi.

Məsələn, təsadüfi deyil ki, bizim ali məktəblərdə o illərdə tarix fakültələrinə müsabiqə o qədər də böyük deyildi. Hüquq fakültəsinə müsabiqə böyük idi, amma tarix fakültəsinə yox. Mən, əlbəttə, o fikirdə deyiləm ki, hər bir adam, mütəxəssis tarixçi olmalıdır. Yox. Amma hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir və tarixini də bilmək üçün gərək onu uşaqlıqdan bu işə cəlb edəsən, gərək orta məktəbdən cəlb edəsən. Demək, orta məktəblərdə tarixin tədrisi çox yüksək səviyyədə olmalıdır. İndi burada dedilər, bizim dərsliklər yaranır. Dərsliklər çox yüksək səviyyədə olmalıdır. Keçmişdəki dərsliklərlə indi biz tariximizi uşaqlara öyrədə bilmərik.

Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Bu dərslərə fikir vermək lazımdır. Xüsusən, o məktəblərdə ki, Azərbaycanda dərslər rus bölməsində keçir, buna fikir vermək lazımdır.

Keçmiş zamanlarda mən bunu müşahidə etmişdim və heç vaxt unuda bilmərəm. Məsələn, Azərbaycanın başqa yerlərində yox, Bakıda rus məktəbləri çox idi. Azərbaycan məktəbləri çoxluq təşkil edirdi, amma rus məktəbləri də çox idi. Ziyalılar, dövlət işində işləyən adamlar, tam əksəriyyəti öz uşaqlarını rus məktəblərinə qoyurdular. Burada da müəyyən obyektiv səbəb var idi. Heç kəsi buna görə qınamaq olmaz. Çünki rus dili Sovetlər İttifaqında hakim dil idi. O dili bilməyən adam çox çətinliklər çəkirdi, elmə geniş qatıla bilmirdi. Bunlar tamamilə təbii hal idi. Ancaq müşahidə olunurdu ki, rus məktəblərində, yəni dərslər rus dilində keçilən məktəblərdə Azərbaycan tarixini yaxşı tədris etmirdilər. Götürüb SSRİ tarixini öyrədirdilər. O tarixin də əksəriyyəti Rusiyanın tarixi idi. Amma Azərbaycan tarixinin tədrisi çox zəif idi.

Yaxud da ki, orada, rus məktəblərində Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini tədris edirdilər, amma bu, o qədər də hörmətli bir fənn hesab olunmurdu, - yəni onu bilsən də olar, bilməsən də. Bunları mən məhz o vaxtlar müşahidə etmişdim. Mən o vaxtlar rastlaşırdım ki, rus məktəblərində oxuyan gənclər şairlərimizi - Nizamini, Füzulini, başqalarını, müasir şairlərimizi tanımırdılar. Yaxud tanısalar da adlarını bilirdilər, onların əsərlərini oxumurdular, şerlərini oxumurdular. Çünki bunlar hamısı rus dilində oxuyurdular.

O vaxt bu nöqsan mümkün idi. Amma indi bu nöqsana yol vermək olmaz. İndi biz Azərbaycanda məhdudiyyət qoymuruq. Rusdilli məktəblər var və qarışıq - rus-Azərbaycan dilli məktəblər vardır. Gürcülər yaşayan yerdə gürcü dilli məktəblər vardır. Başqa dillərdə olan bütün bu məktəblərdə, yaxud ola bilər, başqa dillərdə də məktəblər yaransın - bunların hamısında Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın mədəniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.

Ali təhsil haqqında biz çox danışmışıq. Hesab edirəm ki, artıq danışmağa ehtiyac yoxdur. Sizin bu gün verdiyiniz məlumatları mən nəzərə alıram və hesab edirəm ki, bu, işlərin başlanğıcıdır. Amma ali təhsil sahəsində əsas bir yeri ali məktəblərə qəbul prosesi tutur. Orta məktəblərdə çoxları oxuyur. Təbiidir ki, hamısı ali məktəbə gedə bilməz. Ali məktəbə ancaq daha istedadlı, daha bilikli gənclər gedirlər. Ancaq bu vəzifə bugünkü deyil, elə bil on il, iyirmi il, otuz il, qırx il də bundan öncə bizim qarşımızda olan vəzifədir ki, həqiqətən, çoxsaylı gənclərimizin içindən ali məktəblərə ən istedadlıları, ən bilikliləri girsin.

Bu sahədə keçmişdə çox eksperimentlər keçirilmişdir. Mən bu işlərlə şəxsən 70-ci, 80-ci illərdə, demək olar ki, həddindən çox məşğul olurdum ki, ali məktəblərə qəbulda ədalət təmin edilsin, ali məktəblərə qəbulda rüşvətxorluğun qarşısı alınsın, ali məktəblərə qəbulda tanışbazlığın, dostbazlığın, qohumbazlığın qarşısı alınsın, ali məktəblərə qəbulda rəhbər işçilərinin uşaqlarına xüsusi imtiyazlar yaranmasın. Bax, bu işlərlə biz o illər məşğul olmuşuq, mübarizə aparmışıq, müəyyən nailiyyətlər, müsbət nəticələr əldə etmişik. Ancaq təəssüf ki, bu nöqsanları o dövrlərdə aradan qaldıra bilməmişik. Bu, bizim təhsil sahəsində bu gün də ən vacib məsələlərimizdən biridir.

1992-ci ildən ali məktəblərə qəbul üçün Dövlət Tələbə Qəbulu Komissiyası yaranıbdır. Bu, yaxşı bir qərardır və test üsulu tətbiq olunur. İndi bizim ictimaiyyətin fikrinə görə, məndə olan məlumat belədir ki, ictimaiyyət bu test üsulunu keçmiş üsullara nisbətən daha mütərəqqi üsul kimi qəbul edir. Sizin də burada verdiyiniz məlumatlara mən inanıram ki, doğrudan da, bu yol ilə ali məktəblərə daha da keyfiyyətli qəbul təşkil olunur. Ancaq hesab edirəm ki, burada nöqsanlar da çoxdur.

Doğrudur, bəlkə məlumatların hamısı mənə çatmır. Mənə belə gəlir ki, o dövrlərə nisbətən indi ali məktəblərə qəbul haqqında şikayətlər azdır. Ancaq eyni zamanda, danışıqlar da çoxdur, söz-söhbət də çoxdur. Bəzən deyirlər ki, ali məktəbə qəbul olunmuş uşaq, görürsən, heç bu test imtahanından nə vaxt keçib, məlum deyil. Yaxud da ki, gəlir, ali məktəbdə o test imtahanının səviyyəsində təhsilini davam etdirə bilmir. Bir neçə belə faktlar onu göstərir ki, hələ bizim Dövlət Tələbə Qəbulu Komissiyasında nöqsanlar da var, çatışmazlıqlar da vardır. Ona görə indiyə qədər görülən işləri qiymətləndirərək, güman edirəm ki, indi bizim başqa bir sistemə keçməyə heç ehtiyacımız da yoxdur. Bu sistemi təkmilləşdirərək, eyni zamanda bizim üçün ən böyük bəla olan rüşvətxorluq, vəzifəsindən sui-istifadə etmək və başqa hallara yol verilməməlidir. Hər yerdə yol verilməməlidir. Rüşvətxorluğun qarşısı hər yerdə alınmalıdır. Amma tələbə olan yerdə, gənc olan yerdə, uşağın inkişaf etdiyi dövrdə bu cinayətdir ki, belə hadisələr olsun və insanların, yəni uşaqlıq dövründən, gənclik dövründən beyinlərinə girsin ki, bəli, belə bir adət var və bunsuz cəmiyyət yaşaya bilməz.

Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamısından çox lazımdır, ali məktəbdə ədalət hamısından çox lazımdır. Siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizdən yaxşı bilirsiniz: uşağın, gəncin şəxsiyyətinin bir formalaşma prosesi var. O proses də uşaqlıq dövründə, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra, şübhəsiz, insan daha da təkmilləşir iş dövründə, yaxud başqa, yeni təhsil dövründə. Ancaq əsas o insan kimi formalaşma, şüurlu formalaşma prosesi məktəbdə gedir, ali məktəbdə, universitetdə gedir. Əgər orada gənc, uşaq ədalətsizliklə rastlaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz. Doğrudur, belə ədalətsizliklərlə mübarizə aparmaq da asan deyildir. Çünki təəssüf ki, hər bir insan, hər bir subyekt özünəməxsus bir xarakter daşıyır. Hər bir insanı, o cümlədən müəllimi, hər bir professoru tam ədalətli etmək də asan bir məsələ deyildir. Ancaq bunlar bizim qarşımızda duran vəzifələrdir, müqəddəs vəzifələrdir. Ən əsası ona görə ki, biz keçmişlərdən fərqli olaraq indi müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalaşdırırıq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırıq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək birincisi, mənəviyyatca saf olsun. Ona görə də mənəvi saflıq ali məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, millətinə, Azərbaycanın gələcəyinə sadiq vətəndaşlar olsunlar. Bu da hamısı məktəblərdə, universitetlərdə formalaşmalıdır.

Əziz dostlar, ona görə də sizin qarşınızda həddindən çox vəzifələr durur. Sizin işiniz asan iş deyildir. Əgər bütün bu deyilən, yaxud deyilməyən, buna bənzər, bu qəbildən olan fikirlərin hamısı bizim təhsil ocaqlarında həyata keçirilsə, bu, asan iş deyildir.

Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Ali məktəb müəllimi, professor cəmiyyətdə ən hörmətli insan olmalıdır və insandır. Ona görə də mən çox arzu edərdim ki, sizin hamınız bu şərəfli adı həmişə, ömrünüzün axırına qədər daşıyasınız.

Əziz dostlar, güman edirəm ki, bu gün yenə də bizim həyatımızın ən vacib sahəsi olan təhsil sahəsi haqqında müəyyən fikir mübadiləsi apardıq. Mən öz qəlbimdə olan fikirlərin, demək olar ki, bir hissəsini sizə çatdıra bildim. Əmin ola bilərsiniz ki, mən indiyə qədər olduğum kimi, bundan sonra da müəllimlə, məktəblə , təhsil ilə bir yerdəyəm və bir yerdə olacağam, təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Biz son illər müəllimlərin əmək haqqının yüksəldilməsi barədə bir neçə tədbirlər gördük. İndi siz bilirsiniz ki, əmək haqqı keçmişdəkindən fərqlidir. Mən bu barədə də düşünürəm və maliyyə nazirinə, Nazirlər Kabinetinə göstəriş vermişəm ki, bu ilin axırına qədər müəllimlərin maaşlarının artırılması, özü də təsirli artırılması haqqında təkliflər hazırlasınlar və güman edirəm ki, biz bunu həyata keçirə biləcəyik.

Mən sizinlə bu görüşümdən çox məmnunam. Siz mənə bu gün bir daha ruh verdiniz. Azərbaycanın müstəqilliyini qorumaq və ölkəmizi inkişaf etdirmək üçün sizə bir daha cansağlığı arzu edirəm, səadət arzu edirəm və bu şərəfli işinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.