Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "N" hərbi hissəsinin əsgər və zabitləri ilə görüşdə çıxışı - 24 yanvar 1994-cü il


Əziz zabitlər və əsgərlər!

Bu gün Azərbaycan Respublikasının ordusu qurulmaqda, yaranmaqdadır. Bununla yanaşı, ordumuz müstəqil Azərbaycan Respublikasının torpaqlarının keşiyində duraraq, onu müdafiə edir, döyüşür. Siz Azərbaycan Ordusunun yeni yaranan bir hissəsinə mənsubsunuz. Müəyyən təlim-tərbiyə keçəndən, hazırlıq işlərindən sonar buraya toplaşmısınız, buradan cəbhəyə Azərbaycanın qorpaqlarını, ərazisini, respublikamızın müstəqilliyini qorumağa yola düşürsünüz. Müdafiə nazirinin mənə verdiyi məlumata görə, sizin hazırlığınız yüksək səviyyədə keçmişdir, lazımi təlim almısınız, döyüş qabiliyyətiniz yüksəkdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz hazırlıq dövründə, təlim dövründə aldığınız bilikdən, qazandığınız təcrübədən səmərəli istifadə edəcəksiniz və torpaqlarımızın keşiyində qəhrəmancasına duracaqsınız.

Siz cəbhəyə yola düşərkən indi orada vuruşan Azərbaycan əsgərlərinin qəhrəmanlıq nümunələrini gözlərinizin önünə gətirirsiniz. Bilirsiniz ki, son aylar Azərbaycan Ordusu öz gücünü toplayaraq möhkəmlənmişdir. İndi ordumuzun hissələri Azərbaycan torpaqlarını etibarlı surətdə qorumağa qadirdir və düşmənlə döyüşə girişərək qəhrəmanlıqlar göstərir, erməni silahlı qüvvələrinə güclü zərbələr endirir, Vətənimizi, xalqımızı sədaqətlə müdafiə edirlər.

Son vaxtlar Azərbaycan Ordusu hissələrinin göstərdiyi şücaət, qəhrəmanlıq nümunələri xalqımızda orduya sevgi və məhəbbəti, hörməti xeyli artırmış, bütün Azərbaycan xalqında vətənpərvərlik hisslərini daha da gücləndirmişdir. Bunların hamısı cəbhədə döyüşən qəhrəman oğullarımızın, Azərbaycan Ordusu əsgərlərinin və zabitlərinin igidliyinin nəticəsidir. Deməli, Azərbaycan xalqı öz müstəqilliyini, öz torpaqlarını qorumağa qadirdir və Azərbaycan Ordusu bu şərəfli vəzifəni indi artıq layiqincə yerinə yetirir. Son vaxtlar Füzuli, Kəlbəcər rayonları ərazisində, Ağdam, Ağdərə istiqamətində, başqa cəbhə bölgələrində Azərbaycan Ordusunun əldə etdiyi qələbələr, böyük nailiyyətlər Azərbaycanın hər bir vətəndaşını sevindirir və bir daha qeyd edirəm, hər birimizdə orduya məhəbbət və hörməti artırır.

Bax, siz belə bir şəraitdə hazırlıq keçmisiniz, belə bir şəraitdə cəbhədəki qardaşlarınızın yanına gedirsiniz, onlarla bərabər torpaqlarımızın müdafiəsində duracaqsınız. Şübhə etmirəm ki, siz bu vəzifəni layiqincə yerinə yetirəcəksiniz. Dəfələrlə demişik, bu gün bir daha bildirirəm: Azərbaycan Respublikası müharibəyə son qoymağa, onu danışıqlar yolu ilə bitirməyə çalışır, bu sahədə bir çox addımlar atmış və bundan sonra da atacaqdır. Biz müharibənin davam etməsini istəmirik. Müharibəni də Azərbaycan başlamayıb. Neçə illərdir ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində təcavüzü ara vermir. Biz bu təhlükənin qarşısını almaq istəyirik. Buna görə də əsas məqsədimiz müharibəyə sülh yolu ilə son qoyulmasına nail olmaqdır. Biz indiyədək təşəbbüslər irəli sürmüşük və bundan sonra da irəli sürəcəyik. Beynəlxalq təşkilatların, böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışmışıq. Ermənistan Respublikasının rəhbərliyi ilə dəfələrlə danışıqlar aparmışıq və bu danışıqları davam etdiririk. Bunların hamısını ona görə edirik ki, qan tökülməsinə son qoyulsun. Biz qan tökülməsinə tərəfdar deyilik. Biz müharibə tərəfdarı deyilik. Biz torpaqlarımızın sülh yolu ilə, danışıqlar vasitəsilə azad edilməsinə nail olmaq istəyirik.

Lakin bizim bu tədbirlərimiz, sülhsevər siyasətimiz, addımlarımız hələlik istənilən nəticəni verməmişdir. Əksinə, erməni silahlı qüvvələri cəbhə bölgələrində mövqelərimizə hücumlar edir, öz çirkin niyyətlərini daha geniş miqyasda həyata keçirməyə və öz haqsız, ədalətsiz istəklərinə nail olmağa can atırlar. Biz bununla razılaşa bilmərik. Ona görə də mən bu gün sizin qarşınızda çıxış edərək Azərbaycan Resiublikasının, onun dövlətinin sülh və əminamanlıq tərəfdarı olduğunu, müharibəyə barışıq yolu ilə, sülh yolu ilə son qoymaq istədiyini bir daha bəyan edirəm. Eyni zamanda bildirirəm ki, bu addımlarımız bir nəticə vermədiyinə görə biz torpaqlarımızın müdafiəsini bundan sonra daha da əzmlə davam etdirəcəyik. Son aylarda Azərbaycan Ordusunun qələbələri, onun öz torpaqlarımızı müdafiə etmək üçün böyük imkanlara malik olması təkcə Azərbaycanda deyil, respublikamızın hüdullarından kənarda da məlumdur. Erməni silahlı qüvvələri bunu bilməli və özləri üçün nəticə çıxarmalıdırlar. Mən bu gün sizin qarşınızda Ermənistan tərəfini bizim torpaqları dincliklə, sülh yolu ilə tərk etməyə bir daha çağırıram. Bir daha çatdırmaq istəyirəm ki, onlar Azərbaycan ərazisindən çəkilməli, işğal etdikləri torpaqlardan çıxıb getməli, Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmalıdırlar. Əgər onlar bu yolla getsələr, şübhəsiz, biz müharibəyə tezliklə son qoya bilərik. Amma onlar indiyədək apardıqları təcavüzkar siyasəti davam etdirsələr, biz onlara tutarlı zərbələr endirməyə hazırıq, işğal olunmuş torpaqlarımızı ordunun gücü ilə, bütün Azərbaycan xalqının gücü ilə azad etməyə qadirik.

Mən bu sözləri deyərkən Azərbaycan Ordusunun bugünkü qüdrətinə arxalanıram, ona güvənirəm. Bu sözləri deyərkən mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm və əminəm ki, siz də, sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti də bir nəfər tək ayağa qalxıb Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz. Mən sizə uğurlar diləyirəm, sizi xeyir-dua ilə yola salıram və hamınıza öz hörmət və məhəbbətimi bildirirəm.

Bilin ki, sizin hər birinizin arxanızda böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi - Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram.

Ümidvaram ki, bu deyilənlərin hamısına əməl edəcəksiniz və öz vəzifənizi igidliklə yerinə yetirəcəksiniz, Vətəninizi, ana və atalarınızı, bacı və qardaşlarınızı sevindirəcəksiniz. Sizə bir daha cansağlığı arzulayıram. Azərbaycan Ordusuna yeni-yeni uğurlar diləyirəm, sizin hər birinizə uğurlar arzulayıram.

Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!

Tarixi arayış

ORDU QURUCULUĞU