Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin insan hüquqları komissiyasının işgəncələrə qarşı xüsusi məruzəçisi Naycel Rodli ilə söhbətindən - 15 may 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bilirəm ki, bir neçə gündür ki, buradasınız. Mən buna şadam. Çünki gələn qonaqların Azərbaycanda çox olması bizim üçün nə qədər əhəmiyyətlidir. Ölkəni tanımaq üçün, ölkə ilə tanış olmaq üçün bir gün, iki gün o qədər yetərli deyil. Siz bu barədə bizim ölkəmizə gələn başqa adamlardan fərqlənirsiniz. Çox görüşlər keçirmisiniz. Amma hesab edirəm ki, bizim cəmiyyətimizlə, şəhərlə də tanış olmusunuz. Buyurun.

Naycel Rodli: Cənab prezident, məni qəbul etdiyinizə görə çox sağ olun. Həqiqətən, bizim burada keçirdiyimiz vaxt, səfərimiz çox maraqlı olmuşdur. Təmasda olduğum həmkarlarım əllərindən gələni etmişlər ki, biz yalnız intensiv görüşlər keçirməyək, yalnız ofislərin içərisini görməyək, həbsxanalarda, zindanlarda olmayaq, eyni zamanda, şəhərin görkəmli yerlərini də görək. Praktiki olaraq onlar bizi şəhərin gözəl yerlərinə aparmışlar. Onlar əllərindən gələni etmişlər ki, mən az da olsa Azərbaycan mədəniyyəti haqqında məlumat öyrənim.

Heydər Əliyev: Bu, çox yaxşıdır. Çünki Azərbaycana gələnlərdən həbsxanalara, zindanlara gedən yalnız sizsiniz. Onların heç biri zindanı görmür. Ona görə sizin üçün başqa yerləri çox görmək daha da lazımdır ki, bir az balans yaratsın.

Naycel Rodli: Hər şeydən əvvəl, rəsmi dövlət sektorundan olan həmkarlarıma əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm. Bilirəm ki, cənab Fuad Ələsgərov səfərin proqramını hazırlamaq, nümayəndələrin buraya gəlməsi və burada hansı planlar üzrə işləməsi üçün həddindən artıq çox iş görmüşdür. Xarici İşlər Nazirliyində insan haqlarına cavabdeh şəxs də səfər vaxtı bizimlə çox sıx işləmişdir. Praktiki olaraq, burada olduğum müddətdə məni maraqlandıran bütün nazirlərlə görüşlərim təşkil edildi. İstədiyim bütün təcridxanalara baş çəkə bildim. Mənim üçün bu şərait yaradıldı və istədiklərimizin hamısına nail olduq.

Burada olduğumuz müddətdə bütün lazımi yerlərə getdik və gördük ki, keçmiş SSRİ-nin digər yerlərində olduğu kimi, burada da müəyyən dəyişikliklər baş verməkdədir. Bütün bunlara görə, mənimlə təmasda olan həmkarlarıma minnətdarlığımı bildirirəm. Onlar əllindən gələni etdilər ki, bizim bu səfərimiz səmərəli olsun.

Hazırda, bugünkü vəziyyətdə mən hələ ki, heç bir nəticə çıxarmaq istəmirəm, heç bir şərh vermək, yaxud da məsləhət vermək fikrində deyiləm. Bizim proqramımız o qədər sıx idi, aldığımız məlumat o qədər çoxsahəli idi ki, yəni biz həm rəsmi, həm də qeyri-rəsmi - müxtəlif mənbələrdən aldığımız məlumatların hamısı haqqında yenidən fikirləşməliyik, onlardan nəticə çıxarmalıyıq. Lakin qeyd etmək istəyirəm ki, ölkədə gedən ümumi inkişaf artıq bizim məşğul olduğumuz sahəyə də toxunmuşdur və bu, çox vacibdir.

Əlbəttə, bu, mənim vəzifəmə birbaşa daxil olmasa da, lakin böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Sizin ölkədə ölüm hökmü ləğv edilmişdir və buna tam əməl olunur. Bilirəm ki, insan hüquqlarının qorunmasına dair Sizin bir neçə qərarınız olmuşdur və eyni zamanda işgəncələrə qarşı cəmiyyətin verdiyi məsləhətlərə də lazımi qaydada əməl edilir. Hazırda Siz və ofisiniz əsas hüquqi islahatlar üzərində işləyirsiniz və bunun ən böyük kulminasiyası Cinayət Prosessual Məcəlləsinin qəbul edilməsi olacaqdır. Əlbəttə, çox istərdim səfərim bir qədər sonra olaydı ki, mən bütün bunların nəticəsini görə biləydim. Lakin artıq indidən əminəm ki, onlara çox böyük təsiri olacaqdır.

Cənab prezident, Siz cinayətkarların saxlanıldığı yerlərə getmək haqqında danışdınız. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Siz beynəlxalq təşkilatlarla, Qızıl Xaç Komitəsi ilə razılığa gəlmisiniz ki, onlar gəlib zindanlarda saxlanılan adamları görə bilsinlər.

Ümumiyyətlə, mən əsas etibarilə vəziyyəti bu cür qiymətləndirirəm. Lakin əgər siz hansısa spesifik məsələlərə toxunmaq istərsinizsə, bunu bir qədər dar çərçivədə müzakirə etməyə hazıram.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Sizin verdiyiniz bu məlumatlar, təbiidir ki, məndə böyük məmnuniyyət hissi doğurur.

Siz artıq qeyd etdiniz ki, bu sahədə biz bir çox qərarlar qəbul etmişik, bir çox tədbirlər həyata keçirmişik. Ancaq başqa sahələrdə olduğu kimi, bu sahədə də indi beynəlxalq hüquq normalarına uyğun Birləşmiş Millətlər Təşkilatının sənədlərinə uyğun iş aparmaq bizim üçün yenidir. Təbiidir, mən hesab etmirəm ki, burada biz hər şeyə nail olmuşuq. Amma eyni zamanda çox məmnunam ki, siz qeyd etdiniz, - xeyli işlər görülübdür və düz istiqamətdə gedir.

Sizin bu səfəriniz bizim üçün çox əhəmiyyətlidir. Çünki indi sizin burada məşğul olduğunuz sahə elə bir sahədir ki, bunu biz özümüz dərindən təhlil etmək imkanında deyilik.

Mən bir prezident kimi, iqtisadi islahatları keçirəndə onların nəticəsini özüm görürəm, istədiyim şey ilə də tanış oluram və bunu bilirəm. Kənd təsərrüfatı, sənaye, maliyyə sistemi - bunlar hamısı bizim üçün tanış sahələrdir. Amma mən şəxsən prezident kimi, yaxud da ki, mənim aparatımın başqa işçiləri həbsxanaya gedib orada olan vəziyyəti siz öyrəndiyiniz kimi öyrənə bilmərik.

Mən qərarlar qəbul edirəm və tələb edirəm ki, müvafiq icra orqanları o qərarları yerinə yetirsinlər. Bilirəm ki, onlar yerinə yetirməyə çalışırlar. Bu barədə mənə məlumatlar verirlər. Amma bu, nə qədər bizim istədiyimiz səviyyədədir, yaxud da ki, beynəlxalq hüquq normalarının tələbi səviyyəsindədir, - biz onu müəyyən edirik, amma sizin kimi müəyyən edə bilmərik. Ona görə sizin bu səfəriniz çox əhəmiyyətlidir.

Mən sizə açıq deyə bilərəm ki, sizin bu barədə müşahidə etdiyiniz bütün nöqsanların aradan qaldırılmasına biz hazırıq. Siz demədiniz, amma bilirəm ki, siz nöqsanlar müşahidə etmisiniz. Mənə deməyə o əsas verir ki, siz artıq qeyd etdiniz ki, son vaxtlar bizim qəbul etdiyimiz qərarlar nəticəsində müəyyən işlər görülüb və müəyyən nailiyyətlər əldə olunur. Buna görə sizin bu səfəriniz çox əhəmiyyətlidir. Mən sizə təşəkkür edirəm. Çox iş görmüsünüz.

O ki qaldı - deyirsiniz, Cinayət Prosessual Məcəlləsinin qəbul olunmasını görmək istərdiniz, - dəvət edirəm, ikinci dəfə gələsiniz, həmin məcəllə qəbul olunandan sonra ikinci dəfə gəlib bunlara baxasınız. Onda hər şey tamam olar. Mən təşəkkür edirəm. Ola bilər, bəzi məsələləri mənə demək istəyirsiniz.

Tarixi arayış

Azərbaycan - BMT