İtaliya Respublikasının prezidenti Oskar Luici Skalfaronun adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Heydər Əliyevin nitqi - Roma, "Kuirinal" sarayı, 25 sentyabr 1997-ci il


Cənab prezident Skalfaro!

Hörmətli xanımlar və cənablar!

Sizi ürəkdən salamlayıram. Cənab prezident, ölkənizə rəsmi səfərə dəvətinizə görə, apardığımız səmərəli danışıqlara, buraya gəldiyimiz ilk dəqiqələrdən hiss etdiyimiz dostcasına səmimi münasibətə, qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Hesab edirəm ki, bugünkü görüşümüz və bütünlükdə mənim buraya rəsmi səfərim İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdə yeni mərhələ açır.

Gənc müstəqil dövlət kimi Azərbaycanın buna ehtiyacı var və bunu çox istəyir. Biz italyan xalqının tarixi keçmişinə, bütün dövrlərdə dünya sivilizasiyasına verdiyi çox böyük töhfələrə və son əlli ildə Avropada və ümumən dünyada sülhün əmin-amanlığın möhkəmlənməsində fəal rol oynamasına böyük hörmətlə yanaşırıq.

İtaliya dünyanın ən böyük dövlətlərindən biridir, Dünya Birliyinin, xüsusən Avropanın iqtisadi, siyasi həyatında son dərəcə mühüm yer tutur. Ona görə də biz İtaliya ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə fəal əlaqələr saxlamaq istəyirik. Hesab edirəm ki, sizinlə bugünkü söhbətimiz, danışıqlarımız məhz bu ruhda keçmişdir.

Cənab prezident, Azərbaycan xalqı, onun müstəqillik əzmi barədə, dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycanda gedən demokratik dəyişikliklər haqqında söylədiyiniz xoş sözlər üçün təşəkkürümü bildirirəm. Siz doğru deyirsiniz ki, planlı, inzibati-amirlik sistemindən sərbəst bazar iqtisadiyyatına, totalitar, avtoritar rejimdən demokratiyaya keçid çətin və mürəkkəb yoldur. Cənab prezident, ancaq Sizi və bütün dostlarımızı əmin etmək istəyirəm ki, Azərbaycan müstəqillik mövqeyində möhkəm dayanır və ölkəmizin dövlət müstəqilliyi dönməzdir. Bizim xoşbəxtliyimiz ondadır ki, Azərbaycan xalqı, Azərbaycanın hakimiyyət orqanları və prezidenti dövlət müstəqilliyi mövqeyində möhkəm dayanmışlar. Biz demokratik dəyişikliklər yolu ilə qətiyyətlə və inamla gedirik, demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Biz iqtisadi islahatlar aparır və Azərbaycanın bütün iqtisadiyyatını bazar münasibətləri əsasına keçiririk. Mülkiyyət özəlləşdirilir, torpaq islahatı aparılır, torpaq alqı-satqı hüququ ilə kəndlilərin xüsusi mülkiyyətinə verilir.

Biz iqtisadi islahatlar apararkən onların uğurla həyata keçirilməsi üçün çoxlu qanunlar qəbul etmişik. Ölkəmizin iqtisadiyyatını bütün dünyaya və xarici investisiyalar üçün açmışıq. Xarici investisiyaların Azərbaycana uğurla cəlb olunması üçün qanunlarımızla, hüquqi sənədlərimizlə hər cür şərait yaratmışıq. Bütün bunlar özünün müsbət nəticələrini verir. Ölkəmizin iqtisadi həyatında nəzərə çarpan müsbət dəyişikliklər var. Azərbaycanın neft yataqlarından müştərək istifadə edilməsinə dair son üç ildə 12 ölkənin neft şirkətləri ilə 9 böyük müqavilə bağlanmışdır. Bu müqavilələrə 20 şirkət cəlb olunmuşdur.

Biz 1995-ci ildən başlayaraq İtaliyanın "Acip" Şirkəti ilə əməkdaşlıq edirik. Bu gün isə Azərbaycanın ən iri neft yataqlarından birinin birgə işlənməsinə dair Azərbaycan Dövlət Neft Şirkəti ilə İtaliyanın "Acip-Eni" Şirkəti arasında müqavilənin imzalanması gözlənilir.

Əgər Ermənistan ilə Azərbaycan arasında münaqişə, ölkəmizin ərazisinin 20 faizinin işğalına gətirib çıxaran hərbi təcavüz olmasaydı, biz daha çox şeyə nail ola bilərdik. İşğal edilmiş rayonlardan bir milyondan çox azərbaycanlı zorla qovulub, onların əksəriyyəti beş ildir ki, çadırlarda, son dərəcə ağır sosial-iqtisadi şəraitdə yaşayır.

Azərbaycan sülhsevər ölkə, xalqımız sülhsevər xalqdır, biz müharibə, münaqişə istəmirik. Məhz buna görə də üç ildən çox bundan öncə atəşkəsə razı olmuşuq və o vaxtdan bəri Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə əməl edirik. Biz münaqişənin Lissabonda qəbul olunmuş üç prinsip əsasında, Ermənistan silahlı birləşmələrinin işğalı altındakı Azərbaycan ərazilərinin tamamilə azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqınların öz yaşayış yerlərinə qaytarılması və Azərbaycanın tərkibində Dağlıq Qarabağa özünüidarə statusu verilməsi şərti ilə aradan qaldırılmasını istəyirik.

Bu məsələ ilə Minsk konfransı, Minsk qrupu fəal məşğul olur. İtaliya Minsk konfransının, Minsk qrupunun tərkibində layilqi yer tutur. Buna görə İtaliya Respublikasına minnətdarıq. Xatirimdədir, 1993-cü ildə və 1994-cü ilin əvvəlində Minsk qrupuna İtaliya sədrlik edirdi. Biz o vaxt da bu münaqişənin həlli ilə əlaqədar İtaliyanın ədalətli mövqeyini hiss edirdik. Cənab prezident, bu gün də sizinlə görüş zamanı məndə qəti təəssürat yarandı ki, İtaliya beynəlxalq hüquq normalarına əməl olunması, hər bir ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün tanınması, münaqişənin sülh yolu ilə aradan qaldırılması mövqeyində dayanır. Cənab prezident, bu ədalətli mövqeyinizə görə Sizə təşəkkür edirəm. Ümidvarıq ki, İtaliya bundan sonra da prinsipial, ədalətli mövqe tutacaqdır. Yeri gəlmişkən, İtaliya bu mövqeyini 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə də nümayiş etdirmişdir.

Biz nikbinik, bu məsələnin sülh yolu ilə həllinə ümid bəsləyirik. Buna nail olmaq üçün öz tərəfimizdən hər şeyi edəcəyik və bundan sonra da İtaliya Respublikasının dəstəyinə ümid edirik.

İtaliya ilə Azərbaycan arasında iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq üçün böyük imkanlar var. Biz bu imkanlardan maksiumum istifadə etməyə çalışacağıq. Bu əməkdaşlıqda "Acip-Eni" şirkəti mühüm yer tutur.

Mən bu gün İtaliyanın tarixinə və İtaliya Respublikasının indiki həyatına bir daha dərin hörmətimi bildirmək istəyirəm. Cənab prezident, Azərbaycan xalqının, müstəqil Azərbaycan Respublikasının ünvanına söylədiyiniz xoş arzulara görə təşəkkür edirəm. Azərbaycan Avropanın bir hissəsidir və Avropa Birliyinin, Avropa Şurasının tam hüquqlu üzvü olmaq istəyir. Biz bu məsələdə sizin dəstəyinizə bel bağlayacağıq. Mən İtaliya xalqına uğurlar və tərəqqi, sülh və xoş həyat arzulayıram. Cənab prezident, Sizə - İtaliyanın görkəmli dövlət xadiminə cansağlığı və uzun illər səmərəli həyat arzu edirəm. Bu gün burada Sizin qızınızı görmək və sizin ailənizlə ünsiyyətdə olmaq mənə xoşdur. Sizin ailənizə səadət və əmin-amalıq diləyirəm. Mənim ən xeyirxah arzularımı qəbul edin.

İtalyan xalqının şərəfinə, İtaliya Respublikasının şərəfinə, İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişafı, xalqlarımızın daha da tərəqqisi, Avropada və bütün dünyada sülhün, əmin-amanlığın bundan sonra da inkişafı şərəfinə, cənab prezident, sizin şərəfinizə, qızınızın şərəfinə badə qaldırıram. Sizə uzun ömür, işlərinizdə uğurlar diləyirəm. Sağ olun.