Münasibətlərin tarixi: İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb.
İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.
1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb.
ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirib: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır".
Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açıb. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.
Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.
Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulub.
1996-cı il 17-18 aprel tarixində Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tsyan Tsiçeni qəbul edib. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri də Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olub. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığnı və Azərbaycanın yanında olduqlarını bir daha bəyan edib.
1997-ci il 27-30 avqust arasında Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin sədr müavini Van Bintsyanın başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə görüşlər keçirilib. Çin Xalq Yığıncağının nümayəndə heyəti Milli Məclisə 60.000 dollar məbləğində texniki yardım təqdim edib.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük ipək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfrans da öz növbəsində iki ölkə arasında münasibətlərin daha da istiləşməsinə səbəb olub.
2000-ci il 21-24 iyun tarixlərində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfər edib. Li Pen Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Heydər Əliyev Li Penə Çinin inkişaf yolunu yüksək qiymətləndirdiyini bildirib. Səfər zamanı Li Pen və Heydər Əliyev Bakı şəhərində Çin Xalq Respublikası səfirliyinin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev də CXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il martın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. ÇXR-in sədri Xu Szintao Azərbaycan Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirib. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirib. Öz növbəsində İlham Əliyev Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini deyib.
İlham Əliyev Çinə səfəri zamanı Azərbaycan-Çin biznes forumunun işində iştirak edib, Böyük Çin Səddinə baxıb, həmçinin, digər işgüzar görüşlərdə iştirak edib.
7 avqust 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Çində səfərdə olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə 2019-cu ilin aprelində Çinin “Sinxua” agentliyinə müsahibəsində Prezident İlham Əliyev belə deyib: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.”
2016-cı ilin may və iyun aylarında Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi Menq Ciancu Azərbaycana səfər ediblər. Tərəflər praqmatik əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələr haqqında fikir mübadiləsi aparıblar.
2019-cu il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə səfərə edib və ayın 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.
Çin Xalq Respublikası və Azərbaycan Respublikası qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqlarının toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Azərbaycanın Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərində Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf də yüksək qiymətləndirir.
Hərbi sahədə əlaqələr: 1999-cu ilin may ayında ÇXR tərəfindən Ermənistan Respublikasına 8 ədəd "Tayfun" tipli raket kompleksinin satılması o zaman Azərbaycan-Çin münasibətlərinə soyuqluq gətirsə də, son dövrlər hər iki ölkə arasında hərbi sahədə münasibətlər inkişaf etməkdədir.
2019-cu ilin yanvarında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekinə rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyi arasında hərbi yardımın göstərilməsinə dair sənəd imzalanıb. Bununla da Azərbaycan-Çin əlaqələrində hərbi sahədə yeni mərhələ başlanıb.
İqtisadi əlaqələr: Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Komissiyanın ilk iclası 2009-cu il 27 may tarixində keçirilib.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb.
Azərbaycan Respublikası 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb.
Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb.
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az - 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.
Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.
Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir. 2018-ci ildə 16 minədək çinli turist Azərbaycana səfər edib.
Mədəni əlaqələr: Siyasi əlaqələrlə yanaşı hər iki şərq ölkəsini mədəni münasibətlər də bağlayır. Azərbaycan Respublikası və ÇXR arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən 1995-ci il 12-21 aprel tarixi arasında Pekin Beynəlxalq sərgi mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib.
2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb.
2008-ci il 10 avqust tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində - "China World Hotel"-də XXIX Yay Olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri keçirilib, 10-14 dekabr 2012-ci il tarixində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib.
2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası səfirliyinın dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub.
Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır.
Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.