Azərbaycan Prezidentinə Türkiyə Cümhuriyyətinin "Dövlət nişanı"nın təqdim olunması mərasimində Heydər Əliyevin çıxışı - İstanbul, "Çankaya köşkü", 5 may 1997-ci il


Hörmətli prezident, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Türkiyə Cümhuriyyətinin hökumət üzvləri, dövlət adamları, mətbuat nümayəndələri!

Hörmətli dostlar, xanımlar və cənablar!

Bu gün biz Türkiyəyə gəlməyimizə, bu torpaqda olmağımıza çox sevinirik və məmnunuq. Türkiyə bizim üçün müqəddəs bir yerdir. Hər bir azərbaycanlı üçün Türkiyə sevimli bir ölkədir. Buna görə Türkiyəni ziyarət etmək özü hər bir insanın həyatında böyük bir hadisədir, xoşbəxtlikdir. Bizə bu xoşbəxtlik nəsib olmuşdur. Bu gün mən həddindən artıq həyəcanlıyam. Ona görə ki, Türkiyə Cümhuriyyətinin "Dövlət nişanı"nı mənə əziz dostum Süleyman Dəmirəl təqdim etdi. Mən Türkiyənin bu yüksək dövlət mükafatına layiq görülmüşəm.

Mən çox həyəcanlıyam. Doğrusu, belə bir yüksək mükafatı heç də gözləmirdim. Çünki Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri inkişaf etdirmək, genişləndirmək, günü-gündən irəliyə aparmaq bir azərbaycanlı, bir vətəndaş kimi mənim müqəddəs borcumdur.

Artıq dörd ilə yaxındır ki, mən Azərbaycana rəhbərlik edirəm. Bu müddətdə daim çalışmışam ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr inkişaf etsin, genişlənsin, yüksəlsin. Çünki mən həm Azərbaycan üçün, həm də Türkiyə üçün bunun nə qədər faydalı olduğunu bilirəm. Bunun Azərbaycan üçün nə qədər gərəkli, faydalı olduğunu həmişə dərk etmişəm. Çünki uzun illər biz Türkiyədən ayrı düşmüşük, xalqlarımız 70 il bir-birindən ayrı düşmüşdür. Bu illər ərzində tək biz yox, bizdən əvvəl yaşamış nəsillər də Türkiyənin həsrətində olublar, Türkiyə ilə qovuşmaq, görüşmək, əl-ələ vermək, Türkiyənin əlini sıxmaq həsrəti ilə yaşayıblar.

Nəhayət, biz 1990-cı ilin əvvəllərində buna nail olduq. Bunun özü hər bir Azərbaycan vətəndaşının həyatında, o cümlədən mənim həyatımda böyük bir xoşbəxtlikdir. Buna nail olandan sonra bu əlaqələri inkişaf etdirmək, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq, qarşılıqlı fayda əldə etmək, şübhəsiz ki, bizim vəzifəmiz olubdur və mən bu vəzifəni yerinə yetirməyə çalışmışam. Əgər mənim gördüyüm bu işlər Türkiyə Cümhuriyyəti, dövləti tərəfindən bu qədər yüksək qiymətləndirilirsə, mən çox xoşbəxtəm, məmnunam.

Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə Cümhuriyyətinin mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun yaratdığı cümhuriyyətin mükafatıdır.

Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün belədir. Ona görə də Türkiyə demokratik, Atatürk Türkiyə Cümhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.

Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir.

Mən sizi əmin edirəm ki, bu böyük etimadı, şərəfi həyatımın sonuna qədər doğrultmağa çalışacağam. Mən onsuz da bunu edirəm və edəcəkdim. Ancaq bu mükafat mənim üzərimə çox böyük məsuliyyət qoyub, vəzifəmi daha da artırıbdır.

Əmin olun ki, mən bu vəzifəmi layiqincə yerinə yetirməyə çalışacağam. Əmin olun ki, Azərbaycan daim müstəqil olacaqdır. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı sarsılmazdır, dönməzdir. Əmin olun ki, Azərbaycan demokratiya, azadlıq yolu ilə gedəcəkdir. Azərbaycanın tutduğu yol - demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolu bizim yolumuzdur. Biz bu yoldan heç vaxt dönməyəcəyik. Bu yolla sona qədər gedib Azərbaycanı Dünya Birliyində layiqli bir səviyyəyə gətirib çıxaracağıq.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı gündən-günə möhkəmlədək və yüksəklərə qaldıraq.

Əziz dostum, qardaşım, sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.

Sual: Cənab Heydər Əliyev, Bakı Ceyhan xətti barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Bu gün imzaladığımız strateji əməkdaşlıq haqqında bəyannamədə bütün bu məsələlər öz əksini tapıbdır.

Sual: Azərbaycan nefti 2000-ci ildə Türkiyəyə gəlib çıxacaqmı?

Heydər Əliyev: Azərbaycan nefti Türkiyəyə nə vaxt gəlib çıxacaq, - bunu zaman göstərəcəkdir. Amma yaxın vaxtlarda olacaqdır.

Sual: Mətbuatdan məlumdur ki, Rusiya Ermənistana xeyli silah veribdir. Türkiyə-Azərbaycan danışıqlarında bu məsələ müzakirə olundumu?

Heydər Əliyev: Bilirsiniz ki, Ermənistan gizli olaraq Rusiyadan çoxlu miqdarda silahlar, sursatlar alıbdır. Rusiyanın paytaxtı Moskvada rəsmi elan edilib ki, Rusiya Ermənistana gizli olaraq bir milyard dollarlıq silah veribdir. Bu, çox böyük təhlükə doğurur. Ona görə də bu gün bu barədə ətraflı danışıqlar, müzakirələr apardıq. Şübhəsiz ki, bu hadisə bizim hamımızı düşünməyə dəvət edir. Düşünmək lazımdır. Əgər bu sahədə iş birliyi lazım olsa, bunu da etmək olar.

Sual: Cənab prezident, siz bəyan etmisiniz ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsinə tərəfdarsınız. Ermənistan Azərbaycandan nə istəyir?

Heydər Əliyev: Ermənistan Dağlıq Qarabağa müstəqillik istəyir. Biz bunu heç vaxt verə bilmərik. Azərbaycan öz torpağının bir qarışını, bir metrini də heç kəsə verməz. Ermənistan torpaqlarının bir qisminin keçmiş zamanlarda Azərbaycana məxsus olmasına baxmayaraq, biz başqalarının torpağını istəmirik. Biz 1991-ci ildə Azərbaycan müstəqillik qazandığı zaman Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş sərhədlərimiz çərçivəsində torpaqlarımızı qoruyacağıq və heç kəsə verməyəcəyik.

"Azərbaycan" qəzeti, 6 may 1997-ci il.