Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskudero ilə görüşdəki söhbətindən - Prezident sarayı, 13 yanvar 2000-ci il


Heydər Əliyev:  Cənab səfir, Sizi səmimi-qəlbdən salamlayıram.

Stenli Eskudero:  Cənab prezident, təşəkkür edirəm, mən çox yaxşıyam. Bu gün çox gözəl hava vardır. Demək istəyirəm ki, qış fəslində Bakının öz gözəlliyi olur və bugünkü hava mənə xüsusi ləzzət veribdir.

Heydər Əliyev:  Bu gün doğrudan da hava gözəldir. Səhər tezdən 30 dəqiqə açıq havada gəzdim. Çox gözəl hava var idi.

Stenli Eskudero:  Bəli, mən də bu gün səhər öz balaca bağımda gəzmişəm və idmanla məşğul olmuşam. Bu gün siz də çox gözəl görünürsünüz. Yəqin nə iş görmüsünüzsə, siz çox belə şən əhval-ruhiyyədə görünürsünüz.

Heydər Əliyev: Elədir. Mən gərək həmişə belə əhval-ruhiyyədə olam. Belə olmasam işləmək mümkün deyildir. İş nə qədər ağır olsa da, nə qədər çətin olsa da gərək yaxşı əhval-ruhiyyədə olasan, nikbin olasan ki, bütün bu çətin işlərin öhdəsindən gələ biləsən.

Stenli Eskudero:  Həm də hərdən çox incə yumor hissinin olması da köməyə gəlir.

Heydər Əliyev:  Bəli, o da lazımdır.

Stenli Eskudero:  Cənab prezident, ümidvaram ki, bu gün mənim verəcəyim xəbər sizin yaxşı əhval-ruhiyyənizin davam etməsinə yardımçı olacaqdır. Gələn həftə Bakıda bu regionda təmsil olunan Amerika səfirlərinin və həmçinin Vəşinqtonu təmsil edən bir sıra səfirlərin birgə görüşü keçiriləcəkdir.

Möhtərəm prezident, gələn həftə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı, Ermənistandakı, Türkiyədəki, Qazaxıstandakı və Türkmənistandakı səfirləri, bizim

Moskvadakı səfirliyimizin nümayəndələri, elecə də səfirlər Vulf və Teylor Azərbaycanda olacaqlar. Bildiyiniz kimi, səfir Vulf Klintonun Xəzər regionu üzrə nümayəndəsidir, o cümlədən boru kəmərləri barədə danışıqlar üzrə prezident Klintonun şəxsi təmsilçisidir. Cənab səfir Uilyam Teylor yeni müstəqillik qazanmış dövlətlərə Amerika Birləşmiş Ştatlarından göstərilən yardımlar üzrə əlaqələndiricidir. Gələn həftə olacaq görüşə cənab Ross Vilson da qatılacaqdır. Cənab Ross Vilson cənab Sestanoviçin birinci müavinidir. Bu nümayəndə heyətində Amerika Birləşmiş Ştatlarının müxtəlif dövlət orqanlarını təmsil edən 45-50-yə yaxın insan buradakı görüşdə iştirak edəcəkdir. Azərbaycanın Xəzər regionunun və Qafqaz bölgəsinin gələcək inkişafında mərkəz olduğunu, önəmli rol oynadığını nəzərə alaraq hesab edirik ki, gələn həftə bizim geniş tərkibli nümayəndə heyətimiz Amerika Birləşmiş Ştatlarının Xəzər regionuna dair siyasi, hərbi və digər strategiyalarının və siyasətlərinin daha düzgün müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparılmasında yardımçı olacaqdır. İqtisadi və kommersiya layihələrini və maraqlarımızı nəzərə alaraq, Amerika dövlətinin bu regionda yerləşən, ayrı-ayrı dövlətlərdə təmsil olunmuş ticarət palatalarının prezidentləri də həmin müddətdə Bakıya toplaşacaqlar. Bu müddət ərzində biz regiondakı iqtisadi maraqlarımızı müzakirə etməklə bərabər, həmçinin Amerika Ticarət Palatasının Bakıda daha geniş və daha böyük ofisinin açılmasında da iştirak edəcəyik.

Biz bu iki mühüm tədbirdə özümüz iştirak edəcəyik və bizə verilən məlumata görə, siz də lütfkarlıq göstərərək yanvarın 20-də bizi, bütün nümayəndə heyətini qəbul etmək şərəfinə layiq görmüsünüz. Həm mən, həm də burada olacaq bütün səfirlər bu imkana böyük ümidlə baxırıq və sizinlə geniş fikir mübadiləsi aparmaq əzmindəyik. Ümidvarıq, etiraz etməyəcəksiniz ki, bu görüşə ticarət palatasının təmsilçiləri də qoşulsunlar. Bildiyiniz kimi, elə həmin həftə ərzində də, cənab prezident, bizim hökumətlərimiz - Amerika Birləşmiş Ştatları və Azərbaycan hökumətləri arasında yeni sənəd imzalanacaqdır. Bu sənəd ölkələrimiz arasında iqtisadi, kommersiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılması və bu münasibətlərin institutlar şəklində daha səmərəli olmasının təmin edilməsi işinə də öz töhfəsini verəcəkdir.

Cənab prezident, beləliklə, növbəti həftə Amerika-Azərbaycan ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün çox önəmli bir həftə olacaqdır. Bu həftə bizə imkan yaradacaqdır ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycana güclü dəstəyi, sizin apardığınız siyasətə göstərdiyi güclü dəstəyini ictimai şəkildə kütləvi informasiya vasitələrinə bir daha əyan edək və dövlətlərimiz arasındakı münasibətləri daha da genişləndirək.

Heydər Əliyev: Mən sizin bu məlumatınızdan çox məmnunam. Mən əvvəlcədən bilirdim ki, belə bir tədbir Azərbaycanda planlaşdırılır. Amma bunun belə geniş və eyni zamanda çox yüksək səviyyəli tərkibdə olduğunu bilmirdim. Bu, məni çox sevindirdi. Burada Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi mərkəz rolunu oynayır. Güman edirəm ki, bu, Amerika Birləşmiş Ştatlarının hökuməti tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinə göstərilən etimad və qayğıdır.

Eyni zamanda, təbildir ki, bu, Azərbaycana göstərilən çox böyük diqqətdir, qayğıdır, dəstəkdir. Mən bunu yaxşı anlayıram.

Bu tədbirlərinizin burada keçirilməsini və sizin indi verdiyiniz məlumatı mən alqışlayıram. Xahiş edirəm, bizdən asılı olan məsələləri vaxtında bizə deyəsiniz ki, onları həll edək. Yəni mən istəyirəm ki, Azərbaycana gələn qonaqlar həm səmərəli işləyə bilsinlər, həm də onların burada səmərəli işləməsi üçün bütün lazım olan şərait yaradılsın.

Stenli Eskudero:  Çox sağ olun, cənab prezident. Bilirdim ki, sizdən də güclü dəstək alacağıq və sizin bu işə reaksiyanız çox müsbət olacaqdır. Bir daha çox sağ olun. Biz tərəddüd etmədən, lazım olan bütün yardımlar üçün sizin hökumət orqanlarına müraciət edəcəyik.

Heydər Əliyev:  Bəli, müraciət edin. Sizin bütün müraciətlərinizə çox diqqətlə baxılacaq, yardımlar ediləcəkdir. Mən hesab edirəm ki, bu, bizim üçün çox əhəmiyyətli bir tədbirdir.

Yanvar ayının 20-də mən də - söz vermişəm - mütləq buradakı bütün iştirakçıları, siz kimləri məsləhət bilsəniz hamısını qəbul edəcəyəm. Bilirsiniz ki, ayın 20-si bizdə matəm günüdür. Amma bu günlər biz işləyirik. Ona görə həmin gün mən söz vermişəm, biz görüşəcəyik. Çox məmnunam.

Stenli Eskudero: Cənab prezident, Azərbaycanın tarixində çox önəmli, mühüm bir hadisənin ildönümünə təsadüf edən bu matəm günündə sizin işləməyiniz, sizin iş yerində çalışacağınız barədə xəbəri almaq mənim üçün heç də təəccüblü deyildir. Çünki mən, cənab prezident, şəxsən sizinlə iş təcrübəmdən belə xatırlayıram ki, sizinlə keçirdiyim görüşlər bəzən gecədən xeyli keçmiş, bəzən çox erkən, səhər, bəzən gündüz olubdur və heç cür vaxt, zaman çərçivəsinə sığmayıbdır. Hərdən düşünürəm ki, sizdən soruşum: Sizin heç yatdığınız vaxt olur?

Heydər Əliyev: Olur, amma az olur.

Stenli Eskudero: Mən buna inanıram.

Heydər Əliyev: Yanvar ayının 19-da bizim Respublika sarayında bu yanvar hadisələrinin 10-cu ildönümü münasibətilə bir matəm mərasimi olacaqdır. Əgər uyğun görsəniz, sizin qonaqlarınızı - bu, saat 5-də olacaqdır, təxminən bir-iki saat çəkəcəkdir - mən dəvət edirəm, burada iştirak edə bilərsiniz. Ora bütün səfirlər dəvət olunurlar. Amma yenə də deyirəm, əgər imkanmız olsa, mən sizin qonaqlarınızı da dəvət edirəm.

Stenli Eskudero: Çox sağ olun. Çox böyük diqqət göstərirsiniz.

Heydər Əliyev: 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın XX əsrdəki tarixində ən dəhşətli faciədir. Sovet hökumətinin, kommunist rejiminin öz xalqına qarşı bu qədər dəhşətli terror, təcavüz əməliyyatı buna qədər heç vaxt keçirilməmişdir. Ona görə onu biz hər il qeyd edirik. Amma bu il faciənin 10-cu ildönümüdür.

Stenli Eskudero: Düzdür, cənab prezident. Mən yalnız onu deyə bilərəm ki, dövlətlərin tarixində bu cür faciəli hadisələr həmin dövlətlərin öz müstəqilliyini almağa yaxın olduğu zamanlara daha çox təsadüf edir. Ən ağrıdıcı, insana əziyyət verən cəhət isə odur ki, o insanlar günahsız olaraq həyatlarını qeyb etdilər.

Ötən illərdə mən sizinlə bərabər Şəhidlər xiyabanında olmuşam və Azərbaycan xalqının faciəsinə qoşularaq, həyatlarını itirmiş şəxslərin matəm mərasimlərində iştirak etmişəm. İstəyirəm biləsiniz ki, Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi, bizim nümayəndələrimiz və bütün Amerika xalqı Azərbaycan xalqının bu kədərini bölüşür və hər zaman bu hadisə barədə düşünəndə qəlbimiz ağrıyır.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin başqa bir sözünüz varmı?

Stenli Eskudero: Cənab prezident, mətbuat nümayəndələrinin qarşısında demək istədiklərim ancaq bu qədərdir. Amma sizə deyiləcək sözüm vardır.

Heydər Əliyev: Mətbuat nümayəndələrinin qarşısında mən də demək istəyirəm ki, siz bilirsiniz ki, mən Türkiyəyə səfər etmişdim. Bu səfərimin məqsədi və səfər zamanı gördüyüm işlər haqqında mən artıq mətbuata məlumat vermişəm. Əgər bu barədə sizi hansı məsələlər maraqlandırsa, mən bu barədə sizə geniş danışa bilərəm.

Stenli Eskudero: Bəli, cənab prezident, mənim üçün çox maraqlıdır və mühümdür.