Azərbaycan Dövlət Neft Şirkəti


ARDNŞ 1992-ci il sentyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında qurulmuşdur. Fərmana əsasən iki dövlət müəssisəsi, "Azərneft" və "Azərneftkimya" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kimi birləşdirilib. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur.

SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 2 neft, 1 qaz emalı zavodu, Neft Donanması, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 22 struktur bölməsi var. Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya və Ukraynada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunmuşdur.