"Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan parlamentinin xüsusi iclasında nitqi" (Tbilisi, 8 mart 1996-cı il) sənədinə tarixi arayış


Gürcüstan Cənubi Qafqaz regionunda Azərbaycan Respublikasının yaxın tərəfdaşı hesab olunur. Hər iki ölkəni tarixi yaxınlıq, strateji, geopolitik və iqtisadi mənafelər birləşdirir.

Azərbaycan və Gürcüstan Sovet İttifaqı dağıldıqdan sonra etnik separatizm və müharibəyə məruz qalıb. Azərbaycan Dağlıq Qarabağda erməni təcavüzü, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyada separatizmlə üzləşib.

Hər iki ölkə müstəqilliklərinin ilk vaxtlarından yaxın əməkdaşlıq münasibətlərinin saxlanmasına çalışır. 1993-cü ilin fevralında Gürcüstan prezidentinin səlahiyyətlərini həyata keçirən Eduard Şevardnadze Azərbaycana səfərə gəlib. Bu səfərdə tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini tənzimləyən müqavilələr imzalanıb.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycan - Gürcüstan münasibətləri sürətlə inkişaf edib. Onun Gürcüstan prezidenti Eduard Şevardnadze ilə şəxsi dostluq münasibətləri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə kömək göstərib.

Heydər Əliyev və Eduard Şevardnadze dəfələrlə rəhbərlik etdikləri ölkələrə qarşılıqlı səfərlər ediblər. Azərbaycan dövlət başçısının Gürcüstana rəsmi səfəri 1996-cı ilin martında həyata keçirilib. Səfər çərçivəsində iki vacib sənəd - "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında bəyannamə" imzalanıb. Azərbaycanın və Gürcüstanın dövlət başçıları mətbuat konfransında verdikləri bəyanatda həmin sazişlərin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Azərbaycan Prezidenti Heydər Əliyev 9 mart 1996-cı ildə Gürcüstan parlamentinin xüsusi iclasında çıxış edib. Nitqində o, Azərbaycan Respublikasının xarici siyasəti, iqtisadi inkişafı, Ermənistanın təcavüzü nəticəsində baş vermiş Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib. Azərbaycanın dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyü təhlükə altında qalmış ölkə kimi MDB dövlət başçılarının Moskva görüşündə eyni məsələdən əziyyət çəkən Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdiyini xatırladıb.

Azərbaycan və Gürcüstanı siyasi müttəfiqlikdən başqa sıx iqtisadi və enerji tərəfdaşlığı birləşdirir. Azərbaycan neftini dünya bazarına çıxaran Bakı - Supsa (1999) və Bakı - Tbilisi - Ceyhan (2006) neft kəməri Gürcüstan ərazisindən keçir.

Müttəfiqliyin açıq nümayişi olaraq Gürcüstan prezidenti Eduard Şevardnadze 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə Cümhuriyyəti prezidentlərinin Trabzon görüşündə qeyri - Xəzər dövlətinin rəhbəri kimi Xəzərin statusu məsələsində Azərbaycanın mövqeyini müdafiə etdiyini söyləyib.

Heydər Əliyev və Eduard Şevardnadze 1997, 1998, 2000, 2001, 2002-ci illərdə Gürcüstan və Azərbaycana qarşılıqlı səfərlər ediblər. (http://www.mfa.gov.az/)

2004-cü ilin yanvarında Gürcüstanda hakimiyyətə gəlmiş Mixail Saakaşvili də Azərbaycana səfərində dostluq münasibətlərini davam etdirir. Onun 2004-cü ilin martında Azərbaycana səfərində prezident İlham Əliyevlə görüşü zamanı hər iki ölkəni təhdid altında saxlayan təcavüzkar separatizm əleyhinə birgə bəyanat verilib (http://www.bizimasr.media-az.com/)

İlham Əliyev Gürcüstana cavab səfərini 2004-cü ilin iyununda edib. Bu səfərdə tərəflər arasında birgə bəyanat, energetika, dəmiryol nəqliyyatı, vergi, aviasiya və televiziya sahələrində yeni müqavilələr bağlanıb. Azərbaycan Prezidenti həmin səfərində Gürcüstanda yaşayan azərbaycanlılarla görüşərək onların qarşısında nitq söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il martın 13-də Gürcüstanın Baş naziri Vladimir Qurgenidzeni qəbul edib. Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında hərtərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edib (http://www.president.az/)

Tarixi arayış 17 mart 2008-ci ildə yeniləşdirilib.