Azərbaycana rəsmi səfərə gəlmiş NATO-nun Baş katibi Xavyer Solana ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Prezident sarayı, 13 fevral 1997-ci il


Hörmətli cənab Xavyer Solana!

Mən sizi Azərbaycan torpağında səmimi salamlayır və ümidvar olduğumu bildirirəm ki, bu səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər sizdə Azərbaycan haqqında geniş təsəvvür yaradacaqdır. Azərbaycan 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuş, 1995-ci ilin aprelində isə Azərbaycan dövlətinin başçısının NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri zamanı müvafiq prezentasiya sənədi təqdim olunmuş və beləliklə, Azərbaycan Respublikası ilə Şimali Atlantika İttifaqı arasında əməkdaşlıq başlanmışdır. Azərbaycan həmin sənədlə üzərinə götürdüyü vəzifələri yerinə yetirir və NATO-nun baş katibi Bakıda qalacağı müddətdə buna əmin ola bilər. Eyni zamanda görüləsi işlər də çoxdur. Belə ki, bir sıra məsələləri dəqiqləşdirmək zəruridir və səfər zamanı biz buna nail olacağıq.

Azərbaycanın daxil olduğu Zaqafqaziya spesifik cəhətləri ilə seçilən regiondur. Azərbaycan beç ildir ki, müstəqillik şəraitində yaşayır. Qarşıda duran vəzifə müstəqilliyimizi qoruyub saxlamaq və onu möhkəmləndirməkdir. Biz demokratik, hüquqi dövlət qururuq. Belə ki, 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etmişik, elə həmin il azad parlament seçkiləri keçirmişik. Hazırda iqtisadi və siyasi islahatlar aparırıq. Hesab edirəm ki, ölkəmizdə demokratik prinsiplər, insan hüquqları, siyasi plüralizm, mətbuat azadlığı bərqərar olmuşdur. Ölkəmizdə müxtəlif siyasi partiyalar fəaliyyət göstərir. Bir sözlə, biz demokratik cəmiyyət quruculuğu yolunda ciddi addımlar atmışıq və atırıq.

Ölkəmizdə keçirilən iqtisadi islahatlara gəlincə bildirmək istəyirəm ki, milli iqtisadiyyatın demokratik inkişafını təmin etmək üçün islahatlar aparılır və artıq bir sıra müsbət nəticələr əldə edilmişdir. Bu cəhətdən torpaq islahatı və torpağın xüsusi mülkiyyətə verilməsi mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, 2-3 ildən sonra Azərbaycanda azad bazar münasibətləri təşəkkül tapacaqdır.

Onu da əlavə edim ki, iqtisadiyyatın inkişafı üçün xarici investisiyaların böyük əhəmiyyəti var. Biz bu sahədə də ardıcıl siyasət yeridirik. Bildiyiniz kimi, Azərbaycanın neft yataqlarının birgə istismarı haqqında xarici şirkətlərlə bir sıra müqavilələr imzalanmışdır və bu müqavilələr hazırda həyata keçirilir.

Bütün keçmiş sovet respublikaları kimi, Azərbaycan da keçid dövrünü yaşayır və bu dövr bir sıra mürəkkəb problemlərlə müşayiət edilir. Lakin həyata keçirilən islahatlar mövcud çətinliklərin aradan qaldırılacağına təminat verir. Bununla belə Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyondan artıq dinc vətəndaşımızın didərgin düşməsi vəziyyəti olduqca mürəkkəbləşdirmişdir. Sizə məlumdur ki, 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında Ermənistanla razılıq əldə etmişik və iki il doqquz aydır ki, atəşkəs şəraitində yaşayırıq. Bu, şübhəsiz, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün müsbət haldır. Keçən ilin dekabrında ATƏT-in Lissabonda keçirilmiş Zirvə toplantısı münaqişənin dinc vasitələrlə tənzimlənməsinin prinsiplərini müəyyən etmişdir. Bu prinsiplər əsasında silahlı qarşıdurmaya son qoymaq məqsədilə danışıqlar aparırıq. Bildiyiniz kimi Ermənistan - Azərbaycan münaqişəsinin nizama salınması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Artıq bu qrupda dəyişikliklər edilib və yaxın vaxtlarda Minsk qrupuna ABŞ, Fransa və Rusiyanı təmsil edən üç həmsədr rəhbərlik edəcək. Ümidvarıq ki, həmsədrlərin təyin edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Minsk qrupu daha fəal işləyəcəkdir.

Qeyd etmək istəyirəm ki, NATO Avropada təhlükəsizlik kimi olduqca vacib bir məsələ ilə məşğul olan təşkilatdır. Azərbaycan isə Avropanın bir hissəsidir. Güman edirəm ki, bölgəmizdə sabitliyi təmin etmək üçün siz də öz səylərinizi göstərəcəksiniz və apardığınız danışıqlar bu məsələnin həllinə kömək edəcəkdir.