Heydər Əliyevin SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciəti - Moskva, 19 iyul 1991-ci il


"Sizin nəzərinizə çatdırıram ki, mən Sov.İKP-dən çıxmaq qərarına gəldim. Dərhal xəbərdarlıq edirəm ki, bu, sadəcə, "dəbə" uymaq deyil, son illər ərzində keçdiyim ağır məyusluqlar yolunun məşəqqətləri və hadisələrini yenidən qiymətləndirməyimin yekunudur.

Məni bu addımı atmağa məcbur edən başlıca səbəblər aşağıdakılardır:

Birincisi, hələ 1990-cı ilin yanvarında mərkəzin və Azərbaycan KP-nin siyasi rəhbərliyi altında Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov.İKP sıralarından çıxmaq fikri yarandı. Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi, onların arasında qocalar, qadınlar, uşaqlar da var idi. Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid bağlayırdım.

Özümü ələ alıb səbirlə gözlədim. Çıxışlarıma cavab əvəzinə çox çəkmədi ki, "Pravda"dan başlayaraq partiyanın mətbu orqanlarında mənə qarşı hücumlar təşkil edildi. Mənə qarşı yönəldilmiş uydurma faktlara əsaslandırılmış şəkildə həmin kütləvi informasiya vasitələrinin özündəcə təkzib etmək cəhdlərim boşa çıxdı. Yenidənqurmanın əsas nailiyyəti olan aşkarlıq özünü birtərəfli göstərirdi.

Yanvar faciəsinin günahkarlarını üzə çıxarmaq və cəzalandırmaq haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ayrı-ayrı vətəndaşların, görkəmli ziyalıların müraciətlərini Azərbaycanın kommunist rəhbərliyi qətiyyətlə rədd edirdi.

Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.

İkincisi, üç ildən artıqdır ki, mərkəzin ikiüzlü siyasəti nəticəsində Sov.İKP -nin havadarlıq etdiyi erməni millətçilərinin səyi ilə DQMV-də yaranmış kəskin münaqişəli vəziyyət saxlanmaqdadır. Vilayət əslində tamamilə Azərbaycanın dövlət idarəçiliyindən çıxıbdır.

Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistan və Azərbaycan arasında elan edilməmiş müharibə gedir. Demək olar hər gün iki tərəfdən də adamlar ölür. Bütün bunlar "humanist ideologiyalı" Sovet dövləti üçün adi haldır.

Əminəm ki, partiya rəhbərliyi istəsəydi, hələ 1987-1988-ci illərdə üzdəniraq Qarabağ problemi ətrafında milli münaqişə təzə başlayanda onun qarşısını ala bilərdi, get-gedə güclənən qarşıdurmaya və həm Azərbaycan, həm də erməni xalqına ağır fəlakət və müsibətlər gətirmiş bu qırğınlara imkan verməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazımdır.

Üçüncüsü, bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların və plüralizmin bəyan edildiyi bir dövrdə Azərbaycanda 1988-ci ildə ərazi bütövlüyünün müdafiəsinə qalxmış geniş demokratik hərəkat və cəmiyyətin demokratikləşməsi Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. Bu illərdə nə qədər adam siyasi fəaliyyətinə görə repressiyalara məruz qalıb.

İl yarımdır ki, Azərbaycanın 2 milyonluq paytaxtı heç bir əsas olmadan fövqəladə vəziyyət rejimində yaşayır. Məhz belə bir şəraitdə respublika Ali Sovetinə üzdəniraq demokratik seçkilər və nəticələri İttifaqın xeyrinə irəlicədən həll olunmuş referendum keçirilmişdir. Fövqəladə vəziyyət şəraitində hər hansı demokratikləşməyə və xalqın iradəsini sərbəst ifadə etməsinə ümid bağlamaq avamlıq olardı. Demokratik təşkilatlar dəfələrlə seçicilərin əksəriyyətinin referendumda iştirak etməməsi və referendumun nəticələrinin saxtalaşdırılması barədə məsələ qaldırmışdır. Ancaq Azərbaycanın kommunist rəhbərliyi bu müraciətlərə hətta baxmağa belə lüzum bilməyib.

Mən mərkəz tərəfindən sırınan yeni İttifaq müqaviləsinin əleyhinə çıxmışam və çıxıram, hər hansı bir suveren dövlətin tərkibində bir neçə suveren dövlət və eləcə də bundan irəli gələn azadlıqlar, səlahiyyətlər və funksiyalar ola bilməz. Bütün müttəfiq respublikalara əsl siyasi, iqtisadi azadlıqlara, milli dövlət dirçəlişi üçün müstəqilliyə imkan vermək lazımdır. Bu heç də respublikaların iqtisadi birliyinə və ənənəvi mədəni əlaqələrinə mane olmaz, əksinə, onların təkmilləşməsinə, ikitərəfli və çoxtərəfli istiqamətdə inkişafına təsir göstərər.

Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın xalq deputatı kimi öz çıxışlarımda bu məsələləri dəfələrlə qaldırdım. Təklif etdim ki, xalq arasında tam nüfuzunu itirmiş Azərbaycan KP təkhakimiyyətlilikdən imtina etsin, bütün siyasi qüvvələrin azad və bərabərhüquqlu fəaliyyətini təmin etsin, demokratik cəmiyyətin yaranmasına, aşkarlıq və plüralizmə şərait yaratsın.

Ancaq bu çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxır, əksinə, mənim ünvanıma təşkil olunmuş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar.

Bütün yuxarıda ifadə etdiklərim məni bu axırıncı addımı atmağa və Sov.İKP sıralarından çıxmaq haqqında bəyanat verməyə məcbur etdi; baxmayaraq ki, bu qərara gəlmək mənim üçün olduqca çətin olub.

Mən kommunist ailəsində böyümüşəm və bütün şüurlu həyatım kommunist partiyası ilə bağlı olub. 1943-cü ildə 20 yaşında ikən öz taleyimi bolşeviklər partiyasına bağlamışam. Kommunist partiyasının ideallarına varlığımla inanmışam və onun planlarının həyata keçirilməsində fəal iştirak etmişəm.

İndi bütün bu inamlarım məhv olub. Yeniləşən partiya və respublikaların yeniləşən ittifaqı haqqında saysız-hesabsız bəyanatlar yenə də xalqı aldatmaqdır.

Xalqa açıq və doğrusunu demək lazımdır ki, bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır.

Bu bəyanatdan sonra qarşıma çıxa biləcək çətinlikləri təsəvvür edir, hər cür hücumları və mənəvi zərbələri qabaqcadan görürəm.

Partiyanın keçdiyi yolun ayıq təhlili məni yuxarıda bəyan etdiyim mövqeyə gətirdi.

Bununla belə üzərimə düşən məsuliyyətin dərəcəsini də başa düşürəm. Sov.İKP sıralarını tərk edərkən, mən bütün təmiz və namuslu kommunistlərə hörmət bəslədiyimi bildirirəm".
 
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti