Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Milli Dirçəliş günü münasibətilə Azərbaycan xalqına müraciəti - 16 noyabr 1994-cü il


Şərəfli keçmişə, zəngin tarixə və mədəniyyətə malik qəhrəman xalqımız artıq üç ildir ki, Milli Dirçəliş gününü bayram kimi qeyd edir. Hər dəfə bu bayramın qeyd edilməsi milli həmrəyliyin, demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsinə çevrilir.

Bir neçə il öncə torpaqlarımızın toxunulmazlığı uğrunda başlanan mübarizə son anda vüsətli xalq hərəkatına çevrildi. Xalqın milli şüurunun oyanması ilə müşayiət olunan bu hərəkat özünün siyasi məzmununa görə dünyada gedən qlobal proseslərin ümumi kontekstinə qovuşdu.

Tarix bizi ağır sınaqlara çəksə də, müstəqilliyə qovuşduğumuz az müddətdə milli demokratik dövlət quruculuğu, ictimai-siyasi və iqtisadi həyatın bir çox sahələrinin yenidən qurulması istiqamətində ciddi addımlar atılmışdır. Xarici siyasətimizin uğurları, müharibədə atəşkəsin əldə edilməsi, nüfuzlu neft şirkətləri konsorsiumu ilə "Əsrin müqaviləsi"nə imza atılması, ölkədə siyasi sabitliyin bərqərar edilməsi uğurlu dövlət quruculuğunun gələcək perspektivlərindən xəbər verir.

Bunlarla yanaşı, Azərbaycanın müstəqiliyinə qənim kəsilmiş daxili və xarici qüvvələr ardı-arası kəsilməyən təxribatlarla xalqı sarsıtmağa, onun azadlıq əzmini qırmağa çalışırlar. Ancaq bu xəyanətkar qüvvələr bilməlidir ki, bütün ağrı-acılara, əzab-əziyyətlərə mətanətlə sinə gərən döyüşkən və mübariz xalqımızın iradəsi qarşısında gücsüzdürlər. Bunu 3-4 oktyabrda dövlət çevrilişinə cəhd zamanı xalqımızın öz dövlətçiliyini qorumaq naminə hakimiyyət ətrafında sıx birləşməsi bir daha sübur etdi. Milli dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir.

Əziz xalqım! Mərd və qeyrətli Azərbaycan övladları!

Sizi bu bayram günündə ürəkdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi yolunda hamınıza cansağlığı, əzmkarlıq və dönməzlik arzulayıram.

"Azərbaycan" qəzeti, 17 noyabr 1994-cü il

Tarixi arayış