Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşü - Nyu-York, 2 fevral 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski ilə görüşmüşdür.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayan cənab Kvasnevski Azərbaycan Prezidenti Heydər Əliyev ilə həm Varşavada, həm də Bakıda keçirdikləri görüşləri və apardıqları danışıqları həmişə məmnunluqla xatırladığını bildirdi.

Səmimi sözlərə görə Aleksandr Kvasnevskiyə minnətdarlığını bildirən respublikamızın Prezidenti Heydər Əliyev Azərbaycan ilə Polşa arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün çox əhəmiyyətli olduğunu vurğuladı.

Böyük iqtisadi imkanlara malik olan Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə Polşanın xüsusi diqqət yetirdiyini nəzərə çatdıran cənab Kvasnevski Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsinə də ölkəsinin maraq göstərdiyini söylədi.

Bazar iqtisadiyyatı, demokratik inkişaf yolu seçmiş Azərbaycanda aparılan islahatlar nəticəsində əldə olunmuş uğurlardan bəhs edən Prezident Heydər Əliyev Xəzərin zəngin neft-qaz ehtiyatlarından istifadə edilməsi sahəsində görülən işlərdən, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri layihəsindən söhbət açdı.

Ermənistanın Azərbaycana qarşı uzun illərdən bəri davam edən hərbi təcavüzündən, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, yerindən-yurdundan zorla çıxarılmış 1 milyondan çox vətəndaşımızın ağır vəziyyətdə, əksəriyyətinin çadırlarda yaşamasından danışan dövlətimizin başçısı bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlərdən, danışıqlar prosesindən geniş bəhs etdi.

Prezident Heydər Əliyevi maraqla dinləyən, Polşanın Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bir daha vurğulayan cənab Aleksandr Kvasnevski bildirdi ki, onun ölkəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərməyə hazırdır.

Nyu-Yorkda keçirilən Dünya İqtisadi Forumunun işini yüksək qiymətləndirən prezidentlər bu tədbirin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə qarşı mübarizənin gücləndirilməsində də böyük əhəmiyyəti olduğunu bildirdilər.

Prezidentlər beynəlxalq aləmdə və regionda vəziyyət barədə müzakirələr apardılar, hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər haqqında da fikir mübadiləsi etdilər.

Prezident Aleksandr Kvasnevski Prezident Heydər Əliyevi Polşaya, dövlətimizin başçısı isə Polşa rəhbərini Azərbaycana rəsmi səfərə dəvət etdi. Hər iki dəvət məmnunluqla qəbul olundu.