Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının təhlükəsizlik naziri Əli Yunisi başda olmaqla, bu ölkənin nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı, 25 iyul 2002-ci il


Heydər Əliyev: Qonaqlar, Sizi səmimi-qəlbdən salamlayıram və hesab edirəm ki, hörmətli nazirin səfəri İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olacaqdır.

Mənim İrana rəsmi səfərim çox yaxşı keçdi. İran hökuməti və prezident Xatəmi, başqa vəzifəli şəxslər Azərbaycana, Azərbaycan prezidentinə çox böyük diqqət göstərdilər. Biz bir çox məsələləri müzakirə etdik və çoxlu vacib sənədlər imzaladıq. Təbiidir ki, danışıqların, görüşlərin hamısı prezident cənab Xatəmi ilə aparılırdı. Ancaq mən həm parlamentdə oldum, onun sədri ilə görüşdüm, həm də ki, hər dəfə olduğu kimi, İranın ali rəhbəri Ayətullah Xamenei ilə də görüşdüm, çox ətraflı söhbət etdim.

Ayətullah Xamenei ilə mən 10 il bundan öncə tanış olmuşam. Onda Naxçıvan Muxtar Respublikasının başçısı idim. Mən İrana, Tehrana dəvət edilmişdim. Xüsusi olaraq Məşhədə getdim və orada Ayətullah Xamenei ilə ilk dəfə görüşüb söhbət etdik. Ondan sonra, 1994-cü ildə Azərbaycan prezidenti kimi, mənim İrana rəsmi səfərim olmuşdu. Ağayi Rəfsəncani ilə bir çox görüşlər keçirdik, danışıqlar apardıq. Mənim bu ilin aprelindəki İrana səfərimin ən böyük nəticələrindən biri odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra biz ilk dəfə olaraq İranla ölkəmiz arasında dostluq,əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladıq. İndiyə qədər bizim belə bir müqaviləmiz olmayıbdır.

Səfərə hazırlaşarkən mən bildirdim ki, biz gərək mütləq müqavilə imzalayaq. Bir dəfə Tehrandan xəbər gəldi ki, buna o qədər ehtiyac yoxdur. Amma ikinci dəfə elə bir layihə gəldi ki, onu heç imzalamaq olmazdı. Sonrakı aylarda hər iki tərəfdən çox böyük cəhdlər göstərildi. Müştərək işimiz nəticəsində, hesab edirəm ki, ölkələrimiz arasındakı əlaqələri tənzimləyən  çox dəyərli bir müqavilə hazırlandı və prezident Xatəmi və mən Tehranda onu imzaladıq. Mən bu barədə ona görə danışıram ki, bağladığımız müqavilə İranla Azərbaycan arasındakı əlaqələrin hüquqi-normativ əsasıdır. Biz bir çox başqa sənədlər də imzaladıq. Amma bunların əsası mən dediyim müqavilədir. Bir sözlə, hesab edirəm ki, İrana səfərim çox uğurlu olubdur.

İndi mən ağayi Xatəminin Azərbaycana səfərini gözləyirəm. Biz – prezidentlər ölkələrimizin əlaqələrinin ümumi məsələlərini həll edirik. Bizim nazirlərimiz, başqa yüksək vəzifəli şəxslərimiz isə bu böyük proqramların həyata keçirilməsi üçün əməli fəaliyyət göstərir və göstərməlidirlər. Bu baxımdan Azərbaycana sizin səfəriniz də, hesab edirəm, məhz İran–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi Tehranda bizim imzaladığımız sənədlərin icrası üçün çox əhəmiyyətlidir.

Əli Yunisi: Səmimi qəbul üçün Sizə təşəkkür edirəm, icazənizlə cənab Xatəminin salamını Sizə çatdırım və bildirim ki, İran prezidenti ən yaxın zamanda Azərbaycana səfər etməyə hazırdır. Zati-aliləri, Sizin Tehrana səfəriniz həm əlaqələrimiz üçün çox əhəmiyyətli idi, həm də regiondakı məsələlərin həlli baxımından vaxtında edilmişdi. Sizin bu səfəriniz bədxahların şayiələrinə, uydurmalarına birdəfəlik son qoydu və bir daha göstərdi ki, siyasi iradəniz nəticəsində bu səfər həyata keçdi, bir sıra məsələlər öz həllini tapdı. Bizə, yəni hörmətli cənab Abbasovla mənə aid olan məsələləri bir il bundan əvvəl müzakirə etməyə başlamışıq.

İndiyə qədər Tehranda və Bakıda keçirdiyimiz görüşlər və danışıqlar nəticəsində yaxşı razılaşmalar əldə etmişik. Biz təhlükəsizlik xidmətləri orqanları arasında əməkdaşlığa, əməli işlərə başlamışıq. Hesab edirəm ki, bunlar öz müsbət nəticəsini verəcəkdir. İstər Milli Təhlükəsizlik naziri, istər Daxili İşlər naziri, istərsə də Ədliyyə naziri və digər rəsmi şəxslərlə keçirdiyim görüşlər onu göstərir ki, hər iki tərəf müzakirə edilən məsələlərin həlli üçün çalışır. Təhlükəsizlik sahəsində əməkdaşlığa başlamaq üçün cənab Namiq Abbasov öz nümayəndəsini Tehrana göndərir və bizim  nazirlikdən də buraya nümayəndə göndəriləcəkdir. Düşünürəm ki, hər iki ölkənin təhlükəsizlik nazirləri dövlət başçılarının qəti iradəsini və qərarını həyata keçirmək üçün əllərindən gələni edəcəklər. Dövlətimizin, o cümlədən ali dini rəhbərin, prezidentin qəti qərarı bundan ibarətdir ki, qonşu ölkələrlə, ilk növbədə müsəlman dövlətləri və xüsusilə Azərbaycanla münasibətlər geniş inkişaf etdirilməlidir. Cənab Prezident, mən hər dəfə öz prezidentimin dilindən eşitdiyimi bu gün Sizin dilinizdən eşitdim.

Heydər Əliyev: Mənim dediklərim və sizin dedikləriniz tamamilə eynidir və üst-üstə düşür. Cənabi Allah özü bizim xalqlarımızı daim dostluq, qardaşlıq şəraitində yaşamaq üçün yaradıbdır. Ona görə bizim bir kökümüz var, bir dinimiz var, adət-ənənələrimiz var, milli dəyərlərimiz var, hamısı da bir-biri ilə qarışıbdır. Məsələn, böyük bir şair var –Qətran Təbrizi, o, bütün Azərbaycanın şairidir. Amma o, İranın da şairidir. Seyid Məhəmməd Şəhriyar … Azərbaycanın şairidir, amma İranın da şairidir. Məsələn, götürək Sədi, Hafiz, Firdovsi… Biz bunları həmişə özümüz üçün doğma şairlər hesab etmişik.

Mənim yadımdadır, hələ orta məktəbdə Firdovsinin «Şahnamə»sini oxuyurdum. 60 il bundan öncə oxumuşam. 1993-cü ildə İrana gedəndə Məşhədə getdim, Firdovsinin qəbrini, Nadir şahın da qəbrini ziyarət etdim. Orada İmam Rzanın qəbrini ziyarət etdim. İmam Rzanın qəbrini ziyarət etməyim məndə çox böyük təəssürat yaratdı. Onun məqbərəsinə, xatirəsinə həsr olunmuş əsərlərə baxanda və insanların oraya fasiləsiz axınını görəndə təsəvvür edirsən ki, İmam Rza bizim xalqlar üçün nə deməkdir.

Mən yenə də deyirəm, Allah bizi elə yaradıb ki, bir yerdəyik, bir torpaqdayıq, yəni bir ərazidəyik, qonşuyuq. Kökümüz bir,  adətimiz bir, ənənəmiz birdir, hamısı eynidir. Belə olan halda biz bir-birimizə dost, qardaş olmaq əvəzinə, aramızda nifaq salmaq… Onsuz da dünyada, başqa məntəqələrdə bizə düşmən olanlar çoxdur. Buna görə biz gərək özümüz elə edək ki, aramızda dostluq, qardaşlıq münasibətləri olsun və xaricdən bizə olan təxribatlardan və sairədən özümüzü birlikdə qoruyaq. Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin İran ilə əlaqələrə aid siyasəti bundan ibarətdir. Biz bu siyasəti də həyata keçiririk.

Prezident Xatəmi ilə, başqa şəxslərlə görüşlərimdə duydum ki, İranda da artıq Azərbaycana münasibətdə belə bir siyasət meydana çıxıbdır. Biz bunu qorumalı, inkişaf etdirməliyik. Onda İran da, Azərbaycan da güclü olacaqdır. Amma ən əsas odur ki, biz bir-birimizə qarşı heç vaxt mənfi iş görməyəcəyik. 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya