Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş xanım Haydemariya Gürerin etimadnaməsini qəbul edərkən söhbətindən - 10 fevral 2000-ci il


Haydemariya Gürer:  Zati-aliləri, cənab prezident!

Ölkəmizin siyasəti üçün bu mühüm dövrdə - 2000-ci ilin sonunadək ATƏT-ə sədrlik etdiyimiz bir vaxtda Avstriya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım barədə etimadnaməmi böyük şərəf hissi ilə Sizə təqdim etmək istəyirəm. Eyni zamanda, mən Avstriyanın Azərbaycanda ilk səfiri olacağam. Bu səfirlik Moskva vasitəsilə deyil, Vyana vasitəsilə həyata keçiriləcəkdir. Bu faktın özü Avstriyanın Azərbaycana nə qədər böyük siyasi və iqtisadi maraq göstərdiyinin əyani nümunəsidir. Biz Azərbaycanla əlaqələri yüksək səviyyədə genişləndirmək əzmindəyik.

Mən Avstriya Xarici İşlər Nazirliyində işləyərkən Cənubi Qafqaz regionuna cavabdeh olduğumdan bu bölgəni yaxşı tanıyıram. Azərbaycanın böyük potensialına yaxşı bələdəm və bilirəm ki, biz əlaqələrimizi çox sahələrdə genişləndirə bilərik. Cənab prezident, ona görə də bu münasibətlə Sizinlə bir neçə dəfə görüşmək imkanı mənə nəsib olmuşdur.

Cənab prezident, mən Avstriya Respublikası prezidentinin ən xoş salamlarını Sizə yetirmək və ölkəmizin prezidentinin Sizi Avstriyaya rəsmi səfərə dəvətini bu gün bir daha təkrar etmək istəyirəm. Məlumdur ki, Avstriya bu ilin sonunadək ATƏT-in sədri olacaqdır. Biz bu münasibətlə Sizi öz ölkəmizdə görmək istəyirik. Bu dəvət Avstriyanın xarici işlər nazirinin Bakıya səfəri zamanı Sizə yetirilmişdir.

Cənab prezident, mən şəxsən Sizə uğurlar və xoşbəxtlik arzulayıram. Qoy vacib işinizdə bu uğur hər zaman Sizinlə olsun, ölkələrimizin münasibətləri gələcəkdə də inkişaf etsin. Mən öz tərəfimdən hər şey etməyə hazıram ki, Azərbaycan-Avstriya münasibətləri daim inkişaf etsin. Sağ olun.

Heydər Əliyev: Hörmətli səfir!

Azərbaycanda Avstriyanın fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram.

Avstriya dünyanın, Avropanın bütün sahələrdə inkişaf etmiş bir ölkəsidir. Eyni zamanda, Avstriya Avropa və dünya siyasətində də çox mühüm rol oynayır. Biz Avstriya ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk və bunu özümüz üçün çox vacib hesab edirik. Bu əlaqələri bütün sahələrdə inkişaf etdirmək bizim arzumuz və istəyimizdir.

Avstriya bu il ATƏT-in sədridir. Siz bilirsiniz ki, Azərbaycanın ən ağır, çətin və dözülməz problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həll edilməsi qərara alınıbdır. 1992-ci ildən ATƏT çərçivəsində Minsk qrupu yaranıbdır ki, onun da həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. ATƏT-in Budapeşt, Lissabon və İstanbul zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə durubdur və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində hər dəfə müəyyən qərarlar qəbul olunubdur. Biz ATƏT-ə, onun çərçivəsində olan Minsk qrupuna, onun həmsədrlərinə indiyə qədər ümid bəsləmişik və bu gün də bəsləyirik. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması təkcə iki ölkə üçün yox, Cənubi Qafqazda və ümumiyyətlə Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsi üçün lazımdır.

Məlumdur ki, ölkəmizin torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu, ərazi bütövlüyümüz pozulduğu və bir milyondan artıq azərbaycanlı işğal edilmiş torpaqlardan zorla çıxarılıb çadırlarda çox ağır vəziyyətdə yaşadığı halda bu problemin həllinin bizim üçün nə qədər əhəmiyyət daşıdığını, güman edirəm, Siz bilirsiniz. Biz çox istərdik ki, Avstriya ATƏT-ə sədrlik etdiyi ildə - 2000-ci ildə bu problem həll olunsun və Cənubi Qafqazda sülh yaransın.

Sizin ölkənin xarici işlər naziri böyük nümayəndə heyəti ilə bölgəmizi, o cümlədən Azərbaycanı ziyarət edərkən biz bu barədə çox geniş fikir mübadiləsi apardıq. Mən bu danışıqlardan çox razıyam, ancaq ATƏT-in sədri kimi Avstriyanın daha da təsirli tədbirlər görməsini istəyirəm.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanlar böyükdür. Avstriya çox inkişaf etmiş, yüksək texnika, texnologiya və böyük iqtisadi, sənaye potensialına malik olan bir ölkədir. Bizim ölkələrimizin bəzi şirkətləri əməkdaşlıq edirlər. Ancaq biz bunu yetərli hesab etmirik. Bu sahədə imkanlar çoxdur. Güman edirəm ki, ölkənizin səfiri kimi Siz bu imkanlardan daha da səmərəli istifadə olunmasına çalışacaqsınız.

Avstriya prezidenti Tomas Klestilin mənə çatdırdığınız salamına görə təşəkkür edirəm. Mən Avstriyaya səfərim barədə oun göndərdiyi rəsmi dəvəti qəbul etmişəm. Bu dəvətə görə bir daha təşəkkür edirəm. Ümidvaram ki, mən bu səfəri yaxın vaxtlarda həyata keçirə biləcəyəm. İnanıram ki, biz ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün səfərim zamanı birgə çox vacib tədbirlər həyata keçirəcəyik.

Hörmətli səfir, bildirdiniz ki, Siz Cənubi Qafqazı yaxşı tanıyırsınız. Ona görə də güman edirəm ki, Siz bir səfir kimi Azərbaycanda və Cənubi Qafqazda sülhün, əmin-amanlığın, sabitliyin yaranması üçün də çalışacaqsınız.

Mən Sizi bir daha təbrik edirəm. Azərbaycanda öz səlahiyyətlərinizi həyata keçirmək üçün Sizə bütün imkanlar yaradılacaqdır. Sizə işlərinizdə uğurlar arzulayıram. Sağ olun.


"Azərbaycan" qəzeti, 11 fevral 2000-ci il.