Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar güclü ordu yaratmaq üçün bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirədə giriş sözü - 17 aprel 1994-cü il


Bu müşavirə fövqəladə xarakter daşıyır, respublikanın cəbhə bölgələrində gedən döyüşlərlə əlaqədar lazımi tədbirlər görülməsi ilə bağlıdır. Bildiyiniz kimi, son günlər, yəni aprelin 9-10-dan Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə cəbhə bölgələrindəki mövqelərimizə təcavüzü, hərbi hücumları gücləndirmişlər və bu həmlələr indiyə qədəm davam edir. Bu hücumların dayandırılması və danışıqlar aparılması haqqında biz təkliflər irəli sürmüşdük.

Sizə məlumdur ki, aprelin 12-də mən televiziya və radio ilə Azərbaycan xalqına, eyni zamanda Ermənistanın rəhbərlərinə, erməni xalqına, Dağlıq Qarabağda yaşayan, erməni millətindən olan Azərbaycan vətəndaşlarına, dünya ictimaiyyətinə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin başçılarına, beynəlxalq təşkilatlara müraciət etdim, yaranmış vəziyyət haqqında məlumat verdim. Bəyan etdim ki, Azərbaycan Respublikası bu hücumların qarşısının alınmasını, sülh danışıqları aparılmasını və lazımi saziş əldə olunmasını tələb edir.

Mənim bu bəyanatım, çağırışlarım ictimaiyyət tərəfindən ümumən müsbət qəbul olundu və dünya ölkələri tərəfindən də müsbət qarşılandı, yaxşı əks-səda doğurdu. Təəssüf ki, bütün bunlarla yanaşı, Ermənistan tərəfi, Ermənistan silahlı qüvvələri öz iddialarını davam etdirirlər və vəziyyəti təhrif etməyə çalışırlar. Onlar bu hücumların guya Azərbaycan tərəfindən olduğunu sübut etməyə cəhd göstərirlər.

Nəhayət, bilirsiniz ki, aprelin 14-də və 15-də Moskvada Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının görüşü olmuşdur. Mən Rusiya prezidenti Boris Yeltsinlə görüşüb söhbət etdim, Rusiyanın baş naziri Viktor Çernomırdinlə, xarici işlər naziri Andrey Kozırevlə söhbət etdim. Müstəqil dövlətlərin başçıları ilə də söhbətlərimiz oldu. Ermənistan prezidenti Levon Ter-Petrosyanla da danışıqlarımız oldu. Bunlarla yanaşı, aprelin 15-də mən Müstəqil Dövlətlər Birliyinin iclasında rəsmi bəyanatla çıxış etdim. Bu bəyanat mətbuatda dərc olunmuş, televiziya ilə yayılmışdır.

Mən bəyanatımda bildirdim ki, Müstəqil Dövlətlər Birliyi Azərbaycanla Ermənistan arasında gedən müharibəyə biganə qala bilməz, xüsusən son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını almaq üçün konkret tədbirlər görməlidir. Həmin təkliflərin əsasında müzakirə getdi və nəhayət, Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının bəyanatı qəbul olundu. Bu bəyanat da mətbuatda verilib.

Bəyanatda qeyd olunur ki, Müstəqil Dövlətlər Birliyinin başçıları nəzərə alırlar ki, Azərbaycan və Ermənistan respublikalarının rəhbərləri atəşin dayandırılmasını bəyan etdilər. Doğrudan da mən bunu bəyan etdim. Siz bilirsiniz ki, burada başqa müddəalar da var. Lakin aprelin 15-də Müstəqil Dövlətlər Birliyinin belə bir bəyanatından sonra, elə həmin gün, bundan sonra yenə ayın 16-da da Ermənistan silahlı qüvvələrinin hissələri Azərbaycan mövqelərini bir neçə istiqamətdən güclü atəşə tutublar, hücum ediblər. Dünən və bu gecə, elə indi də çox ciddi və qanlı döyüşlər gedir.

Bunlar onu göstərir ki, bizim bütün sülhsevər təşəbbüslərimiz, addımlarımız Ermənistan Respublikasının rəhbərləri tərəfindən rədd olunmuş, onlar sözdə bununla razılaşsalar da, ancaq öz əməllərini əvvəlki kimi davam etdirir, yenə də zorla, güclə Azərbaycan Respublikasını onlar üçün sərfəli olan sazişə getməyə məcbur edirlər. Siz yəqin ki, televiziyada gördünüz - mən Müstəqil Dövlətlər Birliyinin toplantısında da, MDB ölkələri başçılarının qapalı görüşündə də Ermənistan silahlı qüvvələrinin son hücum əməliyyatları barədə öz fikirlərimi ciddi şəkildə bildirdim. Orada müəyyən müzakirə də getdi. Mətbuat konfransında həm mənə, həm də Ermənistan prezidentinə sual veriləndə mən o suala qısa cavab verdim. Lakin Ermənistan prezidenti belə bəyanat verdi ki, guya Ermənistan bu müharibədə iştirak etmir və müharibə yalnız Azərbaycanla Dağlıq Qarabağ arasında gedir. O, eyni zamanda qeyd etdi ki, Ermənistan Rusiyanın təqdim etdiyi plana elə buradaca, bu stol arxasında, buraya toplaşanlarla birlikdə imza atmağa hazırdır. Sual olunur, əgər Ermənistan müharibədə iştirak etmirsə, müharibə edən tərəf deyilsə, onda Ermənistan hansı hüquqla və nəyə görə belə bir planı, belə bir sazişi imzalamaq istəyir? Yəni özləri öz əməllərini artıq büruzə verdilər və ictimaiyyətə göstərdilər.

Bütün bunlar şübhəsiz ki, ictimaiyyət üçün maraqlıdır. Ancaq bizim üçün o qədər də maraqlı deyil. Bizim üçün maraqlı və əsas odur ki, indiki mövqelərimiz qorunmalı, respublikanın ərazisi müdafiə olunmalıdır. Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin hücumları bizə çox ağır başa gəlir. İtkilər var və dünən də bir neçə yaşayış məntəqəsində qanlı döyüşlər olmuş, onların bəziləri əldən getmiş, yenə də geri qaytarılmışdır. Vəziyyət bir gün, bir sutka müddətində elə dəyişir ki, qəti söz demək mümkün deyil. Ancaq bir fakt məlumdur ki, Ermənistan silahlı qüvvələri həddindən artıq güclü hücuma keçiblər. Etiraf etmək lazımdır ki, bu hücumlar çox səriştəli, peşəkar səviyyədə aparılır. Müşahidələr, cəbhə bölgələrindən bizə verilən məlumatlar göstərir ki, bu, yalnız Ermənistan silahlı qüvvələrinin dərinin apardığı hücumlar deyil. Müşahidələr göstərir ki, kənar qüvvələr o hücumların təşkil olunmasında fəal iştirak edirlər. Bunlar da cəbhədə vəziyyəti həddindən artıq gərginləşdirir.

Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycan Ordusunun hissələri belə ağır, dəhşətli hücumlara mən bunu aldığım məlumatlara görə deyirəm – çox güclü hücumlara layiqli cavablar verirlər. Döyüşçülərimiz Vətən yolunda həlak olurlar, şəhid olurlar, ancaq torpaqlarımızı müdafiə edirlər. Düzdür, çətinlikləri də var, bəzi yerlərdə geri çəkilməyə məcbur olublar, amma torpaqlarımızı ləyaqətlə qoruyurlar. Elə bu gün səhər mənə məlumat verdilər ki, gecə Ağdam rayonunun Suma kəndinin müdafiəsində qəhrəmancasına vuruşan, vaxtilə Şuşada döyüşərək Milli Qəhrəman adı almış Fərhad Əsgərov da bu gecə şəhid olmuşdur. Qəhrəmancasına həlak olan təkcə Fərhad Əsgərov deyil. Onun adını ona görə çəkirəm ki, o, məşhur adamdır, Milli Qəhrəmandır. Həlak olanlar, şəhid olanlar çoxdur. Belələri Vətən, torpaq yolunda döyüşür, canlarını qurban verirlər. Bu təbiidir. Bu, xalqımızın, ordumuzun qəhrəmanlığından, cəsarətindən xəbər verir, onu göstərir ki, ordumuz, xalqımız bundan sonra da öz gücü, məharəti ilə Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilər.

Xahiş edirəm, bu son döyüşlərdə şəhid olmuş həmvətənlərimizin, Azərbaycan övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin!

Bütün şəhidlərin ailələrinə başsağlığı verirəm. Onları və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, heç kəs unudulmayacaq, qəhrəmanlıq nümunələri xalqın qəlbində həmişəlik yaşayacaq. Məhz belə qəhrəmanlıq nümunələri, şəhidlərin qoyduqları iz Azərbaycan xalqını günü-gündən gücləndirəcək, yüksəldəcək və torpaqlarımızı qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə əsas yaradacaqdır.

Ancaq bununla yanaşı, böyük təəssüf hissi, ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, bəzi cəbhə bölgələrimizdə qorxaqlıq göstərənlər, qaçanlar, cəbhəni qoyub canını qurtaranlar da olubdur. Belə hallar təəssüf ki, davam edir və bu da müdafiə mövqelərimizi zəiflədir, çox yerdə Ermənistan silahlı qüvvələrinin hücumlarına cavab verməyimizə maneələr törədir. Şübhəsiz ki, belə qorxaqlara, fərarilərə, cəbhə bölgəsini qoyub qaçanlara - nə onların özlərinə, nə də valideynlərinə, qohum-əqrəbalarına heç kəs heç vaxt hörmət etməyəcəkdir. Onlar həmişə cəmiyyətin nifrətini qazanacaqlar. Güman edirəm ki, mövcud qanunlar əsasında belə adamlar məsuliyyətə cəlb olunacaq və cəlb olunmalıdırlar. Mən aprelin 12-də televiziya və radio ilə çıxış edərkən bunu qeyd etmişdim və bu gün, üstündən bir neçə gün keçdikdən sonra bu mövzuya qayıtmağa məcburam ki, ordumuzun formalaşmasında, ordu hissələrimizin əsgərlərlə, zabitlərlə tam təmin olunmasında çox böyük çətinliklərimiz vardır. Bunlar bir tərəfdən səfərbərliyin zəif getməsi, ikinci tərəfdən isə həm ordu hissələrini, həm də döyüş bölgələrini qoyub qaçanların fərarilik hallarının artması ilə bağlıdır.

Biz dəfələrlə demişik, aprelin 9-10-da Beyləqanda, Bərdədə keçirilən müşavirələrlə də - oraya icra başçıları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon hərbi komissarları dəvət olunmuşdular - ciddi söhbətlərimiz oldu, ciddi tapşırıqlar verdik ki, bu hallarla mübarizəni gücləndirmək lazımdır. İndi hərbi hissələrin əsgərlərlə, zabitlərlə təmin edilməsi, ordumuzda nizam-intizamın tam bərqərar olması, fərariliyin qarşısının alınması hamımız üçün, hər bir kəs üçün, xüsusən vəzifəli şəxslər üçün əsas vəzifə, həlledici vəzifədir. İndi bundan əsas vəzifə yoxdur. Çünki biz bunları həyata keçirə bilməsək, torpaqlarımızı müdafiə edə bilməsək, qalan digər iqtisadi, siyasi tədbirlər, ayrı-ayrı adamların arzuları, niyyətləri, cürbəcür iddiaları - bunların hamısı boşa çıxacaqdır. Çünki biz məğlub olsaq, gəlib torpaqlarımızın qalan hissələrini də zəbt etsələr, ondan sonra kim harada yaşayacaq - məlum deyil. Ona görə də dəfələrlə demişəm, təəssüf ki, bu gün təkrar etməyə məcburam ki, ordumuzda intizamın gücləndirilməsi indi bizim üçün əsas vəzifədir və əsas məsələdir.

Son günlər gedən proseslər, yəni cəbhədəki vəziyyət - aprelin 15-16-da, bu gün səhərdən olan vəziyyət onu göstərir ki, bu sahədə biz hələ ki, dönüş yarada bilməmişik. İndi biz ikinci bir mərhələdəyik. Bütün sülhsevər addımları atmalıyıq, bütün vasitələrdən istifadə etməliyik. Müstəqil Dövlətlər Birliyinin vasitəsindən istifadə etdik. Mən sizə deyirəm, əgər Müstəqil Dövlətlər Birliyi aprelin 15-də bəyanat qəbul edibsə və bu bəyanatda göstərilirsə ki, Ermənistanın və Azərbaycanın rəhbərləri atəşin dərhal dayandırılması barədə bəyanat qəbul ediblər və atəş dərhal dayandırılacaq, - həmin o gecə, onun səhəri Ermənistanın silahlı qüvvələri güclü atəşlə bizə hücum ediblərsə, demək bunlar da nəticə vermir.

Rusiya prezidenti Boris Yeltsinlə mənim təkbətək söhbətimdə də, sonra ümumi danışıqlarımızda da o, atəşin dayandırılmasına çox meyl göstərdi. O həm Ermənistan prezidentinə, həm də mənə çox təkidlə dedi ki, atəşi dayandırın. Boris Yeltsin dedi ki, əgər etiraz olmasa bəlkə o bizim regiona gələr - Azərbaycanda da, Ermənistanda da olar və bu işin həllinə kömək edər. Belə danışıqlardan sonra Ermənistan tərəfindən aprelin 15-16-da, elə bu gün də güclü hücumların başlanması onu göstərir ki, erməni tərəfi üçün heç bir danışığın, heç bir bəyanatın əhəmiyyəti yoxdur. Onlar öz təcavüzkar niyyətlərini, təcavüzkar siyasətlərini davam etdirirlər.

Biz beynəlxalq təşkilatlara da müraciət etmişik. Mənim aprelin 12-dəki müraciətim bizim kanallarla bütün beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasına, ATƏM təşkilatına, bütün dövlət başçılarının hamısına çatdırılıb. Lakin Ermənistan təcavüzkarları onların heç birindən nəticə çıxarmırlar. Onlar öz təcavüzkar qəsbkar siyasətlərini və bu siyasətə əsaslanan əməllərini davam etdirirlər. Belə bir şəraitdə, yenə də deyirəm, bizim üçün bir nömrəli, ümdə vəzifə ancaq və ancaq ordumuzu qurmaq, bütün hərbi hissələrimizi canlı qüvvə ilə təmin etmək, orduya kömək etmək, fərariliyin qarşısını almaqdır.

Müşavirəyə dəvət olunanların, burada iştirak edənlərin hamısı bu işə məsul adamlardır. Ancaq burada oturanlardan kim əlini ürəyinin başına qoyub deyə bilər ki, o, bu vəzifəsini layiqincə yerinə yetirir? Mən beləsini bu salonda tapa bilmərəm, yoxdur. Hər kəs elə hesab edir ki, bu işi başqası etməlidir, ancaq o, etsə də, etməsə də olar. Onda mən soruşuram: Bəs, biz Vətənimizi necə qoruyub saxlayacağıq? Azərbaycan necə yaşayacaq? Ermənistanın təcavüzündən biz necə xilas olacaq, xalqımızın müdafiəsini necə təmin edəcəyik?

Baxmayaraq ki, son vaxtlar bu barədə görüşlərimiz, danışıqlarımız çox olub, ancaq onlar lazımi nəticələr vermədiyinə görə mən sizi buraya fövqəladə bir vəziyyətdə dəvət etmişəm. Çox vaxt aparmağa da ehtiyac yoxdur. Bilmirəm kim üçün necədir, amma bizim üçün hər bir dəqiqənin böyük əhəmiyyəti var. Ona görə də burada konkret danışıqlar aparmalıyıq. Bu gün, sabah, bir neçə gün ərzində nə etməliyik ki, tezliklə səfərbərlik artıqlaması ilə başa çatsın. Biz ehtiyatdan əlavə qüvvələr toplayıb yeni hərbi hissələr yaratmalıyıq. Orduya başqa köməklikləri etməliyik, cəbhə bölgələrində lazımi tədbirlər görməliyik. Dünən gecə cəbhə bölgəsi ilə danışarkən mənə məlumat verdilər ki, Tərtərdə Bərdə batalyonunun adamları qaçıb. Mən Bərdə rayon icra hakimiyyətinin başçısını axtarıb tapmışam, soruşuram ki, sizin adamlar niyə qaçırlar? Axı Bərdə ilə Tərtərin arası elə bir qısa məsafədir ki, sıçrayıb oraya düşmək olar. İcra başçısı cavab verir ki, mən gedərəm, vəziyyəti düzəldərəm. Bir-iki saatdan sonra, gecə xəbər verib ki, getdim, hər şeyi yerinə qoydum. Axı bu necə ola bilər, niyə gərək bu adamlar qaçıb dağılsın ki, gecə o kəndə, bu kəndə düşüb qaçanları qaytarasan? Həm də bu yeganə fakt deyil.

Görürsünüz, qəhrəmancasına döyüşənlər, şəhid olanlar haqqında, xüsusən Şuşada Milli Qəhrəman adı almış Ağdamlı Fərhad Əsgərov haqqında dedim. Azərbaycanın belə gözəl vətəndaşları olduğu kimi, xalqımızın adını ləkələyən, onu hörmətdən salan, bugünkü vəziyyətimizi ağırlaşdıranlar da var. Hesab edirəm ki, bu gün biz konkret tədbirlər haqqında danışmalıyıq. Ondan sonra hər kəs tapşırıq alacaq və bu tapşırıq əsasında lazımi tədbirlər görülməlidir.

Yekun sözü

Məsələ aydındır, ancaq vəzifələri bir daha dəqiqləşdirmək istərdim. Birincisi - hərbi xidmətə çağırışla bağlı birinci rübün tapşırığı üç gün ərzində yerinə yetirilməlidir. Bu vəzifə icra başçılarının üzərinə qoyulur. Onlarla yanaşı, hər rayonda, hər şəhərdə hərbi komissar, polis rəisi, prokuror, Milli Təhlükəsizlik İdarəsinin rəisi bütün məsələlərə, o cümlədən bu tapşırığı yerinə yetirilməsinə şəxsən cavabdehdirlər. Görülən işlər barədə hər gün Prezident Aparatına məlumat verilməlidir. Üç gündən sonra isə bu tapşırığın yerinə yetirilməsi barədə qəti raport verilməlidir. Respublika hərbi Komissarlığının müəyyən etdiyi tapşırıq məlumdur, mən bunu təkrar etmək istəmirəm. Lakin kəsir təxminən 30 faizdən artıqdır. Həmin kəsir gərək üç gün ərzində aradan qaldırılsın. Həm də bu o demək deyil ki, siz çağırışçıları hərbi komissarlığa təhvil verən kimi məsələ bununla bitdi. Xeyr, hər bir çağırışçınızın çağırış məntəqəsinə getməsini, hərbi xidmətə başlamasını və bir müddət necə xidmət etməsini izləməlisiniz.

Gərək bundan sonra belə olmasın ki, mən telefonla zəng edib deyəm ki, Bərdə batalyonu, Göyçay batalyonu, Mingəçevir batalyonu, başqa bir batalyon qaçmışdır, oraya gedib, sonra isə iki-üç gün vəziyyəti öyrənib məlumat verəsiniz ki, nə lazımdırsa etmişik. Necə yəni, nə lazımdır etmişik? Bu, sizin borcunuzdur, hər gün bu barədə düşünməlisiniz ki, sizin rayonunuzdan gedən adamlar orduda necə xidmət edirlər.

Mən Moskvaya getməzdən əvvəl telefonla xəbər verdilər ki, Ağdam bölgəsində Xaçmaz batalyonu qaçıb dağılmışdır. Sumqayıt batalyonundan da qaçmışdılar. Düzdür, ondan əvvəl mənə məlumat vermişdilər ki, Sumqayıt batalyonundan bir gündə 12 nəfər şəhid olmuşdur. Mən bunu batalyonun qəhrəmanlıq nümunəsi kimi televiziyada elan etdim. Sabahısı isə mənə dedilər ki, qalanları qaçmışlar. Gecə saat 1-də Sumqayıtın, Ağdamın icra başçılarını taparaq, məcbur etmişəm ki, Ağdama gedib həmin qaçan əsgərləri yığın. Məgər bu, mənim işimdir, mən bunu etməliyəm? Nə üçün icra başçısı bunu mənim tapşırığımdan, göstərişimdən sonra edir? Bir daha təkrar edirəm ki, siz təkcə hərbi xidmətə çağırışın təmin olunmasına yox, çağırışçıların hamısının hərbi hissələrlə qulluq etməsinə cavabdehsiniz və bunu axıradək izləməlisiniz.

İkincisi - yaranmış vəziyyətlə əlaqədar beş gün ərzində ehtiyatdan adamlar toplanmalıdır. Haradan, nə qədər, hansı ixtisasdan olmalıdırsa, hərbi komissarlıq, Müdafiə Nazirliyi Prezident Aparatında isə Nurəddin Sadıqov bu gün bildirəcəklər. Bu tapşırıq da əvvəlki kimidir. Həmin adamlar Müdafiə Nazirliyinin müəyyən etdiyi hərbi hissələrə gedərək orada xidmətə başlamalıdırlar, siz isə onlara nəzarət etməlisiniz.

Bundan əlavə, ayrı-ayrı rayonlar batalyonlar yaratmışdır. Bu işlə də məşğul olmaq lazımdır. Rəqəmləri deyəndə elə hesab etməsinlər ki, çox böyük rəqəmlərdir. Xeyr, Azərbaycan Respublikasının imkanları bundan 10-15 qat artıqdır. Şübhəsiz ki, hər rayona tapşırıq veriləcək. Ancaq mən ilk növbədə, işğal olunmuş rayonların icra başçılarına, rəhbərlərinə, hörmətli adamlarına, ağsaqqallarına müraciət edirəm: sizin rayonlardan əhali köçüb, qaçqın vəziyyətində ayrı-ayrı yerlərlə məskunlaşmışdır. Bir çoxları işsizdir. Ən yaxşı yol ondan ibarətdir ki, bu rayonlara daha çox tapşırıq verilsin, onların gəncləri hərbi hissələrdə xidmət edərək torpaqların azad olunmasına çalışsınlar.

Bunu deyərkən mən başqa rayonları çağırışdan azad etmək fikrində deyiləm. Hansı kənddən, hansı şəhərdən, hansı rayondan olmasına baxmayaraq, Azərbaycanın hər bir vətəndaşı torpaqlarımızı qorumaq üçün eyni məsuliyyət daşıyır, ondan vətəndaşlıq borcunu eyni səviyyədə yerinə yetirmək tələb olunur. Heç kəsə fərq qoyulmamalıdır. İşğal olunmuş rayonları ona görə xüsusi qeyd edirəm ki, onların gənclərinin çoxu məskunlaşdıqları yerlərdə işsizdir. Mənə belə gəlir ki, onların orduya gedərək Azərbaycan torpaqlarının azad edilməsinə çalışması daha şərəfli vəzifə olar, nəinki işsiz gəzmək.

Hüquq-mühafizə orqanları çağırışdan yayınan adamlarla ciddi məşğul olmalıdırlar. Burada hərbi komissar təklif verdi ki, hərbi çağırışdan yayınanları tutmaq üçün ayrı-ayrı yerlərdə müəyyən məntəqələr yaradılsın. Əvvəllər bu üsuldan istifadə edilmiş, lakin yaxşı nəticə verməmişdir, bəzən isə hətta mənfi hallara gətirib çıxarmışdır. Ona görə də mənə belə gəlir ki, bu, o qədər də münasib yol deyildir. Ancaq polis rəisləri, sahə müvəkkilləri öz ərazilərində kimin nə işlə məşğul olduğunu, kimin hərbi xidmətə gedəcəyini yaxşı bilirlər.

Ona görə də polis, prokurorluq bu işlə xüsusi məşğul olmalıdır. Hərbi çağırışdan yayınan adamlar haqqında ciddi, təcili tədbirlər görülməli və dərhal ictimaiyyətə çatdırılmalıdır ki, başqalarına da dərs olsun. Hərbi mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələri üçün rayon hərbi komissarlıqları arayış verir. Yoxlama nəticəsində məlum olmuşdur ki, bu arayışların 90 faizi əsassız verilmişdir. Hava limanında və dəmir yolunda kassirlərin bəziləri rüşvət alaraq müvafiq sənədlər olmadan bilet satmışlar. Hava limanının və dəmir yolunun komendantları, bəzi polis işçiləri öz vəzifələrindən sui-istifadə edərək qanunsuzluğa yol vermiş, beləliklə də hərbi mükəlləfiyyətli şəxslərin respublikadan getmələrinə şərait yaratmışlar. Bəzi icra başçıları da hərbi mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələrinə nəzarət etmirlər.

Fərarilərin sayı artmışdır. Bunu dəfələrlə demişik və indi də təkrar edirəm: icra başçıları, rayon və şəhərlərin müvafiq orqanlarının rəhbərləri fərariləri axtarıb tapmalı və orduya qaytarmalıdırlar. Bu sahədə ciddi iş görülməlidir. Bundan ötrü on gün vaxt verilir. Həmin müddətdə bütün fərarilər öz hərbi hissələrinə qaytarılmalıdır. Mən yenə bəyan edirəm ki, hərbi hissələrə qayıdan fərarilər məsuliyyətə cəlb olunmayacaqlar. On gün ərzində qayıtmayanlar barədə çox ciddi tədbirlər görmək lazımdır. Televiziya və radio ilə xalqa müraciətimin ertəsi günü - aprelin 13-də polkovnik Elbrus Orucovla danışırdım. O mənə dedi ki, sizin çıxışınızdan sonra 100 nəfər hissələrə gələrək xidmətə başladı və döyüşə getdi. Bununla demək istəyirəm ki, həyatımız təkcə mənfi hallardan ibarət deyil, müsbət hallar da çoxdur. Mən bu xəbərdən çox sevindim. Doğrudur, bu qədər fərari olan yerdə 100 nəfər çox deyil. Deməli, həmin gənclər səhv etdiklərini başa düşmüşlər və cəbhəyə qayıdaraq döyüşə girmişlər. Bu, diqqətəlayiq haldır və belə hallar az deyildir. Ancaq biz bu barədə az danışırıq, çünki ümumən vəziyyətimiz mənfi xarakter daşıyır. Prokurorluq, istintaq orqanları göstərilən müddətdə hərbi hissələrə qayıtmayan fərariləri ciddi məsuliyyətə cəlb etməlidirlər.

Məsuliyyətə gəldikdə isə, bu barədə əvvəllər də söhbət getmişdir. Bəzən belə olur: bir-iki ay istintaq gedir, sonra da bir ay icbari iş verirlər. Fərariyə də elə bu lazımdır ki, aradan çıxsın. Bu, yolverilməzdir. Güman edirəm ki, həm prokurorluq, həm də məhkəmə orqanları cinayət məcəlləsinin maddələrini dəqiq və düzgün tətbiq edəcəklər və bu, ümumi vəziyyətimizin dəyişməsinə şərait yaradacaqdır.

Hərbi komissarların işindən xüsusi danışmaq istəyirəm. Görürsünüz ki, mən sadaladığım vəzifələri icra başçılarının, polis, prokurorluq, milli təhlükəsizlik orqanlarının, eyni zamanda hərbi komissarlıqların üzərinə qoyuram. Əslində isə bu, hərbi komissarların işidir, bununla onlar məşğul olmalıdırlar. Ancaq dəfələrlə demişik ki, onlar bir tərəfdən müəyyən obyektiv səbəblərə görə bu işin öhdəsindən gələ bilmirlər, digər tərəfdən isə gəlmək də istəmirlər, çünki cürbəcür mənfi yollara düşürlər. Ona görə də bu gün bir daha bildirirəm ki, prezident kimi, mən hərbi komissarların işindən narazıyam.

Respublikanın hərbi komissarı burada elan etdi ki, bir neçə hərbi komissar barədə cinayət işi qaldırılmışdır. Xahiş edərdim ki, bu işlər tezliklə başa çatdırılsın və ictimaiyyət onların günahının nədən ibarət olduğunu bilsin. Bu sahədə gələcəkdə də nizam-intizam, qayda-qanun yaratmaq üçün bu gündən etibarən belə bir qayda qoyuram: hərbi komissarlar Prezident Aparatının razılığı ilə vəzifəyə təyin edilməli və azad olunmalıdırlar. İndiyədək bu iş Müdafiə Nazirliyinə tapşırılmışdı. Lakin təəssüf ki, Müdafiə Nazirliyi bu məsələlərdə böyük səhvlərə yol verir. Ona görə də həmin səhvləri aradan qaldırmaq və tələbkarlığı, nəzarəti artırmaq üçün Prezident Aparatına göstəriş verirəm: Birincisi, hazırda işləyən hərbi komissarların hamısı 10 gün müddətində attestasiyadan keçirilsin və kimin işləyə bilib-bilməyəcəyi barədə mənə məlumat verilsin. Bunun əsasında mən özüm qərar qəbul edəcəyəm. Ona görə də müdafiə nazirinə əmr edirəm ki, bu gündən etibarən Prezident Aparatının icazəsi olmadan heç bir hərbi komissar təyin edilməsin və vəzifədən azad olunmasın. Attestasiya Müdafiə Nazirliyi ilə birlikdə aparılmalıdır. Lakin mən bu işi dövlət müşavirinə tapşırıram.

Məlumat alınmışdır ki, Cəlilabad rayonunun hərbi komissarı polkovnik Hüseyn Əmirov, Quba rayonunun hərbi komissarı mayor Vadim Rəhimov, Masallı rayonunun hərbi komissarı polkovnik-leytenant Oruc Pirverdiyev çox pis işləyir, vəzifələrinin öhdəsindən gələ bilmirlər. Mən bu andan etibarən onları vəzifədən kənar edirəm. Müdafiə naziri Məmmədova tapşırıram ki, mənim bu əmrim əsasında onların işdən kənar edilmələri barədə iki saat ərzində əmr versin və hər üçünü cəbhə bölgəsinə, aşağı vəzifəyə göndərsin. Qoy onlar orada özlərini göstərsinlər.

Polis orqanlarının işindən çox narazılıqlar var. Rayonların bəzilərindən cürbəcür məlumatlar daxil olur ki, polis orqanları icra başçılarına tabe olmur, icra başçıları onlarla yola gedə bilmirlər, prokurorluq və polis orqanları arasında münaqişələr baş verir və icra başçıları bunların öhdəsindən gələ bilmirlər. Bütün bunlar yerlərdə nizam-intizamı pozur, vəziyyətin gərginləşməsinə səbəb olur. Biz belə hallarla razılaşa bilmərik. Ona görə də mən məlum məsələni bir daha nəzərinizə çatdırmaq istəyirəm: icra başçıları prezidentin nümayəndələridir və öz ərazilərində hər bir işə cavabdehdirlər. Bütün başqa orqanlar icra başçısının tabeliyindədir və onunla birgə işləməlidirlər. Əlbəttə, bu o demək deyil ki, icra başçıları istədiklərini edə bilərlər. Xeyr. Mən istəyirəm ki, işgüzar münasibət olsun.

Bu ağır şəraitdə yerlərlə hamıdan bir-birinə kömək göstərməyi tələb edirəm. Şəxsi münasibətlər əsasında çəkişmələri bir kənara qoysunlar. İcra başçıları öz səlahiyyətlərindən istifadə etməlidirlər. Ancaq bu səlahiyyətin məsuliyyəti də çox böyükdür. Məsuliyyət isə ondan ibarətdir ki, hər bir icra başçısı işgüzarlığı, mənəvi saflığı, vəzifəsinə sədaqəti ilə başqa orqanlara nümunə olmalıdır. Əgər belə deyildirsə o, şübhəsiz ki, bu tələbləri yerinə yetirə bilməz. Ayrı-ayrı yerlərdə, - mən bunu xırdalamaq istəmirəm, - inzibati orqanlar arasındakı ixtilaflara son qoymaq, əl-ələ verib işləmək lazımdır. Bunu icra başçılarından tələb edirəm.

Burada məsələ qaldırdılar ki, vəziyyətimiz ağır, gərgin olduğu üçün əlavə tədbirlər görək. Bəli, əvvəllər də belə təkliflər olmuşdu və indi də bunlar əsaslıdır ki, belə bir şəraitdə respublikada hərbi vəziyyət elan edilsin, hər şey bütün fəaliyyətimiz, bütün həyatımız hərbi vəziyyətin tələblərinə uyğun olaraq qurulsun. Bu fikirdə həqiqət var və onun haqqında düşünmək lazımdır. Ancaq bunu tətbiq edənə qədər gərək hər kəs bilsin ki, belə ağır şəraitdə hamı Vətənin müdafiəsi üçün çalışmalıdır.

İndi cəmiyyətimizdə əhalinin bir hissəsi ağır vəziyyətdə, cəbhə bölgəsində yaşayır, daim atəşə məruz qalır, düşmənə qarşı vuruşur. Ordudakı sədaqətli əsgər və zabitlərimiz hər gün düşmənlə vuruşur, şəhid olur, yaralanırlar. Qaçqınların bir çoxu ağır vəziyyətdə yaşayır. Amma eyni zamanda əhalinin müəyyən təbəqəsi, xüsusən Bakıda, kef içindədir. Belələri hesab edirlər ki, müharibənin onlara dəxli yoxdur. Ağır vəziyyətdə yaşayan adamlar, millətin dərdi onları maraqlandırmır. Hər şeyləri - həddindən artıq pulları, yemək-içməkləri var. Qoy özlərinə qismət olsun. Ancaq bunu nümayiş etdirmək, restoranlarda eyş-işrətlə məşğul olmaq, kef çəkmək bizim bugünkü şəraitimizə yaraşan hərəkətlər deyil.

Dəfələrlə demişəm və yenə təkrar edirəm: tarixin təcrübəsindən güclü misal ola bilməz. 1941-1945-ci illər müharibəsində əhalinin hamısı eyni vəziyyətdə yaşayırdı. Gündə adambaşına 400-500 qram çörək verilirdisə, hamı onunla dolanırdı. Heç kəs bundan iki dəfə artıq çörək alıb yemirdi. Əlbəttə o zaman da əliəyri adamlar var idi, lakin belələri çox az idi. İndi isə restoranlarda yeyib-içib sağlıqlar deyirlər, fikirləşmirlər ki, ətrafda aclıq çəkənlər var, cəbhədə adamlar həlak olurlar. Üstəlik, orada-burada hay-küy qaldırırlar ki, belə olmalıdır, elə olmalıdır və sair.

Ona görə də mən belə hesab edirəm ki, nizam-intizamın möhkəmləndirilməsi hərbi vəziyyət elan olunması barədə təkliflər mümkündür. Biz bu barədə düşünməli, lazımi tədbirlər görməliyik. Ancaq eyni zamanda adamlarımıza müraciət edirəm: mənəviyyat baxımından başa düşsünlər ki, bu gün hamı bir cür yaşamalıdır, torpaqlarımızın müdafiəsi fikri ilə yaşamalıdır. Başqa cür yox. Respublikanın hərbi komissarı bəzi fərmanların uyğunsuzluğundan danışdı. Bu məsələ əvvəllər də qaldırılmışdı. Bəs nə üçün müvafiq dəyişikliklər edilməmişdir? Bunu kim etməlidir? Həmin dəyişikliklər barədə təklifləri hərbi işlərə, yaxud hüquq məsələlərinə baxan müşavir verməlidirsə, qoy versinlər. Əgər prezidentin fərmanı kimi olmalıdırsa, -təqdim edilsin, hansısa qanunla əlaqədardısa, - Milli Məclisə verilsin. Bu məsələ 3-4 günün ərzində həll olunmalıdır. Mən bunu hərbi məsələlər üzrə dövlət müşavirinə, Prezident Aparatının hüquq işləri ilə məşğul olan şöbəsinə tapşırıram.

Özəl institutlarda təhsil alan gənclər nə üçün hərbi xidmətə çağırılmır? General Sadıqov mənə bildirdi ki, bu institutlardan cəmi ikisinin sertifikatı var. Respublikanın hərbi komissarına əmr edirəm ki, həmin iki institutdan başqa, bütün özəl institutlarda təhsil alan gənclərin hərbi xidmətə çağırılmasını təmin etsin. Qəribə vəziyyət yaranmışdır: indi respublikada 60 özəl institut fəaliyyət göstərir. Burada hansı təhsildən söhbət gedə bilər? Axı, intellekti gətirib kommersiyaya bağlamaq cinayətdir.

Burada məsələ qaldırdılar ki, əvvəlcə hamı hərbi xidmət keçməli, sonra isə ali təhsil almalıdır. Mən bu barədə qəti söz demək istəmirəm. Ancaq güman edirəm ki, qoy müvafiq təşkilatlarımız, Prezident Aparatının şöbələri, baş nazirin müavini Elçin Əfəndiyev bu məsələləri müzakirə edərək təkliflərini versinlər. Qaldırılan bu məsələlərin müəyyən əsası var.

Belə bir fikrimiz var ki, burada haqqında danışılan tədbirləri həyata keçirmək üçün rəhbər vəzifəli şəxslər bu gün yerlərə getsinlər, rayon, şəhər rəhbərlərinin həmin vəzifələri həyata keçirmələrini təşkil etsinlər, həm də bu işə kömək göstərsinlər. Afiyəddin Cəlilov və Milli Məclisin üzvü Mürvət Əliyev Salyan, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarına, Abbas Abbasov və Tapdıq Kamalov bir qrup rayona, Əli Təhməzov bir qrup rayona, Əsgər Məmmədov bir qrup rayona, Elçin Əfəndiyev və Yaşar Əliyev bir qrup rayona, Səməd Sadıqov, Əli Ömərov, Nəriman İmranov, Şahəddin Əliyev, Arif Rəhimzadə, İrşad Əliyev, Vaqif Qasımov, Zahid Dünyamalıyev, Şirin Hacıkərimov, Rövşən Cavadov başqa rayonlara getməlidirlər. Onlar yerlərdə bu işləri təşkil edəcək və hər gün bizə məlumat verəcəklər. Yaxın keçmişdə belə bir təcrübə olmuş və öz müsbət nəticəsini vermişdi. İndi də bu təcrübədən istifadə etməliyik.

Müşavirəmizi yekunlaşdıraraq hamınıza bir daha müraciət etmək istəyirəm. Uzaq-yaxın rayonlardan, şəhərlərdən vəzifəli adamları bu gün buraya dəvət etməyimiz yaranmış fövqəladə vəziyyətlə əlaqədardır. Əmin olmaq istərdim ki, bugünkü görüşümüz, ciddi söhbətimiz öz nəticəsini verəcək və yaxın günlərdə bu işlərdə dönüş yaradacağıq. Ümidvaram ki, Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları, xalqın etimad göstərdiyi vəzifəli şəxslər ölkəmizin necə ağır vəziyyətdə olduğunu dərk edirlər və bundan özləri üçün nəticə çıxaracaq, lazımi tədbirlər görəcəklər. Sağ olun, bu işdə hamınıza müvəffəqiyyətlər arzulayıram.

Tarixi arayış

ORDU QURUCULUĞU