Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeniyetmələrin II Respublika Oyunlarının acılışı mərasimində nitqi - Tofiq Bəhramov adına Respublika stadionu, 12 may 2000-ci il


Əziz yeniyetmələr, əziz uşaqlar, əziz gənclər, əziz balalar!

Yeniyetmələrin II respublika oyunlarının bu qədər uğurlu keçirilməsi münasibətilə sizə təbrik edirəm. Sizə, Azərbaycanın bütün uşaqlarına, bütün yeniyetmələrinə, bütün gənclərinə şən, xoşbəxt həyat və gözəl gələcək arzulayıram.

Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, həmkarlar ittifaqlarının təşəbbüsü ilə keçirilən və ənənə halını alan yeniyetmələrin respublika oyunları Azərbaycanda əlamətdar bir hadisəyə çevrilmişdir. Bu, ikinci oyunlardır.

Əziz balalar, əziz gənclər, siz birinci oyunlarda da və bu gün ikinci oyunlarda da  çox yüksək istedad, fiziki hazırlıq, böyük ruh yüksəkliyi nümayiş etdirirsiniz. Bu da bu gün Azərbaycan gənclərinin, uşaqlarının həyat tərzini, təhsilini, tərbiyəsini, fiziki hazırlığını göstərir. Bu bizi sevindirir və  əminəm ki, televiziya vasitəsilə bu oyunları müşahidə edən hər bir Azərbaycan vətəndaşı bu gün sevinc hissi keçirir. Çünki hər bir insan üçün uşaq, gənc onun ən əzizi, ən sevimlisidir, onun üçün ən qiymətlidir. Azərbaycanın dövləti üçün, müstəqil Azərbaycan üçün Azərbaycanın uşaqları, yeniyetmələri, gəncləri Azərbaycanın əvəzsiz sərvətidir, böyük nemətidir. Çünki siz Azərbaycan xalqinin nəslinin, millətimizin nəslinin davamçılarısınız, millətimizin, xalqımızın gələcəyisiniz. Biz də istəyirik ki, xalqımızın gələcəyi, ölkəmizin, müstəqil Azərbaycanın gələcəyi bundan da gözəl, bundan da yaxşı olsun. Xalqımız bundan da firavan, xoşbəxt yaşasın, sevinc içində olsun.

Bu gün sizin nümayiş etdirdiyiniz oyunlar, hər birinizin göstərdiyi məharət, çeviklik, istedad - bunlar hamısı birlikdə bizə ümid verir ki, Azərbaycanın gələcəyi həqiqətən parlaqdır, gözəldir. Çünki siz bunu bu gün nümayiş etdirirsiniz. Sizin kimi uşaqları, gəncləri, sizin kimi övladları olan millət, xalq fəxr edə bilər. Azərbaycanın prezidenti kimi, mən bütün Azərbaycan xalqı adından, bütün millətimiz adından bu gün böyük iftixar hissi keçirdiyimi bildirirəm. Çox məmnunam ki, siz həm gözəlsiniz, həm yüksək fiziki sağlamlığınız var, həm də gözəl istedadınız var, idmana, incəsənətə, gülməyə, çalıb-oynamağa məhəbbətiniz, sevginiz var.

Təbiidir ki, sizin hamınızın ən böyük məhəbbətiniz, ən böyük sevginiz məktəbədir, təhsilədir, elmə, biliyədir. Ancaq bunlar bir-biri ilə vəhdət təşkil edir, bir-biri ilə sıx bağlıdır. Siz fiziki cəhətdən nə qədər sağlam olsanız, nə qədər xoş əhval-ruhiyyədə olsanız, nə qədər istedadlı olsanız o qədər də tez bilik, təhsil alacaqsınız, böyüyəcəksiniz. Hərtərəfli inkişaf etmiş Azərbaycanlı kimi böyüyəcəksiniz və Azərbaycanın xoşbəxt gələcəyini, ölkəmizin yüksəlməsini təmin edəcəksiniz.

Bu gün sizin göstərdiyiniz oyunlar, stadiondakı bu əhval-ruhiyyə, təkcə meydandakı çıxışlar deyil, tribunalarda oturan gənclərin də sizin idman nümunələrinizi, incəsənət nümunələrinizi böyük həvəslə, sevinclə alqışlaması - bütün bunlar hamısı birlikdə bizim Azərbaycan gəncliyinin nə qədər gözəl, qüvvətli və nə qədər istedadlı olduğunu bir daha nümayiş etdirdi.

Mən sizə bir daha, bir daha təbrik edirəm. Sizə və sizin simanızda Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizə bəyan edirəm ki, Azərbaycanın Prezidenti kimi, mənim həyatım xalqımızın bu gününə, gələcəyini həsr olunubdur.

Əziz uşaqlar, mənim həyatım sizin xoşbəxt gələcəyinizə həsr edilibdir. Sizi əmin edirəm ki, gördüyümüz bütün işlər Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcək, Azərbaycanın hər bir vətəndaşının rifah halının yaxşılaşmasını təmin edəcəkdir. Bunlar hamısı birlikdə sizə gələcəkdə daha da xoşbəxt, firavan həyat bəxş edəcəkdir.

Siz Azərbaycan gəncliyinin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqilliyinə, gələcəyini sədaqətli olduğunu bir daha nümayiş etdirdiniz. Bu ən sevindirici haldır. Mən sizə bir daha təbrik edirəm. Sizin hər birinizi öpürəm, bağrıma basıram. Hər birinizə xoşbəxt həyat, gözəl gələcək arzulayıram. Sağ olun.