Rumıniya prezidenti İon İliyeskunun Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Buxarest, 1 iyul 1995-ci il


Hörmətli Rumıniya prezidenti, hörmətli Rumıniya senatının sədri, hörmətli nazirlər, Rumıniya dövlətinin rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri, möhtərəm xanımlar və cənablar!

Mən Rumıniya prezidenti cənab İliyeskunun təklifini məmnunluqla qəbul etdim və ölkənizə rəsmi səfərə gəldim. Bu dəvətin özü Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addımdır. Mən bu addımı yüksək qiymətləndirərək, rumın xalqına dostluq və hörmət hissləri ilə, son illər ölkənizdə baş verən dəyişikliklərə ehtiram hissi ilə sizə gəldim, öz həmkarlarımla birlikdə gəldim.

Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə yaxşı bələddirlər. Rumıniya öz neft ilə xüsusən daha yaxşı tanınmışdır. Qədim neft ölkəsi kimi Azərbaycan dünyanın neft istehsal edilmiş bölgələri ilə həmişə bağlı olmuşdur. Elə bunun özü də bizi Rumıniya ilə bağlayır. Bir çox Azərbaycan neftçiləri, alimləri, mühəndisləri, texnikləri, mütəxəssisləri 50-60-cı illərdə Piteşti rayonunda Rumıniyanın neft yataqlarının işlənməsində iştirak edərək, rumın xalqına öz ölkəsinin inkişafında dostluq köməyi göstərmişlər.

Azərbaycan neftçiləri, eləcə də Azərbaycan mədəniyyətinin, elm və incəsənətinin nümayəndələri rumıniyalı həmkarları ilə sıx əlaqə saxlamışlar. Rumıniyada onlar həmişə qonaqpərvərlik görmüş, qardaşcasına dostluq hissləri, qarşılıqlı yardım hissləri duymuşlar. Buna görə də bu gün tam əsasla qeyd edə bilərik ki, Rumıniya və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq münasibətlərinin öz tarixi var. Bu gün biz sizinlə birlikdə çalışır, birlikdə işləyirik ki, əməkdaşlığımıza yeni təkan verək və xalqlarımız arasında dostluğun daha da inkişaf etməsinə yeni təkan verək.

1989-cu ilin dekabr inqilabından bəri Rumıniyada baş verən bütün prosesləri Azərbaycanda diqqətlə izləyirlər. Rumıniya tarixində həmin dövr onunla bağlıdır ki, rumın xalqının potensial imkanlarını üzə çıxarmaq üçün, ölkənin demokratikləşdirilməsi üçün, insan hüquqlarının, Rumıniyanın azadlıq və müstəqillik prinsiplərinin bərqərar edilməsi üçün bu illər ərzində böyük ictimai-siyasi dəyişikliklər baş vermişdir və baş verir.

Biz mətbuatdan, aldığımız informasiyalardan, şəxsi əlaqə-görüşlərimizdən bilirik ki, bu illər xalqınız üçün çətin, məşəqqətli, bir sıra hallarda isə faciəli olmuşdur, lakin bununla yanaşı bu illər şanlı illərdir. O mənada ki, ötən bu illər ərzində Rumıniyanın, rumın xalqının həyatında köklü dönüş yaranmışdır. Son illər ölkənizdə baş verən demokratik dəyişikliklər, ictimai-siyasi həyatın demokratikləşdirilməsi ilə bağlı proseslər, bazar münasibətlərinin bərqərar edilməsi və siyasi plüralizm, söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı - bütün bu yeniliklər Azərbaycan cəmiyyətində, xalqımızda dərin məmnunluq hissləri doğurur.

Biz yaxşı bilirik ki, bu illər ərzində nə edilirsə hamısı, sözün əsl mənasında xalqın hökmü ilə və xalq üçün edilir. Bununla əlaqədar Rumıniya prezidenti, dostumuz, hörmətli İon İliyeskunun xüsusi rolunu vurğulamaq istərdim. Bu illər ərzində o, bütün proseslərə qətiyyətlə başçılıq edir və öz xalqının mənafeyinə tam uyğun olan siyasət yeridir.

Müstəqil dövlət kimi Azərbaycan öz istiqlaliyyətini 91-ci ilin dekabrında əldə etmişdir. Bunu xalqımız böyük tarixi nailiyyət bilir. Əsrimizin əvvəllərində, 1918-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail olmuş, ilk Azərbaycan demokratik hökuməti yaradılmışdır. Lakin o, cəmi iyirmi üç ay mövcud olmuş və qızıl ordunun Azərbaycana gəlməsi nəticəsində Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ilə əlaqədar devrilmişdir. 71 il Azərbaycan Sovet İttifaqının tərkibində olmuş, nəhayət, 91-ci ilin dekabrında istiqlaliyyət əldə etmişdir. Azərbaycanın müstəqilliyinin bu üç il yarım müddəti xalqımız üçün, ölkəmiz üçün çox çətin və mürəkkəb illər olmuşdur. Həyatımızı ən əvvəl çətinləşdirən budur ki, 1988-ci ildən bəri Azərbaycan qonşu Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalır. Təəssüf ki, Sovet İttifaqının kommunist rəhbərliyi vaxtında bu təcavüzün qarşısını almamışdır. Azərbaycan və Ermənistan müttəfiq respublikalar kimi ümumi bir dövlətin - Sovet İttifaqının tərkibinə daxil idi.

Bütün bunlar bütövlükdə Qafqaz bölgəsinə böyük siyasi ziyan vurmuşdur. Əlbəttə, Ermənistanın təcavüzü ilə əlaqədar Azərbaycan çox böyük itkilər vermişdir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı - Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqların sakinləri öz yaşayış yerlərindən qovulmuş, ağır vəziyyətdədir, çadır şəhərciklərində yaşayırlar.

Bu gün çox böyük təəssüflə qeyd etmək lazım gəlir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə çox sirayətedici olmuşdur. İndi bütün Qafqaz və keçmiş Sovet İttifaqının bir çox bölgələri, eləcə də dünyanın digər bölgələri münaqişə alovlarına bürünmüşdür. Bu təcavüz nəticəsində biz çox şey itirmişik, on minlərlə insan həlak olmuş, işğal edilmiş ərazilərdə 700-dən çox şəhər, kənd və qəsəbə dağıdılmışdır. Dediyim kimi, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır.

Bütün bunlara baxmayaraq, sülhsevər ölkə olan Azərbaycan münaqişənin dincliklə və siyasi yollarla aradan qaldırılması mövqeyində durmuşdur. Bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir. Ötən ilin may ayında atəşkəs haqqında saziş əldə olunmuşdur və atəşkəs rejimi on üç aydan çoxdur ki, gözlənilir. Bu, uzunmüddətli, əsl sülhə nail olmaq üçün yalnız bir şərtdir. Bu baxımdan biz beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatına, xüsusən ATƏT-ə və Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün xüsusi olaraq yaradılmış ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirik.

Ötən ilin dekabrında ATƏT ölkələri dövlət başçılarının Budapeşt görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına dair mühüm qətnamə qəbul edilmişdir. Odur ki, biz bu qətnamənin həyata keçirilməsinə böyük ümidlər bəsləyirik.

ATƏT-in üzvü kimi Rumıniya bu məsələnin dincliklə həllinə öz töhfəsini verir. Buna görə də mən Rumıniya prezidenti cənab İliyeskunun belə bir bəyanatını böyük razılıq hissi ilə qarşıladım ki, Ermənistan ilə Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılmasında Azərbaycanın tutduğu mövqe tamamilə dəstəklənir.

Biz Rumıniya ilə ATƏT çərçivəsində gələcək əməkdaşlığa ümid edirik və inanırıq ki, Rumıniya bundan sonra da səy göstərəcəkdir ki, bu gün ATƏT Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələləri ilə, o cümlədən də bölgədə sülhün təmin edilməsi üçün çoxmillətli sülhyaratma qüvvələrinin təşkili işi ilə fəal məşğul olsun.

Müstəqil Azərbaycanın həyatını hərbi təcavüzdən başqa, bəzi daxili mürəkkəb siyasi proseslər də çətinləşdirir. Məsələn, bu dövrdə konstitusiyaya zidd bəzi çıxışlar olmuşdur. Sizə məmnunluqla deyə bilərəm ki, biz bütün bu çətinlikləri, xoşagəlməz halları dəf etmişik və hazırda Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir.

Müstəqil dövlət olan Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar edilməsi və dünya iqtisadi sistemi ilə, inteqrasiya yolu ilə gedir. Azərbaycanda siyasi plüralizm təmin olunmuşdur, onlarca siyasi partiya fəaliyyət göstərir, yüzlərlə qəzet çıxır, digər azadlıqlar mövcuddur.

İnsan hüquqlarının, şəxsiyyət azadlığının təmin edilməsi məsələsi və milliyyətindən, dilindən, dini etiqadından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının öz hüquqlarından istifadə etmək imkanı bizim üçün əsas prinsipdir.

Noyabrın 12-də biz parlament seçkiləri, müstəqil Azərbaycanın parlamentinə ilk seçkilər keçirəcəyik. Həmin gün ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul ediləcəkdir.

Öz xarici siyasətində Azərbaycan dünyanın bütün ölkələri ilə bərabərhüquqlu münasibətlər yaratmağa çalışır. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində iştirak edir. Biz bunu yüksək qiymətləndiririk ki, 1991-ci ilin dekabrında Rumıniya Azərbaycanın dövlət müstəqilliyini ilk dövlətlər sırasında tanımışdır. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından mən Rumıniya dövlətinə, onun prezidenti cənab İon İliyeskuya təşəkkürümü bildirmək istəyirəm.

Biz ümidvarıq ki, bütün dünya iqtisadi birlikləri ilə münasibətlər yaradacağıq. Bizə xarici investisiyalar ayrılmış, bizdə dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair geniş proqram qəbul edilmişdir.

Ötən il Azərbaycan Xəzər dənizindəki neft yataqlarının birgə işlənməsi haqqında bir çox xarici neft şirkətləri ilə müqavilə imzalamışdır. Biz bu işi həyata keçiririk.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dünən keçirilən və çox mühüm bəyannamə qəbul edən yüksək səviyyədə görüşünün böyük əhəmiyyəti var. Mən Qara dəniz hövzəsi ölkələri dövlət və hökumət başçılarının görüşünün təşkili üçün gördükləri böyük səmərəli işə görə rumın xalqına, Rumıniya hökumətinə, Rumıniya prezidenti cənab İon İliyeskuya təşəkkürümü bildirirəm.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işində yaxından iştirak edəcək, nəzərdə tutulanları həyata keçirmək üçün bütün tədbirləri görəcəyik. Biz Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün hər şey edəcəyik. Biz iqtisadiyyat sahəsində, ictimai-siyasi həyatın bütün sahələrində əməkdaşlıq etmək istəyirik.

Azərbaycan Avropa Birliyi ilə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq edəcəkdir. Keçən il biz Brüsseldə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramını imzaladıq.

Uzun illər ərzində Azərbaycan xalqı azadlığa çıxmağa və müstəqillik əldə etməyə çalışmış və nəhayət bu müstəqilliyə nail olmuşdur, hərçənd bu yolda çox çətinliklərlə, çox məşəqqətlərlə qarşılaşmış, ona hər cür təzyiqlər göstərilmişdir. Ümidvaram ki, biz Dünya birliyi tərəfindən, o cümlədən də Rumıniya dövləti tərəfindən dəstəklənəcəyik.

Rumın xalqına xoşbəxtlik və əmin-amanlıq, müəyyənləşdirdiyiniz niyyətlərin və planların həyata keçirilməsində uğurlar arzulamaq istəyirəm.