Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Parlamenti Nümayəndələr Palatasının sədri İto Soikxiro ilə görüşdəki söhbətindən - Tokio, 26 fevral 1998-ci il


Cənab Soikxiro!

Yaponiyanın Baş naziri cənab Haşimotonun dəvəti ilə "Gündoğar ölkə"yə rəsmi səfərə gəlməyimdən çox məmnunam. Səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkürümü bildirirəm.

Sizin gözəl ölkəniz və burada apardığım danışıqlar məndə böyük təəssürat yaratdı. Dünya dövlətləri arasında Azərbaycanın son illər böyük nüfuz qazanması haqqında ətraflı məlumat verdiyiniz üçün Sizə öz razılığımı bildirirəm. Müstəqil Azərbaycan Respublikası dünyanın ən inkişaf etmiş ölkələrindən olan Yaponiya ilə əməkdaşlığın ardıcıl surətdə möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində bir sıra müvəffəqiyyətli islahatlar və mühüm işlər görmüşdür.

Biz Dünya Birliyi ilə əlaqələrin durmadan sıxlaşdırılmasına böyük əhəmiyyət veririk. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə imzalanmış müqavilələrin həyata keçirilməsində dünyanın 12 dövlətindən 20 ən nüfuzlu şirkəti yaxından iştirak edir. Yaponiyanın "İtoçu" və "Mitsui" şirkətlərinin bu sahədəki fəaliyyətini razılıqla qeyd etmək istəyirəm.

Bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda Yaponiya ilə bütün sahələrdə əlaqələrin qurulması üçün geniş imkanlar vardır. Eləcə də böyük enerji və xammal ehtiyatlarına malik Azərbaycanda Yaponiya şirkətləri üçün gözəl imkanlar vardır. Bu ölkənin 6 şirkətinin respublikamızda öz nümayəndəliyini açmasından bir daha razı qaldığımı söyləyirəm. Yaponiya imperatoru əlahəzrət Akixito ilə görüşüm, Baş nazirlə və çoxsaylı digər görüşlərimin hamısı uğurla başa çatmışdır. "Gündoğar ölkə"yə bu rəsmi səfərim Azərbaycan-Yaponiya əməkdaşlığının durmadan inkişaf etdirilməsində yeni mərhələ açacaqdır. Azərbaycan və Yaponiya parlamentləri arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini nəzərə çarpdırmaq istəyirəm. Yaradılmış assosiasiyanın və qrupun işini yüksək qiymətləndirir və onların fəaliyyətinin daha da canlandırılması üçün bütün sahələrdə möhkəm əlaqələr qurulmasını istərdim.

Bilirsiniz ki, müstəqil respublikamız üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsidir. Torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda çətin şəraitdə yaşayır. Buyurun baxın, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini mən sizə xəritə üzərində geniş şərh edim. İşğalçı Ermənistan öz diasporlarının köməyi ilə Amerikadan, Avropadan, Rusiyadan mənəvi, iqtisadi, siyasi, hərbi dəstək alır. Təcavüzkar Ermənistan hərbi cəhətdən güclənərək nəinki Azərbaycan üçün, regionumuzun bütün dövlətlən üçün ciddi təhlükə yarada bilər. Azərbaycan Respublikası Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyi qarşısına məqsəd qoyubdur. 1994-cü ilin may ayında biz müharibəni dayandırmağa və atəşkəs əldə etməyə nail olmuşuq. ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları aparırıq. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin ədalətli həlli prinsipləri 53 dövlət tərəfindən təsdiqini tapmışdır. Bununla da münaqişənin sulh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaranıbdır. ATƏT-in Minsk konfransının həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu il ərzində gərgin iş aparmış, münaqişəni iki mərhələdə həll etmək barədə yeni təkliflər hazırlayıb tərəflərə təqdim etmişlər. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları tezliklə azad olunsun, doğma yurdundan zorla qovulmuş, ağır vəziyyətdə yaşayan 1 milyondan çox vətəndaşımız yerlərinə-yurdlarına qayıtsın. Yaponiya hökumətinin bu təcavüzü pisləyən qərarlarını, Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsini Azərbaycan xalqı yüksək qiymətləndirir.