Uşaqların Beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən şənlikdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 8 dekabr 2002-ci il


Əziz uşaqlar!

Əziz balalar!

Burada keçirdiyim bu dəqiqələr, saatlar, - bilmirəm, nə qədər vaxt ötdü, heç hiss etmədim ki, burada çox vaxt keçirmişəm, - mənə çox böyük təsir bağışladı. Mən belə görüşə birinci dəfə deyil ki, gəlirəm, ancaq hər dəfə siz öz istedadınızla, xoş sözlərinizlə, rəqslərinizlə, mahnılarınızla və öz görünüşünüzlə, gözəlliyinizlə məni sevindirirsiniz. Yəni təkcə məni yox, bütün Azərbaycan xalqını sevindirirsiniz. Valideynlərinizi sevindirirsiniz, nənələrinizi, babalarınızı sevindirirsiniz - hamımızı sevindirirsiniz.

Biz, yaşlı adamlar yaxşı bilirik, - siz hələ bunu dərk etmirsiniz, vaxt gələcək siz də dərk edəcəksiniz, - hər bir insana ən çox sevinc, səadət və həyatda yaşamaq arzusu gətirən uşaqdır. Uşaq dünyaya gəlir, böyüyür, sizin kimi bu gözəl dövrü yaşayır. Sonra öz istedadına uyğun olaraq, öz bacarığına uyğun olaraq cəmiyyətdə özünə yer tutur. Ancaq hər bir kəsin yeganə arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası, uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də insanların hamısının, deyə bilərəm ki, tam əksəriyyətinin uşaqlara sevgisi, məhəbbəti tamamilə təbiidir.

Doğrudur, insanların fərdi xüsusiyyətindən asılı olaraq, bəziləri bunu emosional qəbul edir, bəzilərinə bu, çox təsir edir, bəzilərinə az təsir edir. Amma fərqi yoxdur, bu, öz təsirini göstərir. Ona görə siz uşaqlar bizə xoşbəxtlik, səadət gətirirsiniz, sevinc gətirirsiniz, bizi yaşadırsınız.

İnsan müəyyən mərhələdən sonra daha da çox yaşamaq istəyir ki, uşaqlarını saxlasın, uşaqlarını böyütsün, oxutsun, müstəqil həyat yoluna çıxarsın. Onda o, öz atalıq, analıq borcunu yerinə yetirmiş olur. Amma biz bunları yaşamışıq, bu gün də yaşayırıq. Siz bunları gələcəkdə görəcəksiniz. Ona görə mən sizə əvvəlcədən deyirəm ki, gələcək illər siz hansı hissiyyatları keçirəcəksiniz. Ancaq bu gün hələ uşaqsınız.

Uşaq aləmi xüsusi bir aləmdir. Bax, bu gün bu salonda uşaq aləmini biz hiss edirik. Təkcə biz yox, indi bütün bu veriliş televiziya ilə Azərbaycana yayılır. Güman edirəm ki, bizim televiziya tamaşaçılarının tam əksəriyyəti bu gün teleekranların qarşısındadır. Sizi görmək istəyirlər, sizə baxırlar, sizin istedadınızdan həzz alırlar, sevinirlər, ilham alırlar.

Mən bura gəlməzdən əvvəl də, siz verilişə başlayan kimi televiziyaya baxırdım. Təkcə bu salona girəndən yox, siz verilişə başlayanda artıq mən sizə qoşulmuşdum, sizə baxırdım. Mən bura elə dolğun hissiyyatla gəlmişdim ki, bunu heç ölçüyə gətirmək mümkün deyildir. Uşaqlar, sağ olun ki, bizim cəmiyyəti bu qədər gözəlləşdirirsiniz, şirinləşdirirsiniz, ona bu qədər bəzək verirsiniz.

Həyat o qədər də asan deyil. İndi biz Azərbaycanda müstəqillik dövrümüzün 11-ci ilini yaşadıq, 12-ci ilə keçmişik. Müstəqil dövlət qurmaq çox çətin işdir. Bizim respublikamızda 1990-cı illərin əvvəllərində yaranmış vəziyyətləri nəzərə alsaq, Azərbaycanda bu, çox çətin idi. Amma biz ilbəil dövlətimizi, müstəqil ölkəmizi möhkəmləndirir, inkişaf etdiririk. Əsas vəzifəmiz insanların həyat tərzini, rifah halını yaxşılaşdırmaqdır. Buna da nail oluruq. Hələ tam nail olmamışıq, amma ilbəil nail oluruq.

Mən təkcə sizi yox, - ola bilər, deyərlər ki, uşaqlar bura bəzənib-düzənib gəliblər, - şəhərdə gəzəndə, avtomobillə yol gedəndə də, məktəbdə olanda da, bütün başqa vaxtlarda bizim uşaqları görəndə baxıram ki, uşaqlarımız gözəldir, yaxşı geyimləri var, yaxşı görünüşləri var. Bəzən işə gələndə görürəm ki, valideynlər uşaqları məktəbə aparırlar. Diqqət yetirirəm, uşaqlar nə cür geyinirlər, uşaqların çantası necədir, sifəti necədir. Maşallah, hamısı gözəldir. Bax, bu, bizi sevindirir.

Bu, eyni zamanda, bizim ölkəmizdə insanların yaşayış səviyyəsinin göstəricilərindən biridir. Yəni biz çalışırıq ki, insanların rifah halı yaxşılaşsın. Buna nail oluruq və ilbəil də nail olacağıq. Bunda da yenə ön planda uşaqlardır, uşaqlardır, uşaqlardır. Çünki hər ata, hər ana xalq arasında deyildiyi kimi, boğazından kəsib uşaqlarına yedirir, özündən kəsib uşaqları geyindirir. Amma indi bizdə belədir ki, çox hallarda heç kəsmək də lazım deyildir. Özü də yeyir, özü də geyinir, uşaqlarını da yedirdir, geyindirir. Düzdür, hamısı belə deyil, bizim qaşqın düşərgələrində, çadırlarda yaşayan ailələrimiz də var, uşaqlarımız da var. Güman edirəm, onlar da, hamısı olmasa da, çoxu bu gün televiziya ilə bu verilişə baxırlar, görürlər. Biz də onları buradan görürük. Onları unutmamışıq, heç vaxt da unutmayacağıq. Ancaq onların da həyatı, hətta çadırlarda da, günü-gündən yaxşılaşır. Bu, daha da yaxşılaşacaq və əmin ola bilərsiniz ki, çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar.

Uşaqlar, sizin bizə, cəmiyyətə bəxş etdiyiniz bu sevinc hədsizdir. Sizin bizə bəxş etdiyiniz bu xoşbəxtlik ən yüksək xoşbəxtlikdir. Ancaq bizim də sizə arzularımız var. Arzularımız odur ki, siz istedadınızdan səmərəli istifadə edəsiniz. Gərək yaxşı oxuyasınız, yaxşı təhsil alasınız.

Biz çalışırıq ki, Azərbaycan uşaqlarının hamısı təhsilli olsun. Heç kəs təhsildən kənarda qalmasın və siz də buna çalışın. Yəni mən bütün uşaqlara müraciət edirəm, çalışın ki, heç kəs təhsildən kənarda qalmasın, heç kəs məktəbdən kənarda qalmasın, heç kəs məktəbdən, təhsildən ayrılıb başqa, xoşagəlməz yollara getməsin.

Siz burada istedadınızı, əsasən, incəsənət, mədəniyyət sahəsində göstərirsiniz. Buna da baxanda düşünürük ki, mən şəxsən düşünürəm ki, doğrudan da bizim xalqımızda incəsənət, musiqi, mədəniyyət baxımından kütləvi istedad var. Yəni bu, ayrı-ayrı adamların istedadı deyil, ümumiyyətlə, bizim xalqımızın çox yüksək istedada malik olmasıdır. Bu, gözəl haldır. Təbiidir ki, sizin hər biriniz gələcəkdə rəqqasə, yaxud rəqqas olmayacaqsınız. Hər biriniz müğənni olmayacaqsınız, hər biriniz söz ustası olmayacaqsınız. Amma içərinizdən gözəl sənətkarlarımız çıxacaqdır. Ancaq hərənizin öz yolu olacaqdır. Hərəniz öz yolunuzla gedəcəksiniz. Ya elmdə, ya təhsildə, ya biznesdə, ya da həyatın başqa sahələrində. Ancaq sizin bu istedadınız, yəni incəsənətə, mədəniyyətə bağlılığınız həmişə sizə yardım edəcəkdir. Çünki insan mədəniyyət, incəsənət sahəsində nə qədər istedadlı olsa, bütün başqa sahələrdə - yaşadığı, işlədiyi, çalışdığı sahələrdə bir o qədər müvəffəq ola bilər. Ona görə mən bu gün bütün bunları burada görəndə bax, sizin gələcəyiniz haqqında düşünürəm.

Siz burada yaxşı səhnələr - Azərbaycanın neft strategiyasına aid olan səhnələr göstərdiniz. Bakı-Tbilisi-Ceyhan neft kəmərini, - bu, əsrin layihəsidir, - göstərdiniz. Başqa belə şeylər də göstərdiniz. Çox gözəldir, siz Azərbaycanın həyatında olan ictimai-siyasi hadisələri qavrayırsınız, tutursunuz və öz istedadınızla nümayiş etdirirsiniz. Ancaq bilin, siz bu layihələrin gələcək iştirakçısı olacaqsınız. Onları həyata keçirənlər olacaqsınız. Biz bunları başlayırıq. Biz Azərbaycanın böyük gələcəyinin böyük layihələrini başlayırıq, onların əsasını, təməlini qoyuruq. İmkanımız dairəsində, mən özüm haqqında deyirəm, nə qədər ki, varıq, biz bunları edəcəyik, həyata keçirəcəyik.

Ancaq bunları edərkən, mən həmişə düşünürəm ki, bu layihələr gələcəkdə daha da yaxşı həyata keçiriləcəkdir. Çünki bizi əvəz edən nəsillərimiz var. Belə gənc nəslimiz, uşaqlarımız, istedadlarımız var. Siz bizim nəsildən də istedadlısınız. Ona görə biz sizə inkişaf etmiş Azərbaycan vermək istəyirik. İstəyirik ki, bizim gördüyümüz çətinlikləri, - davanı, böhranları, vuruşmaları, terroru - belə şeyləri siz görməyəsiniz.

Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşayırlar və biz bunu, sabitliyi daimi edəcəyik. İnsanların rahat yaşamasını daimi edəcəyik. Yəni, əmin olun, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata keçirəsiniz.

Siz bizim ümidimizsiniz. Siz bizim gələcəyimizsiniz. İnsan ümidsiz yaşaya bilməz. Mən bütün həyatımı ümidlə yaşamışam. Bu gün də ümidlə yaşayıram. Ümidlə yaşamışam ona görə ki, gördüyüm işlərə inanmışam, inanıram və onların nəticəsini görmüşəm. Eyni zamanda, ümidlə yaşamışam və yaşayıram ona görə ki, bizim sizin kimi, Azərbaycan gəncliyi kimi gələcəyimiz var. Bizim işimizin davamçıları var. Siz burada Heydər Əliyev haqqında sözlər dediniz. Ümidvaram ki, siz Heydər Əliyev işinin gözəl, sədaqətli, etibarlı davamçıları olacaqsınız.

Mən YUNİSEF təşkilatının bu gözəl təşəbbüsünü yüksək qiymətləndirirəm. Səhv etmirəmsə, səkkizinci ildir ki, şəxsən mən YUNİSEF təşkilatının keçirdiyi Uşaqların beynəlxalq televiziya və radio günündə sizinlə bərabər iştirak edirəm və hər dəfə də bunun nə qədər faydalı olduğunu görürəm. Bu gün də bunun bir daha şahidi oldum. Ona görə YUNİSEF təşkilatına təşəkkürümü bildirirəm və arzu edirəm ki, onlar bu xeyirxah işlərini gələcəkdə də davam etdirsinlər.

Siz burada idman nümunələri göstərdiniz. Mən o balaca pəhləvanları görəndə düşündüm ki, görün, Azərbaycan xalqının gələcəkdə necə güclü insanları olacaqdır. İdman da gənclərə incəsənət, mədəniyyət qədər, mahnı kimi, musiqi, rəqs kimi, bəlkə onlardan da artıq lazımdır. Gənclər idmansız biz istəyən səviyyədə böyüyüb ərsəyə gələ bilməzlər. İdman hər bir insanın sağlamlığıdır. Ona görə də biz idmana çox böyük yol açmışıq.

Azərbaycanın Milli Olimpiya Komitəsi, onun prezidenti İlham Əliyev bu sahədə çox geniş fəaliyyət göstərir. Biz bunu edirik, edəcəyik. Bu sahəni İlham Əliyev öz üzərinə götürübdür, ağırlığı bizdən uzaqlaşdırıbdır. Ağırlıq onun üzərindədir. Ancaq gənclərə müraciət edərək onu demək istəyirəm ki, idmanla daha çox məşğul olsunlar. İdman salonlarına daha da çox gedin. Çünki bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır. Mən sizə bundan sonra idmanla da məşğul olmağı tövsiyə edirəm.

Əziz balalar, məni bu gün çox sevindirdiniz. Bu gün istirahət günüdür, vallah, əgər mən evdə oturub istirahət etsəydim, bu qədər dincəlməzdim. Siz mənim üçün, təkcə mənim üçün yox, televiziya vasitəsilə sizi seyr edənlər üçün böyük bir bayram yaratdınız. Bizim bugünkü istirahətimiz üçün çox gözəl şərait yaratdınız. Mən sizə təşəkkür edirəm. Sizə, bütün Azərbaycan gənclərinə öz hədsiz məhəbbətimi, sevgimi bir daha bildirirəm. Sağ olun, sizə uğurlar olsun.