Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərlə birgə mətbuat konfransı - Prezident Sarayı, 11 iyul 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Türkiyənin baş naziri, hörmətli xanım Tansu Çillər Azərbaycana rəsmi səfərə gəlib. İki gündür ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında çox səmərəli, məzmunlu, əhəmiyyətli danışıqlar gedir. Biz Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillərin Azərbaycana gəlməsini əlamətdar hadisə hesab edirik və dünən, bu gün apardığımız danışıqlar, görüşlər Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün böyük bir mərhələdir.

Biz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi, inkişaf etməsi ilə bağlı bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq. Eyni zamanda Türkiyənin, Azərbaycanın dünya miqyasında siyasəti, o cümlədən xüsusən Azərbaycan üçün ən ağır problem olan Dağlıq Qarabağ məsələsi, yəni Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan ilə Ermənistan arasında olan münaqişə haqqında da çox geniş fikir mübadiləsi apardıq və eyni fikirdə olduğumuzu bildirdik. Fikir ondan ibarətdir ki, Ermənistan Azərbaycana hərbi təcavüz edibdir. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, işğal edilmiş ərazimizdən bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşüb və onlar ağır vəziyyətdə yaşayırlar.

13 aydır ki, atəşkəs rejimi əldə olunub və davam edir. Bu müddətdə biz çalışmışıq və indən sonra da çalışırıq ki, bu problem sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həlli üçün də yeni, əlavə tədbirlər görülməlidir. Beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu ölkələri - dünya siyasətində mühüm rol oynayan ölkələr, o cümlədən Türkiyə Cümhuriyyəti yeni-yeni tədbirlər görməlidir ki, bu məsələlər sülh yolu ilə həll olunsun. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Lakin bu danışıqlar hələlik istənilən nəticəni vermir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxması şərti ilə biz Böyük Sülh Müqaviləsi bağlamaq istəyirik. Biz Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarının hamısından, o cümlədən Laçın və Şuşa rayonlarından çıxması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması şərtini irəli sürürük. Biz bu məsələlər barəsində hörmətli baş nazir xanım Tansu Çillərlə geniş fikir mübadiləsi apardıq. Mən bu fikir mübadiləsindən çox razıyam. Türkiyə Cümhuriyyəti bu məsələlər barəsində Azərbaycanın haqq və ədalət naminə apardığı işi indiyədək müdafiə etmişdir, hesab edirəm ki, ölkəmizin mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Mən danışıqlardan bu nəticəni çıxardım.

Bu gün hörmətli baş nazir xanım Tansu Çillərlə biz Ermənistan işğalçıları tərəfindən Zəngilan rayonundan qovulmuş qaçqınlarla görüşdük. Görüş çox həyəcanlı, çox təsirli idi. Qaçqın vəziyyətində, ağır şəraitdə yaşayan insanlar Türkiyənin baş naziri xanım Tansu Çilləri böyük hörmət, sevgi ilə qarşıladılar, qucaqladılar, öpdülər. Bunlar hamısı onu göstərir ki, Azərbaycan xalqının ürəyi genişdir, bu ağır vəziyyətdə də hörmətli qonağını gözünün üstündə qarşılayır.

Xanım Tansu Çülər qaçqınların ağır vəziyyətini, eyni zamanda onların Türkiyə Cümhuriyyətinə, xalqına və Türkiyənin baş nazirinə olan hörmət və ehtiramını da gördü. Bunlar hamısı bizi bir daha eyni fikrə gətirir ki, biz mütləq və mütləq, tezliklə Ermənistan işğalçılarının Azərbaycan torpaqlarından çıxarılmasına nail olmalıyıq, qaçqınları öz yerlərinə qaytarmalıyıq.

Azərbaycanın iqtisadi vəziyyəti çox ağırdır. Bu ağır vəziyyətdən çıxmaq üçün biz şübhəsiz ki, bütün ölkələrlə, xüsusən Türkiyə ilə iqtisadi əlaqələrimizi genişləndirmək və inkişaf etdirmək məqsədi daşıyırıq. İndiyədək bu sahədə bir çox işlər görülübdür, ancaq bir çox işlər də görüləcəkdir. Bizim bu barədə də fikir mübadiləmiz olub və bir çox məsələlərin həll edilməsi üçün razılığa gəlmişik.

Bilirsiniz ki, 1992-ci ildə Türkiyə Cümhuriyyəti Azərbaycanın iqtisadiyyatını canlandırmaq üçün 250 milyon dollar məbləğində kredit ayırıb. Həmin məbləğin cəmi 60 milyon dollarlıq bir hissəsindən istifadə olunub. Kreditin şərtlərinə görə vaxtı çatsa da, biz indiyədək onu geri qaytara bilməmişik. Onun bir hissəsini 1994-cü ildə, bir hissəsini isə 1995-ci ildə geri qaytarmaq lazım idi. Lakin bizim buna imkanımız yoxdur. Ona görə də biz Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillərə müraciət etdik. O, qərar qəbul etdi və kreditin ödəniş vaxtının iki il uzadılması haqqında razılığa gəldik. Bu barədə sənəd də hazırlanıb və burada imzalanacaqdır. Şübhəsiz ki, biz bunu Türkiyə Cümhuriyyəti, baş nazir xanım Tansu Çillər tərəfindən Azərbaycana olan diqqət və mərhəmət kimi qəbul edirik. Çalışmalıyıq ki, bu kreditin geri qaytarılması üçün lazımi tədbirlər görək. Türkiyənin baş naziri və onunla gələn şəxslər dünən də və bu gün də bu barədə danışıqlar aparıblar, müəyyən anlaşmalar əldə ediblər. Güman edirəm ki, biz onları həyata keçirdiyimiz halda 1992-ci ildə ayrılmış kreditin bir hissəsindən bu il də, gələn il də istifadə edə bilərik. Bu barədə də müəyyən razılıq əldə olunub və protokollar imzalanacaqdır.

Azərbaycanın sənaye potensialı çox böyükdür. Respublikamızda çox iri sənaye müəssisələri - fabriklər, zavodlar var. İndi onlar çox çətin bir şəraitdədir. Yəni onların çoxu əvvəllər keçmiş Sovetlər İttifaqının ayrı-ayrı respublikaları ilə iqtisadi inteqrasiya şəraitində işləyib. Bizim əlaqələr qırıldığına görə, ümumiyyətlə respublikamızın şimal tərəfdən sərhədləri bağlandığına görə bu sənaye müəssisələrinin işləməsi çox çətinləşibdir. Biz bu məsələni də müzakirə etdik və belə razılıq əldə olundu ki, baş nazir xanım Tansu Çillər Azərbaycandakı bu müəssisələrin bəzilərinin müştərək işləməsi üçün buraya müəyyən nümayəndə heyəti göndərəcəkdir. Onlar burada bəzi müəssisələrin vəziyyətini öyrənib proqramlar hazırlayacaqlar və həmin müəssisələrin müştərək işləməsi üçün lazımi tədbirlər görüləcəkdir. Biz buna böyük ümid bəsləyirik və güman edirəm ki, bu sahədə də lazımi nəticələr əldə edə bilərik.

Vaxtınızı çox almaq istəmirəm. Güman edirəm ki, hörmətli qonağımız görüşlərimiz və xüsusən öz təəssüratları barəsində məndən də çox şey deyə bilər. Ona görə də mən bununla kifayətlənirəm. Xahiş edək hörmətli xanım Tansu Çillərə söz verilsin.

Mən çıxışımda bəzi məsələlərə toxunmadım. İstəyirdim bunları hörmətli qonağımız söyləsin. Ancaq bir mühüm məsələni qeyd etmək istəyirəm. Danışıqlarımız zamanı Türkiyənin Naxçıvana xüsusi yardımı haqqında çox əhəmiyyətli nəticələr əldə olundu. Bilirsiniz ki, Naxçıvan blokada şəraitindədir. Türkiyə bu bölgəyə daim kömək etmişdir. 1992-ci ildə "Ümid körpüsü", "Həsrət körpüsü" adlandırılan körpü tikilib qurtardı. O vaxtdan Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa əlaqə saxlayır. Amma Naxçıvan blokada vəziyyətində olduğuna və biz oranın bəzi problemlərini həll edə bilmədiyimizə görə bu məsələni hörmətli baş nazirlə ayrıca müzakirə etdik, Türkiyənin Naxçıvana hər dürlü kömək etməsi barədə razılıq əldə olundu.

Sual: Hazırda Türkiyədə xarici iş adamlarının fəaliyyəti sərt qanunlarla tənzimlənir. Belə bir halda Türkiyə dövləti Azərbaycanın iş adamları üçün güzəştli bir vəziyyət yaratmaq istəmirmi?

Tansu Çillər:  Azərbaycanın iş adamları qardaş iş adamları kimi Türkiyəyə daim dəvət edilir. Əgər onların Türkiyədə bir iş görmələrində çətinlik varsa, bunu bilməyimiz gərəkdir. Onların kredit almalarında, öz vətəndaşlarımızdan heç ayırd etmədən yatırım qoymalarında maneə yoxdur. Biz qardaş Azərbaycandan Türkiyəyə gələnlərin hamısını məmnuniyyətlə qarşılayırıq və dövlət də onları dəstəkləyir.

Sual: Möhtərəm prezident, Azərbaycanda özəl bölmənin inkişafı üçün əlinizdən gələni etdiyinizin, çox işlər gördüyünüzün şahidiyik. Özəl bölmənin gələcək inkişafı üçün və yaranmaqda olan milli burjuaziyanın fəaliyyətini tənzimləmək üçün hansı qanunlar qəbul olunacaq və daha səmərəli işləmək üçün onlara hansı güzəştlər ediləcəkdir?

Heydər Əliyev:  Bu barədə bizim bir çox qanunlarımız var. Ancaq sizə məlumdur ki, biz özəlləşdirmə proqramı hazırlamışıq. Bu iş bir neçə ay vaxt tələb etdi. Proqramın bir az gecikməsinin səbəbləri də məlumdur. Çünki bir tərəfdən Azərbaycan müharibə şəraitində idi, digər tərəfdən də 1992-1993-cü illərdən indiyədək Azərbaycanın daxilində ictimai-siyasi vəziyyətin nə qədər gərgin olduğu bəllidir. Bunların hamısı iqtisadi sahədə bəzi islahatlarımızın keçirilməsini gecikdirmişdir. Yaxın vaxtlarda özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanacaqdır. Həmin proqram üç il üçün nəzərdə tutulmuşdur. Şübhəsiz ki, özəlləşdirmə proqramı həyata keçirilərkən iş adamlarının fəaliyyətinin səmərəli olması üçün əlavə qanunlar da qəbul olunacaqdır. İndi vaxtınızı alıb hansı qanunların qəbul ediləcəyini demək istəmirəm. Bilirsiniz ki, bunlar çoxdur və qəbul olunacaqdır. Ancaq onu da bilməlisiniz ki, indiyədək mövcud olan qanunlarımız da Azərbaycanda özəl bölmənin fəaliyyət göstərməsi üçün çox yaxşı şərait yaratmışdır.

Sual: Mənim sualım cənab prezidentədir. Son vaxtlarda Türkiyənin Ermənistan barəsində siyasətində bir dəyişiklik görürsünüzmü?

Heydər Əliyev:  Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələdə Türkiyənin mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ bu gün bir daha geniş müzakirə olundu, bizim fikirlərimiz eynidir. Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillər Ermənistanın Azərbaycana təcavüz etdiyini çıxışlarında bir daha bəyan etdi və bu təcavüzün qarşısının alınması üçün lazımi tədbirlərin görulməsində Azərbaycanı dəstəkləyir, yəni Türkiyənin siyasətində heç bir dəyişiklik yoxdur.

Sual: Hörmətli baş nazir, sizə iki sualım var. Birincisi, aprel ayında Bakıya gələrkən demişdiniz ki, buraya böyük bir proqramla dönəcəksiniz. Bu proqramın böyüklüyünü rəqəmlərin dili ilə izah edə bilərsinizmi? İkincisi, bugünkü görüşdə neft kəmərinin Türkiyədən keçməsi məsələsi danışıqların mövzusu olmuşdurmu?

Tansu Çillər:  Aprel ayında Azərbaycana yenidən, özü də iş adamlarımızla birlikdə gələcəyimə söz vermişdim. Bu səfərim zamanı nəzərdə tutduğumuz məsələlərin, demək olar, hamısını müzakirə edə bildik. Azərbaycanın ödənilməmiş kreditləri vardır. Bunu həll etmək lazımdır. Bizim tələblərimiz vardı, bu gündən etibarən bunları əfv etdik və sənəd imzalayacağıq. Yeni kredit açılması üçün tələb var idi. Bunu da bu gün sənəd şəklində imzalanacaq vəziyyətə çatdırırıq. Banklarımızın burada iş anmaları məsələsi də nəzərdə tutulmuşdur. Bu da həll olundu, "Ziraət bankası" fəaliyyətə başlayır, yaxın vaxtlarda isə "Vakfbank" işə başlayacaqdır. Universitetlərimiz arasında əməkdaşlığın genişləndirilməsi məsələsi var idi. Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi artıq fəaliyyət göstərir. Neft kəmərinin çəkilməsi ilə bağlı Azərbaycanla əvvəllər də danışıqlarımız olmuşdur. Biz bu kəmərin Türkiyə ərazisindən keçməsini istəyirik. Mən Özbəkistanda səfərdə olarkən Avrasiya avtomobil yolunun Özbəkistana qədər gələrək Azərbaycan ərazisi ilə Türkiyəyə keçməsi fikrini razılaşdırdıq. Bu məqsədlə Amerikanın bizə verəcəyi kreditdən istifadə edilə biləcəyini düşünürük. Neft kəmərinin Türkiyədən keçməsini Amerika özünün xarici siyasəti kimi qəbul etmişdir. Azərbaycan da bunu bütünlüklə dəstəkləmişdir. Bunun həyata keçrilməsi üçün digər ölkələrlə də bu cür danışıqlar aparmaq lazımdır. Özbəkistana və Azərbaycana səfərlərim zamanı hər iki dövlətin dəstəyini almışıq. Yaxın vaxtlarda başqa ölkələrə də səfər etməyi düşünürəm. Daha sonra bu səfərlərin zirvəsini bəlkə də Türkiyədə təşkil etmək mümkün olacaqdır.

Sual: Hörmətli prezident Heydər Əliyev, Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gəliş-gedişinə icazə veriləcəkmi? Azərbaycanda fəaliyyət göstərən Türkiyə iş adamlarına bu məsələdə şərait yaradılması barədə düşünürsünüzmü?

Heydər Əliyev: Bizim ən böyük arzumuz ondan ibarətdir ki, Azərbaycana daha çox iş adamı gəlsin, buraya sərmayə qoysunlar. Bu arzunu həyata keçirmək üçün lazımi tədbirlər görmüşük və bundan sonra da görəcəyik. Ola bilər, bəzi bürokratlar ayrı-ayrı yerlərdə bu işin həyata keçirilməsinə mane olurlar. Bu, təbiidir, mən belə halları istisna etmirəm. Ancaq bizim siyasətimiz bundan ibarətdir ki, Azərbaycan dünya birliyinə açıqdır. Türkiyə isə bu sırada bizim üçün ən önəmli ölkədir. Mən bunu bir daha bəyan edirəm və bu sahədə gələcəkdə də lazımi tədbirləri görəcəyik. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün hörmətli baş nazirlə razılığa gəldik ki, müştərək iş birliyi komissiyası yaradaq. Azərbaycan tərəfi böyük bir komissiya yaradır. Türkiyə də belə bir komissiya yaradacaqdır. Bu komissiyalar iqtisadi əməkdaşlığa dair məsələlərin dəqiqləşdirilməsi ilə məşğul olacaqlar.

Sual: Birinci sualım xanım Tansu Çillərədir. Siz beynəlxalq konsorsiumun üzvləri ilə qarşıdakı görüş zamanı hansı məsələləri müzakirə edəcəksiniz? İkinci sualım həm cənab prezidentə, həm də xanım baş nazirədir. Azərbaycan neftinin Türkiyə ərazisi vasitəsilə ixrac olunmasının perspektivi barədə nə deyərdiniz?

Tansu Çillər: Bu suala bir az öncə cavab vermişdim. Neft kəmərinin Türkiyə ərazisindən keçməsi barədə Azərbaycanla baxış birliyimiz vardır.

Heydər Əliyev: Mən xanım Tansu Çillərin dedikləri ilə razıyam.