12 Noyabr - Konstitusiya GünümünasibətiləAzərbaycan xalqına təbrik - Bakı şəhəri, 11 noyabr 1999-cu il


Əziz Azərbaycan vətəndaşları!

Sizi 12 noyabr - Konstitusiya günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı yetirirəm.

Müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən ilk Konstitusiyamızın qəbul edilməsindən dörd il keçir. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan bu Konstitusiya Azərbaycan xalqının keçdiyi inkişaf yolunun məntiqi nəticəsidir.

Vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, cəmiyyətdə demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradan Konstitusiya həm hakimiyyət orqanlarının, həm də hər bir Azərbaycan vətəndaşının fəaliyyətinin əsasını təşkil edir.

Keçən müddətdə respublika həyatının bütün sahələrinin yeni Konstitusiyaya uyğunlaşdırılması və ondan irəli gələn başlıca tələblərin həyata keçirilməsi üçün mühüm işlər görülmüşdür. Konstitusiyanı daha dərindən mənimsəmək, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dönmədən tətbiq etmək hər birimizdən xüsusi səy tələb edir.

Əziz vətəndaşlar!

Əmin olduğumu bildirirəm ki, müstəqil dövlətimizin möhkəmlənməsi və tərəqqisi yolunda hər bir vətəndaş böyük məsuliyyət hissi ilə Konstitusiyamızın əsas müddəalarının qorunması və həyata keçirilməsinə çalışacaqdır. Sizə bu yolda böyük uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.