Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 16 mart 2000-ci il


Heydər Əliyev: Xoş gördük, cənab Kuçma! Azərbaycana xoş gəlmişsiniz. Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirirəm. Həmçinin Ukraynanın Luqansk vilayətində şaxtada baş vermiş fəlakət ilə əlaqədar, cənab Leonid Kuçma, Sizə bir daha başsağlığı verirəm.

Azərbaycan ilə Ukrayna arasında dostluq, strateji tərəfdaşlıq münasibətlərinin gündən-günə möhkəmlənməsi hər iki tərəf üçün çox faydalıdır. Ölkələrimizin bütün sahələrində - siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdə əlaqələrinin durmadan inkişaf etməsindən məmnunam.

Mən 1997-ci ilin martında dost Ukraynaya rəsmi səfərimi, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində keçirdiyim görüşləri, apardığım danışıqları həmişə razılıqla xatırlayıram. Ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini müsbət dəyərləndirirəm. Ötən beş ildə imzalanmış dövlətlərarası və hökumətlərarası 60-dan çox sənəd Azərbaycan-Ukrayna əlaqələrinin bütün sahələrdə genişləndirilməsi üçün möhkəm zəmin yaratmışdır.

Bir sıra beynəlxalq və regional təşkilatlarda ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələri böyük əhəmiyyət daşıyır. Beynəlxalq həyatın bir çox məsələlərində Azərbaycan ilə Ukraynanın mövqeləri tam eyni və ya oxşardır. GUÖAM çərçivəsində əməkdaşlığın daha da sıxlaşdırılması vacibdir. Azərbaycanın və Ukraynanın öz dövlət müstəqilliyini, suverenliyini möhkəmləndirmək mövqelərində qətiyyətlə dayandıqlarını bir daha yüksək dəyərləndirirəm.

Xüsusi qeyd etməliyəm ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü ağır nəticələrə səbəb olmuşdur. Respublikamız öz ərazi bütövlüyünün bərpa olunması tələbi ilə çıxış edir. Azərbaycanın haqq işini Ukrayna dövlətinin və şəxsən cənab Kuçmanın daim müdafiə etməsi, dəstəkləməsi məni çox razı edir.

Leonid Kuçma: Əziz dostum Heydər Əliyev. Sizinlə yenidən görüşdən şərəf duyuram. Rəsmi səfərə dəvətə görə Sizə minnətdarlıq edirəm. Əziz bayram münasibətilə Azərbaycan xalqını və Azərbaycan dövlətinin başçısı kimi, Sizi səmimi-qəlbdən təbrik edirəm.

1995-ci ildə Azərbaycana ilk rəsmi səfərimi həmişə məmnunluqla xatırlayıram. Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsinin və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirirəm.

Azərbaycan ilə bütün sahələrdə əlaqələrin sıxlaşdırılmasına Ukrayna böyük maraq göstərir. Bir sıra beynəlxalq, regional təşkilatlarda, GUÖAM çərçivəsində ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsini vacib hesab edirəm.

Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların müsbət nəticələr verəcəyinə əminəm. Ukrayna Azərbaycanın mövqeyini, ərazi bütövlüyünün bərpa olunmasını həmişə müdafiə etmiş və bundan sonra da müdafiə edəcəkdir.

Azərbaycanın müdrik və çox zəngin təcrübəyə malik prezidenti Heydər Əliyev öz məsləhətləri ilə mənə həmişə düzgün yol göstərir. Çətin məqamlarda Ukraynaya daim kömək göstərdiyinə görə prezident Heydər Əliyevə bir daha dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

İkitərəfli əlaqələrin dərinləşdirilməsinə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlərin müzakirə edilməsini vacib hesab edirəm.

Heydər Əliyev: Elədir, cənab Kuçma. Mənə elə gəlir ki, biz həmçinin, tarixi Böyük İpək yolunun, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin daha səmərəli işləməsi üçün Ukrayna-Azərbaycan əməkdaşlığını genişləndirməli, regionda vəziyyətin sabitləşməsi üçün əlimizdən gələni etməliyik.