Küveyt - Azərbaycan münasibətləri


Münasibətlərin tarixi: Azərbaycan və Küveyti dini və tarixi amillər birləşdirir. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsini məhz Ümummilli lider Heydər Əliyevin xidməti kimi dəyərləndirmək olar. Müstəqilliyinin ilk illərindən İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olub. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı tarix, din və mədəni köklərlə İslam sivilizasiyasına bağlıdır. Küveyt dövlətinin də İslam mədəniyyətinə sıx bağlılığını nəzərə alsaq, bu iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etməsini məntiqəuyğun hesab etmək olar.

İkitərəfli siyasi münasibətlər: Azərbaycanla Küveyt arasında diplomatik münasibətlər yaradılmamışdan əvvəl də bu iki ölkə arasında münasibətlər mövcud olub. 1990-cı illərdə Küveyt Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə yardımlar göstərib. Azərbaycan və Küveyt arasında diplomatik əlaqələr isə 10 oktyabr 1994-cü ildə yaradılıb. Buna baxmayaraq, 90-cı illərdə iki ölkə arasında əlaqələr yüksək inkişaf səviyyəsinə çatmayıb. Azərbaycan Küveytdə səfirliyini 2004-cü ilin sonlarında açıb. Küveytin Bakıdakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.

13 dekabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt əmiri Cabir Əhməd Sabahla görüşüb. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət başçıları bir-birilərini öz ölkələrinə dəvət ediblər. Küveyt əmiri hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüzün yolverilməz olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, "...Sizin qaçqınlara yardım etmək lazımdır və bu köməyi edəcəyik..."

7 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ərəb ölkələrinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvü Əbd əl-Əziz Səud əl-Babteyn Küveyt dövlətinin başçısı, əlahəzrət şeyx Cabir əl-Əhmədin salamını prezidentə yetirərək bildirib: "...Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qaldığı dövrdə keçirdiyi hissləri Küveyt xalqı da təcavüzlə qarşılaşarkən keçirmişdir...".

2001-ci ilin sentyabrında Küveyt-Azərbaycan Parlamentlərarası ‎Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat əl-Ömərin rəhbərlik etdiyi ‎nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə keçirilən görüşlərdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi göstərilib.

Nümayəndə heyətinin 27 sentyabr 2001-ci ildə Heydər Əliyevlə görüşündə bir daha tərəflər arasında Küveyt-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq terrorizmə qarşı mübarizə haqqında söhbət aparılıb. Prezident Heydər Əliyev hələ 2001-ci il 11 sentyabr hücumlarından az sonra islam və terror anlayışlarının tam fərqli olduğunu, bu dinin zorakılığa qarşı çıxdığı fikrlərini Küveyt nümayəndə heyətilə görüşdə səsləndirib. Azərbaycanın dövlət başçısı İraqın Küveytə qarşı təcavüzü və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi halları arasında oxşarlıq olduğunu və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Küveytlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğrlu siyasət yeridib.

20 yanvar 2007-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Küveytə rəsmi səfər edib. Xarici işlər naziri səfər çərçivəsində Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Baş Naziri Şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah, Parlamentin sədri, Baş nazirin müavini və xarici işlər naziri, ədliyyə, vəqflər və dini işlər naziri, Ərəb İqtisadi İnkişafı üzrə Küveyt Fondunun sədr müavini Hişam əl-Uqeyyan ilə görüşlər keçirib. Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.

7 iyun 2007-ci ildə isə Küveytin Baş Nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabah Azərbaycana rəsmi səfər edib. Səfər zamanı keçirdiyi mətbuat konfransında Küveytə İraqın müdaxiləsi zamanı Azərbaycan ictimaiyyətinin Küveyti müdafiə etməsini xatırladıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə çağıran BMT qətnamələrinə riayət edilməsinin vacibliyini söyləyib. Prezident İlham Əliyev Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabahı qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Küveyt arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, Küveyt ilə bütün sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini söyləyib. Nazir Küveyt əmirinin salamlarını və bu ölkəyə səfər üçün dəvətini ona çatdırıb.

Küveyt dövləti 14 mart 2008-ci ildə BMT-də "İşğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət" adlı qəbul olunmuş qətnamənin lehinə səs verib. Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfər edib. Onun Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşündə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açılıb. Dövlət başçıları həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Küveyt əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl - Kəbir" ordenini, Azərbaycan Prezidenti isə əmirə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib.

Səfər çərçivəsində Prezident İlham Əliyev Küveytin Baş naziri şeyx Nasir əl-Əhməd əs - Sabahla da görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib. Fevralın 10-da əl-Küveytdə Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda Küveyt Ticarət və Sənaye Palatası idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndiyi məmnunluqla vurğulanıb. Eyni zamanda bildirilib ki, qarşılıqlı iqtisadi-ticarət əlaqələri mövcud potensiala cavab vermir və bu əlaqələrin genişləndirilməsi üçün konkret tədbirlərin görülməsi zəruridir.

Dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlığa dair Birgə komissiyanın yaradılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, ticarət, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

26 Aprel 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla əl-Fələhi qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyev Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordenini Adel Abdulla əl-Fələhə təqdim edib. Adel Abdulla əl-Fələh həmçinin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin rəhbəridir. Komitə 1996-cı ildə Azərbaycan qaçqınlarının problemlərinə həsr olunmuş I Beynəlxalq konfransı təşkil edib, Bakıda və Ağdaş şəhərində qaçqınlara və ehtiyacı olanlara pulsuz tibbi xidmət göstərən iki mərkəzi maliyyələşdirib, 1998-ci ildə qaçqın uşaqların problemlərinə həsr olunmuş ingilis dilində kitab nəşr etdirərək dünya ictimaiyyətinə təqdim edib, Azərbaycanın müxtəlif regionlarında 12 məscid inşa edib. O, "Heydər Əliyev və milli mənəvi dəyərlər", "Azərbaycan, Rusiya və Orta Asiyadakı müsəlmanlarla tanışlıq" və digər kitabların müəllifidir.

İqtisadi əlaqələr: Azərbaycan - Küveyt iqtisadi münasibətləri bu iki ölkənin mövcud potensialına cavab vermir. 30-31 may 2006-cı ildə AR İqtisadi İnkişaf naziri İslam İnkişaf Bankının illik toplantısında iştirak etmək üçün Küveytə səfər edib. Səfər zamanı İqtisadi İnkişaf naziri İİB-in prezidenti, Küveytin Maliyyə naziri, İnvestisiyalar üzrə Ali Şuranın baş direktoru ilə görüşlər keçirib. 01 iyul 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Küveyt Azərbaycan İnvestisiya Şirkətinin (KAİŞ) səhmləri qeydiyyatdan keçib. KAİŞ Azərbaycan İnvestisiya Şirkəti və Küveyt Maliyyə Evi şirkətinin filalı tərəfindən təsis edilib. KAİŞ-in ilkin kapitalı 410 min manat təşkil edir. İki il ərzində kapital tədricən 20 milyon dollara çatdırılacaq. KAİŞ xarici investisiyaları ölkə iqtisadiyyatının bütün sahələrinə cəlb edəcək və yerli müəssisələrəsərmayə yatıracaq.

2009-cu ilin may ayındaƏl-Küveyt şəhərində Küveyt-Azərbaycan biznes-forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Küveytdəki səfirliyinin təşkilatçılığı ilə təşkil olunan biznes-forumda Azərbaycan tərəfdən sənaye, kənd təsərrüfatı, inşaat və digər sahələrdə fəaliyyət göstərən 10 şirkətin nümayəndələri iştirak edib. Küveyti isə tədbirdə 20-yə yaxın sahibkar təmsil edib.

Mədəni əlaqələr: İqtisadi əlaqələrdən fərqli olaraq Azərbaycan-Küveyt mədəni əlaqələri qarşılıqlı sürətdə inkişaf etməkdədir. Buna nümunə olaraq qeyd etmək olar ki, 1-2 mart 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Küveyt Dövləti Vəqflər və Dini İşlər Nazirliyi və Beynəlxalq İslam Xeyriyyə Təşkilatı ilə birlikdə Bakıda "İslam və gənclik: təhsil, elm və maariflənmə" adı altında beynəlxalq elmi-praktik konfrans keçirilib.

17 dekabr 2009-cu ildə isə Bakıda Küveyt Mədəniyyət Günləri çərçivəsində Küveyt rəssamlarının sərgisi təşkil olunub.

2010-cu il martın 17-də Azərbaycanın Küveytdəki səfirliyi "Ərəb-Qərb münasibətləri" tədqiqat mərkəzi ilə birgə Novruz bayramını qeyd edib. Novruz bayramı gecəsini giriş sözü ilə açan səfir Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz, ona məxsus adət-ənənələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

6 may 2010-cu ildə ulu öndər Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirinin Körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli qəzeti olan «Kuwait Times»da «Heydər Əliyev: Azərbaycanın Ümummilli lideri» adlı geniş məqaləsi dərc edilib.

20 aprelin 2010-cu ildə Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Heydər Əliyev Fondunda olub. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.

17 fevral 2010-cu ildə Küveytdə bu ölkənin aparıcı gənclər təşkilatı olan LoYAC-ın qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib.

Küveyt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tərəfdarı olduğunu bildirərək, Azərbaycanın haqlı mövqeyini bütün müstəvilərdə dəstəkləyəcəyini bəyan edib. Azərbaycan tərəfi də öz növbəsində Küveytin dost ölkə olaraq BMT, İKT və digər beynəlxalq təşkilatlarda problemlə əlaqədar Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini qiymətləndirildiyini bildirib.

Ümumi tarixi arayış 16 iyun 2010-cu il tarixdə tərtib olunub.