Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidenti adından Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevin şərəfinə verilmiş rəsmi ziyafətdə nitqi - "Gülüstan" Sarayı 23 aprel 1997-ci il


Hörmətli prezident Əsgər Akayev!

Hörmətli Məryəm Akayeva!

Möhtərəm qonaqlar, xanımlar və cənablar!

Qırğızıstan prezidenti, dostum Əsgər Akayev cənablarının Azərbaycana rəsmi səfəri başa çatır. Biz tam əsasla deyə bilərik ki,səfər səmərəli nəticələrlə sona yetir. Bu, Qırğızıstan prezidentinin Azərbaycana ilk səfəridir, Azərbaycan və Qırğızıstan dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri bu gün ilk dəfə olaraq dövlətlərarası və hökumətlərarası sənədlər imzalanmışdır.

Qırğız və Azərbaycan xalqları arasında dostluğun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Biz eyni tarixli köklərə malikik, bir dil qrupuna, bir dinə mənsubuq, milli, mənəvi adət və ənənələrimizdə oxşar, uyğun cəhətlər çoxdur. Xalqlarımız əsrlər boyu dost olmuş, birbirini dəstəkləmiş, bir-birinə kömək etmişlər. Xalqlarımız arasında əvvəlki tarixdə yaradılmış çoxsahəli ədəbi, mədəni, iqtisadi, insani əlaqələrdən danışmaq olar. Lakin Qırğızıstan və Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra, öz aralarında diplomatik münasibətlər yaradaraq dostluq əlaqələri ənənələrini davam etdirməyə başladıqdan sonra biz rəsmi dövlət səviyyəsində ilk dəfə görüşdük və mühüm sənədlər imzaladıq. Qırğızıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında prezidentlər tərəfindən imzalanmış müqavilə çox böyük tarixi əhəmiyyətə malikdir. Bu gün dövlətlərimiz arasında imzalanmış bütün digər sənədlər kimi, həmin müqavilə də əməkdaşlığın, dostluğun və qarşılıqlı yardımın prinsipcə yeni münasibətlərinin, yeni prinsiplərinin əsasını qoyur.

Beləliklə, yeni mərhələ açılır və bu mərhələdə suveren Qırğızıstan və suveren Azərbaycan münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirmək üçün gələcək fəaliyyət proqramını müəyyənləşdirmişlər. Buna görə də Qırğızıstan prezidenti, əziz Əsgər Akayevin Azərbaycana səfəri respublikamızın həyatında əlamətdar hadisədir, həm Qırgızıstan üçün, həm də Azərbaycan üçün tarixi əhəmiyyətə malikdir. Heç bir şübhə yoxdur ki, bu gün yaradılmış nə varsa onların əsasında biz əməkdaşlığı inkişaf etdirmək üçün və dostluğumuzu əcdadlarımızın bizə vəsiyyət etdikləri ənənələr üzərində möhkəmlətmək üçün yüksək sürətlə irəliləyəcəyik. Biz Qırğızıstanla bir çox sahələrdə əməkdaşlıq edirik. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, İslam konfransının, MDB-nin üzvüdür, türkdilli dövlətlər birliyinə daxildir. Bu gün böyük razılıq hissilə demək olar ki, bütün bu beynəlxalq təşkilatlarda, beynəlxalq görüşlərdə və məclislərdə ölkələrimiz bir-birini ədalətli prinsiplər əsasında, beynəlxalq hüquq normaları əsasında dəstəkləyərək dostluğumuzun ənənələrini, keçmişdə bizi yaxınlaşdırmış, qovuşdurmuş və birləşdirmiş olan və bu işdə indi də xidmət edən tarixi köklərimizi əsas tuturuq. Biz hesab edirik ki, iqtisadi əməkdaşlığı genişləndirmək üçün daha böyük imkan var. Bu gün biz bütün bunlar barədə razılığa gəldik. Transqafqaz dəhlizi bundan ötrü çox mühüm vasitədir. İndi biz hamımız - Qırğızıstan da, Azərbaycan da bu dəhlizə bağlıyıq. Bununla yanaşı, əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün başqa imkanlar da var. Bu gün biz bu barədə ətraflı danışdıq və belə düşünürəm ki, gələcək iş prosesində daha bir sıra sənədlər imzalamağa ehtiyac yaranacaqdır. Elə sənədlər ki, əməkdaşlığımızın yollarını və vasitələrini tənzimləyəcək və müəyyən edəcəkdir.

Bu gün biz tarixi keçmişimizdən də danışdıq. Hörmətli dostumuz Əsgər Akayevə Bakı Dövlət Universitetinin Fəxri doktoru diplomu verilməsi münasibətilə universitetin kollektivi ilə görüşdə tarixi əlaqələrimizə dair çoxlu faktlar gətirildi. Biz bunu yüksək qiymətləndiririk. Bunlar həmin köklərdir ki, bizi həmişə birləşdirmişdir, bu gün də münasibətlərimizi möhkəmlətmək üçün mənbədir. Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə çox vəzifələr qoyur. Buna görə də biz bu gün həm qırğız xalqı üçün, həm də Azərbaycan xalqı üçün bərabər əhəmiyyəti olan Manas, Nizami, Füzuli haqqında heç də təsadüfən danışmadıq.

Biz keçmişdə olanların hamısını, indi müstəqil dövlətlər olduqdan sonra əldə etdiyimiz hər şeyi yüksək qiymətləndiririk. Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycanda tarixi nailiyyət kimi qiymətləndirilir və biz bu nailiyyəti qorumağı, dövlət müstəqilliyimizi, milli azadlığımızı möhkəmlətməyi və inkişaf etdirməyi özümüzə müqəddəs borc bilirik. Bunlar bütün ölkələrlə, o cümlədən də bizə dost olan Qırğızıstanla münasibətlərimiz üçün tamamilə yeni imkanlar və yeni şəraitdir. Bu mövzunu biz türk dövlətləri başçılarının görüşləri zamanı vaxtaşırı müzakirə edirik. Bu görüşlər Türkiyədə də, Qırğızıstanda da, Özbəkistanda da keçirilmişdir. Belə görüş bu il Qazaxıstanda olacaqdır. Biz bu görüşlərə böyük əhəmiyyət veririk və ildən-ilə daha çox yəqin edirik ki, türk dövlətİəri başçılarının görüşü böyük gələcəyə malikdir. Bizi tarixi keçmişimiz, dilimiz, ənənələrimiz birləşdirir və bu zəmin dövlət müstəqilliyimizi, suverenliyimizi daha da möhkəmlətmək üçün, habelə ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq üçün yaxşı vasitədir.

Biz MDB çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət veririk. Bu gün biz bu barədə ətraflı danışdıq. Ümidvarıq ki, MDB-nin fəaliyyəti, əlbəttə, birliyə daxil olan hər bir ölkənin dövlət müstəqilliyi və suverenliyi prinsipləri əsasında təkmilləşəcəkdir. ATƏT çərçivəsində əməkdaşlığımızın olduqca böyük əhəmiyyəti var. Azərbaycan tezliklə Avropa Şurasına da qəbul ediləcəkdir. ATƏT elə bir təşkilatdır ki, o, şəxsiyyət azadlıgı, insan hüquqları ilə bağlı prinsiplərin bərqərar olması üçün ölkələrimizin bundan sonra da demokratikləşdirmə yolu ilə, bazar iqtisadiyyatı islahatları aparılması yolu ilə gedə bilməsi üçün çox iş görə bilər. ATƏT-in bizim üçün böyük əhəmiyyəti var. Ona görə ki, Ermənistan-Azərbaycan münaqişəsini dincliklə aradan qaldırmaq üçün ATƏT-in tərkibində Minsk qrupu yaradılmışdır. Biz ATƏT-də, onun Minsk qrupunda iştirakımıza böyük əhəmiyyət veririk və ona Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması üçün, Azərbaycanın erməni təcavüzündən, erməni işğalından xilas olması üçün, işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi və çox ağır şəraitdə yaşayan köçkünlərin, qaçqınların öz yaşayış yerlərinə qayıtması üçün səmərəli bir vasitə kimi baxırıq.

Artıq bu gün deyildiyi kimi, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, erməni təcavüzü nəticəsində bu torpaqların bir milyondan çox sakini qaçqın vəziyyətinə düşmüşdür. Bu gün hörmətli qonağımız Əsgər Akayev və onu müşayiət edən şəxslər Cəbrayıl, Ağdam rayonlarından və digər rayonlardan olan qaçqın ailələrinin yerləşdirildiyi Bakı Dövlət Universitetinin yataqxanasına getdilər. Dostumuz bu qaçqınların necə ağır şəraitdə yaşadıqlarını gördü. Lakin qonaqlarımız qaçqınlar üçün düşərgələrə getdikdə daha ağır təəssürat yaranır, belə ki, onlar çadırlarda yaşayırlar. Odur ki, Ermənistan-Azərbaycan müqaqişəsinin aradan qaldırılması, Dağlıq Qarabağ probleminin həlli, öz yaşayış yerlərindən didərgin salınmış bir milyondan artıq Azərbaycan vətəndaşının doğma ocaqlarına qayıtması bizim üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Bununla əlaqədar Minsk qrupunun, ATƏT-in fəaliyyəti bizim üçün çox vacibdir və biz ötən ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilmiş sənədi böyük razılıq hissilə qarşıladıq. İlk dəfə qəbul olunan bu sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasının əsas prinsipləri nəzərdə tutulur - bunlar Azərbaycanın, eləcə də Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabagın bütün əhalisi üçün təhlükəsizliyin təmin edilməsi prinsipləridir. Bu sənədi qəbul etmək ona görə mümkün olmuşdur ki, ATƏT-in bütün üzvləri yəqin etdilər ki, Azərbaycana qarşı ədalətsizliyə yol verilmişdir, erməni təcavüzü nəticəsində baş venniş bütün hadisələr beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə tamamilə ziddir. Mən prezident Əsgər Akayevə təşəkkür edirəm ki, Qırğızıstan Lissabon Zirvə toplantısı zamanı bizi dəstəklədi. Orada necə mürəkkəb vəziyyət yarandığı, bu sənədin qəbul edilməsinə nail olmaq üçün bizim nə kimi çətinliklərdən keçdiyimiz məlumdur.

Prezident Əsgər Akayevə həmçinin buna görə təşəkkür etmək istəyirəm ki, Cakartada İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə Qırğızıstan bizi dəstəklədi ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması üçün Lissabon sənədində əsas prinsiplər kimi təsdiqlənmiş prinsiplər İslam konfransının qərarlarında öz əksini tapsın. Bu konkret əməli işlər beynəlxalq meydanda əməkdaşlığımızın, xüsusən də erməni təcavüzünə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsini dincliklə aradan qaldırmaq, işğal olunmuş əraziləri azad etmək, yaşayış yerlərindən didərgin salınmış vətəndaşlarımızı öz əvvəlki yerlərinə qaytarmaq kimi çox mühüm məsələdə əməkdaşlığımızın nəticəsidir. Buna görə də mən ikitərəfli dövlətlərarası, hökumətlərarası münasibətlərimiz üzərində ayrıca dayanmağı lazım bildim. Mən bu münasibətləri yaxşı hesab edirəm, bu gün imzalanmış sənədlər isə onları daha da yaxşılaşdıracaqdır. Mən məhz belə bir məsələnin üzərində dayandım ki, biz beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə yaxşı təcrübəyə malikik və deməli bir-birimizə kömək göstərmək, birbirimizi dəstəkləmək üçün bu təcrübəni artırmaq, ondan gələcəkdə də istifadə etmək lazımdır.

Azərbaycanın düşdüyü vəziyyət inandırıcı şəkildə göstərir ki, harada baş verməsindən asılı olmayaraq, separatçılıq böyük təhlükə törədir. Buna görə də hər hansı formada separatçılığa qarşı mübarizənin məhdud milli deyil, həm də beynəlxalq əhəmiyyəti var. Bu, təkcə Azərbaycan üçün deyil, dünyanın bütün ölkələri üçün də vacibdir. Əgər bu gün Azərbaycan kimi hər hansı bir ölkə separatçılıqdan əziyyət çəkirsə, bu ona dəlalət etmir ki, açığını deyəcəyəm, bu cinayətdən sabah başqa bir ölkə də əziyyət çəkməyə bilməz. Odur ki, separatçılığa münasibət, ona qarşı qətiyyətlə mübarizə aparmaq, separatçılığın qarşısını almaq məsələlərində bütün beynəlxalq təşkilatlarda, o cümlədən də MDB-də həmrəylik beynəlxalq əhəmiyyətə malikdir. Buna görə də biz bundan sonra da öz dövlət müstəqilliyimizi, ərazi bütövlüyümüzü əzmlə qoruyacaq, hər hansı formada, yer kürəsinin hər hansı bölgəsində separatçılığın əleyhinə çıxacağıq.

Hörmətli qonaqlarımız, siz bu gün, görünür yəqin etdiniz ki, Azərbaycan sülhsevər ölkədir, dünyanın bütün ölkələri ilə, ən əvvəl öz qonşuları ilə dinc münasibətlərə, dostluq münasibətlərinə malik olmaq istəyir. Biz Qafqazda mühüm strateji mövqe tuturuq və ondan Qafqazda, onun hüdudlarından kənarda, bütün dünyada sülhün möhkəmlənməsi naminə istifadə etmək istəyirik. Biz bundan ötrü gələcəkdə də müvafiq addımlar atacağıq. Biz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması ilə, ölkələrimiz arasında tam sülh və nəticə etibarilə Qafqazda sülh yaradılması ilə, bölgələrdə, o cümlədən Gürcüstanda, Şimali Qafqazda gedən digər münaqişələrin də aradan qaldırılması yolu ilə Qafqazın sülh bölgəsinə çevrilməsinə nail ola bilərik. Bu, Mərkəzi Asiya ölkələri üçün də əhəmiyyətə malikdir. Hesab edirəm ki, artıq yaradılmış olan və fəaliyyət göstərən Transqafqaz dəhlizi uzunmüddətli xarakter daşıyır. O, ölkələrimizin xalqlarına təkcə bu gün üçün deyil, gələcəkdə də lazımdır. Transqafqaz dəhlizi ilə biz Mərkəzi Asiya, Qafqaz, Şərqi və Qərbi Avropa ölkələrində böyük gələcəyin bünövrəsini qoymuşuq. Deməli, bu əlverişli imkandan, bu vasitədən istifadə etmək üçün sülh gərəkdir – Qafqazda da, Mərkəzi Asiyada da, Şərqi və Qərbi Avropada da, bütün dünyada da. Buna görə də biz sülh uğrunda, ədalət uğrunda, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi və inkişaf etməsi uğrunda mübarizə aparırıq və aparacağıq. Azərbaycan bütün bunlarda iqtisadi əməkdaşlıq üçün, bütün digər əməkdaşlıq üçün sizin etibarlı tərəfdaşınızdır.

Biz Qırğızıstanda gedən prosesləri böyük diqqətlə izləyirik. Mən Manasın 1000 illiyi ilə əlaqədar 1995-ci ilin avqustunda qırğız torpağında keçirilmiş bayram şənliklərindən aldığım böyük təəssüratın təsiri altındayam. Biz Qırğızıstanın hər yerindən çox böyük miqdarda insanın axışıb gəldiyi Manas - Aulda Manasın 1000 illiyini bayram edərkən orada hökm sürmüş şən mühiti indiyədək xatırlayırıq. Bütün təntənəli mərasimləri və xüsusən Manasın vətəni Talasda olduğumuz anları xatırlayıram. Bunların hamısını xatırladıqda qırğız xalqı üçün, dostluğumuz üçün çox böyük sevinc hissləri keçirir və məmnunluq duyuram. Bütün bunlar üçün sizin kimi, mən də sevinirdim və sevinirəm. Çünki bütün bunlar bizim hamımızındır. Qırğızıstanda olarkən öz gözlərimlə gördüm ki, Qırğızıstan dövlət müstəqilliyi şəraitində necə də dəyişir, nə qədər iş görülmüşdür və görülür, necə böyük perspektivlər açılır. Bütün bunlarda dostum, Qırğızıstan prezidenti Əsgər Akayevin olduqca böyük rolu var. Bu gün mən universitetdə də dedim və bir daha demək istəyirəm ki, öz tarixinin ən mürəkkəb, çətin mərhələsində qırğız xalqı öz elmi ixtiraları ilə, təhsil sahəsində öz çoxtərəfli fəaliyyəti ilə, öz ictimaisiyasi fəaliyyəti ilə Qırğızıstanda və onun hüdudlarından kənarlarda məşhurlaşmış bir insanı - Əsgər Akayevi özünün ilk prezidenti seçməkdə düz hərəkət etmişdir. Dostumuz Əsgər Akayev Ali Sovetin üzvü olarkən onun necə coşqun fəaliyyət göstərdiyini yaxşı xatırlayırıq. O vaxtlar bunu televiziya ilə göstərirdilər. Doğrudur, onda mən işdən kənarda idim və buna görə də televizora tez-tez baxır və Əsgər Akayevin çox kəskin çıxış etdiyini görürdüm, Qorbaçovla və başqa adamlarla sözləşəndə replikalarını eşidirdim. Təbii ki, bütün bunlar onun fəal həyat mövqeyi tutduğunu, güclü ictimai-siyasi fəaliyyəti, dövlət fəaliyyəti göstərdiyini, öz xalqının milli mənafelərini qətiyyətlə qorumağa qadir olduğunu çox inandırıcı şəkildə nümayiş etdirirdi. Bütün bunların əsasında Əsgər Akayev Qırğızıstanın ilk prezidenti seçildi və öz xalqının etimadını doğruldaraq, ötən il bu etimadı ikinci dəfə qazandı - ümumxalq demokratik seçkilərindən bir daha keçərək Qırğızıstanın prezidenti seçildi. Bunun qırğız xalqı üçün də, Qırğızıstanın dostları üçün də, o cümlədən bizim üçün, Azərbaycan üçün, respublikamız üçün də çox böyük əhəmiyyəti var.

Bu, qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün, bu gün imzalanmış sazişlərin əməli surətdə həyata keçirilməsi üçün çox mühüm amildir.Erməni təcavüzü, ölkəmizin ərazi bütövlüyünün pozulması ilə əlaqədar Azərbaycanda böyük çətinliklər çəkirik. Bununla yanaşı, bizdə iqtisadi islahatların aparılması, respublikamızda sosial-iqtisadi vəziyyətlə bağlı çətinliklər də var. Qırğızıstanın da keçid dövrü ilə bağlı öz çətinlikləri var. Lakin bu gün biz fikir mübadiləsi edərək yekdil rəyə gəldik ki, biz bu çətinlikləri aradan qaldırmağa, dövlət müstəqilliyi prinsipləri əsasında ölkələrimizi, xalqlarımızı azad inkişafın geniş yoluna çıxarmağa qadirik. Hörmətli dostlar, sizi əmin etmək istəyirəm ki, biz dostluqda və əməkdaşlıqda həmişə etibarlı olacağıq və siz bizə tamamilə bel bağlaya bilərsiniz.

Qırğız xalqının şərəfinə, müstəqil Qırğızıstan Respublikasının şərəfinə, qırğız xalqının gələcək uğuriarı şərəfinə, Qırğızıstan prezidenti, dostumuz Əsgər Akayevin şərəfinə, onun zövcəsi Məryəm xanımın şərəfinə, Qırğızıstan nümayəndə heyətinin bütün üzvlərinin şərəfinə, Qırğızıstandan gəlmiş bütün qonaqların şərəfinə badə qaldırıram!

Əziz dostlar, sizin sağlığınıza badə qaldırıram! Sizə cansağlığı və firavanlıq, dövlət müstəqilliyinin və milli azadlığın çətin, lakin doğru yolunda uğurlar arzulayıram.

Sizin sağlığınıza!