Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Prezident Sarayı, 26 iyul 1995-ci il


İyulun 5-də biz yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirdik, yeni Konstitusiyanın layihəsinin hazırlanmasına, o cümlədən yeni parlamentə seçkilər keçirilməsi ilə əlaqədar qanun layihəsinin hazırlanmasına dair qərar qəbul etdik. O vaxt bu işləri görmək üçün Konstitusiya komissiyasının qərarı ilə işçi qrupu yaradıldı. İşçi qrupu həm Konstitusiya layihəsini, həm də parlament seçkiləri keçirmək üçün seçki qanunu layihəsini hazırlamaqla məşğuldur. Bu qrup indiyədək işləyib. Onların bir neçə dəfə görüşləri olub, qrupun üzvləri öz təkliflərini veriblər, mülahizələrini söyləyiblər. Keçən həftənin altıncı günü mən işçi qrupu ilə görüşdüm və seçki qanununun layihəsi barədə onlarla söhbət apardım, yəni onların gördükləri işlər haqqında müəyyən məlumat aldım.

Qeyd etdiyim kimi, komissiya həm Konstitusiyanın, həm də seçki qanununun layihələrini hazırlamalıdır. Seçki günü artıq noyabrın 12-nə təyin olunub. Vaxta çox az qalıb. Ona görə də belə hesab etdik ki, ilk növbədə seçki qanunu layihəsinə baxaq, onu tezliklə qəbul edib, seçkilərə hazırlıq işləri ilə məşğul olaq. Bundan sonra qısa vaxtda Konstitusiya layihəsinə baxıb onu da müzakirə edək. Buna görə də altıncı gün mən işçi qrupu ilə görüşərkən yalnız seçki qanununun layihəsi ilə maraqlandım. Bizim təxminən 5 saatdan artıq söhbətimiz oldu. İşçi qrupu üzvlərinin, demək olar ki, hamısı çıxış etdi, hərə öz fikrini dedi. Mən hər kəsin öz fikrini deməsi üçün imkan yaranmasına çalışdım. Güman edirəm ki, həmin iclasda belə bir şərait yarandı və qrupun üzvləri sərbəst olaraq öz fikirlərini dedilər.

Qrupun iclasında bir neçə məsələ haqqında - müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin birpalatalı, yaxud ikipalatalı olması barədə fikir müxtəlifliyi meydana çıxdı. Sonra bu seçkilərin hansı qayda ilə - majoritar sistem, proporsional sistem, yaxud qarışıq sistem üzrə keçirilməsi barədə və digər məsələlər, o cümlədən parlament üzvlərinin sayı haqqında da müxtəlif fikirlər söylənildi.

İşçi qrupunun iclasında biz belə qərara gəldik ki, bu fikir mübadiləsi ilə əlaqədar olaraq layihələrin üzərində bir də iş aparılsın və biz onu Konstitusiya komissiyasında müzakirə edək. Bilirsiniz ki, əvvəldən də bir neçə layihə var idi. Birpalatalı parlamentin yalnız majoritar sistem üzrə seçilməsi, birpalatalı parlamentin qarışıq, yəni majoritar və proporsional sistem üzrə seçilməsi, ikipalatalı parlamentin yuxarı palatasının majoritar, aşağı palatasının qarışıq - majoritar və proporsional sistem üzrə seçilməsi, birpalatalı parlamentə yalnız proporsional sistem əsasında seçkilər keçirilməsi haqqında layihələr vardır.

İşçi qrupunda apardığımız müzakirələr nəticəsində mən Konstitusiya komissiyasının müzakirəsinə bu gün iki layihə təqdim etmişəm. Layihələrdən birincisi birpalatalı parlamentin qarışıq - majoritar və proporsional, ikincisi ikipalatalı parlamentin yuxarı palatasının majoritar, aşağı palatasının qarışıq - majoritar və proporsional sistem üzrə seçilməsindən bəhs edir.

İki layihəni isə mən Konstitusiya komissiyasına təqdim etmirəm, çünki aparılan müzakirələrdə biz belə fikrə gəldik ki, təqdim olunan layihələr respublikamızda parlament seçkilərini demokratik şəraitdə keçirmək üçün daha əsaslı, daha əlverişlidir. Birpalatalı parlamentin yalnız majoritar sistem əsasında keçirilməsi barədə layihəyə şübhəsiz ki, etiraz etmək mümkün deyil. Çünki dünyanın ən demokratik dövlətlərinin çoxunda, dünya təcrübəsində ən demokratik seçki sistemi majoritar sistem hesab olunur. Doğrudur, bəzi ölkələrdə parlamentə seçkilər proporsional sistem, bəzilərində isə qarışıq sistem üzrə keçirilir.

Məsələn, demokratiyanın ən geniş inkişaf etdiyi Qərb ölkələrində, o cümlədən bütün sahələrdə təcrübəsinə istinad etdiyimiz ABŞ-da seçkilər ancaq majoritar sistem əsasında keçirilir. Fransada da belədir.

Bu məsələ ilə əlaqədar biz respublikadan kənarda olan mütəxəssisləri də bu işə cəlb etmişdik. Mən onların bəziləri ilə söhbət aparmışam. Onlar məsləhət görürlər ki, respublikamızın şəraitini - keçid dövrünü, müharibəni, ərazimizin 20 faizindən çoxunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını, ölkəmizdə bir milyondan artıq qaçqının olmasını nəzərə alaraq yalnız majoritar sistem tətbiq edilsin. Bizə belə təkliflər, tövsiyələr çox verilib. Fikirləşdik, müzakirə etdik, işçi qrupunun iclasında da belə qərara gəldik ki, bu fikirlərin hamısı doğrudur, majoritar sistem həqiqətən demokratik bir seçki sistemidir, respublikamızın indiki dövrü üçün çox uyğundur. Lakin Azərbaycanda bir çox partiyalar olduğuna, onlar seçkilərdə iştirak etməyə böyük həvəs göstərdiklərinə görə və respublikamızda parlament seçkilərində bir yenilik yaratmaq üçün biz belə fikrə gəldik ki, seçkilər qarışıq sistem əsasında keçirilsin. Ona görə də həm tam majoritar sistem əsasında, həm də tam proporsional sistem üzərində qurulmuş layihələri sizin müzakirənizə çıxarmışam.

Mən tam proporsional sistem üzrə hazırlanmış layihə haqqında da öz fikrimi deyə bilərəm. Bilirsiniz ki, bu seçkilər barədə müzakirələrimiz, söhbətlərimiz başlanandan indiyədək bir prezident kimi mən hələ heç bir sistem haqqında öz fikrimi deməmişəm ki, hansı sistem, hansı parlament quruluşu bizim üçün uyğundur. İşçi qrupunda apardığımız beş saatlıq müzakirədə də bunu demədim. Yəqin məlumdur, - mən istəmirəm ki, öz sözümlə kiməsə təsir edim, istəyirəm tam sərbəstlik olsun. Amma bir halda ki, indi mən sizin müzakirənizə iki layihə çıxarıram, müzakirəyə çıxarmadığım layihələr barədə öz fikrimi deyirəm.

Birpalatalı tam majoritar sistem barədə fikrimi dedim və bir də təkrar edirəm ki, bu, doğrudan da demokratik, bizim üçün ən uyğun bir sistemdir. Ancaq respublikamızda çoxlu siyasi partiyalar mövcud olduğuna və onlar seçkidə fəal iştirak etmək haqqında bəyanatlar verdiklərinə görə, həmin bəyanatları nəzərə alaraq mən tam majoritar sistemi bu gün müzakirəyə çıxarmıram. Əgər komissiya üzvləri təkid etsələr, həmin layihəni də müzakirə etmək olar. Tam proporsional sistem üzrə layihəni də müzakirəyə ona görə çıxarmıram ki, - bu barədə fikrimi indiyədək deməmişəm, lakin indi demək istəyirəm - bu layihə respublikamız üçün heç də uyğun deyildir.

Azərbaycanda siyasi partiyalar təzə yaranıb. Cəmiyyətimizdə partiyalaşma prosesi ilkin dövrünü yaşayır. Partiyaların əksəriyyəti kiçikdir. Özlərini çox böyük partiyalar hesab edən partiyalar da hələ respublikamızın əhalisinin bütün təbəqələrini və bütün bölgələrini təmsil etmirlər. Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyev işçi qrupunun iclasında belə məlumat verdi ki, respublikadakı bütün partiyaların hamısının bir yerdə üzvlərinin sayı cəmi 450 minə yaxındır. Əgər belə isə, demək, onlar 7 milyon 500 min əhalinin hamısını şübhəsiz ki, təmsil edə bilməzlər. Ona görə də əgər biz tam proporsional sistem üzrə seçki aparsaq, onda parlament seçkilərində əhalinin hamısının rəyini ala bilməyəcəyik. Çünki partiyalar əhalinin hamısını təmsil etmirlər. Yenə də deyirəm, bir halda ki, respublikamızda cəmiyyətin partiyalaşma prosesi ilk addımlarını atır, partiyalar hələ tam formalaşmayıb, ən böyük partiyalar da - əgər onlar özlərini çox böyük hesab edirlərsə - hələ cəmiyyətdə lazımi nüfuz qazanmayıblar, ona görə də biz seçkiləri yalnız proporsional seçki sistemi üzrə keçirə bilmərik. Bax, buna görə mən bu layihəni də müzakirəyə çıxarmıram.

Beləliklə, müzakirəyə iki layihə çıxarılır: birincisi - birpalatalı parlament, qarışıq - majoritar və proporsional sistem üzrə; ikincisi - ikipalatalı parlament, yuxarı palata - majoritar, aşağı palata - qarışıq sistem üzrə. İşçi qrupunun iclasında fikir müxtəlifliyi olduğuna görə mən bu layihələrin ikisini də müzakirəyə çıxarıram.

Bu layihələr sizə paylanıb. Güman edirəm ki, siz bu layihələri artıq oxumusunuz, ola bilər, onların üzərində işləyib təhlil edə bilmisiniz. Əlbəttə, layihələr sizə paylandığına görə məruzəyə ehtiyac olmazdı. Ancaq yenə də qoy birpalatalı parlament layihəsi haqqında Şahin Əliyev, ikipalatalı parlament layihəsi barədə Səfa Mirzəyev qısa məlumat versin.

"Azərbaycan" qəzeti, 27 iyul 1995-ci il.