Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Uilyam Kohen ilə görüşdəki söhbətindən - Vaşinqton, 24 fevral 2000-ci il


Uilyam Kohen: Hörmətli cənab prezident! Xoş gəlmisiniz. Sizinlə yenidən görüşməyimə görə çox şadam. 1997-ci ildə Sizinlə keçirdiyim görüşü bu gün də məmnunluqla xatırlayıram. O vaxtdan indiyə qədər ölkələrimiz arasındakı münasibətlər xeyli inkişaf etmişdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və ümidvar olduğumu bildirirəm. Vaşinqtona bu dəfəki uğurlu səfəriniz bu münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Cənab prezident, Sizin təşəbbüsünüz ilə "Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılması qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" sənədin qəbul edilməsini xüsusilə alqışlayıram.

Yeri gəlmişkən ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etdirilməsinə maneə olan 907-ci maddənin hələ də qüvvədə qaldığına təəssüfləndiyimi nəzərinizə çatdırmaq istəyirəm. Onu da deyim ki, 907-ci maddəyə edilmiş düzəlişlər sayəsində Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaranmışdır. Həmin imkanlardan daha səmərəli istifadə etmək üçün mən Konqres qarşısında məsələ qaldıracağam.

Heydər Əliyev: Cənab Uilyam Kohen! Mən Amerika Birləşmiş Ştatlarının müdafiə naziri ilə yenidən görüşdüyümə çox məmnunam. Amerika Birləşmiş Ştatları ilə müstəqil Azərbaycan Respublikası arasında mövcud olan hərtərəfli əməkdaşlıq ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Vaşinqtona bu dəfəki səfərim zamanı prezident Bill Klinton, dövlət katibi xanım Madlen Olbrayt, milli təhlükəsizlik məsələləri üzrə müşavir Sendi Berger, enerji naziri Bill Riçardson, kənd təsərrüfatı naziri Dən Qlikman ilə və bir sıra digər yüksək səviyyəli şəxslərlə keçirdiyim görüşlər səmərəli və məhsuldar olmuşdur.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatlarının fəaliyyətinin daha da güclənməsinə ehtiyac duyuruq. Lakin hər cür maneəyə baxmayaraq sülh danışıqları bu gün də davam edir.

907-ci maddəyə edilmiş düzəlişlər sayəsində Azərbaycana göstəriləcək yardıma görə Sizə təşəkkür edirəm. Ümidvar olduğumu bildirirəm ki, bu ədalətsiz maddə tamamilə aradan qaldırılacaqdır.

Keçən ilin aprel ayında Vaşinqtonda NATO-nun 50 illik yubileyində iştirakımı məmnuniyyətlə xatırlayıram. Əminəm ki, "Sülh naminə tərəfdaşlıq" proqramı və Şimali Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Azərbaycanın NATO ilə əməkdaşlığı uğurla davam edəcəkdir.