Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Norveçin "Statoyl" şirkətinin prezidenti Olav Fyeli qəbul edərkən söhbətindən - 29 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab prezident, Azərbaycana xoş gəlmisiniz! "Statoyl" şirkəti ilə Azərbaycanın əməkdaşlığı artıq böyük tarixə malikdir. Siz bu şirkətin yeni prezidentisiniz və Azərbaycana gəlməyiniz çox yaxşıdır ki, həm görüşək, həm tanış olaq. Çünki indiyə qədər yaxşı işləmişik, bundan sonra da yaxşı işləmək lazımdır.

Azərbaycanda tək "Statoyl" yox, Norveçin bir çox şirkətləri uğurla işləyirlər. Mən hesab edirəm ki, yaxşı işləyirlər, onlar razıdırlar. "Statoyl"la da bizim əməkdaşlığımız bu gün də yaxşıdır, güman edirəm ki, gələcəkdə də yaxşı olacaqdır. Buyurun.

Olav Fyel: Cənab prezident, çox sağ olun ki, məşğul olduğunuza baxmayaraq vaxt ayırıb bizi qəbul edirsiniz. Bundan əvvəl də imkanım olmuşdu, Azərbaycana gəlmişdim və həmin səfərdən məndə çox gözəl xatirələr qalmışdır. Bu müddət ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermişdir. Eyni zamanda Norveçdə də müəyyən dəyişikliklər olmuşdur. Yeni hökumətimiz təyin edilmişdir ki, onun da başçısı Sizin köhnə dostunuz cənab Stoltenberqdir. O Sizə ən xoş arzularını yetirir və eyni zamanda bizim səfirimiz vasitəsilə Sizə rəsmi məktubunu da göndərmişdir.

Olav Berstad (Norveçin Azərbaycandakı səfiri): Çox sağ olun, cənab prezident, Norveçin yeni baş naziri öz şəxsi salamlarını və xoş arzularını Sizə yetirir. O, bundan əvvəl Azərbaycanda dörd dəfə olmuşdur, onunla görüşlərinizin hər birini Siz xatırlayırsınız. Gördüyünüz kimi, bu, bizim hökumətin ən yüksək səviyyədə Azərbaycana olan marağının ifadəsidir. Cənab Stoltenberq Sizə göndərdiyi məktubunda Azərbaycanla xüsusilə enerji sahəsində olan əməkdaşlıqdan məmnunluğunu bildirir və eyni zamanda Norveç şirkətlərinin Azərbaycana sərmayə qoymasını, "Statoyl"un burada çalışmasını çox yüksək qiymətləndirir. O, həmçinin "Statoyl" şirkəti prezidentinin Sizinlə bugünkü görüşünü də məktubda xatırladaraq, ümid etdiyini bildirir ki, bu görüş hər iki tərəf üçün çox uğurlu olacaqdır. Eyni zamanda cənab Stoltenberq Sizin Norveçə səfərinizi, 1996-cı ilin aprel ayında onunla birgə imzaladığınız bəyannaməni də xatırladır. Bu bəyannamənin yüksək səviyyədə yerinə yetirilməsi hər iki dövlətin - Azərbaycanın və Norveçin arzusudur.

Sizin Xarici İşlər Nazirliyi ilə birlikdə biz 2000-2001-ci illər üçün Azərbaycanla Norveç arasında əməkdaşlıq planını hazırlamışıq. Həmin planda inkişafını zəruri saydığımız sektorları xüsusi ayırmışıq. Biz ümid edirik ki, baş nazir Rasizadənin Norveçə planlaşdırılmış səfəri zamanı bu sənəd imzalana bilər.

Məlum olduğu kimi, Norveç və Azərbaycan yalnız ikitərəfli əməkdaşlıq sahəsində deyil, eyni zamanda, Avropa miqyasında da əməkdaşlıq edirlər. Elə bilirəm ki, həm Norveç, həm də Azərbaycan Avropanın kiçik ölkələri kimi, Avroatlantik məkanında sabitliyin və sülhün təmin olunmasında müəyyən rol oynaya bilərlər. Cənab Stoltenberq məktubunda eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qeyd edir ki, bu münaqişə nəticəsində Azərbaycanın bir milyondan artıq qaçqını vardır. Baş nazirimiz məktubunda ümid etdiyini bildirir ki, Siz zati-alilərinizin Ermənistan prezidenti ilə birbaşa görüşləriniz bu regionda tam sülhə nail olmağa yardım edəcəkdir və o, həmin görüşlərin gələcəkdə də davam etdiriləcəyinə inanır. Heç şübhə yoxdur ki, sülh əldə edildikdən sonra işğaldan azad olunacaq ərazilərdə bərpa işlərinin görülməsi üçün Norveç öz kömək əlini uzadacaqdır.

Sizə məlum olduğu kimi, bu ilin payızında Norveç Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına öz namizədliyini irəli sürəcəkdir və biz Sizə minnətdarlığımızı bildiririk ki, Azərbaycan tərəfi Norveçin bu səylərini dəstəkləyir. Daha sonra cənab Stoltenberq məktubunda may ayında olacaq ad gününüz münasibətilə Sizi təbrik edir və sonda dostcasına öz əli ilə yazdığı sözlərlə Sizi Norveçə dəvət edir və ümid edir ki, öz ölkəsində Sizi yenidən görəcəkdir. İcazə versəydiniz məktubu məmnunluq hissi ilə Sizə təqdim edərdim. Çox sağ olun.

Heydər Əliyev: Hörmətli cənab prezident, hörmətli səfir. Mənə çatdırdığınız fikirlərə, sözlərə görə sizə təşəkkür edirəm. Bir də qeyd edirəm ki, Norveçlə Azərbaycan arasında əməkdaşlıq geniş xarakter daşıyır. "Statoyl" bu əməkdaşlığın təməlini qoyubdur. Ancaq ondan sonra əməkdaşlığımız genişlənibdir. "Statoyl"la əməkdaşlıq bundan sonra daha da çox davam edəcəkdir.

Baş nazir cənab Stoltenberqlə biz həqiqətən bir neçə dəfə görüşmüşük. Həmin vaxtlar o, sizin ölkənin energetika naziri idi. Deyə bilərəm ki, onunla görüşlərimiz rəsmi münasibətlərdən başqa şəxsi qarşılıqlı rəğbət münasibətləri də yaratmışdır. O görüşləri mən çox məmnuniyyətlə xatırlayıram. Sonra o, vəzifədən getdi. Amma mən onunla daim maraqlanırdım. Norveçdən olan bir nümayəndə mənə dedi ki, o, gələcəkdə baş nazir olacaqdır. Deməli, düzgün proqnoz vermişdi. Bu proqnoz yerinə yetdi. Mən onu bu münasibətlə təbrik etmişəm, xoş arzularımı ona çatdırmışam. Onun mənə göndərdiyi bu məktuba görə təşəkkür edirəm. Səfirin bu məktub haqqında verdiyi məlumatları mən çox məmnuniyyətlə qəbul edirəm. Təbiidir ki, mən bu məktuba cavab verəcəyəm və əməkdaşlığımızı da bütün sahələrdə davam etdirəcəyik. Bəli, bu məktubda o öz xətti ilə, öz əli ilə yazısında məni Norveçə rəsmi səfərə dəvət edir. Mən bu dəvəti qəbul edirəm və mütləq onu həyata keçirməyə çalışacağam.

Sizin ölkəniz çox gözəl ölkədir. Orada olduğum günlərdən mənim çox gözəl təəssüratlarım var. Həm Oslo şəhəri, həm Stavanger şəhəri və xüsusən Slayter Platforması - bunlar hamısı mənim xatirimdədir. Güman edirəm ki, yenidən gedib başqa yerləri də görmək pis olmazdı.

Sizin ölkənizdə mənim köhnə bir dostum var - Tur Heyerdal. Bu yaxın günlərdə o, mənə bir kitab, məktub göndərmişdir. Bizim əlaqələrimiz yenə də davam edir. O, Azərbaycanda çox hörmətli bir insandır.

Beləliklə, Norveç və Azərbaycan dost ölkələrdir. Bizim əməkdaşlığımız çox uğurludur. Əməkdaşlığımızın bundan sonra da uğurlu olması üçün, güman edirəm, siz də çalışacaqsınız və biz də çalışacağıq.

Mən bilirəm ki, sizin bir neçə konkret məsələləriniz var. Onları dinləməyə hazıram. Ancaq öncə mən mətbuatı azad edirəm ki, siz öz fikirlərinizi sərbəst danışa biləsiniz.