Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cons Hopkins Universitetinin Göz Xəstəlikləri klinikasında həkim Valter Stark ilə görüşdə söhbəti - Vaşinqton, 24 fevral 2000-ci il


Valter Stark: Cənab prezident, Sizin gözlərinizdə apardığım əməliyyat çox uğurlu olmuşdur. Müalicənin belə nəticələr verməsindən mən çox-çox məmnunam. Üç günün ərzində sizin gözləriniz bu cür nəticə göstəribsə, bu onu göstərir ki, gözlərinizin sağlıq durumu çox əladır. Gözlərinizin görmə qabiliyyəti o qədər yaxşılaşacaq ki, siz bəlkə hətta istədiyinizdən də çox şeyləri görə biləcəksiniz.

Heydər Əliyev: Çox sağ olun. Mən çox məmnunam. Sizə çox təşəkkür edirəm. Siz dünyada məşhur bir oftalmoloqsunuz. Mən bura sizin adınızla gəlmişəm. Mənə deyiblər ki, Cons Hopkins Universitetinin klinikasında bir doktor Stark var. Mənim dostum Süleyman Dəmirəl mənə demişdi. Dedi ki, ancaq onun yanına getmək lazımdır. Mən də gəldim və çox məmnunam.

Valter Stark: Çox şadam ki, hər şey yaxşı olubdur. Çox əla nəticə əldə etdik.

Heydər Əliyev: İndi o gözlükləri də müəyyən etmək lazımdır.

Valter Stark: O da sizin üçün asandır. Çünki Sizin uzağı görməyiniz üçün qətiyyən ehtiyacınız yoxdur.

Heydər Əliyev: Ehtiyac yoxdur.

Valter Stark: Yaxını görmək üçün də - gözləriniz çox yaxşı gördüyü üçün - adi, sadə bir gözlük lazım olacaqdır. Sizin ölkənizi ziyarət etməyi səbirsizliklə gözləyirəm.

Heydər Əliyev: Bəli, mən sizi çox gözləyəcəyəm. Yaxşı olar ki, may-iyun aylarında gələsiniz. İyul ayı daha yaxşıdır, dənizdə çimməyə də yaxşıdır.

Valter Stark: Çox gözəl. İyul ayının əvvəllərində Türkiyədə bizim Ümumdünya Göz Həkimləri Təşkilatının böyük bir yığıncağı, toplantısı olacaqdır. O zaman mən o tədbirdən bir neçə gün öncə gələrəm və sizi də ziyarət edərəm. Səhv etmirəmsə, konfrans Türkiyədə iyul ayının 5-də başlayır. Ona görə də mən istəyirəm sizin ölkənizə iyunun sonu - iyulun əvvəlində gəlim.

Heydər Əliyev: Çox gözəl.

* * *

Həmin klinikada müalicə olunan diplomat - İtaliyanın Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Ferdinando Salleo ilə görüşdə söhbəti

Ferdinando Salleo: Cənab prezident. Sizinlə bu görüşdən şərəf duyduğumu bildirirəm. Mən Azərbaycanda da səfir olmuşam. 1989-cu ildən 1993-cü ilə qədər İtaliyanın Moskvadakı səfiri idim və müstəqillik əldə olunan kimi məni həm də müstəqil ölkələr üzrə səfir təyin etdilər. Bakıya gəldim. Çox gözəl şəhəriniz vardır.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. İndi gəlin, daha da gözəlləşibdir. O vaxtlar qarmaqarışıqlıq idi, müharibə gedirdi.

Ferdinando Salleo: Siz o vaxt Sovetlər İttifaqının baş katibi olmağa çox yaxınlaşdınız.

Heydər Əliyev: Doğrudur. Görürsünüz, amma sonra qoymadılar. Yaxşı ki, qoymadılar. İndi gəldim, öz vətənimdə prezidentəm.

Ferdinando Salleo: Ölkənizə çox böyük xoşbəxtliklər gətiribsiniz.

Heydər Əliyev: Bəli. Çox sağ olun.

Hafiz Paşayev (Azərbaycanın ABŞ-dakı səfiri): Cənab prezident, buradakı İtaliya diasporu ilə əlaqələrimiz vardır. Onlar bizə kömək edirlər.

Heydər Əliyev: Mən 1997-ci ildə sizin ölkədə rəsmi səfərdə oldum.

Ferdinando Salleo: Onda mən artıq burada idim.

Heydər Əliyev: Məni sizin prezident Skalfaro dəvət etmişdi. Onda Baş nazir Prodi idi. Bir çox sənədlər imzaladıq. Sizin «Eni»/ACİP» şirkəti Azərbaycanda çox işlər görür.

Ferdinando Salleo: Mən hələ Moskvada olarkən həm «Eni», həm də «ACİP» şirkətlərinə məsləhət görmüşdüm ki, Azərbaycana gəlsinlər. Çünki Azərbaycanda çox görməli işlər var idi. Ələlxüsus isə oradakı dəniz yataqlarında.

Heydər Əliyev: Onlar gec gəldilər. Onları 1995-ci ildə mən gətirdim.

Ferdinando Salleo: Cənab prezident, sizə cansağlığı arzulayıram. Sizə burada çox yaxşı həkim xidmət edir. Sizin ölkəniz barədə çox-çox xoş xatirələrimi hələ də yadımda saxlayıram. Sizin çox isti qonaqpərvərliyiniz vardır, çox gözəl ölkəniz vardır.

Heydər Əliyev: Çox sağ olun. Biz İtaliya ilə dostuq. Burada da siz bizim səfir ilə əməkdaşlıq edin və dostluq əlaqələri də inkişaf edəcəkdir.

* * *

Dünya şöhrətli aktrisa, Hollivudun ulduzu, «Super xanım» teleserialında baş rolun ifaçısı və çoxsaylı filmlərdə aparıcı rollarda çəkilmiş xanım Linda Karter ilə görüşdə söhbəti

Linda Karter: Cənab prezident, sizinlə görüşmək mənim üçün çox şərəfdir.

Heydər Əliyev: Sizinlə görüşmək mənim üçün də çox şərəflidir.

Linda Karter: Sizin ölkənizdə mənim şoularımı göstərirlərmi?

Heydər Əliyev: Göstərirlər. Biz sizin şoularınızı çox sevirik. Amma yaxşı olar ki, sizin özünüz gələsiniz, özünüzü görək.

Linda Karter: Cənab prezident, dünyanın o hissəsində olmamışam. Oranı ziyarət etmək çox yaxşı olardı.

Heydər Əliyev: Mən sizi dəvət edirəm. Mənim şəxsi qonağım olun. Hansı şəraiti istəyirsiniz, mən sizə yaradacağam. Bu doktor Starkın yanında söz verirəm.

Linda Karter: Sənab doktor, sizdən soruşuram, mənimlə gedərsiniz?

Valter Stark: Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Çox gözəldir.

Linda Karter: Xəzər dənizində yaxşı kürü olur.

Valter Stark: Cənab prezident mənə hədiyyə veribdir. Mən həmin kürüdən sizə birini göndərərəm.

Linda Karter: Mən kürünü çox sevirəm. Cənab prezident, sizin qalstukunuz çox xoşuma gəldi. Gözəl qalstuk vurmusunuz.

Heydər Əliyev: Ancaq qalstukum?

Linda Karter: Deyim ki, siz çox nadir, çox gözəl, çox yaraşıqlı bir kişisiniz. Onda gərək deyəsiniz ki, mən də gözələm.

Heydər Əliyev: Siz dünya gözəlisiniz. Sizin qalstukunuz yoxdur, amma bunlarla müqayisə oluna bilməz. Sənin çox gözəl gözlərin var. Doktor Stark, sən bunun gözlərini nə edirsən?

Linda Karter: Cənab prezident, heç bir şey etmirəm, damcı salıram.

Heydər Əliyev: Amma sən bunun gözlərini xarab etmə. Necə gözəl gözlərdir! Sənin gözünün rəngi də mənimki kimidir, elədir?

Linda Karter: Tamamilə doğrudur.

Valter Stark: Cənab prezident, sizin gözünüz çox əla görür.

Linda Karter: Doktor, cənab prezidentin gözündə nə etmisiniz?

Valter Stark: Katarakt var idi.

Linda Karter: Sənab prezident, sizi təbrik edirəm. İndi sizə yeni həyat verilibdir.

Heydər Əliyev: İndi sənin gözlərini elə gözəl görürəm. Beş gün bundan qabaq olsaydı belə görməzdim.

Linda Karter: Cənab prezident, sizinlə görüşümdən çox şad oldum.

Heydər Əliyev: Baxın, bu mənim gənclik illərimin fotoşəkilləridir.

Linda Karter: Siz heç dəyişilməmisiniz.

Heydər Əliyev: Bu, 15 il bundan öncə çəkilən şəkildir. Bu isə 20 il öncə olan şəkildir.

Linda Karter: Burada daha yaxşı görünürsünüz. Yaşlaşdıqca sizin gözəlliyiniz artır. O, cəvahirat kimidir - nə qədər çox qalır, o qədər də gözəlləşir. Görürsünüz, mən necə yaxşıyam. Çox şad oldum. Mən həqiqətən ümid edirəm ki, sizin ölkənizi ziyarət edəcəyəm.

Heydər Əliyev: Siz ünvanınızı mənə verin.

Linda Karter: Doktor Starka verəcəyəm.

Heydər Əliyev: Verin ona, o mənə versin. Mən sənə məktub yazacağam. Sağ olun.